Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-34/2023 21.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı rayon notariat ofisi) qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin (hakim Mirlətif Sadıqov) 16 aprel 2021-ci il tarixli 2(055)-513/2021 saylı qətnaməsindən Hüseynova Səfiyə Səyyar qızı (qətnamə maraqlarına toxunan şəxs) tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Qaracalar kənd sakinləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Saatlı rayon Dövlət Notariat Kontorunda 01 oktyabr 2012-ci ildə bağlanmış AN-1 №0301373 saylı və AN-1 №0301374 saylı daşınmaz əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 5.37 hektar torpaq sahəsi JN-0074 KOD ******* nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Saatlı Rayon Məhkəməsinin 2(055)-143/2012 saylı 20 aprel 2012ci il tarixli qətnaməsi ilə onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 5.37 hektar torpaq sahəsinin 1.40 hektar olan hissəsini guya ki, Cavabdeh1 satması barədə olan müqavilə təsdiq edilmiş, Cavabdeh1 bu vəziyyətdən istifadə edərək həmin torpaq sahəsinə çıxarış almış, sonra isə torpaq sahəsini 0.90 ha və 0.50 ha olmaqla iki dəfəyə digər Cavabdeh2 satmış, sonuncu həmin torpaq sahəsini tam olaraq öz adına rəsmiləşdirib qeyd edilən torpaq sahələrinə çıxarışlar almış, lakin bu barədə onun məlumatı olmamışdır. Bundan məlumatı olandan sonra Saatlı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(106)-3420/2018 saylı qətnaməsi ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Saatlı Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, qarşı tərəfin kassasiya şikayəti əsasında mülki işə kassasiya qaydasında Ali Məhkəmədə baxılmış və şikayət təmin edilməyərək Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Ali Məhkəmə tərəfindən verilmiş icra vərəqəsinə əsasən onun və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdehlərin adına verilmiş çıxarışlar ləğv edilmişdir. Sonradan Cavabdeh2 qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması və oradan çıxarma tələbinə dair Saatlı Rayon Məhkəməsində iddia qaldırmış və iddiası təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin Cavabdeh2 izahatında göstərmişdir ki, 01 oktyabr 2012-ci ildə onunla Cavabdeh1 arasında notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 müvafiq olaraq şəxsi mülkiyyətində olan 0.90 hektar və 0.50 hektar torpaq sahələrini ona satmış, o isə həmin müqavilələr əsasında qeyd edilən torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış almışdır. Ona görə də, iddianın təmin edilməməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(055)-513/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamə maraqlarına toxunan şəxs Hüseynova Səfiyə Səyyar qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Saatlı Rayon Məhkəməsi 16 aprel 2021 -ci il tarixli 2(055)-513/2021 saylı qətanməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Saatlı rayon Dövlət Notariat Kontorunda 01 oktyabr 2012-ci ildə bağlanmış AN-1 №0301373 saylı və AN-1 №0301374 saylı daşınmaz əmlakın alqı-satısı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə mülki iddianı təmin etməmişdir. Məhkəmə qərarın əsaslandırma hissəsində bu alqı-satqı müqaviləsini işdə olan dəlil, sübutlar və Mülki Məcəllənin 337.1-ci, 337.2-ci, 337.3 və 337.4-cü maddələrinə əsasən haqlı olaraq etibarsız hesab etmişdir. Bu səbəbdən əqdin əhəmiyyətsizlyini təsbit etmək üçün məhkəmədə ayrıca iddia qaldırmağa ehtiyac olmadığını qeyd etmiş, lakin mübahisə halında əqdin əhəmiyyətsizliyin təsbit edilməsi üçün iddia qaldırılmasını istisna etmişdir. İddiaçı 30 aprel 2021-ci il tarixində vəfat etmişdir. Odur ki, torpağın mülkiyyətçilərindən biri, iddiaçının övladı və maraqlı şəxs olaraq Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini Hüseynova Səfiyə Səyyar qızı verir. Saatlı Rayon Məhkəməsinin məlum qətnaməsindən aydın olur ki, əgər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv olunmadığı halda, onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəyi təqdirdə, həmin alqı-satqı müqaviləsi mübahisələndirilə bilər. Hal-hazırda bu alqı-satqı müqaviləsi əhəmiyyətsiz əqd olduğuna baxmayaraq, etibarsız hesab edilərək ləğv olunmadığı üçün mülkiyyət hüquqları pozulmaqdadır. Belə ki, Umudov Umud Əligulla oğlu alqı satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv olunmadığını, qüvvədə olduğunu əsas gətirərək ləğv edilmiş çıxarışlarının bərpası tələbi ilə Şirvan İnzbati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə işə baxaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin heç bir məhkəmədə mübahisələndirilmədiyini və qüvvədə olduğunu əsas gətirərək çıxarışların bərpası ilə bağlı iddianı təmin etmiş və Şirvan Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamışdır. Beləliklə, mülkiyyət hüquqları bərpa edilmiş, avtomatik olaraq Cavabdeh1 həmin torpaq sahəsi üzrə mülkiyyət hüququnu itirmişdir. Torpağın mülkiyyət hüququ əvvəlki vəziyyətə qaytarılmışdır. Belə olan halda Cavabdeh1 Umdov Umud Əligulla oğluna torpağı satmasının heç bir hüquqi əsası yoxdur və avtomatik olaraq onlar arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Beləliklə, məlum alqı-satqı müqaviləsi mübahisə və mülkiyyət hüququnun itirilməsi riski yaratdığı üçün məhkəmə qaydasında mübahisələndirilərək etibarsız hesab edilərək ləğv olunmalıdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı hüquqi varisi Hüseynova Sarıtel Talıb qızı 26 yanvar 2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, əri İddiaçı adına Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 5.37 hektar torpaq sahəsi JN-0074 KOD ******* nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahəsini 1999-cu ildən etibarən Cavabdeh1 vermişdir. Saatlı Rayon Məhkəməsinin qətnaməsi ilə mərhum İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh1 satılması təsdiq olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsi tərəfindən Saatlı Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ləğv edilmişdir. Mərhum İddiaçı mübahisəli torpaq sahəsini Cavabdeh1 satmamışdır. 2012-ci ildən etibarən isə həmin torpaq sahələrindən Cavabdeh2 istifadə etmiş, əkib-becərmiş və bütün subsidiyaları da o qəbul etmişdir. Ancaq ötən müddət ərzində Cavabdeh2 qarşı mübahisəli topaqla əlaqədar heç bir iddia qaldırılmamışdır. Cavabdehin Cavabdeh2 məhkəmədə izahatında göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin onun cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsinə dair cavabdeh tərəfindən aparılmış qeydiyyatların ləğv edilməsi və çıxarışların bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-1(120)-114/2021 saylı qərarı ilə cavabdeh tərəfindən ona verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində reyestr nömrəsi **********29, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* saylı Çıxarışın və 0,90 hektar torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində reyestr nömrəsi **********30, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi isə xx.xx.2012-ci il göstərilmiş, daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* saylı Çıxarışın ləğv edilməsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən aparılmış qeydiyyatların ləğv edilməsi və qeyd edilən çıxarışların bərpa edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2- 1(120)-114/2021 saylı qərarı dəyişdirilməmiş, üçüncü şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-1(120)- 114/2021 saylı qərarına əsasən mübahisə olunan torpaq sahəsinə çıxarış almışdır. O, həmçinin qeyd etmişdir ki, mübahisəli torpaq sahəsini 2012-ci il tarixdə dayısı Cavabdeh1 alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsini alarkən torpağı alarkən hər hansı mübahisənin olduğunu bilməmişdir. İddiaçı və Cavabdeh1 arasında mübahisəli torpaq sahəsinə dair məhkəmə prosesi barədə eşitmişdir. Belə ki, İddiaçı mübahisəli torpaq sahəsini 1999-cu ildə dayısı Cavabdeh1 satmış, elə həmin vaxtdan da Cavabdeh1 torpaq sahəsindən açıq şəkildə və etiraz edilmədən istifadə etmişdir. 2012-ci ildə İddiaçı ilə aralarında başqa halla bağlı mübahisə yarandığı üçün Cavabdeh1 həmin torpaq sahəsi ilə əlaqədar onlar arasında bağlanmış alqı-satqını Saatlı Rayon Məhkəməsinin 2(055)- 143/2012 saylı 20 aprel 2012-ci il tarixli qətnaməsi ilə təsdiq etdirərək çıxarış əldə etmişdir. Bundan sonra o, həmçin torpaq sahəsinin həqiqətən də Cavabdeh1 məxsus olduğuna inanmışdır. O, özü ixtisasca mühasibdir və dəqiqliyi çox sevir. Əgər həmin məsələ üzrə cüzi bir mübahisə və ya problem olsaydı, yaxud hiss etsəydi heç vaxt mübahisəli torpaq sahəsini almazdı. Hamısı eyni kənddə yaşadıqları üçün mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən Cavabdeh1 satıldığını hər kəs bilmişdir. Mübahisəli torpaqdan 2012-ci ildən etibarən istifadə edir. Belə ki, torpaqlarda 2012-ci ildə meliorasiya işi aparılıb, həmin torpaq sahələri kol-kosdan təmizlənib, primitiv kanallar ləğv olunaraq yeni kanallar çəkilib, sahəyə xeyli miqdarda peyin verilib ki, həmin işlərin həyata keçirilməsi məqsədi ilə külli miqdarda vəsait xərcləmişdir. Ancaq bu görülən işləri bütün kənd sakinləri görmüş, bilmiş, eləcə də İddiaçı və onun ailə üzvləri. Ancaq buna hazırkı vaxta kimi nə İddiaçı, nə də ailə üzvləri buna etiraz etməmişlər. Hazırkı iş üzrə Hüseynova Səfiyə Səyyar qızı tərəfindən apellyasiya şikayəti verilsə də, həmin şəxs İddiaçı qızıdır və onun mübahisə edilən torpaq sahəsinin əldə edilməsində əslində heç bir marağı yoxdur. Ancaq başqa şəxslər həmin torpaq sahəsini əldə etmək məqsədi ilə hazırkı iddianın qaldırılmasında və təmin edilməsində maraqlıdırlar. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış apellyasiya şikayətini vermiş qətnamə maraqlarına toxunan şəxs Hüseynova Səfiyə Səyyar qızı, İddiaçı hüquqi varisi Hüseynova Sarıtel Talıb qızı, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı rayon notariat ofisinin nümayəndəsi məhkəmədə iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakları olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə, qətnaməni tam olaraq mübahisələndirmişdir və kollegiya Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqe baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, qətnamə maraqlarına toxunan şəxs Hüseynova Səfiyə Səyyar qızının apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(055)-513/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* və seriya RX № ******* olan çıxarışların surətindən görünür ki, Saatlı rayon Qaracalar kəndində yerləşən 0.90 hektar və 0.50 hektar torpaq sahələri Cavabdeh1 mülkiyyətindədir. İşdə olan Saatlı rayon Dövlət Notariat Kontorunda bağlanmış 01 oktyabr 2012-ci il tarixli, AN-1 № ******* nömrəli və eyni tarixli AN-1 № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh1 müvafiq olaraq mülkiyyətində olan 90000 kv.m və 50000 kv.m torpaq sahəsini Cavabdeh2 satmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli 2(102)-2933/2019 saylı qərarının surətindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli 2(055)-143/2012 saylı qiyabi qətnaməsi ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş 5.37 hektar torpaq sahəsinin 1.40 hektar olan hissəsinin Cavabdeh1 satılması barədə olan alqı-satqı müqaviləsi təsdiq edilərək bu barədə aidiyyəti orqanlarda müvafiq qeydiyyatların aparılması qət edilmiş, İddiaçı apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(106)-3420/2018 saylı qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli, 2(055)-143/2012 saylı qətnaməsi ləğv edilmiş, Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətinə əsasən mülki işə kassasiya qaydasında baxılmış, kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(106)-3420/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********30 olan və **********05 olan çıxarışların surətlərindən görünür ki, Saatlı rayon Qaracalar kəndində yerləşən 0.90 hektar və 0.8134 hektar torpaq sahələri İddiaçı və onun digər ailə üzvlərinin mülkiyyətindədir. İşə əlavə edilmiş Saatlı rayon Qaracalar Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 14 saylı arayışında Saatlı rayon Qaracalar kənd sakini Cavabdeh2 məxsus seriya RXN0098856 və RX0099273 seriya və nömrəli həmin torpaqlarda 2012-ci ildə meliorasiya işi aparılıb kol-kosdan təmizlənməsi, primitiv kanalların ləğv olunması, səliqəli yeni kanalların çəkilməsi, ümumilikdə 90 maşın peyinin verilməsi, bu işlər üçün 4460 manat məbləğində xərc çəkilməsi və hazırda həmin torpaqların əkilib-becərilməsi qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətinə Saatlı rayon Qaracalar kəndi ərazisində 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** saylı çıxarışa əsasən Cavabdeh2 xüsusi mülkiyyətinə Saatlı rayon Qaracalar kəndi ərazisində 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti başçısının Qaraçalar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 fevral 2022-ci il tarixli 04 saylı arayışına əsasən mərhum İddiaçı ölümündən sonra aşağıdakı vərəsələri vardır: arvadı -Hüseynova Sarıtel Talib qızı - xx.xx.1970; qızı - Məhərrəmova Samiyə Səyyar qızı - xx.xx.1988 (Hüseynova); qızı - Hüseynova Səfiyə Səyyar qızı - xx.xx.1989 (Hüseynova); qızı - Şükürova Vahidə Səyyar qızı - xx.xx.1991 (Hüseynova); qızı – Əliyeva Rüfanə Səyyar qızı - xx.xx.1994.(Hüseynova); qızı - Həsənova Rəfsanə Səyyar qızı - xx.xx.2002 (Hüseynova). Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı mülki işin faktiki halları ondan ibarətdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə İddiaçı və onun digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli 2(055)-143/2012 saylı qiyabi qətnaməsi ilə İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş həmin - 5.37 hektar torpaq sahəsinin 1.40 hektar olan hissəsinin Cavabdeh1 satılması barədə olan alqı-satqı müqaviləsi təsdiq edilmiş, bu barədə aidiyyəti orqanlarda müvafiq qeydiyyatların aparılması qət edilmişdir. Cavabdeh1 həmin qətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışlar almış, rəsmi qaydada həmin torpaq sahəsini Cavabdeh2 satmış, sonuncu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti vasitəsi ilə həmin torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. İddiaçı Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli 2(055)-143/2012 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti əsasında Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(106)- 3420/2018 saylı qətnaməsi ilə Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli 2(055)-143/2012 saylı qətnaməsi ləğv edilmişdir. Cavabdeh1 kassasiya şikayətinə əsasən mülki işə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmış, kassasiya şikayəti təmin edilməyərək Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2(106)- 3420/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsinə əsasən iddiaçının və ailə üzvlərinin mülkiyyətlərinə verilmiş torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən cavabdehlərin adına verilmiş çıxarışlar ləğv edilmişdir. Bununla bərabər, qeyd edilməlidir ki, iş üzrə İddiaçı özünün və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsini 1999-cu ildən etibarən Cavabdeh1 sahibliyinə vermiş, 2012-ci ilədək ötən dövr ərzində sonuncu tərəfindən həmin torpaq sahəsi öz mülkiyyəti kimi fasiləsiz olaraq əkilib-becərilmiş, həmin müddət ərzində iddiaçı (yaxud paylı mülkiyyət sahibləri olan ailə üzvləri) tərəfindən buna hər hansı bir formada maneə yaradılmamış, torpağı geri qaytarmağa yaxud əkməyə cəhd etməmişlər. Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı və onun ailə üzvlərinin ümumi mülkiyyətində olan 5.37 hektar torpaq sahəsinin 1.40 hektar olan hissəsinin Cavabdeh1 satılması barədə olan alqı-satqı müqaviləsi təsdiq edilmiş və bu barədə aidiyyəti orqanlarda müvafiq qeydiyyatların aparılması qət edilmişdir. Cavabdeh1 adıçəkilən qətnamə əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışlar almış, daha sonra rəsmi qaydada həmin torpaq sahəsini Cavabdeh2 satmış, Cavabdeh2 isə torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. İddiaçı Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli 2(055)- 143/2012 saylı qətnaməsini yalnız 2018-ci ildə apellyasiya şikayəti verməklə mübahisələndirmişdir. Bütün bunlara rəğmən İddiaçı 1999-cu ildən 2012-ci ilədək, həmçinin Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli 2(055)-143/2012 saylı qətnaməsindən məlumatlı olduğu halda ondan 2018-ci ilədək keçən müddət ərzində hər hansı etirazının olmaması alıcıda (Cavabdeh2) şübhə doğura bilməzdi və alıcı burada vicdanlı əldə edən olmuşdur. İş üzrə müəyyən edilmiş hallar, habelə həm İddiaçı, həm cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni kənddə yaşamaları da onların adıçəkilən məhkəmə mübahisəsindən onların məlumatsız olmasını istisna edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər iddianın təmin olunması üçün əsas sayıla bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 152-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. MM-in 157.1-157.4-cü maddələrinin tələbinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə diqqətə çatdırır ki, MM-in 157-ci maddəsi belə vəziyyətlərdə hüququ pozulmuş əsl mülkiyyətçiyə vindikasiya iddiası və ya neqator iddia vasitəsi ilə hüquqlarını bərpa etmək imkanı yaradır. Qeyd olunmalıdır ki, belə qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli qiymətləndirici meyarlarla yanaşır. Belə ki, əmlakı qanunsuz özgəninkiləşdirənə münasibətdə mövqe birmənalıdır; o hər bir halda vurduğu zərərə görə cavabdehdir, yəni özgəninkiləşdirdiyi əmlakı geri qaytarmalı, yaxud onun əvəzini ödəməlidir. Əmlakı qanunsuz özgəninkiləşdirəndən əldə edən şəxsləri isə, onların əqdlə bağlı faktiki hallara subyektiv yanaşmasından asılı olaraq, qanunverici fərqləndirir və uyğun olaraq, onlar tərəfindən zərərin ödənməsi ilə bağlı fərqli nəticələrin törənməsi imkanları təsbit olunur. Sadalanan hallara münasibətdə qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir. Ona görə də, hazırkı mübahisə üzrə düzgün qərar qəbul edilməsi üçün ilk olaraq, Cavabdeh2 mübahisəli torpaq sahələrinin vicdanlı və ya vicdansız sahibi olması məsələsi aydınlaşdırılmalıdır. Mülki Məcəllənin 140 və 182-ci maddələrinin mənasına görə əmlakı özgəninkiləşdirən onun mülkiyyətçisi olmadığı, əldə edənin isə bunu bilmədiyi hallarda əldə edən “vicdanlı alıcı”, yaxud “vicdanlı sahib” hesab olunur. Əgər əldə edən özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmadığını bilmişsə və ya bilməli idisə, o, “vicdansız əldə edən” hesab olunur. Əldə edəni vicdansız hesab etmək üçün onun öz hərəkətlərinə münasibətdə kobud ehtiyatsızlıq və ya qəsd formasında təqsirinin olması gərəkdir. Qəsdin və ya kobud ehtiyatsızlığın bir subyektiv yanaşma kimi hazırkı vəziyyətə münasibətdə mövcudluğunun təsdiq olunması üçün müəyyən edilməlidir ki, Cavabdeh2 mübahisəli torpaq sahələrini alarkən Cavabdeh1 həmin torpaq sahələrini qanunsuz yolla əldə etməsini bilmişdir, yaxud bunu bilməsə də, kifayət qədər diqqətli olsaydı, bunu bilərdi. İş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlarla müəyyən edilir ki, Cavabdeh1 mübahisəli torpaq sahələri üzərində mülkiyyət hüququnu kifayət qədər etibarlı dövlət sənədləri - qanuni qüvvəyə minmiş məhkəmə qərarı və onun əsasında verilmiş Çıxarış üzrə qanunvericiliyin tələblərinə riayət etməklə Alqı-satqı müqaviləsi bağlamaqla əldə etmişdir. Cavabdeh1 adıçəkilən torpaq sahələrinə mülkiyyətini rəsmiləşdirməsinə dair Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli 2(055)-143/2012 saylı qətnaməsi müvafiq mülkiyyət hüquqları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alındıqdan təqribən altı il sonra ləğv olunmuşdur. Hər bir halda, digər Cavabdeh2 mübahisəli torpaqları Cavabdeh1 mülkiyyət hüquqları və göstərilən məhkəmə qərarı qüvvədə olduğu dövrdə əldə etmişdi. Cavabdeh2 Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli 2(055)-143/2012 saylı qətnaməsinin qüvvədə olması və mülkiyyət hüquqlarının qeydiyyatı barədə qüvvədə olan çıxarışın mövcudluğu səbəbində, Cavabdeh2 mübahisəli torpaq sahələri üzərində mülkiyyət hüququnun qanuniliyinə şübhə ilə yanaşa bilməzdi. Hətta, Konstitusiyanın qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının hamı üçün məcburiliyindən bəhs edən 129-cu maddəsi də belə şübhələrə yer qoymurdu və buna təminat verir. Kollegiya nəzərə alır ki, mübahisəli torpaq sahələrinin Cavabdeh1 adına mülkiyyət hüququ əsasında qeydə alınmasının və həmin torpaq sahələrinin Cavabdeh2 satılmasının və qeydiyyata alınmasının rəsmiləşdirilməsi məsələlərinin bilavasitə rəsmi dövlət orqanları tərəfindən mübahisəsiz qaydada həyata keçirilməsi də Cavabdeh2 bağladığı əqdin qanununiliyinə əminlik yaradan xüsusatlardandır. Bütün bunlar onu təsdiq edir ki, Cavabdeh2 mübahisəli mənzilin “vicdanlı sahibidir”, o, həmin mənzili qanuni və etibarlı əsaslarla əldə etmişdir. MM-in 140, 149.2, 157 və 225.6-cı maddələrinin tələbinə görə isə ər-arvadın ümumi mülkiyyəti istisna edilməklə, digər əmlak vicdanlı əldə edəndən geri tələb edilə bilməz və vicdanlı şəxslərin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Cavabdeh2 mübahisəli torpaq sahələrini vicdanlı əldə edən olması, bu səbəbdən də, onlara münasibətdə iddiaçının (hazırda hüquqi varisi Hüseynova Sarıtel Talıb qızı) hüquqlarının restitusiyasının yolverilməzliyi ilə bağlı məhkəmənin mülahizələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin uyğun qəbildən olan işlərə baxan zaman nümayiş etdirdiyi hüquqi mövqeləri ilə tamamilə üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “S.N.Məmmədovanın şikayəti üzrə” 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, “mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir”. Məhkəmənin adıçəkilən qərardakı xatırlatmasına görə “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Habelə, mülkiyyət hüququna dair yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir”. Konstitusiya Məhkəməsi 2008-ci il tarixli başqa qərarında “vicdanlı alıcı”nın mövcud olduğu mübahisələr üzrə yalnız ilkin mülkiyyətçilərin hüquqlarının qorunması və onların tələbi ilə “vicdanlı alıcı” ilə bağlanmış əqdin etibarsız hesab olunması əleyhinə gedərək qeyd etmişdir ki, belə yanaşma “vicdanlılıq faktorunun hüquqi təyinatını və əhəmiyyətini heçə endirərək mülkiyyətçiyə bu müdafiə vasitəsindən məhdudiyyətsiz istifadə etməklə nəinki ilk əqdin, habelə sonradan bağlanmış bütün əqdlərin etibarsız hesab olunması və əmlakın naturada qaytarılmasını (o cümlədən vicdanlı sahibdən) tələb etmək imkanını yaradardı. Bununla yanaşı, nəzərə alınmalıdır ki, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Diqqətə çatdırılmalıdır ki, hüquqi dövlətdə və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Belə ki, fundamental hüquq olaraq mülkiyyət hüququnun müdafiəsi hüquqi dövlətə xas olan ən ali dəyərlərdən biri kimi qiymətləndirilir. Habelə, ən yüksək hüquqi iyerarxiyaya malik Konstitusiya da mülkiyyət hüququnu (13 və 29-cu maddələrdə) təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına tam zəmanət vermişdir. Mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən olmaqla, cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Bayramovanın şikayəti üzrə” 16 iyul 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasında tarazlığa riayət olunsun.Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əgər MM-in 157.2-ci maddəsinə əsasən əmlak vicdansız sahibdən (əldə edəndən) bütün hallarda geri tələb oluna bilərsə, yəni, əmlakın vicdansız sahibindən geri alınması barədə mülkiyyətçinin vindikasiya tələbi bütün hallarda (tam vindikasiya) istisnasız olaraq ödənilir və təmin edilirsə, MM-in 157.3-cü maddəsində əşya vicdanlı sahibdən (əldə edəndən) həmişə tələb edilə bilmir (qismən vindikasiya). Belə ki, həmin maddədə əmlakı vicdanlı əldə edən şəxs(lər) üçün, yəni, vicdanlı sahib(lər) üçün müvafiq istisnalar müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. MM-in 157.3-cü maddəsi əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən edir. Bu prezumpsiyaya görə əldə edən onun vicdansız sahib olması sübut edilənədək, vicdanlı sahib hesab edilir. MM-in 157.3-cü maddəsinin mənasına görə əmlakı əldə edənin bu əmlakın mülkiyyətçisi və ya sahibi olan şəxsin istifadəsindən çıxdığı, əşyanı onu özgəninkiləşdirmək hüququ olmayan şəxsdən aldığını bilmədiyi və bilməli olmadığı, o cümlədən əmlakın dəyərini ödəməklə əldə etməsi müəyyən edildikdə, əldə edən vicdanlı sahib hesab olunur. Bundan əlavə, Avropa Məhkəməsinin “Qladışeva Rusiyaya qarşı iş” üzrə 06 dekabr 2011-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsində rol oynamış mühüm dövlət orqanlarının qərarlarının “vicdanlılıq” məsələsinin müəyyən olunmasındakı roluna toxunaraq göstərmişdir ki, xeyli sayda dövlət orqanlarının mənzili özəlləşdirmək hüququnu təsdiq etməsi həmin mənzili onu özəlləşdirən şəxsdən almış şəxsi özəlləşdirmə zamanı yol verilmiş pozuntulara görə mənzilə sahiblik hüququnu itirmək təhlükəsi altında qoymamalıdır. Dövlət hakimiyyət orqanlarının işdə buraxdıqları səhv və çatışmazlıqlar həmin şəxslərin xeyrinə işləməli, bu səhvlər onların hesabına düzəldilməməlidir. Avropa Məhkəməsi bu qərarında belə mübahisələrin vicdanlı alıcının əldə etdiyi əmlakı itirməsi ilə nəticələnməsinin ilkin mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan “ictimai maraq”la vicdanlı alıcının hüquqlarının qorunmasında ifadə olunan “fərdi maraq” arasındakı ədalətli tarazlığı pozduğunu qeyd etmiş və belə tarazlığın vicdanlı alıcının hüquqlarının müdafiə olunması hesabına təmin olunması zəruriliyini qabartmışdır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilik hazırkı iş üzrə “vicdanlı alıcı” olan Cavabdeh2 hüquqlarının qorunmasını tələb edir və bu səbəbdən də, hazırkı iddia təmin oluna bilməz. Habelə, qüvvədə olan mülki qanunvericilik normaları daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmənin yollarından biri kimi, mülki hüquq münasibətləri subyektlərinin belə əmlakla bağlı müxtəlif əqdlər, o cümlədən alqı-satqı müqavilələri bağlama imkanlarını nəzərdə tutur. Belə münasibətlərin və ondan doğan nəticələrin qanuniliyini, sabitliyi və davamlılığını təmin etməkdən ötrü qanunverici adı çəkilən əqdlə bağlı bir sıra şərtlər də irəli sürür. Bu şərtlərin məcmu halında mahiyyəti ondan ibarətdir ki, daşınmaz əmlak üzərində qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirmiş mülkiyyətçi onu öz iradəsi daxilində digər şəxslərə sərbəst surətdə bağladığı alqısatqı müqaviləsi ilə sata bilər (MM-in 146.1, 146.2, 152.4, 154.1, 324.1, 389.1, 390.1, 567, 646-cı maddələri). Qeyd edilməlidir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsi elə bir zəruri vasitədir ki, onun köməyilə əmtəə-pul dövriyyəsi sferasında yaranan ictimai münasibətlərin geniş dairəsi qaydaya salmır, tənzimlənir və bu yolla həmin ictimai münasibətlərdəki sabitlik və dayanıqlılıq təmin edilir. Qanunun müəyyənləşdirdiyi bu yolla əldə edilən mülkiyyət hüququ Konstitusiyanın 13, 29 və Mülki Məcəllənin 157-ci maddələri ilə müdafiə olunur. Bununla yanaşı, qanunvericilik belə münasibətlər cərəyan edən zaman mülkiyyət hüquqlarının mümkün pozulması imkanlarını da nəzərdən qaçırmır və buna qarşı müvafiq hüquq müdafiə vasitələri müəyyən edir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, məhkəmə MM-in 337-ci maddəsinə istinadən Saatlı Rayon Məhkəməsinin 20 aprel 2012-ci il tarixli 2(055)- 143/2012 saylı qiyabi qətnaməsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışlar ləğv edildiyi üçün cavadehlər Cavabdeh1 və Cavabdeh2 arasında həmin çıxarışlar əsasında yaranmış hüquqi münasibətlərin qanuni qüvvəsinin olmadığını, belə olan halda isə həmin müqavilələr öz-özlüyündə etibarsız olmaqla əhəmiyyətsiz əqd olduğundan cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında Saatlı rayon Dövlət Notariat Kontorunda 01 oktyabr 2012-ci ildə bağlanmış AN-1 №0301373 saylı və AN-1 №0301374 saylı daşınmaz əmlakın alqı-satqısı müqavilələrinin etibarsız hesab edilməsinə dair iddia qaldırılmasına da heç bir zərurət olmadığını hesab etmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının (MM-in 337-ci maddəsinin) tələbləri nəzərə alınmaqla birinci instansiya məhkməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. MPM-in 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmayaraq təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qanuni və əsaslı nəticəyə gəlməmişdir. Ona görə də, qətnamə maraqlarına toxunan şəxs Hüseynova Səfiyə Səyyar qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(055)-513/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia rədd edilməlidir. MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Qətnamə maraqlarına toxunan şəxs Hüseynova Səfiyə Səyyar qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli 2(055)-513/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-34/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-34/2023
21.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver