Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-34/2024 09.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Nərmin Ramiz qızı Əliyevanın katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Astara Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İdarəsinin Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasının zəbtdən azad edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İdarəsi iddia ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "xxxx" İdarəsi, X7 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci km-liyində (Astara rayonunun Siyəkü kəndi ərazisində), kəmərin mühafizə zonasında Cavabdeh1 tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpərin sökülməsi, mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci kilometrliyində kəmərin mühafizə zonasında, kəmərdən 5 metr aralı məsafədə 1,7 metr hündürlüyündə, 185 metr uzunluğunda dəmir konstruksiyalı hasar inşa etmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin "xxxx" İdarəsinin X7 Kəmərləri sahəsinin balans və istismarında olan yüksək təzyiqli dövlət əhəmiyyətli cəhətdən strateji obyekt olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci km-liyi Astara rayonunun Siyakü kəndinin ərazisindən keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələblərinə əsasən magistral boruların mühafizə zonası 50 metr müəyyən olunmuşdur. Magistral qaz kəmərlərinin mühafizə zonalarında inşa edilmiş tikililərlə əlaqədar Astara Rayon İcra Hakimiyyətinə, Astara Rayon Polis şöbəsinə, FHN-nin X4 məlumat verilmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh tərəfindən, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili inşa etdiyi, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratdığı bildirilmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 01 mart 2022-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İdarəsinin iddiası təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "xxxx" İdarəsi, X7 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci km-liyində (Astara rayonunun Siyəkü kəndi ərazisində), kəmərin mühafizə zonasında Cavabdeh1 tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpərin onun öz hesabına sökülməsi və mühafizə zonasının əvvəlki vəziyyətinə gətirilməsi, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 alınıb iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İdarəsinin hesabına köçürülməsi, iş üzrə ekspertiza xərci olan 50 manat məbləğində pulun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, birinci instansiya məhkəməsində cavabdehin iştirakı təmin edilməmişdir. Bununla da, məhkəmə onu iddiaya qarşı müdafiə hüquqlarından məhrum etmişdir. Bundan başqa, məhkəmə tərəfindən sübutlara obyektiv qiymət verilməmişdir. İş üzrə mütəxəssis rəyində cavabdehin mühafizə zonasına düşən torpaq sahəsini istifadə etmədiyi, ekspert rəyində isə istifadə etdiyi qeyd edilmişdir. Mütəxəssis arayışı ilə ekspert rəyi arasında ziddiyyət vardır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə qarşı öz etirazını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya baxışında iştirak etməmişdir. O, məhkəməyə teleqram ünvanlayaraq səhhətilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, Astara rayonu, Siyəkü kəndində 0.512701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Bu barədə onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnu təsdiq edən 17 iyun 2011-ci il tarixli çıxarış verilmişdir. Bundan başqa, həmin ərazidə Cavabdeh1 xüsusi mülkiyyətində 0.219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır və bu barədə 16 yanvar 2019-cu il tarixli çıxarış vardır. İddiaçı qaz kəmərinin mühafizə zonasından cavabdehin çıxarılmasını və həmin ərazidə inşa edilmiş və cavabdehə məxsus olan dəmir çəpərin sökülməsini tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci bəndinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Qanunun tələbinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin maddənin üçüncü bəndinə görə bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Həmin Qaydaların 5 nömrəli Əlavəsinə görə 12 atmosfer təzyiqə qədər olan magistral qaz kəmərləri və ona bitişik qollar üçün kəmərin orta oxundan hər iki tərəfə olan məsafə 10 metr mühafizə zonası müəyyən edilir. Cavabdeh tərəf qaz kəmərinin mühafizə zonasından istifadə etmədiyini bildirmişdir. Cavabdeh tərəf mülkiyyətində olan torpaq sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərini təqdim etmişdir. Cavabdehin mülkiyyətində olan torpaq sahələri ilə qaz kəmərinin mühafizə zonasının üst-üstə düşüb-düşməməsini, habelə cavabdehin qaz kəmərinin mühafizə zonasından faktiki istifadə edib-etməməsini aydınlaşdırmaq üçün məhkəmə mühəndis texniki ekspertizası keçirilmiş və müvafiq rəy alınmışdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 10/5470 nömrəli ekspert rəyinə görə, Cavabdeh1 tərəfindən quraşdırılmış dəmir konstruksiyalı çəpər ilə baxış zamanı Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral yeraltı qaz kəmərinin keçdiyi yer kimi təqdim olunmuş ərazi arasında ən yaxın məsafə 5 metr, ən uzaq məsafə 10 metr təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın 2.7 bəndinin tələblərinə əsasən Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsinin mühafizə zonası olmasını və faktiki olaraq cavabdehin istifadəsində olan torpaq sahəsinin iddiaçı tərəfindən yeraltı qaz xəttinin keçdiyi ərazi kimi təqdim olunmuş yerdən ən yaxın məsafəsinin 5 metr, ən uzaq məsafəsinin 10 metr olmasını nəzərə alaraq, ARDNŞ "xxxx" İdarəsi, X7 Kəmərləri Sahəsinin istismarında olan Dş 1020/1220 mm-lik “Astara-Qazıməmməd” magistral qaz kəmərinin 20-ci k-liyində Astara rayonu, Siyəkü kəndi ərazisində kəmərin mühafizə zonası Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir. Birinci instansiya məhkəməsində ekspertiza keçirilərkən cavabdehə məxsus torpaq sahələrinin koordinatları müəyyən edilməmişdir. Apellyasiya baxışında cavabdehə məxsus torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahələrinin Astara- Qazıməmməd magistral qaz kəmərinin mühafizəsi zonası ilə üst-üstə düşməsinin müəyyən edilməsi üçün əlavə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və ekspertizanın rəyi alınmışdır. İş üzrə keçirilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/211 nömrəli rəyində göstərilmişdir: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli, 3-21-3-43/2-3331/2023 saylı mütəxəssis rəyinə əsasən, Astara rayonu Siyəkü kəndində yerləşən Hüquqları Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.512701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.218 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin eləcə də X7 Kəmərləri Sahəsinin istismarında olan Astara- Qazıməmməd magistral qaz kəmərinin koordinatları müəyyən olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 3331/2023 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan 0.512701 ha və 0.219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Astara-Qazıməmməd magistral qaz kəmərinin orta oxundan 2.3-5.7 metr məsafədə yerləşməsi və xüsusi mülkiyyətində olan torpaq sahələrinin Astara-Qazıməmməd magistral qaz kəmərinin mühafizəsi zonası ilə üst-üstə düşməsi müəyyən olunmuşdur. Kollegiya xx.xx.2024-cü il tarixli ekspert rəyini sübut olaraq qəbul edir. Sonuncu rəyə görə, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi ərazi və sökülməsini tələb etdiyi dəmir çəpər cavabdehin mülkiyyətindədir. Torpaq sahələri Astara rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə verilmişdir. Torpaq sahələri xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 17 iyun 2011-ci il və xx.xx.2019-cu il tarixlərdə qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsinə dair hüquqi sənədlər hazırda qüvvədədir və onların qanunilik prezumsiyası vardır. İddiaçı hazırkı vəziyyətdə cavabdehə torpaq sahəsinin ayrılmasına dair aktı, torpaq kadastr sənədlərini, onun qeydiyyatını mübahisələndirmədən birbaşa torpaqdan çıxarılmanı və çəpərin sökülməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi göstərilən bu halları nəzərə almadan iddianı təmin etmiş, nəticədə əsassız olaraq cavabdehi, onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxarmışdır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin edilməməlidir. Kollegiya hesab edir ki, mübahisəli əraziyə dair torpaq sahəsinin ayrılması barədə müvafiq hüquqüəyyənedici sənədlər qüvvədə olduğu halda hazırkı iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan yuxarıda göstərilən faktiki halları aydınlaşdırmamış, iddianı təmin etməklə maddi və prosessual normalarını pozmuşdur. Bu isə qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, cavabdehin şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli, 2(018)-39/2022 saylı qətnaməsi ləğv edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "xxxx" İdarəsinin Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasından zəbtdən azad edilməsi tələbi təmin edilməsin. Qətnamədən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-34/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-34/2024
09.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver