Məhkəmə qərarları › İş №2(106)-35/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-35/2024

21.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-35/2024 21.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi ilə, Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin (İB-nin) Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: “Azəriqaz” İB Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi və diametri 159 mm olan yerüstü qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın tələbləri Cavabdeh tərəfindən pozularaq Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti ərazisindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan 159 mm diametrli yerüstü magistral qaz kəmərinin mühafizə zonasında (obyektin qarşısından keçən) qaz kəmərinin ərafını hörgü daşı ilə hörmüş və üstünü dəmir barmaqlıqlarla örtərək yerin altına salmışdır. Cavabdeh tərəfindən inşa edilmiş tikili qaz kəmərinin mühafizə zonasında (kəmərin üzərində) yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Ona görə qaz kəmərinin üzərindəki plitələr təxirəsalınmadan sökülməlidir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar “Azəriqaz” İB-nin X7 İdarəsi tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə X1 və X4 Agentliyinə müraciət edilmiş və X3 Müfəttişliyinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərək akt tərtib olunmuş, mühafizə zonasının pozulması faktı təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na əsasən yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Bu barədə cavabdehə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir əməli tədbir görülməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş və izahatında göstərmişdir ki, ona məxsus tikilinin inşası zamanı əlaqədar təşkilatlarla razılaşdırılmış sonra tikinti işləri görülmüşdür. Tikilinin yerləşdiyi ərazi onun xüsusi mülkiyyətindədir. Ağcabədi rayonu, Ü.Hacıbəyli prospekti ərazisindən keçən “Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, diametri 159 mm yerüstü qaz kəmərinin mühafizə zonasında onun obyektinin qarşısından keçən hissəsində qaz kəmərinin ətrafı təmizlənmiş və üstündəki plitələr sökülərək qaz kəmərinin mühafizə zonası bərpa edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) 19 iyul 2022-ci il tarixli qətnaməsi ilə “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi və qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələbinə dair iddiası təmin edilməmiş, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində ekspertiza xərcinin “Azəriqaz” İstehsalat Birliyindən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesaba köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçı “Azəriqaz” İB apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. Ekspert rəyi sırf ehtimallar əsasında tərtib edilmişdir və əsassızdır. Prosessualməsələlər Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı qaz kəmərinin mühafizə zonasında inşa edilmiş və cavabdehə məxsus olan tikililərin sökülməsini tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 1-ci bəndinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Qanunun tələbinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin maddənin üçüncü bəndinə görə bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirlərilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Qaydaların 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin Qaydaların 2.24-cü bəndinə əsasən, kəmərləri istismar edən hüquqi şəxslərə, Dövlət Neft Şirkətinə, onun yerli orqanlarına və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, öz səlahiyyətləri çərçivəsində, bu Qaydaları pozanlar tərəfindən kəmərlərin mühafizə zonalarında və kəmərlərin (onun obyektlərinin) oxundan şəhərlərə və digər yaşayış məntəqələrinə qədər, minimal məsafəyə bərabər olan sahədə Azərbaycan Respublikası Dövləttikintikomun təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normaları ilə müəyyən edilmiş məsafələr daxilində aparılan işləri dayandırmağa səlahiyyət verilir. Qaydalara 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özüllərinə qədər məsafəsi 4 metr, aşağı təzyiqli qaz kəmərlərinin məsafəsi isə 2 metr müəyyən edilmişdir. Həmin qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin mülkiyyətində olan tikililərin Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti ərazisindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan 159 mm diametrli yerüstü magistral qaz kəmərinin mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2022-ci il tarixli 10/1948 nömrəli ekspert rəyinə görə, Ağcabədi rayonu, Ü.Hacıbəyli prospekti ərazisindən keçən “Azəriqaz” İstehsalat Birliyinin balansında və istismarında olan, diametri 159 mm-lik yerüstü qaz kəmərinin mühafizə zonasında Cavabdeh obyektinin qarşısından keçən hissəsində qaz kəmərinin ətrafı və üstündəki dəmir barmaqlıqlar sökülmüş və qaz kəmərinin mühafizə zonası bərpa edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Eksertizası Mərkəzinin 17 aprel 2024-cü il tarixli 3-16-16/2- 10/9848 nömrəli ekspert rəyinə görə Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Cavabdeh mülkiyyətində olan Ağcabədi şəhəri, Üzeyir Hacıbəli prospekti ərazisində yerləşən 0.0154 ha torapq sahəsinin koordinatları müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Cavabdeh xüsusi mülkiyyətində olan 0.0154 ha torapq sahəsinin ərazisində yerləşən qeyri yaşayış binası Ağcabədi şəhəri, Üzeyir Hacıbəli prospekti ərazisindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan, diametri 159 mm yerüstü qaz kəmərindən 0.60 m məsafədə yerləşir. Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən əlavə torpaq istifadə edilmir. Beləliklə, ekspert rəyləri ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən Ağcabədi rayonu, Ü.Hacıbəyli prospekti ərazisindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan, diametri 159 mm-lik yerüstü qaz kəmərinin mühafizə zonasında onun obyektinin qarşısından keçən hissəsində qaz kəmərinin ətrafı və üstündəki dəmir barmaqlıqlar hazırda sökülmüş və qaz kəmərinin mühafizə zonası bərpa edilmişdir. Cavabdehin xüsusi mülkiyyətində olan tikili Ağcabədi şəhəri, Üzeyir Hacıbəli prospekti ərazisindən keçən “Azəriqaz” İB-nin balansında və istismarında olan, diametri 159 mm yerüstü qaz kəmərindən 0.60 m məsafədə yerləşir. Cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsindən əlavə torpaq istifadə edilmir. Kollegiya ekspert rəylərini sübut olaraq qəbul edir və hesab edir ki, cavabdeh öz mülkiyyətindən kənarda başqa sahədən istifadə etmir, “Azəriqaz” İB-nin balansında və istismarında olan, diametri 159 mm-lik yerüstü qaz kəmərinin mühafizə zonasında onun obyektinin qarşısından keçən hissəsində qaz kəmərinin ətrafı və üstündə dəmir barmaqlıqlar yoxdur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir; birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(017)-129/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar