Məhkəmə qərarları › İş №2(106)-35/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-35/2025

14.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-35/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(050)-2789/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında 15 oktyabr 2021-ci il tarixli 2V-571 reyestr nömrəli şəhadətnamənin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun valideynləri Sakit Cəfərov ilə Dürdanə İsmiyeva 09 aprel 1988-ci il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, nikahlarından onunla yanaşı qardaşı Kənan Cəfərli və bacısı Vəfa Cəfərova doğulmuşdur. Ailə üzvləri və nənəsi X9 ilə birlikdə Masallı şəhəri, C.Cabbarlı (hazırkı Səfəralı Məmmədov) küçəsində yerləşən 18 saylı evdə qeydiyyatda olmaqla yaşamışlar. Həmin evin yerləşdiyi 0,11 ha torpaq sahəsi Masallı rayon Aqrar İslahat Komissiyasının 19 aprel 1999-cu il tarixl qərarı ilə nənəsi, valideynləri, bacısı və qardaşı ilə birlikdə onun mülkiyyətinə verilmişdir. Bu barədə ona və qeyd edilən ailə üzvlərinə torpağın mülkiyyətə verilməsinə dair JN-621F Kod 80501004 saylı şəhadətnamə verilmişdir. Atası 08 sentyabr 2014-cü il tarixdə, nənəsi isə 26 mart 2021-ci il tarixdə vəfat etmişdir. Babası daha öncə vəfat etdiyindən və atasının yalnız bir bacısı olan cavabdeh olduğundan nənəsindən qalmış miras əmlak onun və qeyd edilən ailə üzvləri ilə cavabdeh olan bibisi arasında bölünməli idi. Lakin son zamanlar cavabdeh onları evə buraxmadığından aralarında narazılıq yaranmışdır. Notariat ofisində bununla maraqlanıb sənədləri götürərkən isə məlum olmuşdur ki, vərəsəlik işi açılarkən ərazi nümayəndəliyi vərəsələrin dairəsi barədə arayışda vərəsə kimi yalnız cavabdeh olan bibisinin adını qeyd etmiş, atasının vəfatından sonra onun ailə üzvlərinin olmasını isə göstərməmişdir. Müvafıq vərəsəlik şəhadətnaməsini alan cavabdeh həmin şəhadətnamə əsasında adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış alaraq onu və ailə üzvlərini bütünlüklə mirasdan məhrum etmişdir. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və birinci növbəli vərəsə kimi miras mərhum Gülsədəf Cəfərovanın övladları arasında bərabər bölünməlidir. Cavabdeh2 ilə yanaşı atası Sakit Cəfərov da mərhum Gülsədəf Cəfərovanın övladı olduğundan bərabər pay almaq hüquqları olmuşdur. Lakin vərəsəlik şəhadətnaməsi verilərkən atası vəfat etsə də, atasının övladı kimi onunla yanaşı qardaşı Kənan və bacısı Vəfa qalmışlar. Yəni ki, vərəsəlik şəhadətnaməsi ilə cavabdehə 1/2 pay, mərhum atası Sakit Cəfərovun 1/2 payı isə uşaqları kimi onunla qardaşı və bacısına verilməli idi. Vərəsəlik şəhadətnaməsi ilə isə miras əmlak tamamilə cavabdehə verilmiş, nəticədə mərhum atası Sakit Cəfərovun mirasda olan payından uşaqlarına çatası hissədə uşaqlarının hüquqları pozulmuşdur. Masallı Rayon Məhkəməsinin (hakim Ayaz Səlimov) 21 oktyabr 2022-ci il tarixli 2(050)- 2789/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Masallı Regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 15 oktyabr 2021-ci il tarixli, 2V-571 reyestr nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli, **********65-10301 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı maraqlı şəxs olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə iddia tələbini irəli sürərkən Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddəti ötürməmişdir. Belə ki, iş materiallarından görünür ki, Masallı Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən sorğuya cavab olaraq 27 iyul 2022ci tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilmiş olması barədə məlumat verilmiş, hazırkı iddia ərizəsi isə Masallı Rayon Məhkəməsinin icraatına 02 sentyabr 2022-ci il tarixdə daxil olmuşdur. X3 övladları X16, X17 və İddiaçı (iddiaçı) mərhum nənələri X5 birinci növbə qanun üzrə vərəsələri hesab olunurlar. Belə ki, onlar mirasın açıldığı vaxt miras qoyan nənələrinin vərəsəsi olacaq atalarının sağ olmaması səbəbindən ölmüş valideyninə çatası paydan bərabər miras hüquqlarına malikdirlər. Lakin Masallı şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda onların adları qeyd edilmədiyindən, həmçinin Cavabdeh2 tərəfindən bu barədə notariat orqanına məlumat verilmədiyindən nəticə olaraq notariat hərəkətləri zamanı “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbləri pozulmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bununla da iddiaçı və digər ailə üzvləri mirasdan bərabər şəkildə pay almaq hüququndan məhrum olmuşlar. Məhkəmə həmçinin Cavabdeh2 iddiaya etiraz olaraq 11 may 2005-ci il tarixli vəsiyyətnamənin, eləcədə Masalı Rayon Məhkəməsinin 12 iyun 2007-ci il tarixli 2-321/2007 saylı qətnaməsinin mövcudluğunu bildirməsinə münasibətdə qeyd etmişdir ki, 311/2V-571 nömrəli vərəsəlik işindən görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə 11 may 2005-ci il tarixli vəsiyyətnamə əsasında deyil, qanun üzrə vərəsəlik hüququna dair müddəalar əsasında verilmiş, vərəsəlik işində vəsiyyətnamənin mövcudluğuna isə ümumiyyətlə toxunulmamışdır. Bununla yanaşı, Masallı Rayon Məhkəməsinin 12 iyun 2007-ci il tarixli 2- 321/2007 saylı qətnaməsindən görünür ki, həmin mülki iş üzrə mübahisənin predmeti iddiaçı X5 cavabdehlər oğlu X18 və gəlini X10 Masallı şəhəri C.Cabbarlı küçəsində yerləşən 18 saylı evdən pasport qeydiyyatından çıxarılması və cavabdehlərin həmin evdə yaşamaq hüquqlarına xitam verilməsi olmuşdur. Belə olan halda həmin sənədlər hazırkı iş üzrə cavabdehin etirazlarının əsası kimi qəbul edilə bilməz. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və C.İmanov) 31 yanvar 2023-cü il tarixli 2(106)-274/2023 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli 2(050)2789/2022 saylı qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin qanunsuz və əsassız olmasını bildirsə də, konkret olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını və düzgün tətbiq edilməməsinin həmçinin gəlinən nəticənin işin faktiki hallarına uyğun olmamasının nədən ibarət olmasını göstərməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın hazırkı vəziyyətdə mümkünsüzlüyü və yolverilməzliyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanuni və əsaslı olmamış, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmamış, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərinə qiymət verilməmiş, iddiaçı tərəfin mövqeyi və hüquqi arqumentləri şifahi də olsa, dinlənilməmişdir. İddiaçı tərəfindən sübut növü kimi təqdim edilən JN-621F (kod ********) seriyalı xx.xx.2006-cı il tarixli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsas götürülmüş, halbuki həmin şəhadətnamə X5 adına verilmiş xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli MH seriyalı ******* saylı **********5-10301 reyestr nömrəli çıxarış verilərkən artıq əhəmiyyətini itirmiş olmasına, əksi inzibati məhkəmə icraatında təsdiq olunmayınca, heç bir hüquq verən sənəd olmaması düzgün qiymətləndirilməmişdir. Məhkəmə işin ədalətli həlli üçün zəruri olan, Şirvan İnzibati Məhkəməsində tərəflər arasında mövcud mübahisənin hallarına dair sorğu etməmiş, bu mübahisənin hazırkı iddiaya təsirini qiymətləndirməmişdir. Məhkəmə iddiaçının “hansısa naməlum üsullar ilə həmin torpaq sahəsi birbaşa olaraq X5 təkbaşına mülkiyyətinə keçirilmiş” ifadələrində ehtiva olunan absurd mülahizələri ilə mötəbər sübutları səhv qiymətləndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 2101/2023 saylı qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli 2(106)-274/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiyası mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəf apellyasiya şikayətində göstərmişdir ki, mərhum X5 ölümündən sonra hər hansı bir miras əmlakı qalmışdırsa, iddiaçılar həmin əmlaka dair vərəsəlik haqqında şəhadətnamə alınması üçün müraciət etməli idi. Lakin belə müraciətin edilməsi və ondan imtina edilməsi müəyyən olunmur. Onlar eyni zamanda miras qalan əmlakı faktiki olaraq sahiblik və istifadələrinə almamış və qanuni qüvvədə olan qətnamə ilə onların miras əmlak üzərində istifadə hüquqları itirilmişdir. İşin mübahisə edilməyən hallarına görə miras qoyan X9 xx.xx.2021-ci ildə ölmüşdür. İddiaçıların atası Sakit Cəfərov isə xx.xx.2014-cü ildə ölmüşdür. X21 İsmiyeva xx.xx.1988-ci ildə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iddiaçılar anadan olmuşlar. Cavabdeh tək vərəsə olduğunu bildirərək notariat ofisinə müraciət etmiş və ona xx.xx.2021-ci il tarixdə tam payla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və şəhadətnamədə miras əmlak kimi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi göstərilmişdir. İddiaçılar göstərirlər ki, cavabdeh mirasın qəbulu ilə bağlı müraciət edərkən miras qoyanın ataları vəfat etmiş, nəvələrinin vərəsə olmasını gizlətmiş və mirası tam əldə edərək iddiaçıları miras əmlakdan məhrum etmişdir. Qeyd edilməlidir ki, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaları nəzərə almayaraq bütün faktların hərtərəfli tədqiqini aparmadan, təqdim edilən sübutlara hüquqi qiymət vermədən, faktki olaraq heç bir əsaslandırma aparmadan iddiaçılar tərəfindən mirasın qəbul edilməsi nəticəsinə gəlmiş və nəticədə qanun üzrə vərəsəlik şəhadətnaməsini etibarsız hesab etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla miras əmlakın qəbul edilməsi ilə bağlı mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini (mirasın açılması, iddiaçıların mirasın qəbulu üçün müraciət edib etməmələri, miras qoyanın digər əmlakının olması, mirasın faktiki qəbulu ilə bağlı hərəklərin mövcudluğu və s.) nəzərə almamışdır. Məhz bundan sonra iddiaçıların şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı subyektiv hüquqlarının mövcud olması müəyyən edilə bilərdi. Lakin məhkəmələr tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin 1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə lazımi hüquqi qiymət verilməmiş, ümumiyyətlə mirasın qəbul edilməsi ilə bağlı hansı sübutların mövcud olması ilə bağlı heç bir araşdırma aparmamış, göstərilənlərlə bağlı apellasiya şikayətinin dəlillərinə qiymət verilməmişdir. Cavabdehin nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, İddiaçı həmin dövrdə həbsdə olmuşdur. Həbsdən çıxdıqdan sonra ona məlum olmuşdur ki, paylar vərəsələr arasında bölünmüşdür. Hesab edir ki, o da digər vərəsələrlə bərabər hüquqlara malikdir. Ərazi üzrə icra nümayəndəsi vərəsələrin dairəsi ilə bağlı arayış verilsə də, notariat orqanında vərəsələrin dairəsi müəyyən edilməmişdir. Baxmayaraq ki, bunu etmək notariat orqanının vəzifə funksiyalarından irəli gəlir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli 2(050)-2789/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: İş materiallarından görünür ki, iddiaçının atası mərhum X18 ilə anası X15 09 aprel 1988-ci ildə rəsmi nikaha girmiş, nikahlarından 20 aprel 1989-cu ildə X16, 08 iyun 1990-cı ildə X17 və 27 avqust 1992-ci ildə İddiaçı (iddiaçı) anadan olmuşlar. İddiaçının atası X18 08 sentyabr 2014-cü ildə, nənəsi X9 isə 26 mart 2021-ci il tarixdə ölmüşlər. X5 ölümündən sonra “ASAN Xidmət” Mərkəzində Notariat ofisində vəsərəlik işi açılmış və 15 oktyabr 2021-ci il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında mərhum X4 miras qalmış ünvan 2-də yerləşən fərdi yaşayış evi və 0.11 ha torpaq sahəsi tam hissədə mərhumun qızı Cavabdeh2 adına keçirilmiş, daha sonra Cavabdeh2 həmin şəhadətnamə əsasında qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan çıxarış almışdır. DƏDRX-in ******* saylı **********65-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2008-ci il qeydiyyat tarixli Çıxarışdan görünür ki, Masallı şəhəri C.Cabbarlı küçəsində mülkiyyətində olan 0.11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı 9LG2 kv.m yaşayış, 123.07 kv.m köməkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Masallı rayon şöbəsinin 65 saylı xx.xx.2008-cü il tarixli Masallı şəhər sakini Cəfərova Gülsədəf (Dürsədəf) Balaş qızının adına tərtib edilmiş JN-621F saylı (lcod-********) torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında ona və ailə üzvlərinin mülkiyyətinə cəmi 0,11 hektar torpaq sahəsi verilmişdir. Həmin Şəhadətnamədə adı 1-ci sırada olan X6 adı texniki səhv nəticəsində düzgün yazılmamışdır. Odur ki, X7 - X1 oxunmalıdır. Masallı Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 1264 saylı məktubundan görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş-X4 miras qalmış ünvan 2 ünvanında yerləşən 0.11 ha torpaq sahəsinə və onun üzərində ümumi sahəsi 214.09 kv.m, yaşayış sahəsi 91.02 kv.m. yardımçı sahəsi 123.07 kv.m olan 5 otaqlı fərdi yaşayış evinə dair qızı- Cavabdeh2 xx.xx.2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. MM-in 1133-cü madddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1151.1-ci madddəsinə əsasən mirasa miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. MM-in 159.1.1-ci madddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsələr sayılırlar. MM-in 1159.1.3-cü madddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. MM-in 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Bununla yanaşı kollegiya diqqətə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericinin müəyyən etdiyi (Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş) müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Qeyd edilən qərarda eyni zamanda, göstərilmişdir ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Apellyasiya instansiya məhkəməsi tərəfindən tam hüquqlu məhkəmə olaraq mülki işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırkı mülki iş 02 sentyabr 2022-ci il tarixdən məhkəmənin icraatında olmaqla ona “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında öz əksini tapmış qaydalar tətbiq edilməli və mirasın qəbulu üçün hər hansı müddət nəzərdə tutulmamalıdır. Belə ki, işə əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı və X15 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakla bağlı mərhum nənələri X5 hüquqlarının qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və bununla bağlı onun adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05 mart 2008-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli **********65- 10301 reyestr nömrəli Seriya MH №0003992 saylı Çıxarışın ləğvi haqqında Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 noyabr 2023-cü il tarixli 2(106)-1231/2023 saylı saylı qərardadı ilə iddiaçılar İddiaçı və X15 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakla bağlı mərhum X5 hüquqlarının qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və bununla bağlı onun adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 05 mart 2008-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli **********65-10301 reyestr nömrəli Seriya MH № ******* saylı Çıxarışın ləğvi tələbinə dair inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mülki iş üzrə icraatının dayandırılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-316/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 adına tərtib edilmiş 0.11 hektar torpaq sahəsi hissəsində xx.xx.2008-ci il tarixli ********** qeydiyyat nömrəli Seriya MH ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmış, həmin qərar qanuni qüvvəyə minmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Beləliklə, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ona görə də, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli 2(050)-2789/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli 2(050)-2789/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar