Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-369/2025 27.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Qasım Vəli oğlu və X4 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyəti) qardaşı X1 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli 2(036)-1197/2024 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi qardaşı X1 psixi qüsurlarına görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı xx.xx.1977-ci il təvəllüdlü X5 ilə İmişli rayonunun Qulubəyli kəndində birgə yaşayırlar. Ona ərizəçi qulluq edir. Belə ki, qardaşı ağır dərəcəli psixi xəstəlikdən əziyyət çəkir, öz hərəkətlərini idarə edə bilmir və hərəkətlərinin mənasını anlamır. Ərizəçi ona daim nəzarət etmək məcburiyyətindədir. Qardaşının həmin xəstəliyi olması barədə tibbi sənədlər də vardır. Xəstə qardaşının hüquqlarını tam həyata keçirmək, hüquqlarını müdafiə etmək, adından əqd bağlamaq və s. üçün onun üzərində qanunauyğun olaraq qəyyum təyin edilməlidir. Bunun üçün də o, fəaliyyət qabiliyyəti olmayan hesab olunmalıdır. İmişli Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli 2(036)-1197/2024 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) ərizə təmin edilməmişdir. Ərizəçi apellyasiya şikayəti verərək qətnaməsini ləğv edərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Belə ki, birinci instansiya məhkəməsi sözü gedən iş üzrə hərtərəfli araşdırma aparmadan qanunsuz qətnamə qəbul etmişdir. Qeyd edir ki, qardaşı mütamadi olaraq müalicə alır, ona ərizəçi qulluq edir. Məhkəmə onun qardaşı öz hərəkətlərinin mənasını başa düşməməsini və ona daim başqa şəxsin nəzarət etməli olmasını nəzərə almamışıdır. Ərizəçi məhkəmədə izahat verərək apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, birinci instansiya məhkəməsində qardaşı X2 “üzvi dissosiativ pozuntu” F 06.5 dərəcəsində olmuşdusa, hazırda bu F 07 dərəcəsindədir. Bu baxımdan, qardaşının vəziyyəti daha da pisdir və idarə olunmaz haldadır. Bu həkim psixiatr rəyi ilə də təsdiq edilir. Maraqlı şəxs İmişli Rayon İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli 2286 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X2 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarındadır. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas yoxdur. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. MPM-in 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Beləliklə, məhkəmə tərkibi diqqətə çatdırır ki, Ərizəçi apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri əsassız olmaqla, işin hallarından, apellyasiya şikayətinin məzmunundan da aydın göründüyü kimi, formal xarakter daşımaqla həqiqətə uyğun gəlmir və heç bir mötəbər sübutla təsdiq edilmir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Habelə birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi qənaət apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2025-ci il tarixli 900 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. Ona görə də, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, ərizəçinin apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli 2(036)-1197/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli 2(036)-1197/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-369/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-369/2025
27.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver