Məhkəmə qərarları › İş №2(106)-373/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-373/2024

21.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-373/2024 21.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X2 ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisinə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-1799/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Masallı rayonu, Mollaoba kəndində yerləşən evinə verilən elektrik enerjisinə görə "xxxx" ASC tərəfindən əsassız hesablanmış 976,08 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1958-ci ildə Masallı rayonunun Boradigah qəsəbəsində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır, lakin faktiki olaraq Bakı şəhərində bacısının yanında yaşayır. Həmin kənddə atasından qalmış fərdi yaşayış evi var və hərdən rayona gələndə həmin evdə yaşayır. O, heç vaxt ailə qurmamış, subaydır, İİ qrup əlildir və yalnız yaşayır. Onun fərdi yaşayış evi elektrik enerjisi ilə təchiz olunmuşdur və iddiaçı istifadə etdiyi enerjinin pulunu ödəmişdir, ödəniş qəbzləri var və abonentin saldosunda ödənişlər təsdiqini tapır. Lakin hazırda iddiaçıya "xxxx" ASC-nin əməkdaşları bildirmişlər ki, guya iddiaçının işıq borcuna görə 976,08 manat borcu var. İddiaçı həmin borcu qəbul etmir, əsassız hesab edir və silinməsini tələb edir. Belə ki, o, Bakı şəhərində yaşayır və hərdən kəndə gələndə öz evində qalır. Evində elektrik sayğacı smart tiplidir və karta pul yüklədikdən sonra elektrik enerjisi verilir. Lakin hazırda ondan 976,08 manat borc tələb olunur. Həmin borcun 2019-cu ilin aprel ayından hesablanması göstərilmişdir. Halbuki, "xxxx" ASC-nin əməkdaşları hər ay sayğaclara baxış keçirirlər. Keçən müddət ərzində iddiaçıdan hər hansı borc tələb olunmamışdır. İddiaçı Bakı şəhərində yaşadığı halda həmin məbləğdə borc yazılması qeyri-mümkündür. Ümumiyyətlə, iddiaçı kənddə yaşamış belə olsaydı, tək qadındır və maksimum 10 manat aylıq borc ola bilər, belə olan halda 1 ilə 120 manat, 10 ilə isə 1200 manat borc hesablana bilərdi. Buradan belə çıxır ki, iddiaçı 10 il elektrik enerjisinə görə pul ödəmədən istifadə etmişdir, bu isə mümkün deyil. "xxxx" ASC-nin əməkdaşları 2 ay pul verməyəndə dərhal xətləri kəsirlər. Həmçinin, sayğac həyətdən kənarda yerləşir və əgər müdaxilə vardısa, bunu 10 il ərzində "xxxx" ASC-nin əməkdaşları görmüş olardı. Həmçinin, ümumiyyətlə iddiaçıya hesablanmış borc məbləği ilə bağlı hər hansı akt belə yoxdur. O, "xxxx" ASC-nin Masallı rayon şöbəsinə müraciət etmiş və aktın olmadığı bildirilmişdir. Əgər belə bir akt yoxdursa, borcun nəyin əsasında hesablanması da ona məlum deyil. İddiaçının isə borcdan ümumiyyətlə heç vaxt xəbəri olmamış və ona da heç kim borcunun olmasını bildirməmiş, "xxxx" ASC ona qarşı məhkəməyə müraciət etməmişdir. Bütün qeyd olunan hallar göstərir ki, borc əsassız hesablanmışdır, heç bir hüquqi əsası yoxdur və ləğv olunmalıdır. Ona görə də əsassız hesablanmış borcun silinməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh "xxxx" ASC vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, abonent kodu **********00075 olan İddiaçı barəsində "xxxx" ASC-nin əməkdaşları tərəfindən hər hansı akt tərtib edilməmişdir. Abonentin silinməsini tələb etdiyi borc məbləği isə xx.xx.2019-cu il tarixinə qədər istifadə edilmiş elektrik enerjisinin hesablanmış dəyəridir və həmin vaxt da sayğac göstəricilərinə uyğun olaraq müəyyən edilmişdir. Hazırkı iddia tələbi üzrə isə iddiaçı qanunla müəyyən edilən iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Ona görə də vəsatətdə İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Masallı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(050)-1799/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Zeynal Zeynalov) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddiası iddia müddətinin ötürülməsi səbəbi ilə təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(050)-1799/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, elektrik enerjisindən sayğacdan kənar istifadə etməmiş, hər hansı müdaxilə etməmişdir. Qanunsuz olaraq borc hesablanmışdır. Əgər sayğaca hər hansı müdaxilə vardısa belə, akt tərtib olunardı, heç nə tərtib olunmadan iddiaçıdan 976,08 manat tələb olunur. Həmin pulun niyə tələb olunmasını da bilmir. İddiaçı istifadə etmiş olduğu elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. O, sayğaca müdaxilə etmiş olsaydı, bu zaman aylıq sərfiyyat hesablanmaz və ödənişlər olmazdı. İddiaçı tək yaşayan qadındır və ilin çox vaxtı Bakı şəhərində bacısıgildə yaşayır. O, Masallıda qaldığı vaxt ayda cəmi 10 manat işıqdan istifadə edir, belə olan halda o, 10 il gərək işıqdan pulsuz istifadə edərdi ki, 976 manat borc yaransın. Bu real deyil, "xxxx" ASC-nin əməkdaşları hər ay sayğaca baxış keçirirlər və sərfiyyatı hesablayırlar. Sayğac həyətdən kənarda yerləşir və iddiaçının nəzarəti mümkün deyil. Həmçinin, hesablanmış borcun iddiaçının təqsiri ucbatından yaranması barədə heç bir sübut yoxdur. Məhkəmə həmin halları araşdırmadan qətnamə qəbul etmişdir. İddiaçı istifadə etdiyi elektrik enerjisinin dəyərini hər ay ödəmiş, lakin 1000 manata yaxın borc hesablanmışdır, buna baxmayaraq, həmin borcun hansı əsasla hesablanması barədə heç bir sübut yoxdur. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia müddətinin ötməsini göstərmişdir ki, məhkəmə həmin hissəyə düzgün qiymət verməmiş, iddiaçının hüquqlarının pozulduğu andan iddia müddətini hesablamışdır. İddiaçı hüquqlarının pozulmasını 2022-ci ildə bilmişdir, bununla bağlı ilkin olaraq "xxxx" ASC-yə müraciət etmiş, müraciətinə baxılmış, lakin nəticəsi olmamışdır. Buna görə də məhkəməyə müraciət etmişdir. Həmçinin, sayğac 2022-ci ildə smart tipli quraşdırılmış, bundan sonra pulundan tutulmuş və iddiaçı da bundan sonra borcdan xəbərdar olmuşdur. Buna görə də iddia müddətini ötürməmişdir. Onun 2019-cu ildə borcdan xəbəri olmamışdır. Lakin məhkəmə qeyd olunan halları araşdırmamışdır. Məhkəmə tərəfindən sübutlar tam araşdırılmamış, işin faktiki halları ilə sübutlara düzgün qiymət verilməmiş, sübutlara cavabdehin xeyrinə qiymət verilmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmə borcun yaranmasını, iddiaçının aylıq sərfiyyatını və ödənişlərini nəzərə almamış, işin faktiki hallarına qiymət verməmişdir. İddia müddətinin tətbiqinə düzgün qiymət verilməmiş, hüquqların pozulmasının hansı tarixdən başlanması məsələsi araşdırılmamışdır. İşin hallarından görünür ki, iddiaçı sayğaca müdaxilə etməmiş, ona əsassız borc hesablanmış, iddiaçı hər ay istifadə etdiyi işığın dəyərini ödəmişdir. Lakin heç bir akt belə olmadan ona əsassız borc hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər təyin edilmiş vaxtda məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Ona görə də məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İşdəki İddiaçı aid olan **********00075 nömrəli abunə haqqında məlumatdan görünür ki, onun abonent hesabında 976,08 manat borc mövcuddur və həmin borc 12 may 2019-cu ilədək istifadə edilmiş elektrik enerjisinin dəyərinə uyğun olaraq hesablanmışdır. Birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə vəsatətini də nəzərə alaraq, iddiaçının silinməsini tələb etdiyi borcun 13 may 2019-cu il tarixədək hesablandığını qeyd edərək, iddia müddətinin ötürülməsi səbəbilə iddia tələbini rədd etmişdir. İddiaçı isə apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin düzgün tətbiq edilmədiyini bildirmiş, bu zaman hüququnun pozulmasından 2022-ci ildə xəbərdar olmasına istinad etmişdir. İddia müddətinin ötürülübötürülməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. MM-in 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göründüyü kimi, iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilərkən şəxsin öz hüququnun pozulduğunu nə vaxtdan etibarən bilməsinin və ya bilməli olmasının müəyyən edilməsi zəruri olmuşdur. Lakin birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək, iddia müddətinin nə vaxtdan etibarən hesablanmalı olması məsələsinə düzgün qiymət verməmişdir. Belə ki, iddiaçı öz sayğacının 2022-ci ildə smart tipli sayğacla əvəz edildiyini, bundan sonra ödənişlərindən tutulmalar aparıldığını qeyd etmiş, yalnız bundan sonra borcu barədə məlumatlı olduğunu qeyd etmişdir. Belə olan halda isə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət edə bilməsi üçün iddia müddətinin axımı məhz 2022-ci ildən etibarən başlamışdır. Bu səbəbdən məhkəmə kollegiyası bildirir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İddiaçının tələbi onun Masallı rayonu, Mollaoba kəndində yerləşən evinə verilən elektrik enerjisinə görə "xxxx" ASC tərəfindən hesablanmış 976,08 manat borcun silinməsi ilə bağlıdır. Hazırkı iş materialları və tərəflərin ərizələri ilə də müəyyən edilir ki, qeyd edilən borc məbləği hər hansı akta əsaslanmamış, iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyərinə görə yaranmışdır. İddiaçı hesablanmış borcun əsassız olmasını iddia edərkən həmin borcun hər hansı akta əsasən hesablanmamasına istinad etmişdir. Bununla bağlı, məhkəmə kollegiyası bildirir ki, istifadə edilmiş elektrik enerjisinin dəyərinin borc olaraq hesablanması üçün hər hansı aktın tərtib olunmasına zərurət yoxdur. Məhkəmə kollegiyası MPM-in 77.1-ci maddəsinə uyğun olaraq bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıyır. Həmin maddəyə uyğun olaraq iddiaçı əsassız hesablandığını iddia etdiyi 976,08 manat məbləğində borcun cavabdeh tərəfindən əsassız şəkildə onun abunə hesabına hesablandığını təsdiq edən sübutlar təqdim etməli idi. Hazırkı halda isə iddiaçı sadəcə abunə haqqında cədvəl təqdim etmiş, silinməsini tələb etdiyi borc məbləğinin əsassız olaraq hesablanmasını təsdiq edən hər hansı sübut təqdim etməmiş, sadəcə formal mülahizələrlə onun qeyd edilən borc məbləğində elektrik enerjisindən istifadə etməsinin mümkünsüz olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edən sübutlar təqdim etmədiyindən, onun abonent hesabına hesablanmış borcun əsassız olmasını sübuta yetirə bilmədiyindən, birinci instansiya məhkəməsi isə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etdiyindən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 976,08 manat olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(050)-1799/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “elektrik enerjisinə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar