Məhkəmə qərarları › İş №2(106)-382/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-382/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-382/2024 31.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(036)-2254/2022 saylı qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti 01 iyul 2022-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində sığorta ödənişinin əvəzinin, 70 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərclərinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Cavabdeh 5000 manatın və ödənilmiş dövlət rüsumuna görə 70,40 manatın alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilməsi qət edilmişdir. İmişli Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı göndəriş məktubunda İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(036)- 2254/2022 saylı qətnaməsinin surətinin tərəflərə göndərildiyi qeyd edilmişdir. İmişli Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2(036)-2254/2022 saylı məktubunda İmişli Rayon Məhkəməsinin e-2(036)-2254/2022-013 saylı, 05 oktyabr 2022ci il tarixli icra vərəqəsinin icra edilməsi üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərildiyi qeyd olunmuşdur. 15 avqust 2023-cü ildə cavabdeh Əzimov X3 Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpası haqqında ərizə əlavə etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı qətnaməsi ilə ondan 5000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 70,40 manat dövlət rüsumunun tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. O, həmin məhkəmə prosesində iştirak etməmişdir. Sözügedən qətnamə ona xx.xx.2023-cü ildə poçt vasitəsilə təqdim edilmişdir. Qətnamə ona təqdim edilən zaman yaxın qohumunun hüzür mərasimi olduğu üçün cavabdehin başı ora qarışmış və o, 1 aylıq şikayət müddətini ötürmüşdür. Ona görə də onun apellyasiya şikayətini gec verməsi üzrlü hesab edilməlidir. Cavabdeh ərizədə apellyasiya şikayəti vermə müddətinin gecikməsinin üzrlü hesab edilib apellyasiya şikayəti vermə müddətini bərpa etməklə işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(036)-2254/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Ülvi Qənbərov) iş üzrə Cavabdeh İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddəti bərpa olunmuş və apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı "xxxx" ASC şikayət vermiş, şikayətində iş üzrə müddətin bərpa edilməsi barədə qərardadın ləğv edilməsini, müddətin bərpa edilməməsi və apellyasiya şikayətinin mümkünsüzlüyü barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə çıxarılmış qətnamədən şikayət müddətinin ötürülməsi hissəsinin bərpa edilərək iş üzrə verilmiş apellyasiya şikayətinin baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmiş, məhkəmə isə tərəf olaraq iddiaçıya məlumat vermədən ötürülmüş müddəti bərpa etmiş və apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarmışdır. Lakin sözügedən qərardad da nə elektron kabinetə yerləşdirilməmiş, nə də ki iddiaçıya poçt vasitəsi ilə göndərilməmişdir. İddiaçı hesab edir ki, iş üzrə çıxarılmış müddətin bərpa edilməsi ilə bağlı olan qərardadda Mülki Prosessual Məcəllənin müvafiq maddələrinin pozulması hallarına yol verilmişdir. Bundan başqa, qərardadda qeyd olunmuşdur ki, cavabdehə qətnamənin surəti göndərilmiş, lakin qətnamənin cavabdehə çatması barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Lakin bu halın araşdırılması məhkəmənin səlahiyyətində olmasına baxmayaraq, müvafiq qaydada poçt xidməti göstərən quruma sorğu verilib qətnamənin çatdırılıb-çatdırılmaması barədə məlumat əldə olunması öz əksini tapmamışdır. Əlavə olaraq, Mülki Prosessual Məcəllənin 234.1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. İşə nəzər yetirdikdə işin icraya getdiyinin, hətta müvafiq icra tədbirlərinin görüldüyünün şahidi olmaq olar. Belə ki, görülmüş icra tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixində cavabdeh tərəfindən şirkətə 232,32 manat pul vəsaiti köçürülmüşdür. Yəni hazırda təmin olunmuş 5070 manatın 232,32 manat hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, tərəf qətnaməni almış, hətta icra tədbirləri nəticəsində ödəniş də həyata keçirmişdir. Belə olduğu halda tərəfin qətnamədən şikayət verilməsi müddəti bərpa edilməli deyil. İmişli Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(036)-2254/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış, İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(036)-2254/2022 saylı qərardadından iş üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(036)-2254/2022 saylı qərardadı ləğv edilməli və İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizəyə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, İmişli Rayon Məhkəməsi 24 avqust 2023-cü il tarixli qərardadında öz mövqeyini əsaslandırarkən bildirmişdir ki, mülki iş materiallarında İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı qətnaməsinin surətinin 10 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı məktubla göndərilməsi barədə məktub olsa da, göndərişin Cavabdeh çatdırılması barədə sənəd yoxdur. Məhkəmə kollegiyası bu hissədə iddiaçının şikayətinin dəlilini əsaslı sayaraq bildirir ki, birinci instansiya məhkəməsinin müvafiq poçt orqanından həmin qətnamənin Cavabdeh çatdırılıbçatdırılması, eləcə də çatdırılmışdırsa, hansı tarixdə çatdırılması barədə sorğu verərək məlumat almaq imkanı olsa da, o, bu imkanından istifadə etməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh öz ərizəsində qətnamənin surətinin ona 06 iyun 2023-cü il tarixində təqdim edildiyini bildirmişdir. Odur ki, ərizəyə yenidən baxacaq olan məhkəmə İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı qətnaməsinin surətinin Cavabdeh məhz hansı tarixdə çatdırılması məsələsini müəyyənləşdirmək məqsədilə müvafiq poçt orqanına sorğu ilə müraciət etməlidir. Bundan başqa, cavabdeh öz ərizəsində qətnamənin surəti ona təqdim olunduğu zaman yaxın qohumunun vəfat etməsinə görə başının oraya qarışması səbəbindən apellyasiya şikayəti vermək müddətini ötürdüyünü bildirmiş, eləcə də, apellyasiya şikayətinə X2 adlı şəxsin tibbi müayinə sənədlərinin surətlərini əlavə etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin həqiqətən də sözügedən ərəfədə yaxın qohumunun vəfat edib-etməməsi məsələsini, həm də barəsində tibbi müayinə sənədləri əlavə edilmiş X1 cavabdehlə olan qohumluq dərəcəsini, onun müayinə olunmasının cavabdehin apellyasiya şikayəti vermə müddətini ötürməsinə hansı qaydada təsir etməsi məsələsini araşdırmamışdır. Ona görə də ərizəyə yenidən baxacaq olan məhkəmə qeyd edilən halların da araşdırılmasını təmin etməlidir. Həmçinin, iş materiallarında olan İmişli Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli məktubunda İmişli Rayon Məhkəməsinin e-2(036)-2254/2022-013 saylı, 05 oktyabr 2022-ci il tarixli icra vərəqəsinin icra edilməsi üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərildiyi qeyd olunmuşdur. İddiaçı da öz şikayətində bildirmişdir ki, cavabdeh tərəfindən həmin icra vərəqəsi üzrə müəyyən ödənişlər də edilmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin mübahisələndirilən qətnamədən məlumatlı olması vaxtını müəyyənləşdirmək məqsədilə həmin icra işini də öyrənməmişdir. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilmiş məsələlər aydınlaşdırıldıqdan sonra Cavabdeh İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətini ötürməsi səbəbinin üzrlü hesab edilib-edilməməsi və buraxılmış prosessual müddətin bərpa edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(036)-2254/2022 saylı qərardadı ləğv edilməli və İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizəyə hazırkı qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2(036)-2254/2022 saylı qərardadı ləğv edilsin. İmişli Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 2(036)-2254/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh tərəfindən verilmiş ərizəyə hazırkı qərardadın təsviriəsaslandırıcı hissəsində qeyd edilən məsələlər araşdırılmaqla yenidən baxılması üçün mülki iş İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar