Məhkəmə qərarları › İş №2(106)-386/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-386/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-386/2025 27.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-903/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(071)-903/2024 saylı qətnaməsi ilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 677,90 manat əsas borc, 67,10 manat cərimə olmaqla, ümumilikdə 745 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 775 manat pulun Cavabdeh iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, əsas məbləğin düzgün hesablanmadığını, yəni hesabdan çıxarış verilmədiyini və iş üzrə müvafiq ekspertiza təyin edilmədiyini bildirmişdir. Cavabdeh apellyasiya şikayətinə dövlət rüsumunun tam ödənilməsi barədə sənəd əlavə etmədiyi üçün, yəni mülki iş üzrə dövlət rüsumu 15 manat olması müəyyən edildiyi halda, Cavabdeh tərəfindən cəmi 10 manat dövlət rüsumu ödənildiyi üçün Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(071)-903/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-903/2024 saylı qətnaməsindən apellyasiya şikayəti, habelə buraxılmış müddətin bərpasına dair ərizə vermişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-903/2024 saylı qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda apellyasiya şikayətinin verilməsi zamanı müddətin buraxılması və həmin buraxılmış müddətin bərpasına dair ərizənin verilməməsi əsas hesab edilmişdir. Cavabdeh Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin tələblərindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. MPM-in 128-ci maddəsindən görünür ki, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmçinin MPM-in 133-cü maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Kollegiya qeyd edir ki, hazırkı iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il tarixli 2(071)-903/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə buraxılmış müddətin bərpasına dair ərizə əlavə edilsə də (səh. 61), məhkəmə xx.xx.2024cü il tarixli 2(071)-903/2024 saylı qərardadında apellyasiya şikayətinin geri qaytarılmasını qərara alarkən adıçəkilən ərizənin verilməməsinə istinad etmiş və ərizəyə lazımi hüquqi qiymət verməmişdir. Kollegiya yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, MPM-in 363.4-cü maddəsinin tələbinə görə bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda adıçəkilən normaların məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsindən verilən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada apellyasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş müvafiq müddətlərlə məhdudlaşır. Kollegiya bu zaman diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5ci maddəsinin şərh edilməsinə dair” 27 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzrlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsində şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən müraciət edə bilməsi üçün müvafiq müddətin müəyyən olunmaması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verməyən, şəxslərin hüquq və azadlıqlarını və məhkəmə əlçatanlığını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasinın 60-cı maddəsinin İ hissəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət edə biləcəyi ağlabatan müddət hakim tərəfindən müəyyən edilməlidir. Beləcə, məhkəmə kollegiyası diqqəti yuxarıda qeyd edilən normaların hazırkı iş üzrə analoji olaraq nəzərə alınmasının zəruriliyinə cəlb edir. MPM-in 399-cu maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Hacıqabul Rayon Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-903/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin qismən edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 2(071)-903/2024 saylı qərardadı ləğv edilsin. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-903/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi məsələsinə (ərizəyə) baxılması üçün mülki iş Hacıqabul Rayon Məhkəməsinin qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar