Məhkəmə qərarları › İş №2(106)-39/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-39/2024

04.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-39/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı bağlanmış yolun açılması və orada olan qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: yolun açılması və qeyri-qanuni tikilinin sökülməsi X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağlanmış yolun açılması və orada olan qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)- 44/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli (hakim Habil Bəhmənov) qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı cavabdehdən Masallı rayonu Şərəfə bələdiyyəsinin qərarı ilə mülkiyyətinə verilən, ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsinə gələn yolun açılması və həmin yolun üstündə inşa etdiyi qeyri-qanuni tikililərin sökülməsi ilə torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu Şərəfə bələdiyyəsinin 12 oktyabr 2018-ci il tarixli qərarı ilə mülkiyyətindən 04 oktyabr 2019-cu il tarixli, AN-İ N-0785951 saylı alqı-satqı müqaviləsi ilə ona verilmiş torpaq sahəsi mülkiyyətindədir. Bununla bağlı rəsmi sənədlər də vardır. Həmin torpaq sahəsi üzərində mülkiyyətində olan bütün hüquqlarıhəyata keçirir. Cavabdeh həmkəndlisi X12 istifadəsində olan torpaq sahəsinə gələn yolu qeyri qanuni olaraq heç bir əsas olmadan zəbt etmiş, orada dəmir qapı və başqa tikililər inşa etmişdir. Beləliklə də, gediş- gəliş yolunun üzərində olan qanunsuz tikililərin sökülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, bağlanmış yolun açılması və orada olan qeyri-qanuni tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, kənd ərazisində bütün evlərə yol olduğu kimi, onunda evinə bələdiyyə tərəfindən yol verilmişdir. İddiaçının öz həyətinə yolu vardır və o, yoldan istifadə edir. Həmçinin sözügedən yol məsələsi ilə əlaqədar iddiaçının bacısı X3 onu 2017-ci ildə məhkəməyə vermiş, iş üzrə ekspertiza tədqiqatı aparılmış, hətta hakim tərəfindən də əraziyə baxış keçirilmiş, məhkəmə zamanı onun heç bir yolu zəbt etmədiyi məlum olmuş və iddia rədd edilmişdir. Məhkəmənin qərarından Apelyasiya şikayəti verilmiş və şikayət təmin edilməmiş, Masallı rayon məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. Hesab edir ki, iddia tələbi tam olaraq əsassızdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-44/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Masallı Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(050)44/2022 saylı qətnaməsini ləğv etməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan və məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut olunmadan qəbul edilmişdir. Masallı Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2(050)-44/2022 saylı qətnaməsininin ləğv edilməklə, Cavabdeh Masallı rayonu, Şərəfə bələdiyyəsinin qərarı ilə mülkiyyətimə verilən ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə gələn yolun açılması və həmin yolun üstündə inşa edilmiş qeyri-qanuni tikililərin sökülməsi ilə torpağın əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz göndərmiş, cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin 1 -ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını, məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsi iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 04 oktyabr 2019-cu il tarixli, AN-İ N-0785951 saylı Daşınmaz Əmlakın alğı-satqısı müqaviləsindən görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi Masallı rayonu Şərəfə bələdiyyəsi tərəfindən İddiaçı satılmışdır. 18 oktyabr 2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 1ində yerləşən 0.12 ha torpaq sahəsi Masallı rayon Şərəfə bələdiyyəsinin mülkiyyətindədir. Masallı Rayon Məhkəməsinin 2(050)-39/2017 saylı, 25 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X9 və X1 cavabdehlər Cavabdeh, X8 və X5 qarşı Masallı rayonu Şərəfə bələdiyyəsinin 25 yanvar 2013- cü il tarixli qərarı ilə onlara satılmış ünvan 1ində yerləşən həyətyanı torpaq sahələrinə gedən yolun qarşısında qazılmış qanunsuz və özbaşına arxın cavabdehlərin hesabına doldurulmaqla yolun açılması barədə iddia tələbi rədd edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-529/2018 saylı, 07 mart 2018-ci il tarixli qətnaməsindən göünür ki, iddiaçı X6 Masallı Rayon Məhkəməsinin 2(050)-39/2017 saylı, 25 sentyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-39/2017 saylı, 25 sentyabr 2017-ci il tarixli qətnaməsi öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 15 avqust 2022-ci il tarixli, 10/3258 saylı rəyindən məlum olur ki; -Torpaq sahəsinə dair baza məlumatları təqdim edilmədiyindən mübahisə predmeti olan iddiaçının yol kimi istifadə etdiyi sahənin xəritə materiallarında nəzərdə tutulubtutulmamasını müəyyən etmək mümkün olmamışdır. -İddiaçıya məxsus torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu mövcuddur və tərəflər faktiki olaraq eyni yoldan istifadə edir. Mübahisəli əraziyə yerində baxış keçirilmiş və məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə faktiki olaraq gediş-gəliş yolu mövcuddur və həmin yol əvvəlcə iddiaçının torpaq sahəsinin yanından keçir, daha sonra cavabdehin yaşadığı evə getmək üçün nəzərdə tutulmuşdur. İddiaçının mübahisələndirdiyi ərazidə heç bir yol yoxdur, həmin ərazidə su kanalı vardır. Tərəflərin faktiki istifadə etdikləri yoldan iddiaçının istifadə etməsinə maneə yaradan hərəkət, hər hansı tikinti mövcud deyil. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən iddianı təmin etməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirir və apellyasiya şikayətinin əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun qarşısı kəsilmiş və tikililər inşa edilmişdir. Apellyasiya baxışında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8494 nömrəli rəyinə görə: Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı AN-0785951 saylı alqı-satqı müqaviləsi ilə Masallı rayonu Şərəfə kəndi erazisində mülkiyyətə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin naturada faktiki istifadə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Qərardadın ikinci sualı üzrə; Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə iddiaçı ilə cənub istiqamətində həmsərhəd olan Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələri koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. Qərardadın ücüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı AN-0785951 saylı alqı-satqı müqaviləsi ilə Masallı rayonu Şərəfə kəndi ərazisində mülkiyyətə verilmiş 0,12 (faktiki 0,1319) ha həyətyanı torpaq sahəsinin şərq tərəfindən cənub istiqamətində gedən yolun davamı kimi gediş-gəliş yolunun nəzərdə tutulduğu müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə nəzərdə tutulmuş gediş-gəliş yolu hissəsinin ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. Qərardadın dördüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına görə İddiaçı AN-0785951 saylı alqı-satqı müqaviləsi ilə Masallı rayonu Şərəfə kəndi ərazisində mülkiyyətə verilmiş 0,12 (faktiki 0,1319) ha həyətyanı torpaq sahəsinin şərq tərəfindən cənub istiqamətində gedən yolun davamı hissəsində iddia tələbinə əsasən Cavabdeh dəmir darvaza ilə bağladığı və sanitar qovşağı tikilisinin yerləşdiyi müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən şərq istiqamətində yollar, keçidlər ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid olan 0,0187 ha (187,4 kv.m) hissəsi cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası ekspert rəyini sübut mənbəyi kimi qəbul edir və hesab edir ki, ekspert rəyinə əsasən iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)-44/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, 04 oktyabr 2019-cu il tarixli, AN-İ N-0785951 saylı Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsinə əsasən İddiaçı satılmış, ünvan 1ində yerləşən ümumi sahəsi 0.12 ha olan (faktiki 0,1319) torpaq sahəsinin şərq istiqamətində yollar, keçidlər ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid olan 0,0187 ha (187,4 kv.m) torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli (yəni Cavabdeh həmin hissədən çıxarılmalı) və Cavabdeh tərəfindən həmin torpaq sahəsində qoyulmuş dəmir darvaza və inşa edilmiş sanitar qovşaq sökülməklə yol açılmalı, ekspertizasının keçirilməsi ilə əlaqədar olaraq, 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, ödənilmiş dövlət rüsumlarının əvəzi 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)-44/2022 saylı, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 04 oktyabr 2019-cu il tarixli, AN-İ N-0785951 saylı Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsinə əsasən İddiaçı satılmış, ünvan 1ində yerləşən ümumi sahəsi 0.12 ha olan (faktiki 0,1319) torpaq sahəsinin şərq istiqamətində yollar, keçidlər ərazisi kimi plana alınmış bələdiyyə mülkiyyətinə aid olan 0,0187 ha (187,4 kv.m) torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin (Cavabdeh həmin ərazidən çıxarılsın) və Cavabdeh tərəfindən həmin torpaq sahəsinə qoyulmuş dəmir darvaza və inşa edilmiş sanitar qovşaq sökülməklə yol açılsın. Ekspertizasının keçirilməsi ilə əlaqədar olaraq, 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumlarının əvəzi 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar