Məhkəmə qərarları › İş №2(106)-390/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-390/2025

13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-390/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “yaşayış binasının saxlanması üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-390/2025 Açar sözlər: Çoxmənzilli yaşayış binasının saxlanması üzrə yaranmış kommunal borcun ödənilməsi tələbi X4 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “yaşayış binasının saxlanması üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(041)-1731/2024 saylı qətnaməsindən (hakim R.Mehdiyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı “yaşayış binasının saxlanması üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, yaşayış binasının saxlanması üçün yaranmış 1858.14 (bir min səkkiz yüz əlli səkkiz manat on dörd qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38.59 manatın Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2014-cü il tarixli 03/36 nömrəli müqaviləyə əsasən, İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, Qafqaz Universitetinin qərb hissəsində inşa etdiyi 3 saylı yaşayış binasının 7-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 83,71 kv.m olan 2 otaqlı 36 saylı mənzili Cavabdeh təhvil verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən binanın tikintisi 2016-cı ilin yanvar ayında tam başa çatdırılaraq, cavabdehə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış həmin müqavilənin 5.5-ci bəndinə əsasən, Cavabdeh binada istifadədə olan liftin, blokun təmizliyini, məişət tullantılarının daşınması, blokun işıqlandırılması, mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 0,30 manat olmaqla İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Nəzərə alsaq ki, cavabdehə təhvil verilmiş mənzilin ümumi sahəsi 83,71 kv.nı- dir, deməli cavabdeh qeyd edilən xidmətlərə görə İddiaçı MMC-yə hər ay 25,11 manat pul ödəməli idi. Cavabdehin bu günə olan ümumi borcu 1858,14 (bir min səkkiz yüz əlli səkkiz manat on dörd qəpik) manat təşkil edir. Cavabdehə dəfələrlə müraciət edilərək yaranmış borcunu ödəməsi tələb olunsa da, o, heç bir ödəniş etmək niyyətində olmadığını bildirir. Buna görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. İddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(041)-1731/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 25, 36 saylı mənzilin mülkiyyətçisi Cavabdeh 2016-2024-cü il tarixləri üçün yaşayış binasının saxlanılması xərclərinin əvəzi olaraq 1764.75 (min yeddi yüz altmış dörd manat yetmiş beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38 (otuz səkkiz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Kürdəmir Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli e-2(041)-1731/2024 saylı qətnaməsinin tam ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə komunal xərclərin nə üçün binanı tikən şirkət tərəfindən yığılmasının əsasın göstərməmişdir. İddiaçı ilə aralarında bağlanmış 12 may 2014-cü il tarixli 03/36 nömrəli müqavilənin 5.5-ci bəndinə istina etmişdir. Həmin bəndə əsasən “Payçı” tərəfindən istifada olunan liftin, blokun təmizliyini, məişət tullantılarının daşınması, blokun işıqlandırılması, mənzilin ümumi sahəsinin har kvadrat metri üçün 0,30 manat olmaqla hesablanır və “Cəmiyyətə”ə ödənilir. Belə ki, cavabdeh REAL-KO İNŞAAT” MMC ilə mənzilin alqı-satqısı haqqında müqavilə bağlayıb. İddiaçının əsaslandığı müqavilə alqı-satqı müqaviləsidi, xidmət müqaviləsi deyil. Həmin müqavilənin 5.5-ci bəndi yuxarıda qeyd edilən hüqqu normalarına zidd olduğu üçün tətbiq edilə bilməz və etibarsızdı. Cavabdehlə İddiaçı MMC arasında yazılı xidmət müqaviləsi yoxdu, binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmayıb, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi deyil və sahə mülkiyətçiləri ona idarəedici səlahiyyət verilməyib. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması bir vəziyyəti nəzərdə tutur ki, işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılır, həmin hallar işdə təsdid olunur, lakin məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlir, yəni məhkəmənin gəldiyi nəticə duzgün müəyyən etdiyi faktlardan, işin həqiqi hallarından irəli gəımir və ya həmin faktlara, işin həqiqi hallarına zidd olur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdeh təxminən 7 ilə yaxındır ki, inşa etdirdikləri binada mənzil almış və orada yaşayır. Cavabdehlə aralarında kommunal ödənişlərin ödənilməsi ilə bağlı aralarında razılaşma olsa da cavabdeh kommunal ödənişləri tam ödəmir. Son dövrlərdə isə ödəməkdən tamamilə imtina edir. Bundan əvvəl müvafiq ödənişlər etmişdir. Lakin hər il üzrə borcu qalmaqdadır. Həmçinin göstərmişdir ki, inşa etdirdikləri çoxmənzilli binaların tikintisi tam yekunlaşdırlmadığından həmin binalar üzrə binanın sahə mülkiyyətçiləri və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hələ yaradılmamışdır. Göstərmişdir ki, cavabdehlə aralarında olan mənzilin alqı-satqı müqaviləsinin 5.5-ci maddəsinə görə mənzillər tam tikilib yekunlaşana qədər cavabdehin istifadəsində olan mənzilin hər kv/metri üçün 30 qəpik kommunal ödəniş edilməsi razılaşdırılmışdır. Cavabdeh mənzildə yaşasa da binanın saxlanılması üçün ödənişlər etməkdən imtina etdiyi üçün məcbur olub məhkəməyə müraciət etmişlər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə o qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlili əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən **********08- 05303- 093036 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın surətinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74.6 m2 olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı MMC-nin mülkiyyətindədir və bu barədə xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 03-36 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 7 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 83.71 m2 təşkil edən 2 otaqlı 36 saylı mənzilin “Cəmiyyət” “Payçı”-ya verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən, “payçı” tərəfindən istifadə olunan liftin, blokun təmizliyini, məişət tullantılarının daşınması, blokun işıqlandırılması, mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 0,30 manat olmaqla hesablanır və “cəmiyyət”ə ödənilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 74.6 m2 olan mənzilin iş üzrə Cavabdeh satılması rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 64/01KM nömrəli İddiaçı MMC-nin direktoru tərəfindən imzalanmış məktubdan görünür ki, -2016-cı il üzrə 6 ay ödəniş edilməyib və borc: 78,43x0,30x6 = 141,17 manat -2017-ci il üzrə 6 ay ödəniş edilməyib və borc: 78,43x0,30x6 =141,17 manat -2019-ci il üzrə 7 ay ödəniş edilməyib və borc: 78,43x0,30x7 = 164,70 manat -2020-ci il üzrə 12 ay ödəniş edilməyib və borc: 78,43x0,30x12 = 282,36 manat -2021 -ci il üzrə 12 ay ödəniş edilməyib və borc: 78,43x0,30x12 = 282,36 manat -2022-ci il üzrə 12 ay ödəniş edilməyib və borc: 78,43x0,30x12 = 282,36 manat -2023-cü il üzrə 12 ay ödəniş edilməyib və borc: 78,43x0,30x12 = 282,36 manat -2024-cü il üzrə 8 ay ödəniş edilməyib və borc: 78,43x0,30x8 = 188,24 manat olmaqla cəmi: 78.43x0.3x75 = 1764.75 manat təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 25, 36 saylı mənzilin mülkiyyətçisi Cavabdeh 2016-2024-cü il tarixləri üçün yaşayış binasının saxlanılması xərclərinin əvəzi olaraq 1764.75 (min yeddi yüz altmış dörd manat yetmiş beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 38 (otuz səkkiz) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı qətnamə ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Lakin cavabdeh qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının əsaslandığı müqavilənin alqı-satqı müqaviləsdir, xidmət müqaviləsinin deyildir, cavabdeh həmin müqavilənin 5.5-ci bəndinin hüquq normalarına zidd olduğunu, binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmadığı, mənzil mülkiyyəçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi olmadığını və sahə mülkiyyətçilərinin ona idarəedici səlahiyyət vermədiyini göstərmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyiylə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarına əsasən, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli Qərarında vurğulanmışdır ki, çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. Apellyasiya baxışında sorğu ilə əldə edilərək işə əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli 70/01 nömrəli məktubunda qeyd edilmişdir ki, Yaşayış kompleksində tikinti işləri davam etdirildiyindən mülkiyyətçilərin müştərək cəmiyyəti hələ yaradılmamışdır. Sonuncu yaşayış binasının tikilib başa çatdırılması 2025-ci ildə nəzərdə tutulmuşdur. Kompleksin tikintisi başa çatdıqdan sonra mülkiyyətçilərin müştərək cəmiyyəti yaradılacaqdır. Göründüyü kimi kompleksin tikintisi tikilərək başa çatdırılmamış və buna görə də mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılmamışdır. Həmçinin iddiaçı ilə cavbdeh arasında xx.xx.2014-cü il tarixli, 03-36 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Qafqaz Universitetinin qərb hissəsində 3 saylı yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 7 mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 83.71 m2 təşkil edən 2 otaqlı 36 saylı mənzilin “Cəmiyyət” “Payçı”-ya verilməsini, “Payçı” isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.5-ci maddəsinə əsasən, “payçı” tərəfindən istifadə olunan liftin, blokun təmizliyini, məişət tullantılarının daşınması, blokun işıqlandırılması, mənzilin ümumi sahəsinin hər kvadrat metri üçün 0,30 manat olmaqla hesablanır və “cəmiyyət”ə ödənilməsi razılaşdırılmışdır. Cavabdehin çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(041)-1731/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti mübahisələndirilən hissədə 5000 manatdan azdır. Buna görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, e-2(041)-1731/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar