Məhkəmə qərarları › İş №2(106)-404/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-404/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-404/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı (MMC) nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən 16 aprel 2023-cü il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1458 manat gecikdirilmiş borcun, 116,2 manat cərimənin və ödənilmiş 36,15 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(036)-2239/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı cavabdehdən 16 aprel 2023-cü il il tarixli “Nisyə alğısatqı” müqaviləsinə əsasən 1458 manat gecikdirilmiş borcun, 116,2 manat cərimənin və ödənilmiş 36,15 manat məbləğdə dövlət rüsumunun iddiaçının xeyrinə tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 16 aprel 2023-cü il tarixdə “İktech” markalı Su təmizləyici sisteminə dair “Nisyə alğı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı ümumi dəyəri 1790 manat olan malı cavabdehə nisyə satmağı, sonuncu isə malı qəbul edib razılaşdırılmış formada ödəniş cədvəlinə uyğun onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəliklərini lazımınca icra etmir. Belə ki, müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və bu barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınır. Hazırda onun əsas borc üzrə 1458 manat, cərimə üzrə 116,2 manat məbləğdə öhdəliyi mövcuddur. İmişli Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(036)-2239/2024 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddianın qismən təmin edilməsi qərara alınmışdır. Qətnamə onunla əsaslandırılmışdır ki, alğı-satqı müqaviləsi alıcının və satıcının birbiri ilə üst-üstə düşən iradə ifadəsi əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifələr yaradır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş maliyyə arayışının və təhviltəslim aktının müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malı cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu da özlüyündə, iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə mal satılmaqla təhvil verilmiş, cavabdehin həmin malın dəyərindən 1458 manat məbləğində borcu qalmışdır. Beləliklə, müqavilə üzrə alıcı üzərinə düşən öhdəliyi icra etməmişdir. Cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 4.5-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən cavabdeh ödənişin gecikdirilməsinə görə dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməkdir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hesab etmişdir ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmaqla, 73 manat məbləğində cərimə pulu cavabdehdən tutulmalıdır. Habelə iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş 36,15 manat dövlət rüsumu məbləğindən iddiaçıya aid edilməli 1 manat məbləğ çıxılmaqla, qalan 35,15 manat məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv olunması və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, çəkişmə prinsipinin tələbləri pozularaq onun iştirakı olmadan məhkəmə baxışı keçirilmiş, iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılmamışdır. Habelə işin faktiki halları üzrə qeyd edilmişdir ki, ilk vaxtlardan su təmizləyici filtiri yaxşı işləmədiyinə görə İddiaçı MMC-nin əməkdaşları ilə telefon əlaqəsi saxlanılsa da, bu barədə zəruri tədbirlər görülməmişdir. Onun təkidindən sonra özlərini X3 və X4 olaraq təqdim etmiş şəxslər su sistemini sökərək aparmış və hazırkı vaxta kimi geri qaytarmamışlar. İddiaçı şirkət alğı-satqı müqaviləsinin şərtlərinə əsasən üzərinə düşən vəzifəni vaxtında və lazımi qaydada icra etməmiş və su təmizləyici sistemində yaranmış nasazlığı aradan qaldırmamışdır. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da, qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. İşdə olan: 16 aprel 2023-cü il tarixli Nisyə alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1790 manat dəyərində “İktech” markalı su təmizləyici sistem almış və aldığı əşyanın dəyərini 24 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə KG- BA10/2023, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1458 manat əsas borc, 116.2 manat cərimə üzrə borcu vardır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, İmişli rayon prokurorluğuna və polis şöbəsinə tərəfindən dəfələrlə müraciətlər olunmuşdur. Hətta həmin şəxslərin mobil telefon və avtomobil nömrələri, fotoşəkilləri və digər məlumatlar təqdim edilsə də, bu barədə polisdə hər hansı araşdırma aparılmamışdır. Özlərini Vahid və Şöhrət adı ilə təqdim etmiş həmin şəxslər su təmizləyici sistemi 18 sentyabr 2023-cü il tarixdə söküb aparmışlar. O, həmin aparat xarab olduğu üçün şirkətin qaynar xəttinə zəng vuraraq bu haqda məlumat vermişdir. Adıçəkilən, özünü X3 və X1 təqdim etmiş şəxslərin isə onun iddiaçıdan aldığı su təmizləyicini söküb aparması məhz şirkətdən verilmiş məlumat əsasında baş verə bilərdi. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək şikayəti qəbul etmədiklərini bildirdi. Nümayəndə izahatında həmçinin göstərdi ki, qaydaya əsasən müştəridən satılmış su təmizləyici sistem götürüləndə şirkətin əməkdaşı ona öz vizit kartını göstərir və yekunda təhvil-təslim aktı imzalanır. İddiaçıya özünü Vahid adı ilə təqdim edən şəxs əvvəllər İddiaçı MMC-də işləmiş, əsl adı isə Ayhandır. Onun atası İsmayılzadə Cavid isə hal-hazırda İddiaçı MMC-də çalışır. Həmin şəxsin kimliyini cavabdehin təqdim etdiyi fotoşəkil əsasında müəyyən etmişlər. Hazırda, habelə hadisə baş verən ərəfədə artıq həmin şəxslər iddiaçı şirkətdə işləmirdilər. Cavabdehdən aparatı alıb aparan şəxslər əvvəllər şirkətdə işləyərkən cavabdehi tanımışlar. Bu barədə İmişli rayon prokurorluğuna və polis şöbəsinə şirkət tərəfindən də müraciətlər olunmuşdur. Belə hallar Masallı və Füzuli rayonlarında da baş vermiş və bu barədə də aidiyyəti qurumlara müraciətlər edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə tərkibi Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin tam olaraq yoxlanılmasını zəruri hesab edir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, onun gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuş və mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərilənlərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, MPM-in 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə tərkibi cavabdehin məhkəmə iclaslarında şəxsən iştirakını təmin etməklə çəkişmə prinsipinin təmin edilməsi şəraitində, iş üzrə tam və hərtərəfli araşdırma aparmaqla hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilənlər heç bir mötəbər sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarətdir. Beləliklə, şikayətdə qeyd edilən su təmizləyici filtrin İddiaçı MMC-nin əməkdaşları olan X3 və X4 tərəfindən sökülərək aparılması və geri qaytarılmaması barədə məhkəməyə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Əksinə, hazırkı mülki işin müəyyən edilmiş hallarından da göründüyü olduğu kimi cavabdeh iddiaçıdan müqavilə əsasında əldə etdiyi su təmizləyici sistemi tanımadığı, hətta adlarını səhv deyərək özlərini X3 və X1 təqdim etmiş şəxslərə vermişdir. İddiaçının nümayəndəsi də həmin şəxslərin hadisənin baş verdiyi ərəfədə, habelə hazırda həqiqətən də iddiaçı şirkətdə işləmədiyini bildirmişdir. Bu baxımdan, iddiaçı hazırkı tələbində haqlıdır. Cavabdehin iddiaçıdan nisyə alğı-satqı əsasında aldığı əmlakı tanımadığı şəxslərə verməsinin məsuliyətini iddiaçı daşımamalıdır. Qeyd edilənlərə əsasən cavabdeh adıçəkilən müqavilə üzrə iddiaçı qarşısında mövcud öhdəliyini icra etməlidir. Eyni zamanda diqqətə çatdırılmalıdır ki, işdə olan İmişli RPŞ-nin 29 dekabr 2024-cü il tarixli Cinayət işinin başlanmasınını rədd edilməsi haqqında qərarından da yuxarıda adıçəkilən, özlərini X3 və X1 təqdim etmiş şəxslərin İddiaçı MMC-nin işçiləri olmadığı müəyyən edilir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, cavabdeh hazırkı hadisə üzrə cinayət təqibi qaydasında araşdırmanın davam etdirilməsini aidiyyəti qurumlardan tələb etmək, qəbul edilmiş qərarlardan isə yuxarı quruma yaxud səlahiyyətli məhkəməyə şikayət etmək hüququna malikdir. Bununla yanaşı, cavabdeh mülki icraat daxilində ondan mübahisəli əşyanı - su təmizləyici sistemi alıb aparan şəxslərdən əşyanın özünü yaxud özü olmadıqda onun dəyərini tələb etmək hüququna malikdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Habelə nəzərə alınmalıdır ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(036)-2239/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar