Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-405/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iş üzrə Astara Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(018)-551/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(018)-551/2023 saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiasının əsassız olmasına görə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aktın ləğv edilməsi və təyin olunmuş cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC-nin Satışa nəzarət idarəsi tərəfindən təsdiq olunmuş 16 fevral 2023-cü il tarixli 285036 nömrəli aktın etibarsız hesab edilməsi, həmin tarixdə qəbul edilmiş qərarın ləğv edilməsi, habelə həmin akta və qərara əsasən hesablanmış 740.74 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, özü Astara rayonu Maşxan kəndində yaşayır. Hər bir vətəndaş kimi o da, aylıq ödənişləri vaxtında ödəmək şərti ilə elektrik enerjisindən istifadə edir. Lakin 16 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin Astara elektrik stansiyasının xidmət sahəsinin əməkdaşları Astara rayonu Maşxan kəndində yerləşən fərdi yaşayış evinə aid işıq sayğacına baxış keçirmişlər. Halbuki, evdə heç kim olmadığı halda əməkdaşlar sayğacı açıb aparmışlar. Bu barədə akt da tərtib etmişlər. Sonradan ona məlum olmuşdur ki, onun iştirakı və məlumatı olmadan cavabdeh təşkilat tərəfindən 16 fevral 2023-cü il tarixdə 285036 nömrəli akt tərtib olunmuş və həmin aktda guya çıxarılan sayğaca onun tərəfindən müdaxilə olunması göstərilmişdir. O, sayğaca heç bir müdaxilə etməmiş və əsassız olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Astara elektrik stansiyası 16 fevral 2023-cü il tarixdə 285036 nömrəli akt tərtib olunmuş və həmin aktda kənar xəttin aşkar edilməsi göstərilmişdir. Bunun nəticəsində isə guya işıq sayğacına müdaxilə olunduğu üçün itirilmiş işığın bərpası məqsədilə iddiaçının barəsində 740,74 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmin akt cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur. Qeyd olunanlara əsasən bildirmişdir ki, işıq sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunubsa belə, onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Mübahisəli akt tərtib olunan zaman iştirakları təmin edilməmiş, yalnız cari ilin fevral ayında bundan xəbər tutaraq "xxxx" ASC-nin Astara elektrik stansiyasına gedərək aktı əldə etmişdir. Onun işıq sayğacına müdaxilə etməsi, təqsirli hərəkət və hərəkətsizliyin nəticəsində sayğaca müdaxilə edilməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəli akt tərtib olunan zaman onun iştirakı təmin edilməmiş, yalnız cari ilin fevral ayında bundan xəbər tutaraq "xxxx" ASC-nin Astara ES-yə gedərək aktı əldə etmişdir. Tərəfindən işıq sayğacına müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğaca müdaxilə edilməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanmışdır. Beləliklə, onun hüquqları cavabdeh təşkilat tərəfindən kobud şəkildə pozulmuşdur. Məhkəmə iş üzrə faktiki halları hərtərəfli araşdırmadan qətnamə qəbul etmişdir. Sayğaca birləşdirilən avtomat nasaz olduğu üçün evə gedən elektrik enerjisini bağlamaq mümkün olmamışdır. Lakin məhkəmə iş üzrə əhəmiyyətli hesab edilən bu halları araşdırmamışdır. İşıq sayğacına müdaxilə olunması barədə məlumatı olmamış və müdaxilə olunmuşsa da, onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmiş və cavabdeh təşkilat məhkəməyə heç bir mötəbət sübut təqdim edilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı həyat yoldaşıdır. Özü əvvəllər "xxxx" ASC-nin əməkdaşı olmuşdur. O, sayğacdankənar xəttin necə qoşulmasını yaxşı bilir, ancaq onun sayğacında kənar xətt mövcud olmamışdır. Videodiskdə əksini tapmış görüntülərdə işıq yanan ev və sayğac onlara məxsusdur. Evdə heç kim yaşamır. Akt onun iştirakı olmadan tərtib edilmişdir. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və Astara Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(018)-551/2023 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(018)-551/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1984-cü il tarixdə anadan olmuşdur və Astara rayonu Maşxan kəndində yaşayır. İşdə olan "xxxx" ASC-nin Astara Elektrik şəbəkəsinin rəisi tərəfindən təsdiq edilmiş və əməkdaşları tərəfindən imzalanmış 16 fevral 2023-cü il tarixli 285036 saylı aktdan görünür ki, sayğac sxemdən çıxarılaraq birbaşa, yəni sayğacdan kənar elektrik enerjisindən istifadə etməsi halı mövcuddur. İşdə olan 01 ədəd DVD diskə baxış keçirərkən də, sözügedən ünvanda sayğacdan kənar elektrik enerjisindən istifadə halının mövcud olması öz təsdiqini tapmışdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın qüvvədə olan (14 aprel 2022-ci il tarixli 155 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2022-ci il, № 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 4, maddə 402) ilə “Elektrik enerjisindən istifadə Qaydaları”na yeni məzmunda 8.17-1-ci və 8.17-2-ci bəndlər əlavə edilmişdir) 8.17 və 8.17-1-ci maddələrinin tələbinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır; İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 7.9-cü bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.33-cü bəndinə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Habelə həmin Qaydaların 8.17-2-ci maddəsinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal və əsassızdır. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, əksinə işdə olan sübutlarla iddianın təmini imkanı təkzib edilir. Belə ki, məhkəmə iclası zamanı DVD diskə baxış keçirilmiş, iddiaçının nümayəndəsi görüntülərdəki evin və sayğacın onlara məxsus olduğunu bildirmişdir. Həmin görüntülərdən də müəyyən edilir ki, sözügedən ünvanda sayğacdankənar xətt mövcuddur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə əsaslanır. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, qanuni və əsaslı nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Astara Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(018)-551/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli 2(018)-551/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-405/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-405/2024
27.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver