Məhkəmə qərarları › İş №2(106)-408/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-408/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-408/2023 06.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi Araz Alakhverdievin və Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(057)-2115/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: X4 istifadəsində olan “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2017-ci il tarixdə saat 02:50 radələrində Bakı şəhərinin R.Behbudov küçəsi ilə S.Əsgərova küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Kia Optima” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşlar. X1 dərəcəsi təyin edilməyən bədən xəsarəti dəymiş, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə və Azərbaycan Respublikası DİN BDYPİ “SİQNAL” İLİ idarəsinə məxsus olan işıqfora maddi ziyan vurulmuşdur. Hazırda iddiaçı baş vermiş yolnəqliyyat hadisəsi zamanı cavabdehin hadisə yerindən yayındığını qeyd edərək ondan sığorta ödənişi olaraq ödədiyi 5000 manat pulun tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı Salyan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3142 manat və Azərbaycan Respublikası DİN BDYPİ “SİQNAL” İLİ İdarəsinə məxsus olan işıqfora görə isə 1858 manat olmaqla cəmi 5000 manat pulun və ödənilmiş 70.40 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Kia Optima” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə 8800 manat və Azərbaycan Respublikası DİN BDYPİ “SİQNAL” İLİ idarəsinə məxsus olan işıqfora isə 5205 maddi ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3142 manat və Azərbaycan Respublikası DİN BDYPİ “SİQNAL” İLİ İdarəsinə məxsus olan işıqfora görə isə 1858 manat ödəniş həyata keçirmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edir ki, 5000 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Salyan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(057)-2115/2022 nömrəli qətnaməsi ilə (hakim Ağarza Səmədov) iddia təmin edilmiş, Cavabdeh “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3142 manat və Azərbaycan Respublikası DİN BDYPİ “SİQNAL” İLİ İdarəsinə məxsus olan işıqfora görə 1858 manat, ödənilmiş 70.40 manat dövlət rüsumunun tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin hesabına köçürülməsi qət edilmişdir. İş materialında olan xx.xx.2017-ci il tarixli 040714 nömrəli sığorta aktından görünür ki, sığortalanmış “Kia Optima” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillə yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə işıqfora zərər dəymiş, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş franşiza (azadolma məbləği) çıxılmaqla Azərbaycan Respublikası DİN BDYPİ “SİQNAL” İLİ İdarəsinə 1858 manat sığorta ödənişi verilmişdir. İş materialında olan xx.xx.2017-ci il tarixli 040716 nömrəli sığorta aktından görünür ki, sığortalanmış “Kia Optima” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobilə yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə X2 avtomobilinə zərər dəymiş, zərər məbləğindən sığorta müqaviləsində nəzərdə tutulmuş franşiza (azadolma məbləği) çıxılmaqla yolnəqliyyat hadisəsi nəticəsində X3 3142 manat sığorta ödənişi verilmişdir. İş materialında olan Bakı şəhəri Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Babək Mirzəyevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Cavabdeh inzibati qaydada təqsirli olması müəyyən edilmiş və cinayət işinin başlanması rədd edilmişdir. İş materialında olan Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin tərtib etdiyi xx.xx.2017-ci il tarixli, inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində avtoqəza hadisəsi baş vermiş, iddiaçı sığorta müqaviləsinə əsasən sığortalıya sığorta ödənişi ödəmişdir. Baş vermiş sığorta hadisəsi zamanı cavabdeh hadisə yerindən yayındığı üçün sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində hadisə yerindən yayınmadığını qeyd etmiş olsa belə özünün təhqiqat zaman vermiş olduğu izahatında hadisə yerindən yayındığını birbaşa qeyd etmişdir. Ona görə də onun bu barədə dedikləri əsassız olduğundan sübut kimi qəbul olunmamalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.2, 1108.1, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən onun hadisə yerindən yayınmasına əsaslanmışdır, o, hadisə yerindən yayınmamışdır. Əgər hadisə yerindən yayınsaydı, o zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərdi. 5 il əvvəl baş vermiş hadisə ilə bağlı məhkəmənin mülahizəsi absurd və əsasssızdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək Salyan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(057)-2115/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçıın nümayəndəsi Araz Allahkverdiyev apellyasiya şikayətini qəbul etməyərək Salyan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(057)-2115/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “İcbari sığorta haqqında”Azərbaycan Respublikasının Qanunu; Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; [68] 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; [69] 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. [70] 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Maddə 52-1. Avtonəqliyyat vasitəsinə dəyən zərərlərin tənzimlənməsi üzrə əlavə tələb 52-1.1. Aşağıdakı şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir: 52-1.1.1. zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydikdə; 52-1.1.2. yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə. 52-1.2. Zərərçəkənin bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada tələb irəli sürməsi onu zərərvurana qarşı zərərin sığorta məbləğindən artıq hissəsinin ödənilməsi tələbi ilə çıxış etmək hüququndan məhrum etmir. 52-1.3. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış sığortaçı tərəfindən ödənilməsi zamanı həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan sığortaçı arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. 63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir. 63.4. Zərərvuranın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə bu Qanunun 32.1.3-cü maddəsində nəzərdə tutulmuş kompensasiya ödənişinin həyata keçirilməsi zamanı subroqasiya hüququ yaranmır. 63.5. Bu Qanunun 52-1.1-ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Kia Optima” markalı, ** ZH *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış “Chevrolet Aveo” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə və Azərbaycan Respublikası DİN BDYPİ “SİQNAL” İLİ idarəsinə məxsus olan işıqfora maddi ziyan vurulmuşdur. Yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması cavabdehin təhqiqat zamanı verdiyi ifadəsi və Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin tərtib etdiyi xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında qərarı ilə sübuta yetirilmişdir. İddiaçı sığorta şirkəti baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərəri - 5000 manat məbləğində olmaqla zərərçəkmişlərə ödəmişdir. Hazırda iddiaçı sığorta şirkəti sığortalı cavabdehin hadisə yerindən yayınmasını qeyd edib “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsaslanaraq ödədiyi sığorta ödənişini ondan geri tələb edir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o, hadisə yerindən yayınmamışdır. Əgər hadisə yerindən yayınsaydı, o zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərdi. İş materialında olan Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin tərtib etdiyi xx.xx.2017-ci il tarixli, inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi; Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. İşdə olan cinayət işi başlanmasının rədd edilməsi haqqında Nəsimi RPİ-nin xx.xx.2017-ci il tarixli Qərardan görünür ki, cavabdeh izahatında göstərmişdir ki, hadisə ilə bağlı sığorta şirkətinə məlumat verərək hadisə yerinə dəvət etmiş, orada sığortanın nümayəndəsinin və polisin gəlməsini 1 saata yaxın gözləmiş,lakin sığortanın nümayəndəsi gəlmədiyindən sürücüyə öz nömrəsini verib özünü narahat hiss etdiyi üçün dostu Natiq adlı şəxslə əlaqə saxlayıb hadisə yerinə gləməsini xahiş edərək evə getmişdir. Həmin vaxt avtomobildə tək olmuş, avtomobili 50 km/saat sürətlə idarə etmiş, hadisədən əvvəl heç bir güclü təsiredici preparat və spirtli içki qəbul etməmiş, hadisə ani bir vaxtda yol kəsişməsində olduğu üçün hadisənin qarşısını almaq üçün macal tapmamışdır. Bakı şəhəri Nəsimi Rayon DYPŞ-nin tərtib etdiyi xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında qərardan və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin sadalanan maddələrindən göründüyü kimi, cavabdeh hadisə yerindən yayınmamışdır. Odur ki, məhkəmə kollegiyası, hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərtlər mövcud deyildir və iş materialında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi heç bir sübuta istinad etmədən, ehtimallarla əsaslanaraq cavabdehin hadisə yerindən yayınmasına dair səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(057)-2115/2022 nömrəli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilmədiyi halda, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar