Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-409/2024 15.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Açar sözlər: nisyə alqı-satqı Şirvan şəhəri, 15 fevral 2024-cü il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2(049)-3382/2023 saylı qətnaməsindən (hakim Anar Pənahov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı kiçik mübahisələr üzrə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********08634 “İPHONE 11” markalı telefon, “Apple” MARKALİ ADAPTER üçün 864,28 manat ödənilməmiş hissə, 86,72 manat cərimə, ümumilikdə 951 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən (nisyə) alqı-satqı qiyməti 2066,88 manat (18 ay X 180,16 manat + 120 manat ilkin ödəniş) İMEİ KODU **********08634 “İPHONE 11” markalı telefon, “Apple” MARKALİ ADAPTER üçün 864,28 manat borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 1202,6 manat olmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı tərəfdən cavabdehə dəfələrlə şifahi telefon danışığı vasitəsi və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsədə, cavabdeh müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırkı iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2(049)-3382/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********08634 “İPHONE 11” markalı telefon, “Apple” MARKALİ ADAPTER üçün 864,28 manat ödənilməmiş hissə, 86,72 manat cərimə, ümumilikdə 951 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, məhsulu təhvil alanla, yəni X2 ilə yenidən kredit müqaviləsi bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Birinci instansiya məhkəməsi məhsulun cavabdehə təqdim edilib-edilməməsini düzgün araşdırmamışdır. Kreditlə telefon alınmasında məcburi səbəblərdə onun razılığı olmuşdur. Lakin bu qərara ailəsinin və Cəlalə Kərəmovanın krediti ödəməsi şərti ilə razılıq vermişdir. Şəxsən ailə üzvlərindən hansısa biri müqavilənin onlarla bağlanmasına etiraz etməyəcəkdir. Nəzərə çatdırmaq istəyir ki, hər bir halda ödəmə onlar tərəfindən həyata keçirilir. ”ABC-Telekom” tərəfindən onu məhkəməyə vermələrinin adına haqsızlıq olduğunu və bu məsələdə zərərçəkən olduğunu düşünür. X5 ilə onun aylıq tələbə təqaüdü əsasında qalan borca görə öz adına hissə-hissə ödəmək şərti ilə yenidən kredit müqaviləsi bağlaya bilər. Düşünür ki, məhsulu işlətmədiyi halda belə bir məsuliyyətin üzərində olması heç bir halda düzgün deyildir. Lakin müqaviləmə xitam verilməsi ”ABC-Telekom” tərəfindən qəbul edilmir. Yuxarıda qeyd etdiyi telefon və adapter alınan gün ona təqdim olunan sənədlərə vəziyyətdən asılı olaraq imza atmışdır. Lakin həmin məhsullar onun adından Cəlalə Kərəmova tərəfindən alınmışdır, yəni həmin məhsullar Cəlalə Kərəmovaya təhvil verilmişdir. O, qeyd olunan məhsulların alınması prosessində iştirak etməmişdir. Burdan belə bir fakt meydana çıxır ki, situasiyadan xəbərdar olan və razılaşan ”ABC-Telekom”un Lənkəran şəhərində yerləşən satış mağazası kreditdən qalan borc məbləğinə görə müqaviləni dəyişib, qalan borca görə Cəlalə Kərəmova ilə yenidən kredit müqaviləsi bağlaya bilərdilər. Borcun onun tərəfindən verilməsinə görə ona qarşı iddia qaldırılması düzgün deyildir. Bununla yanaşı gecikdirməyə görə məbləğə əlavə olunan 1 faiz ödənilməsi barədə məlumat da fiziki olaraq ailəsi ilə bölüşülməmişdir. Ona görə ki, ödəniş kredit müqaviləsinin son tarixindən də əvvəl ödənildiyi təqdirdə müqavilədə nəzərdə tutulmuş məbləğdən az ödənilməməsi bildirilmişdir. Verilən məlumata görə tez ödəmə olunduğu halda yalnızca müqavilə üzrə ümumi məbləğ ödəniləcəkdir. Müqavilə onun adına olsa da kredit müqaviləsi ilə alınan məhsulların fiziki olaraq məhsulları təhvil alan şəxslər tərəfindən ödənilməsi üçün yenidən müqavilə bağlanmasına razılaşmadılar. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 394-1.4-cü maddəsinə əsasən iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. İddiaçı tərəfin apellyasiya şikayətinə qarşı etirazı və yaxud da hər hansı vəsatət məhkəməyə daxil olmamışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətində cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edilməklə qətnamə tam mübahisələndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2(049)-3382/2023 saylı qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki və hüquqi hallarına uyğun olduğundan qanuni və əsaslı, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış hesab edir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən (nisyə) alqısatqı qiyməti 2066,88 manat (18 ay X 180,16 manat + 120 manat ilkin ödəniş) İMEİ KODU **********08634 "İPHONE 11” markalı telefon, "Apple” MARKALİ ADAPTER üçün 864,28 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, müştəri Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən (nisyə) alqısatqı qiyməti 2066,88 manat (18 ay X 180,16 manat + 120 manat ilkin ödəniş) İMEİ KODU **********08634 "İPHONE 11” markalı telefon, "Apple” MARKALİ ADAPTER üçün 864,28 manat borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ 1202,6 manat olmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-cü il tarixli xəbərdarlıq məktubu ilə mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun İddiaçı MMC-yə ümumilikdə 951 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən kiçik mübahisələr üzrə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödənilmişdir. İddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə əsas borc məbləğini və cərimə məbləğini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, alqı-satqı predmeti olan mobil telefon və adapter ona yox, onun bacısına təhvil verilmişdir. Belə olan halda, o, yox bacısı məsuliyyət daşımalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş təhvil-təslim aktından da, görünür ki, cavabdeh əşyanı təhvil almış və təhvil-təslim aktını imzalamışdır. Onun həmin telefonu alıb, bacısına və yaxud da başqa şəxslərə verməsi onu İddiaçı MMC qarşısında məsuliyyətindən azad etmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən alqı-satqı müqaviləsi üzrə borclu öz borcunu müqavilə üzrə müəyyən olunmuş müddətdə ödənilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddia tələbində cavabdehdən cəmi 951 manat borc tələb etmişdir, iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi qanunvericiliyə əsasən nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, e-2(049)-3382/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-409/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-409/2024
15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver