Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-415/2023 01.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1467/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 subroqasiya qaydasında iddiaçının xeyrinə dəymiş ziyana görə 4170,41 manat sığorta ödənişinin, ödənilmiş 61,70 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus olan Cavabdeh1 tərəfindən idarə olunan **-BL-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21065” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JS-*** dövlət qeydiyyat nişanlı, “X8 XL” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik əsasında sığortalı avtonəqliyyat vasitəsininin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən, **-JS-*** dövlət qeydiyyat nişanlı, “X8 XL” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 7810,80 manat, təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 1405,94 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 9116,74 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortası olmadığı müəyyən olunmuşdur. Ödənilmiş məbləğdən 100 manat azadolma çıxılmış və həmçinin zərərvuran nəqliyyat vasitəsinin icbari sığortası olan "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüş 4946,33 manat çıxılmışdır. Qalıq məbləğ 4170,41 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində iddiaçının bank hesabına ödənilməsi cavabdehlərdən xahiş edilsə də, cavabdehlər həmin məbləği ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, iddiaçı tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 4170,41 manat məbləğində vəsait subroqasiya qaydasında Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1467/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia qismən təmin edilmiş, sığorta ödənişi kimi ödənilmiş 3658,23 manatın və dövlət rüsumuna görə ödənilmiş 61,70 manatın və bank xidmətinə görə 0,40 manatın Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iş üzrə ekspertiza xərci təşkil edən 100 manatın Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın Cavabdeh2 münasibətdə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 2(049)-1467/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qətnaməni qəbul etmir. Belə ki, onun adından "xxxx" ASC tərəfindən iddiaçının hesabına 4946,33 manat ödəniş edilmişdir. Vurulan ziyan düzgün qiymətləndirilməmişdir. O, avtomobilə 9116,74 manat ziyan vurmamışdır. O, məhkəmə ekspertizası tərəfindən müəyyən olunmuş 7292 manat məbləği, ümumilikdə 8604,56 manat məbləği tamamilə rədd edir. Bütün bunlar tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmə onun sübutlarına önəm verməmişdir. Vurulan ziyan tələb edilən məbləğ həddində deyil. Buna baxmayaraq, məhkəmə onun əhəmiyyət kəsb edən mövqeyini qiymətləndirməmişdir. Məhkəmə qətnamə qəbul edərkən onun borcu tamamilə ödəməsini nəzərə almamışdır. Belə ki, reallıqda onun heç bir borcu qalmamışdır. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, vurulmuş zərərin məbləği tələb olunan həddə deyil. Onun məsuliyyətini sığortalamış "xxxx" ASC də 5000 manat pul ödəmişdir. O, qəza törətdiyini, maşının zədələndiyini qəbul edir, törətdiyi inzibati xətaya görə cərimənin ödənildiyini bildirir və ziyan məbləğinin dəqiq hesablanmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən və mahiyyətindən görünür ki, o, qətnaməni iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası Cavabdeh1 dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)-1467/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilməlidir. İşdəki Mingəçevir şəhər Polis şöbəsinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, xx.xx.2020-ci il tarixində saat 13:30 radələrində Mingəçevir şəhəri, Ə.Vahid küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi (toqquşma) baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsir Cavabdeh2 məxsus olan və hadisə baş verdiyi anda Cavabdeh1 tərəfindən istifadə olunan “VAZ 21065” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsində olmuşdur. Hadisə nəticəsində zərər görmüş “X8 XL” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi isə "xxxx" QSC, hadisəsi zaman idarə edən sürücü isə X4 olmuşdur. İşdəki inzibati tənbeh vermə haqqında 24 aprel 2020-ci il tarixli, MN ******* seriya nömrəli qərarın surətindən görünür ki, Məmmədov X2 şəhəri, Ə.Vahid küçəsi ilə N.Nərimanov küçəsinin kəsişməsində idarə etdiyi avtomobillə yol nişanının tələbini pozmaqla, yol ayrıcı keçmə qaydasını pozaraq “Fiat Doblo” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və onun barəsində İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilmişdir. İşdəki AD 434385 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X8 XL” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" Qapalı Səhmdar Cəmiyyətidir. İşdəki "xxxx" QSC tərəfindən xx.xx.2019-cu il tarixində verilmiş etibarnamənin surətindən görünür ki, QSC-yə məxsus olan **-JS-*** dövlət nömrə nişanlı, “X8 XL” markalı yük avtomobilinin idarə olunması müəssisənin əməkdaşı, sürücülük vəsiqəsi AC 455401 seriya nömrəli olan X3 etibar edilmişdir. Etibarnamə xx.xx.2020-ci il tarixədək etibarlıdır. İşdəki AB 221294 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BL-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21065 minik” markalı nəqliyyat vasitəsinin sahibi Cavabdeh2dur. İşdəki 23 may 2009-cu il tarixli, ƏN-İİ 726558 seriya nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 tərəfindən “VAZ-21065 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq və digər hərəkətləri həyata keçirmək səlahiyyətləri 21 aprel 2023-cü ilədək Cavabdeh1 etibar edilmişdir. İşdəki AF 403449 seriya nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu ildən xx.xx.2029-cu ilədək sürücülük hüququ verilmişdir. İşdəki avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" QSC-yə məxsus “X8 XL” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də sığortalanmışdır. Şərtsiz azadolma məbləği 100 manat müəyyən edilmişdir. İşdəki "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli avtomobilin təmir aktından görünür ki, avtomobildə görülən işlər və istifadə olunan ehtiyat hissələrinə görə ümumi məbləğ 7810,80 manat, 18 faizlik ƏDV 1405,94 manat olmaqla, yekun məbləğ 9216,74 manat müəyyən edilmişdir. İşdəki "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixində baş vermiş sığorta hadisəsinə görə zərərin məbləği 9216,74 manat, sığorta ödənişi isə 9116,74 manat müəyyən edilmişdir. 9216,74 manat zərər məbləği avtomobilin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülür. Sığortalı "xxxx" QSC tərəfindən 100 manat azadolma ödəniləcək. İşdəki "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, 9216,74 manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İşdəki İcbari Sığorta Bürosundan çıxarışdan görünür ki, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə mülki məsuliyyətin icbari sığortası "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. İşdəki "xxxx" ASC-nin sığorta ödənişi ilə bağlı 24 avqust 2020-ci il tarixli, PGU- 201792 nömrəli aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli sığorta hadisəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 4946,33 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına köçürülməlidir. İş materiallarının 8-ci vərəqində olan çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixində 4946,33 manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüşdür. İşdəki "xxxx" ASC tərəfindən subroqasiya hüququ ilə əlaqədar Cavabdeh1 ünvanlanmış məktubdan görünür ki, sonuncunun mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmış, ödənilmiş 9116,74 manat məbləğində sığorta ödənişindən 4946,33 manat məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir. Bu əsas tutularaq, qalan 4170,41 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir. X7 Portalından ********* nömrəli, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, hazırkı iddia ərizəsinin verilməsinə görə "xxxx" ASC tərəfindən 61,70 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşdəki məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/6041 saylı, 24 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “X8 XL” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7292,0 manat müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, 24 aprel 2020-ci il tarixində Cavabdeh2 məxsus və etibarnamə əsasında Cavabdeh1 idarə etdiyi “VAZ 21065 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" QSC-yə məxsus və etibarnamə əsasında X1 idarə etdiyi “X8 XL” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşmuş, toqquşma Cavabdeh1 təqsiri ucbatından baş vermişdir. "xxxx" QSCyə məxsus “X8 XL” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də avtonəqliyyat vasitəsinin tam sığortası növü üzrə sığortalanmışdır. Cavabdeh1 mülki məsuliyyətinin icbari sığortası isə "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Baş vermiş hadisə nəticəsində "Autouniversal” MMC-nin təmir aktına əsasən avtomobildə görülən işlər və istifadə olunan ehtiyat hissələrinə görə ümumi məbləğ 7810,80 manat, 18 faizlik ƏDV 1405,94 manat olmaqla, yekun məbləğ 9216,74 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-yə 9216,74 manat məbləğində ödəniş həyata keçirilmişdir. 100 manat məbləğində azadolma məbləği sığortalı "xxxx" QSC tərəfindən "xxxx" ASC-yə ödəniləcəkdir. "xxxx" ASC "xxxx" ASC-nin hesabına 4946,33 məbləğində sığorta ödənişi köçürmüşdür. İddiaçı 9216,74 manatdan 100 manat azadolma məbləğini və 4946,33 manatı çıxaraq, dəymiş ziyan olaraq 4170,41 manat məbləğində pul vəsaitini subroqasiya qaydasında cavabdehlərdən tələb etmişdir. Birinci instansiya məhkəməsində aparılan icraat zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi alınmış, 9/6041 saylı, 24 oktyabr 2022-ci il tarixli ekspert rəyi ilə 2019-cu il buraxılışlı “X8 XL” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7292,0 manat olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi isə yekun ödənilməli məbləğlə bağlı nəticəyə gələrkən avtomobilin təmir-bərpa xərcinin 7292 manat, 18 faiz ƏDV üçün isə 1312,56 manat olmaqla, cəmi 8604,56 manat məbləğdən "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına köçürülmüş 4946,33 manatı çıxmaqla, ödənilməli olan sığorta ödənişinin məbləğini ümumilikdə 3658,23 manat müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin tələblərindən göründüyü kimi, "xxxx" ASC 9116,74 manat məbləğində sığorta ödənişi həyata keçirdiyinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı hüququ ona keçmiş, beləliklə, iddiaçının subroqasiya hüququ yaranmışdır. Lakin "xxxx" ASC tərəfindən 4946,33 manat məbləğində sığorta ödənişi "xxxx" ASC-nin hesabına köçürüldüyündən iddiaçı 4170,41 manat məbləğində dəymiş zərərin əvəzini cavabdehlərdən tələb etmişdir. Birinci instansiya məhkəməsi isə zərərvuran şəxs Cavabdeh1 olduğundan iddianı ona münasibətdə qismən təmin etmişdir. İlk öncə o qeyd edilməlidir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin zərərin məbləği ilə bağlı ekspert rəyinə istinad etməsini işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir. Həmçinin, iddia tələbi deliktdən yaranan öhdəliyə əsaslanır, işin müəyyən edilmiş mübahisəsiz halına görə də törədilmiş mülki hüquq pozuntusuna görə Cavabdeh1 iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Buna görə də onun iddiaçı qarşısında dəymiş zərərə görə məsuliyyət daşımalı olması barədə tətbiq edilən maddi hüquq normaları da işin hallarına uyğun olmuşdur. Zərərin məbləğinə gəldikdə isə işdən görünür ki, iddiaçı zərərin məbləği ilə bağlı "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli avtomobilin təmir aktına istinad etmiş, həmin aktda zərərin məbləği 7810,80 manat göstərilmişdir. Cavabdeh1 isə zərərin məbləği ilə razılaşmamışdır. Məhkəmə zərərin məbləği ilə bağlı mübahisəli halı yoxlamaq üçün ekspertiza təyin etmiş, ekspert rəyinə əsasən zərərin 7292 manat olmasını əsas götürmüşdür. Tərəflər isə həmin rəyi şübhə altına ala biləcək başqa rəy təqdim etməmişlər. Həmçinin, birinci instansiya məhkəməsi "xxxx" ASC tərəfindən vurulmuş ziyana görə iddiaçıya ödənilmiş 4946,33 manat sığorta ödənişinin 7292 manat məbləğində müəyyən edilmiş zərərdən çıxılmalı olması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Çünki zərərin 4946,33 manat hissəsi artıq Cavabdeh1 sığortaçısı tərəfindən iddiaçıya ödənilmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 7292 manat zərərin üzərinə 18 faiz ƏDV üçün 1312,56 manat gəlmişdir. Halbuki, iddia ərizəsində iddiaçının belə bir tələbi yoxdur, ekspert rəyində də zərər cəmi 7292 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zərərin məbləğinin müəyyənləşdirilməsində səhvə yol vermiş, eyni zamanda iddiaçının belə bir tələbi olmadığı halda ƏDV məbləğinin nəyə görə zərərə əlavə edilməsini də qətnamədə əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, ehtiyat hissələrinə görə əlavə 18 faiz ƏDV hesablanması barədə məhkəmənin gəldiyi nəticə ümumiyyətlə əsassız olmuşdur, çünki ekspert avtohissələrin qiymətini müəyyən edərkən bütün xərcləri nəzərə almış, son nəticədə bu məbləği 7292 manat müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsasən qanuni və əsaslı olsa da, məhkəmə tərəfindən sığorta ödənişi kimi ödənilmiş məbləğin müəyyənləşdirilməsində səhvə yol verilmişdir. Bu səbəbdən də, məhkəmənin qətnaməsi həmin hissədə dəyişdirilməlidir. Həmin məbləğ isə bu qaydada hesablanmalıdır: 7292 manat (ekspert rəyi ilə müəyyən edilmiş təmir-bərpa xərcləri) – 100 manat (azadolma məbləği) – 4946,33 manat ("xxxx" ASC tərəfindən iddiaçının hesabına köçürülmüş sığorta ödənişi) = 2245,67 manat. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi sığorta ödənişi kimi ödənilmiş 3658,23 manat hissəsində dəyişdirilməli, həmin hissədə məbləğ 2245,67 manat müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 107, 115.0.1 və 119.1-ci maddələrinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin Cavabdeh1 tutulmasına dair nəticəyə gəlməkdə haqlı olmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – sığorta ödənişi kimi ödənilmiş 3658,23 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilməli, sığorta ödənişi kimi ödənilmiş 2245,67 manat Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 382, 384.0.3, 385.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1467/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi qismən - sığorta ödənişi kimi ödənilmiş 3658,23 manat məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində dəyişdirilsin. Sığorta ödənişi kimi ödənilmiş 2245,67 manat Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-415/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-415/2023
01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver