Məhkəmə qərarları › İş №2(106)-418/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-418/2023

25.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-418/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, iddiaçı Babayev Əlif Şirzad oğlunun, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Babayeva Xalidə Həzrət qızının iştirakları ilə, İddiaçı Babayev Əlif Şirzad oğlunun Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan Astara rayonu Sığaloni kəndində 0.10 hektar torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 193.6 kvadrat metr olan fərdi yaşayış evindən 3000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)- 1244/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)-1244/2022 saylı qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia təmin edilərək Cavabdeh iddiaçı Babayev Əlif Şirzad oğlunun xüsusi mülkiyyətində olan Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən 196.3 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüququna 3000 manat kompensasiya verilməklə xitam verilməsi, Cavabdeh iddiaçı Babayev Əlif Şirzad oğlunun xüsusi mülkiyyətində olan Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən 196,3 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılması və iddiaçı Babayev Əlif Şirzad oğlu tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı Babayev Əlif Şirzad oğluna verilməsi qət edilmişdir. Cavabdeh Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)-1244/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və ağlabatan kompensasiyanın müəyyən edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Babayev Əlif Şirzad oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Babayeva Xalidə Həzrət qızı ilə 1974-cü il tarixdə ailə qurmuşlar. Birgə nikahdan beş uşaqları anadan olmuşdur. Uşaqlardan 14 aprel 1976-cı il təvəllüdlü Babayev Fariz Əlif hərbi xidmətdə olarkən xəstələnmiş və 19 yanvar 1998-ci il tarixdə ölmüşdür. Oğlu Şahin Babayev Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranı olduğunu bildirmişdir. Digər uşaqları yetkinlik yaşına çatmışlar, özlərinə ailə həyatı qurmaqla ondan ayrı yaşayırlar. O, Cavabdeha bir valideyn kimi 2013-cü il tarixdə toy edib sonuncunu evləndirmişdir. Evləndikdən sonra cavabdeh arvadı ilə on iki gün onun mülkiyyətində olan evdə yaşamış, sonradan isə Baki şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində 0,25 hektar torpaq sahəsində dörd otaqlı ev tikmiş və ailəsi ilə həmin evə köçmüşdür. Cavabdehin öz evinin olmasına baxmayaraq, sonuncu dörd ilə yaxın müddətdə onun mülkiyyətində olan fərdi yaşayış evində yaşadığını, ona bir valideyn kimi hörmət saxlamadığını bildirmişdir. Bununla əlaqədar cavabdehlə bir evdə yaşamaq mümkün olmamışdır. Belə ki, cavabdeh dəfələrlə ona qarşı fiziki şiddət göstərməyə cəhd etmişdir. Onların bir yerdə yaşamaları gələcəkdə cinayət hadisəsinə səbəb olacaqdır. Astara rayonu Vaqo kəndi ərazisində fərdi yaşayış evin aylıq mənzil kirayə haqqı 40 manatdək məbləğində təşkil edir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Babayev Əlif Şirzad oğlu atasıdır. O, Astara rayonunun Sığaloni kəndində 0,10 ha torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 196,3 kv.m olan evdə doğulmuş və orada yaşamışdır. 2013-cü ildə ailə qurmuş və həyat yoldaşı həmin evə gəlin köçmüşdür. Sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində 0,25 ha torpaq sahəsində 4 otaqlı ev tikib ora köçmüşlər. Lakin həmin torpaq sahəsi və üstündə tikilən ev ailə daxili ziddiyyətlər üzündən onun istifadəsindən çıxmış və nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaq ananın yanında saxlanılmışdır. O, valideynlərinə qarşı həmişə mehriban olmuş və onlara xidmət göstərmişdir. Ailə həyatı dağıldıqdan sonra evsiz qalmış və başqa yaşayış evi yoxdur. Məcburiyyət üzündən atasının mülkiyyətində olan evdə yaşayır. Mülkiyyətçi olmasına baxmayaraq, iddiaçı Babayev Əlif Şirzad oğlu xasiyyət və davranış baxımından kobud adamdır. O, anası Babayeva Xalidə Həsrət qızını, onu və digər bacı və qardaşlarını, habelə onların uşaqlarını incidir və onlara nalayiq sözlər deyir. Birgə yaşayış qaydalarını mütamadi olaraq pozur. İddiaçı Babayev Əlif Şirzad oğlunun mülkiyyətçi kimi əmlaka sahiblik, istifadə və sərəncam hüququna tərəflərindən heç bir maneə yoxdur. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən tərəflərin qarşılıqlı münasibətlərinin nəzərə alınmaması, cavabdehin ailə üzvü olması kompensasiyanın hazırkı bazar qiyməti ilə uyğunlaşdrılmasının təmin edilməsinə görə qətnamə ləğv edilməli və ağlabatan kompensasiya müəyyən edilməlidir. Cavabdeh məhkəmədə izahatında bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Habelə, o, izahatında xüsusi olaraq göstərmişdir ki, Astara rayonunun Sığaloni kəndində atasına və anasına məxsus 0,10 ha torpaq sahəsində yerləşən evdə doğulmuş və uzun müddət orada yaşamışdır. O, valideynlərinə qarşı həmişə mehriban olmuşdur. Ailə həyatı dağıldıqdan sonra evsiz qalmış və hazırda başqa yaşayış evi yoxdur. Mübahisəli fərdi yaşayış evi anası Babayeva Xalidə Həsrət qızının da mülkiyyətindədir. Belə ki, həmin evi onlar birlikdə tikmişlər. Buna görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. İddiaçı Babayev Əlif Şirzad oğlu məhkəmədə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. O, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)-1244/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Babayeva Xalidə Həzrət qızı məhkəmədə Cavabdeh verdiyi izahata uyuğn izhat vermiş əlavə olaraq diqqətə çatdırmışdır ki, Babayev Əlif Şirzad oğlu ilə 22 aprel 1974-cü il tarixdə aralarında nikah bağlanmış və mübahisəli Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi onların birgə nikahı dövründə - 1985-ci ildə tikilmişdir. Özü hazırkı iddianın təmin edilməsinə razı deyildir. Çünki Cavabdeh onların övladıdır və başqa yaşayış yeri yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)-1244/2022 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Babayev Əlif Şirzad oğlu 04 fevral 1952-ci il tarixdə Astara rayonu Hamuşam kəndində anadan olmaqla, Astara rayonu Vaqo kəndində yaşayır və aşağıdakı ailə tərkibi vardır: Arvadı Babayeva Xalidə Həzrət qızı və Cavabdeh. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsi üzərində yerləşən 196,3 kvadrat metr ümumi sahəsi olan, fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,10 hektar həyətyanı torpaq sahəsi Babayev Əlif Şirzad oğlunun payı tam olmaqla, onun xüsusi mülkiyyətindədir. İşdə olan Astara RİHB Siyakü KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Astara rayonu Vaqo kəndi ərazisində fərdi evin kirayə haqqı 40 manat təşkil edir. İşdə olan mütəxəssis rəyindən görünür ki, Astara rayonu Siyakü nümayəndəliyinin Vaqo kəndi ərazisində yaşamaq üçün hər bir şəraiti olan bir otaqlı evin tikilməsi üçün 2500-3000 manat pul vəsaiti lazımdır. İşdə olan ödəniş qəbzindən görünür ki, iddiaçı Babayev Əlif Şirzad oğlu məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmət olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi yekun qənaətə gələrkən iş üzrə əhəmiyyət kəsb edən bütün sübutları əldə edərək araşdırmamış və bunlara lazımi hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Astara rayon qeydiyyat şöbəsinin arayışından görünür ki, Babayev Əlif Şirzad oğlu və Babayeva Xalidə Həzrət qızı arasında bağlanmış nikah 22 aprel 1974-cü il tarixdə 02 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Astara RİH Astara rayon İcra Hakimiyyəti Astara rayon Dövlət Arxivindən verilmiş arayışdan müəyyən edilir ki, 0,10 ha həyətyanı torpaq sahəsi Astara rayon Siyakü kənd Fioletov adına sovxozu üzrə 11 iyul 1980-ci il tarixli 308 nömrəli əmri ilə Babayev Əlifin hesabına verilmişdir. Habelə, Astara RİHB-nin Siyakü KİƏD üzrə nümayəndəliyinin Təsərrüfat başına kitabdan 22 yanvar 2018-ci il tarixli çıxarışdan görünür ki, mübahisə predmeti olan Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi 1985-ci ildə tikilmişdir. Göründüyü kimi, iddiaçı Babayev Əlif Şirzad oğlunun Cavabdeh 3000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş etdiyi mübahisəli fərdi yaşayış evi Babayev Əlif Şirzad oğlu və Babayeva Xalidə Həzrət qızının birgə nikahı dövründə tikilmiş və onun yerləşdiyi torpaq sahəsi sonuncuların birgə nikahı dövründə əldə edilmişdir. Ancaq məhkəmə həmin mübahisəli fərdi yaşayış evinin hüquqi statusunu ümumiyyətlə müəyyən etməmiş, onun hansı dövrdə tikildiyini və yerləşdiyi torpaq sahəsinin alınması vaxtını nəzərə almamışdır. Bundan başqa, qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş Arxiv arayışından aşkar olur ki, mübahisəli fərdi yaşayış evi 1985-ci ildə tikilmiş və iddiaçının ailə üzvü olan oğlu Cavabdeh da orada qeydiyyatdadır. Beləliklə də, məhkəmə birgə nikah dövründə tikilmiş ümumi mülkiyyətdə olan evə dair sərəncamçılığın qanunla müəyyən edilmiş qaydasının müəyyən edilməsinin hazırkı iş üçün hansı əhəmiyyət kəsb etməsinə diqqət yetirməmişdir. Beləcə, ədalətli məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Babayev Əlif Şirzad oğlu və Babayeva Xalidə Həzrət qızının birgə nikahı dövründə əldə edilmiş toraq sahəsində tikilmiş və onların ümumi mülkiyyətində olan fərdi yaşayış evi üzrə hüquqları qarşılıqlı razılaşma əsasında həyata keçirilməli olmasına rəğmən, Babayev Əlif Şirzad oğlu Babayeva Xalidə Həzrət qızının razılığı olmadan oğlanları olan Cavabdeh Astara rayonu Sığaloni kəndində 0,10 hektar torpaq sahəsində yerləşən 196.3 kvadratmetr ümumi sahədən ibarət fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməklə, çıxarılması barədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd olunanları qanununverciliyin imperativ tələbləri baxımından hərtərəfli araşdıraraq hesab edir ki, hazırkı iddianıən təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. MM-in 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. MM-in 222.1 və 222.2-ci maddələrinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından aşkar görünür ki, mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Kollegiya diqqətə çatdırır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri). Bununla yanaşı, qeyd edilməlidir ki, mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsi də vacibdir. Belə ki, mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları müxtəlif hüquqi qüvvəli qanunvericilik aktlarında təsbit edilmişdir. Konstitusiyanın 13-cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Habelə, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)-1244/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı Babayev Əlif Şirzad oğlunun Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan Astara rayonu Sığaloni kəndində 0.10 hektar torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 193.6 kvadrat metr olan fərdi yaşayış evindən 3000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(018)-1244/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Babayev Əlif Şirzad oğlunun Cavabdeh qarşı Babayev Əlif Şirzad oğlunun mülkiyyətində olan Astara rayonu Sığaloni kəndində 0.10 hektar torpaq sahəsində yerləşən ümumi yaşayış sahəsi 193.6 kvadrat metr olan fərdi yaşayış evindən 3000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar