Məhkəmə qərarları › İş №2(106)-42/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-42/2025

18.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-42/2025 18.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əliyev Qasım Vəli oğlu və X2 ibarət məhkəmə tərkibində, Savalanlı Aysel Əbdül qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “su arxının açılması və cavabdehlərin qanunazidd hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(036)-629/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar, İddiaçı2 və qeyriləri cavabdehlər, Cavabdeh1 və qeyrilərinə qarşı su yolunun açılması və qanuazidd hərəkətlərə son qoyulması tələbi barədə iddia qaldıraraq onlara məxsus olan A 386298, A 350424, A 096912, JN 0128, JN 0127, JN 0126 və JN 0132 saylı planda yeri təyin olunan İmişli rayonu Muradallı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı sahələrini Araz çayından qidalanan “Orta Muğan” əsas suvarma kanalından çəkilmiş arxla birləşdirən su yolunun İmişli rayonu Nurulu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçən hissədə açılması və cavabdehlər, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 suyun verilməsinə maneçilik törədən qanunazidd hərəkətlərinə son qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, İmişli rayonunun Muradallı kəndində yerləşən fərdi yaşayış evində yaşayır və torpaq islahatı nəticəsində ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş A 386298 saylı planda yeri təyin olunan İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən 1,275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişdirdiyi məhsullardan əldə etdiyi qazancla dolanır. Ona məxsus olan həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 məxsus olan A 350424 saylı planda yeri yeri təyin olunan 0,085 ha və A 096912 saylı planda yeri yeri təyin olunan 0,25456 ha, İddiaçı5 məxsus olan JN 0128 saylı planda yeri yeri təyin olunan 1,96 ha, İddiaçı6 məxsus olan JN 0127 saylı planda yeri yeri təyin olunan 1,71 ha, İddiaçı3 məxsus olan JN 0126 saylı planda yeri yeri təyin olunan 2,90 və İddiaçı1 məxsus olan JN 0132 saylı planda yeri təyin edilmiş 1,26 ha torpaq sahələri ilə eyni massivdə yerləşir və 2022-ci ilədək Araz çayından qidalanan “Qızıl” beton suvarma kanalından çəkilmiş arx vasitəsilə suvarılmışdır. 2022-ci ildə “Qızıl” beton suvarma kanalının suyu quruduqdan sonra massivdə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin yeganə suvarılma mənbəyi Araz çayından qidalanan “Orta Muğan” suvarma kanalı olsa da, həmin kanaldan çəkilmiş arxa birləşən su yolu İmişli rayonu Nurulu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçən hissədə İmişli rayonu Nurulu kənd sakinləri, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən bağlanmışdır. Bu səbəbdən süni suvarılma aparılmadığından mövsüm dövründə massivdə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində becərilən bütün məhsullar susuzluqdan tamamilə məhv olmuş və ərazi şoranlaşmaya məruz qalmışdır. Ona görə də A 386298, A 350424, A 096912, JN 0128, JN 0127, JN 0126 və JN 0132 saylı planda yeri təyin olunan İmişli rayonu Muradallı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı sahələrini Araz çayından qidalanan “Orta Muğan” əsas suvarma kanalından çəkilmiş arxla birləşdirən su yolunun İmişli rayonu Nurulu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçən hissədə açılması və suyun verilməsinə maneçilik törədən qanunazidd hərəkətlərə son qoyulması haqqında iddia qaldırılmışdır. İddiaçılar, İddiaçı3, İddiaçı1, İddiaçı5 və İddiaçı6 İddiaçı2 izahatında qeyd olunan xüsusatları eyni ilə təsdiq edərək iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İmişli rayonu Nurulu kəndində yaşayır və torpaq islahatı nəticəsində ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişdirdiyi məhsullardan əldə etdiyi qazancla dolanır. İmişli rayonu Nurulu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələri Araz çayından qidalanan “Orta Muğan” əsas suvarma kanalı ilə suvarılır. İmişli rayonu Muradallı kəndində yerləşən A 386298, A 350424, A 096912, JN 0128, JN 0127, JN 0126 və JN 0132 saylı planda yeri təyin olunan kənd təsərrüfatı təyinatlı sahələri indiyədək Araz çayından qidalanan “Orta Muğan” əsas suvarma kanalının suyu ilə deyil, Araz çayından qidalanan digər istiqamətdə axan “Qızıl” beton suvarma kanalının suyu ilə suvarılmışdır. İmişli rayonu Nurulu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə Araz çayından qidalanan “Orta Muğan” əsas suvarma kanalından su yolunun açılması qanunsuzdur və ərazidə yerləşən torpağın həddindən artıq nəmləndirilməsinə gətirib çıxartdığından əkin üçün zərərlidir. Ona görə də iddia tələbi əsassız hesab edilməlidir. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İmişli rayonu Nurulu kəndində yaşayır və torpaq islahatı nəticəsində ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yetişdirdiyi məhsullardan əldə etdiyi qazancla dolanır. İmişli rayonu Muradallı kəndində yerləşən A 386298, A 350424, A 096912, JN 0128, JN 0127, JN 0126 və JN 0132 saylı planda yeri təyin olunan kənd təsərrüfatı təyinatlı sahələri indiyədək Araz çayından qidalanan “Orta Muğan” əsas suvarma kanalının suyu ilə deyil, Araz çayından qidalanan digər istiqamətdə axan “Qızıl” beton suvarma kanalının suyu ilə suvarılmışdır. “Qızıl” beton suvarma kanalında suyun səviyyəsi aşağı düşdüyündən hazırda ancaq İddiaçı1 və İddiaçı2 məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi suvarılmır. Ona görə də iddia tələbi əsassız hesab edilməlidir. Cavabdehlər, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. İşdə olan JN 0126 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən planda yeri təyin edilmiş İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən 2,90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İmişli AİK-nin xx.xx.2002-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı3 səkkiz nəfərdən ibarət ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN 0127 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən planda yeri təyin edilmiş İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İmişli AİK-nin xx.xx.2002-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı6 altı nəfərdən ibarət ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN 0128 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən planda yeri təyin edilmiş İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən 1,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İmişli AİK-nin xx.xx.2002-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı5 dörd nəfərdən ibarət ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. İşdə olan JN 0132 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən planda yeri təyin edilmiş İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən 1,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İmişli AİK-nin xx.xx.2002-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı1 səkkiz nəfərdən ibarət ailə üzvlərinin ümumi mülkiyyətinə verilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A 386298 saylı planda yeri təyin edilmiş İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən1,275 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********29) İddiaçı2 beş nəfərdən ibarət ailə üzvlərinin ümumi mülkiyyətindədir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A 350424 saylı planda yeri təyin edilmiş İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən 0,085 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********27) X1 mülkiyyətindədir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən A 096912 saylı planda yeri təyin edilmiş İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən 0,25456 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (reyestr nömrəsi: **********26) X1 mülkiyyətindədir. İşdə olan İmişli SSİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 31 saylı məlumata əsasən İmişli rayonu Muradallı kəndində yerləşən əkin sahələrini suvarma suyu ilə təmin edən suvarma kanalı doldurulmuşdur. Həmin məlumata əlavə edilmiş İmişli SSİ və İmişli rayonu Muradallı bələdiyyəsi tərəfindən təsdiq edilmiş Akta əsasən İmişli rayonu Muradallı kənd sakinlərinin onlara məxsus olan əkin sahələrini suvarma suyu ilə təmin edən 4 MK-0 kanalının doldurulması ilə əlaqədar müraciəti yerində yoxlanılarkən həqiqətən də ərazini suvarma suyu ilə təmin edən kanalın doldurulduğu aşkar edilmişdir. İşdə olan İmişli rayonu Muradallı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 62 saylı arayışda göstərilmişdir ki, ərazidə yerləşən pay torpaqları 2002-ci ildə keçirilən təkrar islahat zamanı Nurulu kəndi ərazisindən Muradallı kəndinə ayrılmış torpaq sahəsindən verilmişdir. Həmin torpaqlar kolxoz dövründə Nurulu kəndi ərazisindən suvarılmışdır. Əraziyə SSİ mütəxəssisləri tərəfindən baxış keçirilmiş və ərazidə yerləşən torpaq sahələrinə suyun Nurulu kəndi ərazisindən verilməsi məqsədəuyğun hesab edilmişdir. Ərazidə suvarma SSİ-nin balansında olan Latok kanalla aparılmışdır. Məhkəmə tərəfindən yerində müayinə aparılarkən müəyyən edilmişdir ki, İmişli rayonu Muradallı kəndində yerləşən A 386298, A 350424, A 096912, JN 0128, JN 0127, JN 0126 və JN 0132 saylı planda yeri təyin olunan kənd təsərrüfatı təyinatlı sahələri yanbayan olmaqla İmişli rayonu Muradallı kəndində yerləşən kənd təsərüfatı təyinatlı torpaq sahələrindən aşağıda yerləşir. Belə ki, Araz çayından qidalanan “Orta Muğan” əsas suvarma kanalından çəkilmiş arxa birləşən su yolu axıntı istiqamətində İmişli rayonu Nurulu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçərək İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən həmin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinədək uzanır və Muradallı kəndinin sərhəddində bağlandığı üçün A 386298 saylı planda yeri təyin olunan kənd təsərrüfatı təyinatlı sahəsində kəsilərək A 386298, A 350424, A 096912, JN 0128, JN 0127, JN 0126 və JN 0132 saylı planda yeri təyin olunan kənd təsərrüfatı təyinatlı sahələrinə gəlib çatmır; A 386298, A 350424, A 096912, JN 0128, JN 0127, JN 0126 və JN 0132 saylı planda yeri təyin olunan kənd təsərrüfatı təyinatlı sahələrinə becərilən məhsullar suvarılmadığından tamamilə məhv olmuş, həmsərhəd yerləşən İmişli rayonu Nurulu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində beçərilən taxıl, pambıq və yonca məhsulu isə lazımı qaydada yetişmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat: İmişli Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(036)-629/2023 saylı qətnaməsi ilə (Hakim: Ülvi Qənbərov) iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayəti verərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil. İddiaçıların ərizəsi əsassızdır. Belə ki, iddiaçıların torpaqları indiyədək Araz çayından qidalanan Qızıl beton suvarma kanalının suyundan istifadə etməklə suvarılmışdır. Bunu onlar öz izahatlarında da bildirmişlər. Həmçinin qeyd edir ki, iddiaçıların dediyi kimi, onlara su əgər tələb etdikləri kimi, Orta Muğan suvarma kanalının suyu ilə verilərsə, 50 nəfər ailənin təxminən 100 ha yaxın əkin sahəsi su altında qalacaq. Belə ki, iddiaçıların torpaqları hündür yerdə yerləşdiyindən ora su axması üçün onların torpaqları su altında qalmalıdır.Məhkəmə indiyədək iddiaçıların torpaqlarının haradan suvarılması məsələsinə aydınlıq gətirmədən qanunsuz qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 08 iyun 2023cü il tarixli, 2(036)-629/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçılar və Cavabdeh1 hüquqi varislərinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri həddində, İmişli Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(036)-629/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayətində iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(036)-629/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” Cavabdeh2 apellyasiya şikayətində göstərmişdir ki, iddiaçıların torpaqları indiyədək Araz çayından qidalanan Qızıl beton suvarma kanalının suyundan istifadə etməklə suvarılmışdır. Bunu onlar öz izahatlarında da bildirmişlər. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: İşdə olan İmişli rayonu Muradallı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 62 saylı arayışda göstərilmişdir ki, ərazidə yerləşən pay torpaqları 2002-ci ildə keçirilən təkrar islahat zamanı Nurulu kəndi ərazisindən Muradallı kəndinə ayrılmış torpaq sahəsindən verilmişdir. Həmin torpaqlar kolxoz dövründə Nurulu kəndi ərazisindən suvarılmışdır. Əraziyə SSİ mütəxəssisləri tərəfindən baxış keçirilmiş və ərazidə yerləşən torpaq sahələrinə suyun Nurulu kəndi ərazisindən verilməsi məqsədəuyğun hesab edilmişdir. Ərazidə suvarma SSİ-nin balansında olan Latok kanalla aparılmışdır. Yerində müayinə aparılarkən müəyyən edilmişdir ki, İmişli rayonu Muradallı kəndində yerləşən A 386298, A 350424, A 096912, JN 0128, JN 0127, JN 0126 və JN 0132 saylı planda yeri təyin olunan kənd təsərrüfatı təyinatlı sahələri yanbayan olmaqla İmişli rayonu Muradallı kəndində yerləşən kənd təsərüfatı təyinatlı torpaq sahələrindən aşağıda yerləşir. Belə ki, Araz çayından qidalanan “Orta Muğan” əsas suvarma kanalından çəkilmiş arxa birləşən su yolu axıntı istiqamətində İmişli rayonu Nurulu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən keçərək İmişli rayonu Muradallı kəndi ərazisində yerləşən həmin kənd təsərrüfatı təyinatlı torpaq sahələrinədək uzanır və Muradallı kəndinin sərhəddində bağlandığı üçün A 386298 saylı planda yeri təyin olunan kənd təsərrüfatı təyinatlı sahəsində kəsilərək A 386298, A 350424, A 096912, JN 0128, JN 0127, JN 0126 və JN 0132 saylı planda yeri təyin olunan kənd təsərrüfatı təyinatlı sahələrinə gəlib çatmır; A 386298, A 350424, A 096912, JN 0128, JN 0127, JN 0126 və JN 0132 saylı planda yeri təyin olunan kənd təsərrüfatı təyinatlı sahələrinə becərilən məhsullar suvarılmadığından tamamilə məhv olmuş, həmsərhəd yerləşən İmişli rayonu Nurulu kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində beçərilən taxıl, pambıq və yonca məhsulu isə lazımı qaydada yetişmişdir. Apellyasiya icraatı zamanı alınmış Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASCnin X4 İdarəsinin 14 mart 2024-cü il tarixli, 66 saylı mütəxəssis rəyindən görünür ki, "Qərardad”da göstərilən kanalın adı 3 MK-1-dir. (07 fevral 2023-cü il tarixli aktda səhvən adı 4 MK-0 göstərilib) 2000-ci ilə qədər Vətən kolxozunun balansında olan 3 MK-1 LR-80 nov kanalı xx.xx.2000-ci il tarixdə uzunluğu 2170 metr olmaqla idarənin balansına qəbul edilmişdir. Uzun müddət istismar olunduğundan beton novlar əsasən yararsız vəziyyətə düşmüş, bu səbəbdən həmin kanala paralel torpaq kanal çəkilərək ətraf ərazidəki əkin sahələri su ilə təmin olunmuşdur. İdarənin balansında olan 3 MK-1 kanalının son hissələri hal-hazırda istismar üçün tam yararsız olduğundan, kanalın sağ və sol hissələrində yerləşən əkin sahələri, torpaq sahibləri tərəfindən kanal qazanla çəkilmiş torpaq məcralı kanal vasitəsi ilə suvarılır. İdarənin balansında olan 3 MK-1 kanalın cavabdehlər tərəfindən doldurulnası və yaxud yararsız hala salınmasının müəyyən olunması mümkün olmamışdır. MK-1 kanalının son hissəsi tam yararsız olduğundan hal-hazırda həmin kanalla suvarma suyu vermək mümkün deyildir və əgər yenidən torpaq kanal çəkilib su verilərsə su sızma ehtimalı mümkündür. İddiaçıların əkin sahələri 3 MK-1 kanalının qolu olan idarənin balansında olmayan (3MK-1 dən 1570 metrdə ayrılan) sahə kanalı ilə su vermək mümkündür. Bu şərtlə ki, 80 metr əkin altına salınmış və 240 metr əkin boyunca yerləşən kanal yenidən bərpa olunsun. Əlavə olaraq bildirik ki, "Bazı arxı" adlanan kanal vasitəsi ilə hal-hazırda suvarma suyu verilir. Lakin idiaçıların əkin sahələri Bazı arxının sonunda yerləşdiyindən suvarma suyunun təminatında ciddi çətinliklər mövcuddur. Göründüyü kimi, iddiaçılar öz torpaq sahələrini əvvəllər “Qızıl” beton suvarma kanalından çəkilmiş arx vasitəsilə suvarsalar da, 2022-ci ildə “Qızıl” beton suvarma kanalının suyu quruduqdan sonra torpaq sahələrini yeganə suvarılma mənbəyi olan Araz çayından qidalanan “Orta Muğan” suvarma kanalı ilə suvarmaq məcburiyyətindədirlər. Həmin kanaldan çəkilmiş arxa birləşən su yolu isə cavabdehlər tərəfindən bağlandıqdan iddiaçıların tələbi əsaslıdır. Apellyasiya şikayətinin digər dəlilinə, yəni əkin sahəsinin su altında qala biləcəyi barədə dəlilə münasibətdə kollegiya qeyd edir ki, bu dəlil ehtimal olmaqla mötəbər sübutlarla təsdiqlənmir. Eyni zamanda, bu hal iddiaçıların hüquqlarının məhdudlaşdırılması üçün əsas hesab edilə bilməz. İddiaçılar isə su kanalından cavabdehlərə ziyan vurmayacaq şəkildə istifadə etməlidirlər. Ziyan vurulacağı təqdirdə vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabehlərin ayrıca iddia qaldırmaq hüququ istisna olunmur və cavabdehlər istənilən vaxt bu hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 2(036)-629/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar