Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-424/2024 08.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əbilov Əbil Mahmud oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15 mart 2023-cü il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)2782/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 08 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Masallı rayon regional “ASAN Xidmət” notariat ofisində 15 mart 2023-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış Daşınmaz əmlakın alğı-satqı müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, iddia tələbini dəyişdiyini, alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 2008-ci ildə rəsmi nikaha daxil olmuşlar. Ər-arvad kimi yaşadıqları dövrdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar 0.0096 ha torpaq sahəsi əldə etmişlər. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyətləri hesab edilir. Cavabdehlə ər-arvad münasibətləri xx.xx.2020-ci ilə Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 ümumi mülkiyyətdə olan torpaq sahəsini onun xəbəri və razılığı olmadan X1. Həmin torpaq sahəsinin satışından əldə etdiyi məbləğdən ona düşən payı verməmişdir. Həmçinin həmin torpağın satılmasına əvvəlcə razılıq vermək fikri olmamışdır. Ona görə də Cavabdeh1 ümumi mülkiyyətdə olan torpaq sahəsinin satılmasından sonrakı vaxtlarda xəbərdar olmuşdur. Birgə mülkiyyətiləri olan 0.0096 ha torpaq sahəsini Cavabdeh2 xx.xx.2023-cü ildə Masallı rayon “Asan Xidmət” mərkəzində alqısatqı müqaviləsinə əsasən satmış və əldə etdiyi pulu tam şəkildə özünə götürmüşdür. Ümumi birgə əmlakları bir tərəfli qaydada notariat orqanı tərəfindən razılığı alınmadan ondan gizlin satıldığından və bundan yaxın vaxtlarda xəbərdar olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda izahat verərək bildirmişlər ki, İddiaçı və Cavabdeh1 arasında olan nikah pozulmuş, iddiaçı uşaqları ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsi birgə nikah dövründə əldə edilmişdir. Torpaq sahəsini satmaq üçün, Cavabdeh1 Gülşadın adına ev almaq üçün ondan etibarnamə istəmiş, ümumi etibarnamə əvvəlcə qohumları X3 verilmiş, sonuncu da ona verilmiş səlahiyyətləri digər qohum olan şəxs X6 ötürmüşdür. Bundan sonra Cavabdeh1 özü şəxsən, İddiaçı adından isə Ülviyyə Talıbova alğısatqı müqaviləsini imzalamışdır və torpaq sahəsi Cavabdeh2 satılmışdır. İddiaçının məlumatı olduqdan sonra etibarnamə ləğv edilmiş, tərəflər arasında mübahisə yaranmışdır. Həmin müqavilənin bağlanmasına Gülşad Muxtarovun faktiki olaraq razılığı olmamışdır, o, aldadılmışdır, odur ki, göstərilən əsaslara görə iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddianı qəbul edir. 0,0096 ha torpaq sahəsi Gülşadla birgə nikahları dövründə ümumi qazancları hesabına alınmış və 2013-cü ildə bu barədə çıxarış əldə olunmuşdur. Onun həmin torpaq sahəsini satmaqda məqsədi Bakı şəhərində ev almaq olmuşdur, lakin torpaq sahəsini satılmasından İddiaçı məlumatı olmamışdır. Torpaq sahəsini satarkən ev almaq üçün etibarnamə lazım olmasını bildirmiş, İddiaçı da ona inanaraq etibarnamə vermişdir. Cavabdeh2 onun qardaşı Elburus Muxtarovun arvadıdır. O, əslində bütün sövdələşməni qardaşı ilə etmiş, torpaq sahəsi kommersiya təyinatlı torpaq sahəsi olduğuna görə onunla satış qiymətini 60000 manata razılaşmışlar. Vergidən yayınmaq üçün alğı-satqı müqaviləsində torpağın qiyməti 2000 manat qeyd olunmuşdur. Razılaşmalarına görə qardaşı torpağın pulunu sonradan verməli idi və o, həmin pula uşaqlarına ev alacaqdı. Lakin Elburus sonradan pulu verməmişdir. Ona görə də, o, da alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 və nümayəndəsi Nümayəndə ayrı-ayrılıqda izahat verərək bildirmişlər ki, 0,0096 ha torpaq sahəsinin alğı-satqı müqaviləsi qanunidir, müqavilənin bağlanmasından İddiaçı məlumatlı olmuş, özü Bakı şəhərində yaşadığı üçün etibarnamə vermişdir ki, alğı-satqı müqaviləsini onun adından nümayəndə imza etsin. Hesab edirlər ki, iddia əsassızdır və rədd olunması xahiş oluur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Masallı rayon regional “ASAN Xidmət” notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli şəxs məhkəmə iclasına gəlməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)2782/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Habil Bəhmənov), iddianın rədd edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 15 mart 2023-cü il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi tələbi üzrə iddiasının təmin olunmaması qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 223.1, 225.1, 225.6, 337 və 339-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Masallı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(050)-2782/2023 saylı qətnaməsini ləğv edib iş üzrə daha dolğun, tam, hərtərəfli və düzgün araşdırma aparılaraq iddia tələbimin təmin olunması barədə iş üzrə yeni yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 vəkili və nümayəndəsi Ağayev X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2782/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı və cavabdehlər tərəfindən apelyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, apelyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2782/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı, Cavabdeh2 məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə İddiaçı və Cavabdeh2 iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)2782/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 324.5-ci maddəsinə əsasə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli qərarı). Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tələbin sübut olunmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı və Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı və cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinin xx.xx.2013-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin plan və ölçüsünə dair sənəddən görünür ki, **********29 reyestr nömrəli Masallı rayonu, Mollaoba kəndində yerləşən torpaq sahəsinin hüquq sahibi Cavabdeh1dur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsi Cavabdeh1 adına xx.xx.2013-cü il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. İş materiallarında olan Masallı rayon regional “ASAN Xidmət” notariat ofisində Cavabdeh1satıcı ilə Cavabdeh2-alıcı arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı mülkiyyətində olan Masallı rayonu, Mollaoba kəndində yerləşən, ümumi sahəsi 0,0096 ha olan torpaq sahəsini 2000 (iki min) manat qiymətə alıcı Cavabdeh2 satmışdır. Müqaviləni həmçinin İddiaçı əvəzinə nümayəndəsi X10 imza etmişdir. İş materiallarında olan Reyestrdə 8İ-4785 № ilə qeyd edilmiş xx.xx.2013-cü il tarixli Masallı rayon regional “ASAN Xidmət” notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş İddiaçı əvəzinə X4 ərizəsindən görünür ki, birgə nikah dövründə əldə etdiyi əri Cavabdeh1 məxsus olan Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsinin satılmasına razıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsi Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixdə tərtib edilmiş Torpaq sahəsinin plan və ölçüsünə dair sənəddən görünür ki. **********29 reyestr nömrəli Masallı rayonu, Mollaoba kəndində yerləşən torpaq sahəsinin hüquq sahibi Cavabdeh2 qızdır. Masallı regional “ASAN Xidmət” notariat ofisində xx.xx.2023-cü il tarixdə, AR-İİ seriyalı, 891800 nömrəli Etibarnamənin surətindən görünür ki, “Etibar Edən” İddiaçı tərəfindən verilən səlahiyyətlər arasında orqanlara ərizə ilə müraciət etmək, imzalamaq, əmlakı üzərində sərəncam vermək, satmaq və s hüquqlar qeyd edilmişdir. Etibarnamə üzrə X7 “səlahiyyətləri ötürmüş” şəxs, X10 “Etibar edilən”dir. Etibarnamə 8il 5 ay 1 gün müddətinə verilmişdir və xx.xx.2031-ci il saat 23:59-dək qüvvədədir. Masallı regional “ASAN Xidmət” notariat ofisinin xx.xx.2023-cü il tarixli, 1221 №-li məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli X3 və X9 vermiş olduğu etibarnamə xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 373872 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı nikahı Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Kollegiya ilk əvvəl İddiaçı apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 223.1-ci maddələrinə görə birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Mülki Məcəllənin 225.1. və 225.6.-cı maddələrinin tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). İşin mübahisəsiz halı ondan ibarətdir ki, Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsi İddiaçı ilə Cavabdeh1 birgə nikahları dövründə ümumi ailə qazancı hesabına alınmış, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh1 arasındakı nikah münasibətlərinə məhkəmə qətnaməsi əsasında xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İddiaçı iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, Cavabdeh1 ilə 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur. Ər-arvad kimi yaşadıqları dövrdə sahibkarlıq fəaliyyəti ilə əlaqədar 0.0096 ha torpaq sahəsi əldə etmişlər. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyətləri hesab edilir. Cavabdehlə ər-arvad münasibətləri xx.xx.2020-ci ilə Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 ümumi mülkiyyətdə olan torpaq sahəsini onun xəbəri və razılığı olmadan X1. Həmin torpaq sahəsinin satışından əldə etdiyi məbləğdən ona düşən payı verməmişdir. Həmçinin həmin torpağın satılmasına əvvəlcə razılıq vermək fikri olmamışdır. Ona görə də Cavabdeh1 ümumi mülkiyyətdə olan torpaq sahəsinin satılmasından sonrakı vaxtlarda xəbərdar olmuşdur. Birgə mülkiyyətiləri olan 0.0096 ha torpaq sahəsini Cavabdeh2 xx.xx.2023-cü ildə Masallı rayon “Asan Xidmət” mərkəzində alqısatqı müqaviləsinə əsasən satmış və əldə etdiyi pulu tam şəkildə özünə götürmüşdür. Ümumi birgə əmlakları bir tərəfli qaydada notariat orqanı tərəfindən razılığı alınmadan ondan gizlin satıldığından və bundan yaxın vaxtlarda xəbərdar olduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göründüyü kimi, İddiaçı alğı-satqı müqaviləsinin etibarsızlığı qanuni əsaslara istinad edir. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu 02 aprel 2021-ci il tarixli Qərarında vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. “Notariat haqqında” Azərbaycan Respublikası qanunun 35-ci maddəsinə əsasən notariuslar və notariat hərəkətləri aparan digər vəzifəli şəxslər hər bir halda müvafiq notariat hərəkətləri apararkən bunun üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin səlahiyyətini müəyyən etməlidirlər; Əqdlər təsdiq edilərkən və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan hallarda bəzi başqa notariat hərəkətləri aparılarkən əqdlərin iştirakçılarının və notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş digər şəxslərin imzalarının həqiqiliyi yoxlanılmalıdır; Əqdlər təsdiq edilərkən əqdlərdə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılmalıdır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılmalıdır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılmalıdır; Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər əqd, ərizə və ya başqa sənəd göstərilən vəzifəli şəxslərin iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir. İş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı tərəfindən X6 etibarnamə verilmiş, həmin etibarnamə üzrə ona məxsus əmlakların idarə edilməsi, onlara dair sərəncam verilməsi, əmlakın satılması, adından dövlət orqanlarına ərizə verilməsi və s. hüquqlar üzrə səlahiyyətlər verilmişdir. Qeyd edilən etibarnamə üzrə etibar edilən şəxs X10 xx.xx.2023-cü il tarixdə İddiaçı adından Masallı rayonu, Mollaoba kəndində yerləşən 0,0096 ha torpaq sahəsinin satılmasına razılıq verməsi barədə notarial qaydada tərtib edilmiş ərizəni öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, Masallı regional “ASAN Xidmət” mərkəzində notariat ofisində AN-İ seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, təmsilçi kimi Ülviyyə Talıbova səlahiyyətləri aşmamış, bu səbəbdən qeyd edilən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Əqdin etibarlılığını isə şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 364.2-ci maddəsinə əsasən səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Kollegiya Cavabdeh1 apelyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh1 iddia münasibətindən və verdiyi izahatdan müəyyən edilir ki, o, iddianı qəbul edir. 0,0096 ha torpaq sahəsi Gülşadla birgə nikahları dövründə ümumi qazancları hesabına alınmış və 2013-cü ildə bu barədə çıxarış əldə olunmuşdur. Onun həmin torpaq sahəsini satmaqda məqsədi Bakı şəhərində ev almaq olmuşdur, lakin torpaq sahəsini satılmasından İddiaçı məlumatı olmamışdır. Torpaq sahəsini satarkən ev almaq üçün etibarnamə lazım olmasını bildirmiş, İddiaçı da ona inanaraq etibarnamə vermişdir. Cavabdeh2 onun qardaşı Elburus Muxtarovun arvadıdır. O, əslində bütün sövdələşməni qardaşı ilə etmiş, torpaq sahəsi kommersiya təyinatlı torpaq sahəsi olduğuna görə onunla satış qiymətini 60000 manata razılaşmışlar. Vergidən yayınmaq üçün alğı-satqı müqaviləsində torpağın qiyməti 2000 manat qeyd olunmuşdur. Razılaşmalarına görə qardaşı torpağın pulunu sonradan verməli idi və o, həmin pula uşaqlarına ev alacaqdı. Lakin Elburus sonradan pulu verməmişdir. Ona görə də, o, da alğı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, qüvvədə olan MPM-nin tələblərinə əsasən aşağı instansiya məhkəməsinin qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Cavabdeh1 apelyasiya şikayətinin dəlillərindən və apelyasiya məhkəmə baxışı zamanı çıxışlarından müəyyən edilmişdir ki, o, birgə nigah dövründə əldə etdiyi 0,0096 ha torpaq sahəsini qardaşının arvadı Cavabdeh2 satmış və satış qiymətini 60000 manata razılaşmışlar. Alğı-satqı müqaviləsində isə torpağın qiyməti 2000 manat göstərilmişdir. Bu günə kimi ona 2000 manat pul ödənilmiş, 63000 manat ödənilməmişdir. Aldadıldığını hesab edir, ona görə də alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Kollegiya ilk əvvəl qeyd edir ki, MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. İş materiallarından görünür ki, iddia tələbi İddiaçı tərəfindən irəli sürülmüş, iddia tələbinin mahiyyəti məhz elə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə yönəlmişdir. Belə olan halda kollegiya hesab edir ki, hər nə qədər Cavabdeh1 tərəfindən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia qaldırılmamışdır, məhkəmə cavabdehin apelyasiya şikayətinin dəlillərinə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə hüquqi qiymət verə bilməz. Bundan başqa Cavabdeh1 apellyasiya icraatı zamanı qardaşı və onun arvadı tərəfindən aldadıldığı ona razılaşmaya əsasən ödənilməli olan 63000 manatın ödənilməsini tələb edir. Göründüyü kimi Cavabdeh1 qardaşı tərəfindən aldadılaraq mənzilin alğı-satqısı ilə bağlı ödənilməli olan pulun ödənilməsini mübahisələndirmir. Kollegiya bunu cavabdehin işin həlli üçün əhəməiyyət kəsb etməyən hüquqi baxışları kimi qəbul edir. Çünki cavabdeh birinci instansiya məhkəməsində araşdırma aparılarkən, məhkəmədə bu barədə iddia qaldırmaması onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə münasibətinin heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Cavabdehin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddianı qəbul etməsini bildirməsi və buna səbəb kimi qardaşı və onun arvadı tərəfindən aldadıldığı ona razılaşmaya əsasən ödənilməli olan 63000 manatın ödənilməməsini göstərməsi iddia tələbinin təmin olunmasının qanuni əsası kimi qəbul edilə və işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması kimi qiymətləndirilə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № 25657/94, §282). Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı bir əsas, əsaslı şübhə yaratmayan mötəbər sübutla təsdiq edilmədiyindən və müəyyən edilmədiyindən, iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni məhkəmə kollegiyası qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). İddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli və əsassız hesab edilməklə gəlinən nəticənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli Masallı Rayon Məhkəməsinin 2(050)2782/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)2782/2023 saylı, 25 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-424/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-424/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver