Məhkəmə qərarları › İş №2(106)-445/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-445/2023

02.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-445/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X11 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X13 oğlunun katibliyii ilə, İddiaçı X3 cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinə qarşı hesablanmış ziyanın azaldılması tələbinə dair mülki iş Masallı Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(050)-3090/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X6 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X9 İdarəsi tərəfindən tərtib edilmiş 31 may 2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış ziyanın azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu Hişkədərə kəndində özünə məxsus fərdi yaşayış evi təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuşdur. Tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişlər etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh Lənkəran X9 İdarəsinin əməkdaşları fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinə və sayğaca baxış keçirmişlər. Sayğacdan kənar qaz xətti aşkar olunmuş, bu barədə 31 may 2022-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. Həmin akt əsasında 8640 kub.metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan müəyyən edilməklə onun tərəfindən ödənilməsi tələb olunmuşdur. Onun həyətindən keçən qeyri-qanuni qaz xəttinə görə ziyan yazılmış, lakin ziyan düzgün hesablanmamışdır. Odur ki, 31 may 2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış ziyanın azaldılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ziyan düzgün hesablanmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(050)-3090/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Lənkəran X9 İdarəsi tərəfindən X3 adına 31 may 2022-ci il tarixli, ******* saylı akt və 31 may 2022-ci il tarixli qərar əsasında itirilmiş qazın bərpasına görə hesablanmış qaz sərfiyyatının həcmi azaldılaraq 1440 kub.metr müəyyən edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh İB-in nümayəndəsi X1 apellyasiya şikayəti verərək ləğv olunmasını, iddia tələblərinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə maddi ziyan vurulmuş və dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan **********02220 abonent koduna hesablanmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə bir nüsxəsini isə işə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin, mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmalıdır. Bildirmişdir ki, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehǝ dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin 1-ci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. 1-ci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair SALDO-da yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər SALDO-ya nəzər salsaq görərik ki, əvvəlki illərin konkret ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı çox azdır. Abonentin bir ayda 1 və ya 2 kub.metr qaz istehlak etməsi "ağlabatan" deyil. Abonent alternativ enerji mənbəyindən istifadə etməsi barədə heç bir subut təqdim etməmiş, eləcə də, məhkəmə butun bunları tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Göründüyü kimi 1-ci instansiya məhkəməsi abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənib-fərqlənməməsiə dair məlumatları araşdrmamış və digər sübutlarla birlikdə qiymətləndirməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı nümayəndəsi vasitəsi ilə təmsil olunmamış, cavabdeh isə hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən, əsaslılığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan 31 may 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə əsası ilə ziyan tələb olunur. Aktın doğruluğunu imzalarla təsdiq edilən hissədə X3 adının qarşısında imza etməkdən imtina etməsi qeyd edilmişdir. İş materiallarında olan 31 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, 31 may 2022-ci il tarixli ******* saylı akt əsasən 8640 kub metr itirilmiş qazın bərpasına görə dəymiş ziyan məbləği müəyyən edilməklə X6 tərəfindən ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan iddiaçıya aid abonent saldosundan məlum olur ki, onun istehlak etdiyi qaz sərfiyyatına görə hər ay sərfiyyata müvafiq ödənilməli olan məbləğlər göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcı qanunusuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırır. Azərbaycan Respublikası DNŞ Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq olunmuş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması halları zamanı qanunusuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir: - Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda; - Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda; - Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Azərbaycan Respublikası DNŞ Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarının 1 saylı əlavəsinə əsasən müxtəlif diametrli qaz kəmərlərində qaz sərfinin hesablanması cədvəlinə əsasən 16 mm-lik borunun en kəsiyindən minimal təzyiq həddində keçən qazın maksimal saatlıq sərfi 4 m3/saat üçün orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş ziyanın həcminin hesablanması Azərbaycan Respublikası DNŞ Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli Qərarının 1 saylı əlavəsinə əsasən aprılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2(050)-3090/2022 saylı qətnaməsi Cavabdeh İB-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar