Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-455/2024 08.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-2432/2022 saylı qərardadından X6 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 nömrəli qərarı ilə 0,09 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN-285B, KOD 80510018 saylı şəhadətnamənin onunla X5 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, islahat zamanı 0,09 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmiş və həmin torpaqla bağlı Torpağın mülkiyyətə verilməsinə dair JN-285B, KOD 80510018 saylı şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə ərizəçinin və atasının ata adı səhv yazılmışdır. Belə ki, adı “Cahid” olduğu halda şəhadətnamədə “Cavid” kimi, atasının ata adı isə “Dumu” olduğu halda şəhadətnamədə “Lumu” kimi qeyd edilmişdir. Bu fakt şəxsiyyəti təsdiq edən sənədlərdə, həmçinin doğum aktının qeydiyyatı və nikahın qeydiyyatı ilə bağlı arayışlarda da əks olunmuşdur. Onun adının və atasının ata adının düzgün qeyd edilməməsi payçı olduqları həmin torpaq sahəsi üzərində sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneəçilik törədir. X12 vəfat etdiyinə görə onun ata adının düzgün yazılmaması barədə özünün müraciəti mümkün deyil. Torpağın mülkiyyətə verilməsinə dair JN-285B, KOD 80510018 saylı şəhadətnamədə ərizəçinin də adı qeyd edildiyindən mülkiyyət hüququna dair qeyd olunan sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi zəruridir. Qanunvericiliyin tələbinə əsasən yuxarıda qeyd olunan Torpağın mülkiyyətə verilməsinə dair JN-285B, KOD 80510018 saylı şəhadətnamədə yol verilmiş uyğunsuzluğun başqa qaydada bərpa edilməsi mümkün olmadığından və Masallı rayonunda qeydiyyatda olduğundan hazırkı ərizəyə Masallı Rayon Məhkəməsində baxılaraq həll olunmalıdır. Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(050)-2432/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarı əsasında 0,09 hektar torpaq sahəsinin verilməsi barədə JN-285B nömrəli, KOD 80510018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi və X5 məxsus olması faktı müəyyən edilmişdir. Qətnamədən narazı qalan X6 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(050)-2432/2022 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Çinarə Əliyeva apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sözügedən qətnamə onun və övladlarının hüquqlarını kobud şəkildə pozur. Belə ki, qətnamədə məhkəmə Masallı rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-285B nömrəli, kod 80510018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan səhvləri (yanlışlıqları) aradan qaldırmalı olduğu halda həmin şəhadətnamənin Ərizəçi və X5 məxsus olması faktını müəyyən etmişdir. Bunun müqabilində də Əmlak Məsələləri Dövlət Xidməti həmin qətnaməni əsas götürərək dövlət reyestrindən Çıxarışı JN-285B nömrəli, kod 80510018 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə adları qeyd edilmiş 5 şəxsin deyil, məhkəmə qətnaməsində adları qeyd olunan və qətnamədə şəhadətnamənin onlara məxsus olmasının göstərildiyi Ərizəçi və X3 adına verir. Belə olan halda isə onun və övladlarının vərəsəlik vüquqları pozulur. Çünki həmin şəhadətnamədə onun mərhum ərinin və onun mərhum atasının adları da vardır ki, onlardan qalmış mirasa Çinarə Əliyeva və övladları vərəsədirlər. Məhkəmə qəbul etdiyi qətnamənin başqa şəxslərin hüquqlarına və ya maraqlarına toxunub-toxunmaması hallarını araşdırmamışdır. Həmçinin, məhkəmə qəbul etmiş olduğu qətnamənin hansı hüquqi nəticələr doğurduğunu bilməli olduğu halda bilməmiş və ya bilə-bilə belə bir qətnamə qəbul etmişdir. Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-2432/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Habil Bəhmənov) Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(050)-2432/2022 saylı qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən hallarla mülki iş materialları qarşılıqlı təhlil edilmiş və müəyyən edilmişdir ki, həmin iş üzrə Ərizəçi JN-285B nömrəli, KOD 80510018 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adının səhvən “Cavid” kimi, mərhum atası X3 ata adının isə səhvən “Lumu” kimi qeyd edilməsi səbəbi ilə həmin sənədin ona və mərhum atasına məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Həmin hüquq müəyyənedici halın müəyyən edilməsi isə X2 və ya ailə üzvlərinin heç bir hüquq və maraqlarına toxunmur. Ona görə də apellyasiya şikayəti geri qaytarılmalıdır. Qərardadda Mülki Prosessual Məcəllənin 357.1-ci, 357.2-ci, 363.1.1-ci, 364.1-ci və 364.2-ci maddələrinə istinad olunmuşdur. Həmin qərardaddan narazı qalan X6 şikayət vermiş, şikayətində Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-2432/2022 saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilərək Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardadda apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin hansı maddəsinə əsaslanaraq geri qaytarılması əsaslandırılmamışdır. Masallı Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli, 2(050)-2432/2022 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-2432/2022 saylı qərardadından X6 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-2432/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdəki JN-285B nömrəli, KOD 80510018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 nömrəli qərarı ilə Masallı rayonu, İ Yeddioymaq kəndində 0,09 ha torpaq sahəsi X4 və onun ailə üzvləri X7, X8, X9 və X1 mülkiyyətinə verilmişdir. İşdəki Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN-285B və 285A nömrəli şəhadətnamədə düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(050)- 2432/2022 saylı qətnaməsindən X6 tərəfindən verilmiş apellyasiya şikayətini qətnamənin onun hüquq və vəzifələrinə toxunmaması səbəbindən geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, ərizəçinin ərizəsinin mahiyyətindən də görünür ki, onun hazırda hüquqi marağı Torpağın mülkiyyətə verilməsinə dair JN-285B, KOD 80510018 saylı şəhadətnamədə özünün adında, atasının isə ata adında yanlışlıq olması səbəbindən həmin sənədin özünə və atasına məxsus olması faktını təsdiq etdirməkdən ibarətdir. Bu isə həmin şəhadətnamə üzrə müəyyən edilmiş digər mülkiyyətçilərin hüquqlarına hər hansı təsir göstərmir, sadəcə olaraq həmin sənədin də digər mülkiyyətçilərlə yanaşı, ərizəçiyə və atasına məxsus olmasını təsdiq edir. Əks halda, məhkəmənin qətnaməsi sözügedən şəhadətnamənin dəyişdirilməsinə bərabər olardı ki, hazırda da bu cür hal müəyyən edilmir. X6 şikayətində hazırda mübahisələndirmək istədiyi qətnaməyə əsasən daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən çıxarışın şəhadətnamədə göstərilən 5 şəxsin deyil, qətnamədə göstərilən 2 şəxsin adına veriləcəyini qeyd etmiş olsa da, apellyator həmin hissədə hər hansı sübut təqdim etməməklə, ehtimallar əsasında formal mülahizə bildirir. Məhkəmə kollegiyası isə apellyatora izah edir ki, daşınmaz əmlakın dövlət reyestri orqanı tərəfindən bu cür çıxarışın veriləcəyi təqdirdə onun hərəkətlərindən qanunla müəyyən edilmiş qaydada şikayət verilə və ya qəbul etdiyi aktlar mübahisələndirilə bilər. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, Çinarə Əliyeva mübahisəli şəhadətnamədə onun mərhum ərinin də adının göstərildiyini qeyd etsə də, həqiqətən də şəhadətnamədə adı qeyd edilən şəxslərdən hansı ilə isə nikah münasibətlərində olmasını təsdiq edən hər hansı sübut da təqdim etməmişdir. Göründüyü kimi, hazırkı iş materialları ilə Masallı Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(050)-2432/2022 saylı qətnaməsinin X2 hüquq və vəzifələrinə toxunması halı müəyyən edilmir. Ona görə də birinci instansiya məhkəməsi MPM-in 363.1.1-ci maddəsinə əsasən, onun apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Sadalananlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qəradadının ləğvi üçün heç bir əsas yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən 11 dekabr 2023-cü il tarixli qərardad qəbul edilərkən prosessual hüquq normalarına düzgün riayət edilmişdir, bu səbəbdən də Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-2432/2022 saylı qərardadı qanuni və əsaslıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Ona görə də X6 tərəfindən verilmiş şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-2432/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(050)-2432/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-455/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-455/2024
08.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver