Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-46/2025 02.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi ilə, iddiaçı X3, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 iştirakı ilə, X3 Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi, Cəbrayıl Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi X16 İnkişaf Mərkəzi) qanunsuz tikilinin sökülməsi və qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(072)-374/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: X2 Alim Rafiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahibkarlıq hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması və evinin yanındakı heyvandarlıq fermasınını ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə 4 saylı Cəbrayıl qəsəbəsi 196 saylı evdə yaşayır. Qəsəbədəki 200 saylı evdə yaşayan Cavabdeh yaşadığı evin yanındakı 196 saylı evin qonşuluğunda qeyri-qanuni olaraq heyvandarlıq ferması qurmuşdur. Məcburi köçkünlərin məskunlaşması üçün nəzərdə tutulan 198 saylı ev qanunsuz olaraq maldarlıq ferması kimi fəaliyyət göstərir, onun və qonşular üçün anti-sanitar vəziyyət yaratmışdır. Cavabdeh hər ay bir neçə dəfə quru ot kipi doğrayır və buzaman onun evi, həyəti toza bürünür. Cavabdeh 198 saylı evin arxasında böyük çala qazdırıb və ora iribuynuzlu heyvanların peyinlərini və sidiyini axıdır. Bu çala da natəmizlik mənbəyinə çevrilmişdir. Cavabdeh hündürlüyü 10-11 metr, eni 7-8 metr, uzunluğu isə 10 metr olan ot tayasını yaşadığı evin yaxınlığında yığdırır. Bu isə evi üçün yanğın təhlükəsi yaradır. Fermadan gələn pis qoxular, yaranan milçək və ağcaqanadlar dözülməz antisanitar vəziyyət yaratmışdır. Cavabdeh qeyri-qanuni hərəkətlərinin dayandırılması barədə xahişə heç bir məhəl qoymur, şikayət etdiyi müvafiq dövlət qurumları isə qanunsuz heyvandarlıq fermasının ləğvi üçün məhkəməyə müraciət etməyi tövsiyə edirlər. Cavabdehin onun yaşadığı evin yanında heyvandarlıq ferması saxlamaq hüququ yoxdur. Cavabdehin yaşayış yerində heyvandarlıq ferması saxlaması, onun yaşadığı ev üçün dözülməz antisanitariya və yanğın təhlükəsi yaratmışdır. X7 məhkəməyə “iddia tələbinin dəqiqləşməsi” barədə ərizə ilə müraciət edərək, 1. Cavabdeh tərəfindən Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində inşa etdiyi fermer təsərrüfatı üçün nəzərdə tutulmuş 120 və 504 kv.m.,dən ibarət 2 tövlənin sökülməsi; 2. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində və onun yaşadığı fərdi yaşayış evinin yaxınlığında yığılmış ot tayasının yerinin dəyişdiriməsi; 3. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çalanın ləğv edilməsi; 4. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş və onun tərəfindən istiqaməti dəyişdirilmiş ümumi su arxının istiqamətinin əvvəlki vəziyyətə qaytarılması; 5. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində traktor vasitəsilə heyvanlar üçün otun doğranmasının və yemin üyüdülməsinin qadağan edilməsi; 6. Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində, yəni həyətyanı sahələri ayıran məftildən toxunmuş hasarın (setka) əvvəlki vəziyyətinə qaytarılması barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(072)-374/2023 saylı qətnaməsi ilə (hakim Tərlan Nüsrətov) iddia qismən təmin edilərək, Cavabdeh tərəfindən Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində inşa etdiyi fermer təsərrüfatı üçün nəzərdə tutulmuş 120 və 504 kv.m.,-dən ibarət 2 tövlənin cavabdehin öz vəsaiti hesabına sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində və iddiaçı X3 yaşadığı fərdi yaşayış evinin yaxınlığında yığılmış ot tayasının yeri cavabdehin hesabına yanğın təhlükəsizliyi tələblərinə uyğun olaraq dəyişdirilməsi, Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çalanın ləğv edilməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması, Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş və onun tərəfindən istiqaməti dəyişdirilmiş ümumi su arxının istiqamətinin əvvəlki vəziyyətə qaytarılması, Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində ev təsərrüfatı ilə məşğul olduğu müddət ərzində heyvanlar üçün otun doğranması, yemin üyüdülməsi və heyvan tullantılarının yığılması zamanı baytarlıqsanitariya və əhalinin sanitariyaepidemioloji salamatlığı tələblərinə əməl etməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmini hissəsində ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Böyük Mərcanlı Kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 12 may 2023-cü il tarixli 501 saylı arayışından görünür ki, X1 rayonu 4 saylı qəsəbə ev 196 ünvanda yaşayır. Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının Mehdili Kənd Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 21 iyun 2023-cü il tarixli 93 saylı arayışından görünür ki, Cavadov X11 rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yaşayır və ünvanda həyətyanı torpaq sahəsində südlük istiqamətli iribuynuzlu cins mal-qaranın yetişdirilməsi ilə məşğul olur. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 03 iyul 2023-ci il tarixli 1061 saylı arayışdan görünür ki, Cavadov X11 rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yaşayır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin Sahibkarlıq Uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır, yəni o, fərdi sahibkar statusu olan fiziki şəxsdir (VÖEN: **********). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin **********98500 saylı 06 iyul 2023-cü il tarixli Uçota dair arayışın surətindən görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur, onun sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları 24 iyun 2023-cü il tarixdən etibarən dayandırılmış və hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinin 09 iyul 2021-ci il tarixli 17 saylı məktubunun surətindən görünür ki, X3 müraciəti əsasında Sahənin əməkdaşlarının iştirakı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvana baxış keçirilmiş, Cavabdeh həmin ünvanda yerləşən həyətyanı torpaq sahəsində inşa etdiyi fermanın sanitar-gigiyenik baxımdan sakinlərə narahatlıq yaratması və bu kimi halların qanunvericiliyin tələblərinə zidd olması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinin 11 aprel 2022-ci il tarixli 1040 saylı arayışının surətindən görünür ki, Cəbrayıl rayonu Çaxırlı kənd sakini Cavadov X11 rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yaşayır və həmin evin həyətyanı sahəsində 36x14=504 m2 tövlə, 12x10=120 m2 tövlə və 13x4=52 m2 yem anbarı mövcuddur. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Biləsuvar Rayonu Mənzil Kommunal İstismar Sahəsinin 90 saylı 31 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Sahənin əməkdaşlarının iştirakı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvana baxış keçirilmiş, Cavabdeh tərəfindən həmin ünvanda 504 m2 - dən ibarət yanları açıq, çardaqlı tövlə, 120 m2 -dən ibarət yanları mişar daşından olan tövlə, 52 m2 -dən ibarət yardımçı bina inşa edilmiş və həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş ümumi su arxının istiqaməti dəyişdirilmişdir. Cavabdeh uzun müddətdir ki, həmin ünvanda heyvandarlıqla məşğul olur. Eləcə də, Cavabdeh həmin tikililərin tikilməsi ilə bağlı Qaçqınların və X9 üzrə Dövlət Komitəsinə müraciət etməmiş və ona Komitə tərəfindən tikinti ilə bağlı razılıq verilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 155/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-kompleks ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin iş üzrə təyin edilmiş ekspertizadan imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumatı Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Belə ki, adıçəkilən məlumatdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri aparıldıqdan sonra xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə Elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır. Göstərilənlərə əsasən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə görə qərardad icra edilmədən iş materialları geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 Monitorinq İdarəsinin xx.xx.2025-ci il tarixli 003013 nömrəli aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Biləsuvar rayonu 4 saylı Cəbrayıl qəsəbəsində yaşayan vətəndaş Cavabdeh məxsus yaşayış evinin qarşısında aşağıdakılar aşkar edilmişdir: 3 X12 və Təbii Sərvətlər İdarəsindən daxil olan xx.xx.2025-ci il tarixli 191/3RETSİ-42 qeydiyyat nömrəli ekspert vəsatətinin icra edilməsinə dair” məzmunlu müraciətlə əlaqədar sözügedən ərazidə XKEM-in baş mühəndisi Rüstəm Əsgərov, mühəndis Fətəli Eyyubov 3 saylı RETSİ-nin əməkdaşı X17 şikayətçi X7 və Cavabdeh iştirakı ilə sabit hava şəraitində saat 16600-dan 17:00-dək monitorinq keçirildi. Monitorinq zamanı məlum oldu ki, Cavabdeh məxsus həyatyanı sahənin qarşısında 2 m. enində, 4 m. uzunluğunda peyin tökmək üçün çala yarılmışdır. Monitorinq ölçmə işləri X5 məxsus həyatyanı sahənin qarşısında təxminən 3-5 metr məsafədə BTQ DR 850 səyyar cihaz vasitəsilə aparıldı, ölçmənin nəticələrinə görə X3 evinin qarşısında NH3—00 mq/m3 (norma 0,2 mq/m3), Cavabdeh evinin qarşısında NH3-0,08 mq/m3 (norma 0,2 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd norması daxilindədir. Baxış zamanı tərəflərin evləri qarşısında spesifik iy, qoxu müşahidə olundu. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X12 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2024–cü il tarixli qərardadının icrası məqsədi ilə X15 Monitoriqn İdarəsinin və İdarənin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixində əraziyə baxış keçirilmişdir. Ərazidə aparılmış ölçmə və hesablama işlərinin nəticəsi olaraq aşağıda qeyd olunan nəticəyə gəlinmişdir. Baxış zamanı Biləsuvar rayonu 4 saylı Cəbrayıl qəsəbəsində yaşayan Cavabdeh məxsus həyətyanı sahənin qarşısında peyin tökülməsi üçün çala (eni 2 m., uzunluğu 4 m.) qazıldığı məlum olmuşdur. Monitorinq müddətində həm iddiaçının, həm də cavabdeh şəxsin evlərinin qarşısında spesifik iy-qoxu müşahidə olunmuşdur. Bununla əlaqədar olaraq atmosfer havasında olan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə BTQ DR850 səyyar cihazı vasitəsi ilə ölçmə işləri aparılmışdır. Nəticəyə əsasən Məhəmməd Məcidlinin evinin qarşısında ammonyak (NH3) – 0.0 mq/m3 və Cavabdeh evinin qarşısında isə ammonyak (NH3) – 0.08 mq/m3 təşkil edərək, ətraf mühit üçün yol verilən qatılıq həddi daxilində (norma: 0,2 mq/m3) olduğu müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəbrayıl Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(072)-374/2023 saylı qətnaməsinə əsasən sonuncu məhkəmə iclasında cavabdeh səhhəti ilə əlaqədar iştirak edə bilməmiş, əvvəlki iclaslarda məhkəmə mütəxəssislərin iştirakı ilə fərdi sahibkar kimi cavabdehin həyətinə baxış keçirmiş, baxış zamanı mütəxəssislər Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanına əsasən cavabdeh tərəfindən 10 baş cins heyvanın (inək və düyə) 20 aprel 2022-ci il tarixdə lizinq yolu ilə alınması müəyyən edilmiş, cins mal-qaranın saxlanılması üçün verilmiş rəy əsasında tövlənin gəzinti yeri ilə birlikdə sahəsi 439 kv.m; verilmiş rəydən sonra tikilmiş sahəsi 28.4 kv.m (eni 4,7 metr, uzunluğu 6,1 metr); sağım yeri sahəsi 27,73 kv.m (hər baş üçün 2-2,3 kv.m norma olmaqla) olmuş, mal-qaranın saxlandığı ərazinin beton və mişar daşı ilə örtüklü olması, gün ərzində bir neçə dəfə təzyiqli su ilə təmizlənməsi və tullantının qapalı borularla yeraltı quyuya yığılmasının müşahidə edilməsi 05 iyul 2023-cü il tarixli aktla müəyyən edilmiş, 31 avqust 2023-cü il tarixli aktla isə fermer Cavabdeh tərəfindən yanğın baş verdiyi təqdirdə qonşuya ciddi təhlükə yaradacağı nəzərə alınaraq tayanın hündürlüyü 8 metrdən 4 metrə endirilmiş, lakin təhlükənin tam aradan qaldırılması üçün mövcud ot tayasının üst hissəsində olan ot bağlamalarının yerdən 2,2 metrə qədər aşağı salınmasının təmin edilməsi, yemlərin doğranması və üyüdülməsi zamanı ətrafa yayılan tozun qonşuya problem yaratdığı nəzərə alınaraq otun və yemin üyüdülməsinin tam qapalı şəraitdə aparılması və kənar ərazidə aparılması, heyvanların yaş peyininin və tullantısının həyətdə qazılmış quyuda yığılması və vaxtaşırı kənarlaşdırılmaması ətrafda antisanitar şəraitin yaranmasına səbəb olduğu nəzərə alınaraq heyvanların tullantısının kənar ərazidə toplanmasının təşkil edilməsinin məsləhət bilinməsi göstərilmişdir. Həmin aktlarda qeyd edilən halların aradan qaldırılması tərəfindən yerinə yetirilsə də, məhkəmə bu halları nəzərə almamış, “Baytarlıq haqqında “Qanunun müvafiq maddələrinə istinad etsə də, onun tərəfindən baytarlıq və sanitariya qaydalarına əməl etməyi barədə sənədləri təqdim etsə də, ondan qəbul etməmişdir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona 8 baş damazlıq iribuynuzlu heyvanın satılması ilə bağlı Cəbrayıl DAİM-in xx.xx.2023-cü il tarixli 3-22-3-14/2-25/2023 nömrəli məktubundan da görünür ki, yaradılmış komissiya tərəfindən onun təsərrüfatına baxış keçirilmiş, damazlıq heyvan saxlanması üçün tövlənin, yem bazasının, zoogigiyenik və baytarlıq-sanitariya vəziyyətin tələb olunan normalara uyğun olması müəyyən edilmişdir. Həmin məktuba əlavə edilmiş Prezidentin 19 dekabr 2018-ci il tarixli 413 nömrəli Fərmanına əsasən “dövlət vəsaiti hesabına satın alınan damazlıq heyvanların 60 faiz güzəştlə lizinq yolu heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 60 faiz güzəştlə lizinq yolu ilə damazlıq heyvanların alınması üçün istehsalçının təsərrüfatının zoogigiyenik şəraiti və baytarlıq sanitariya vəziyyəti barədə Cəbrayıl rayon Komissiyasının rəyindən görünür ki, damazlıq heyvanların saxlanılması üçün zoogigiyenik tövlə şəraiti yerində öyrənilərkən istehlakçının ölçü vahidi ilə malik olduğu döşəmə sahəsinə, daxili gəzinti sahəsinə, havalandırma vəziyyətinə, tövlənin girişində və çıxışında dezobaryer olmasına görə zoogigiyenik şərait damazlıq heyvan saxlanılması üçün tələb olunan normalara uyğun olması və həmin yerdə əlavə 8 baş damazlıq heyvanın saxlanıla bilməsi qeyd olunmuşdur. Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cəbrayıl rayonu Mənzil Kommunal İstismar sahəsinin 11 aprel 2022-ci il tarixli 1040 nömrəli arayışından görünür ki, Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 nömrəli evdə Cəbrayıl rayon Çaxırlı kənd sakini Cavabdeh qeydiyyatdadır, hal-hazırda həmin evdə yaşayır. Həmin evin həyətyanı sahəsində 36x14=504 kv tövlə, 12x10-120 kv tövlə, 13x4=52 kv yem anbarı mövcuddur. Damazlıq heyvanların saxlanılması ilə bağlı sənədləri məhkəmə tərəfindən araşdırılmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə ona Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cəbrayıl rayonu Mənzil Kommunal İstismar sahəsi tərəfindən yaşayış evi və həyətyanı torpaq sahəsi verilmiş, orada icazə əsasında lizinq yolu ilə əlavə aldığı 8 baş damazlıq heyvan saxlamağa razılıq verilmişdir. Bu baxımdan, qətnamə ilə həyətyanı torpaq sahəsində tikilmiş 2 tövlənin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi, ot tayasının yanğın təhlükəsizliyi tələblərinə dəyişdirilməsi, iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çalanın ləğv edilməsi və sair qət etdiyi hallar barədə gəldiyi nəticə Azərbaycan RespublikasıKonstitutsiyasının 13 və 29-cu maddələrinin, “İnsan Hüqularının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri pozmaqla əsassız və qanunsuz olaraq sahibkarlıq fəaliyyətini və mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Belə ki, məhkəmə tərəfindən ona məxsus əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını pozmuşdur. Lizinq yolu ilə alınmış cins mal-qaranın saxlanılması üçün verilmiş rəy əsasında tövlənin gəzinti yeri ilə birlikdə sahəsi 439 kv.m; verilmiş rəydən sonra tikilmiş sahəsi 28.4 kv.m (eni 4,7 metr, uzunluğu 6,1 metr) ; sağım yeri sahəsi 27,73 kv.m (hər baş üçün 2-2,3 kv.m norma olmaqla) olmuş, mal-qaranın saxlandığı ərazinin beton və mişar daşı ilə örtüklü olması, gün ərzində bir neçə dəfə təzyiqli su ilə təmizlənməsi və tullantının qapalı borularla yeraltı quyuya yığılmasının müşahidə edilməsi, görülən tədbirlərin alınmış damazlıq cins mal-qaranın və alınacaq 8 baş damazlıq heyvanların saxlanılması üçün zoogigiyenik tövlə şəraitinin olması, istehlakçının ölçü vahidi ilə malik olduğu döşəmə sahəsinə, daxili gəzinti sahəsinə, havalandırma vəziyyətinə, tövlənin girişində və çıxışında dezobaryer olmasına görə zoogigiyenik şərait damazlıq heyvan saxlanılması üçün tələb olunan normalara uyğun olması qeyd edilməsinə baxmayaraq, məhkəmə bu faktiki halları araşdırmadan ona münasibətdə qanun pozuntusuna yol vermişdir. Bu baxımdan, məhkəmə ona öz tələblərini və və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə imkan verməmiş, bununla da əsassız və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə prosesində cavabdeh kimi onun öz həyətyanı torpaq sahəsində ölçü vahidlərinə uyğun olaraq və fərdi sahibkarlığı inkişaf etdirmək üçün lizinq yolu ilə alınmış damazlıq heyvanların zoogigiyenik qaydalara və baytarlıq-sanitariya qaydalarına uyğun mülkiyyətində olan tövlədə saxlanılmasına dair Cəbrayıl Rayon Komissiyasının rəyi olduğu halda, məhkəmənin həyətyanı torpaq sahəsində tikilmiş 2 tövlənin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi, ot tayasının yanğın təıhlükəsizliyi tələblərinə dəyişdirilməsi, iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çalanın ləğv edilməsi, otun doğranması, guya onun tərəfindən istiqaməti dəyişdirilmiş ümumi su arxının istiqamətinin əvvəlki vəziyyətə qaytarılması, yemin üyüdülməsi və heyvan tullantılarının yığılması zamanı baytarlıq sanitariya və əhalinin sanitariya-epidemioloji salamatlığı tələblərinə əməl edilməsi barədə gəldiyi nəticə əsassızdır. Məhkəmə mülkiyyət hüququ ilə həyətyanı torpaq sahəsində xx.xx.2018-ci il tarixli 413 nömrəli Fərmanın tələblərini pozmuş, həmin Fərmana uyğun olaraq lizinq yolu ilə alınmış damazlıq heyvanların zoogigiyenik qaydalara və baytarlıq-sanitariya qaydalarına uyğun mülkiyyətində olan tövlədə saxlanılmasına dair Cəbrayıl Rayon Komissiyasının rəyi olduğu halda, məhkəmənin həyətyanı torpaq sahəsində tikilmiş 2 tövlənin sökülməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi, ot tayasının yanğın təhlükəsizliyi tələblərinə dəyişdirilməsi, iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çalanın ləğv edilməsi, otun doğranması, guya onun tərəfindən istiqaməti dəyişdirilmiş ümumi su arxının istiqamətinin əvvəlki vəziyyətə qaytarılması, yemin üyüdülməsi və heyvan tullantılarının yığılması zamanı baytarlıq sanitariya və əhalinin sanitariya-epidemioloji salamatlığı tələblərinə əməl edilməsi barədə onda olan sənədləri araşdırmadan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları, o, cümlədən bu barədə onda olan sənədləri, fotoşəkilləri, həyətyanı torpaq sahəsinə dair videogörüntüsü olan disketi, həmçinin məhkəmənin yerində baxış keçirməklə müşahidə etdiyi halları nəzərə almadan və digər sübutları araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən sonuncu məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, məhkəmə yerində keçirdiyi baxışın nəticələrini nəzərə almamış və bu barədə onda olan sənədlərlə əlaqədar araşdırma aparılmamış, qanunla müəyyən edilmiş sübutlarla qeyd edilən sahibkkarlıq fəaliyyətinə müvafiq icazənin və həmin fəaliyyətini mülkiyyət hüququ ilə həyətyanı torpaq sahəsində olmasına baxmayaraq, mülkiyyət hüququnu pozmaqla iş üçün əhəmiyyəti olan halları sübut etməyə imkan yaratmamışdır. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, təsərrüfatında əvvəllər daha çox heyvan olsa da, hazırda yalnız 6-7 baş mal-qara saxlayır. Şəxsin bu sahəyə marağı azaldığından, heyvanların sayını minimum səviyyədə saxlamışdır. Hər hansı qanunsuz fəaliyyət mövcud deyildir. Mal-qaraya məxsus çirkab suların axıdılması üçün ayrılmış kanalizasiya sistemi mövcuddur və həmin sistem həyətin çöl tərəfində qazılmışdır. Kanalizasiya xətti Məcidli Məmmədin evindən təxminən 30 metrdən artıq, öz evi ilə isə 20 metr məsafədə yerləşir. Bundan başqa, artıq ot üyüdülməsi prosesi tam dayandırılmışdır. Hal-hazırda ot tayası tövlənin üst hissəsində saxlanılır və mübahisə predmeti olmuş iddiaçının pəncərənin qarşısındakı ot tayaları tam şəkildə yığışdırılmışdır. Həyətin ümumi ölçüsü 75 metr uzunluq və 25 metr enindən ibarətdir. Tövlə aşağı qonşunun çəpəri ilə onun çəpəri arasında inşa olunmuş və tövlə ilə iddiaçının evinin arasındakı məsafə 60 metrdən artıqdır. Heyvanların kanalizasiya sularının sızmasının qarşısını almaq məqsədilə su arxı mövcud turbaya yönləndirilmiş, lakin suyun istiqaməti dəyişdirilməmişdir. Suyun axını əvvəlcə iddiaçının həyətindən keçir, daha sonra müraciət edən şəxsin həyətinə daxil olur və ordan aşağı istiqamətdə axmağa davam edir. Çirkab sular kanalizasiya sisteminə daxil olmadan əvvəl turbaya yığılır. Turbanın ümumi uzunluğu 12 metr təşkil edir və onun quruluşu suyun geri qayıtmasına imkan vermir. Yuxarıda göstərilən hallar nəzərə alınmaqla, müraciət edən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh öz təsərrüfatında neçə baş heyvan saxlandığı barədə dəqiq məlumata malik deyil. Ot tayalarının pəncərənin qarşısına yığılması həm yanğın təhlükəsi yaradır, həm də pəncərənin qarşısını tam şəkildə bağlayaraq yaşayış şəraitinə mənfi təsir göstərirdi. Otu pəncərənin ağzında doğramaqla yaranan toz evin içərisinə dolur, gigiyenik problemlərə səbəb olurdu. Lakin son aylarda ot doğrama prosesinin baş verdiyi müşahidə edilməmişdir. Pəncərənin önünə yığılaraq narazılıq yaradan ot tayaları hazırda mövcud deyildir və həmin yerdən tamamilə yığışdırılmışdır. Evi ilə tövlə arasındakı məsafə 60 metrdən azdır. Su arxı evin arxa tərəfindən keçir və bu arx həm həyətyanı sahənin suvarılması, həm də kanalizasiya funksiyasını eyni vaxtda yerinə yetirir. İddiaçı tərəfindən arxın istiqaməti dəyişdirildiyinə görə problemlər yaranmışdır. Belə ki, əvvəl mövcud olan 200-lük boru əvəzində 100-lük boru quraşdırılması nəticəsində suyun normal axını pozulmuşdur. Su arxa çox açıldığında geri qayıdaraq evinin arxa hissəsinə yığılır. Kanalizasiya xətti ilə evi arasındakı məsafə təxminən 20 metr təşkil edir. Qış aylarında üfunət iyi hiss olunur, yay mövsümündə isə həmin vəziyyət ağcaqanadların artmasına səbəb olur və sanitar şəraiti ciddi şəkildə pisləşdirir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X14 məhkəmə iclasında izahat verərək bildirdi ki, əraziyə baxış keçirilmiş və bu baxış zamanı tövlə ilə onun yaşadığı ev arasındakı məsafənin təxminən 40 metr olduğu müəyyən edilmişdir. Əvvəllər pəncərənin önündə yerləşdirilən ot tayaları artıq tam şəkildə yığışdırılmışdır. Kanalizasiya xətti həyətdən kənarda yerləşdiyinə görə ətrafa müəyyən qoxu yayılır. Sonuncu dəfə əraziyə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi ilə birlikdə tövlənin ölçülərinin müəyyən edilməsi məqsədilə baxış keçirilmişdir. Məhkəmə tərkibi işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə mübahisələndirilən - iddianın təmin olunan hissəsində ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq qətnamənin apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. T Ə T B İ Q E D İ L Ə N H Ü Q U Q: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X8 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Normanın mahiyyətini və məqsədini nəzərə alaraq məhkəmə tərkibi qeyd edir ki, özbaşınalıq dedikdə, bir şəxsin qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, eləcə də sahibin iradəsinə zidd olaraq onun sahiblikdən məhrum edilməsi və ya sahibliyinin pozulması başa düşülür. Məhrumetmə və pozulma özbaşınalığın iki ayrı formasını təşkil edir. Birincisində sahib əşya üzərindəki faktiki hakimiyyətini itirirərək ondan məhrum olur. İkinci halda isə şəxs əşya üzərindəki sahibliyini itirməsə də, özbaşınalıq nəticəsində əşyadan sərbəst və təyinatı üzrə istifadə edə bilmir, onun sahibliyinə əngəl törədilir. Özbaşınalığın əsas əlamətlərindən biri müdaxilənin qanunazidd olmasıdır. Diqqət edilməlidir ki, müdaxilənin qanuniliyi və ya qanunsuzluğu özbaşınalıq edənin əşyaya münasibətdə hüquqa malik olub-olmaması ilə deyil, onun hərəkətinin sahibə münasibətdə yolverilən olub-olmaması ilə ölçülür. Bundan əlavə, MM-in 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. MM-in 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. MƏHKƏMƏ TƏRKİBİNİN MÖVQEYİ: Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh öz əmlak və əşya hüquqlarını həyata keçirməklə, X3 əmlakının yanğın təhlükəsi təsirinə və maddi ziyanın yaranmasına, eləcə də sahiblik hüququnun pozulmasına yönələn hərəkətlərini hüququndan sui-istifadə kimi qiymətləndirilir. Məhkəmə tərkibi Cavabdeh tərəfindən Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində inşa etdiyi fermer təsərrüfatı üçün nəzərdə tutulmuş 120 və 504 kv.m.,-dən ibarət 2 (iki) tövlənin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çalanın ləğv edilərək ərazinin əvvəlki vəziyyətə qaytarılmasına dair iddiaçının tələbinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsinə dair əsasların olub-olmamasını müəyyənləşdirmək məqsədilə ekspertiza keçirmiş, lakin ekspertizanın keçirilməsi baş tutmamışdır. Bununla belə, adıçəkilən tələb üzrə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli 413 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət vəsaiti hesabına satın alınan damazlıq heyvanların 60 faiz güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehlakçılarına satılması” Qaydalarına uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişafı Agentliyi 60 faiz güzəştlə lizinq yolu ilə damazlıq heyvandarların alınması üçün istehsalçının təsərrüfatının zoogigiyenik şəraiti və baytarlıq-sanitariya vəziyyəti barədə Cəbrayıl Rayon Komissiyasının 03 fevral 2022-ci il tarixli 20 aprel 2022-ci il tarixli və 22 may 2023-cü il rəylərinin surətindən görünür ki, Cəbrayıl rayonu Çaxırlı kənd sakini Cavabdeh müraciətinə əsasən damazlıq hevyanların saxlanması nəzərdə tutulan və onun mülkiyyətində olan tövlə şəraitinə, eləcə də heyvanların yemlə təmin edilməsi üçün yem bazasına komissiya tərəfindən baxış keçirilmiş, zoogigiyenik şərait damazlıq heyvan saxlanılması üçün tələb olunan normalara uyğundur. Habelə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X16 İnkişaf Mərkəzinin mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus iribuynuzlu heyvanların saxlandığı tövlələrdə neçə baş heyvanın saxlanmasının mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun aydınlaşdırılması Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilmişdir. Cavabdeh həyətyanı sahəsində onun damazlıq heyvan saxlaması üçün tələblərə cavab verən döşəmə sahəsi (yataq yeri) 104 m2 olan tövləsi (norma 1 baş üçün 2-2,3 m2-dir, yəni 45 başın saxlanmasına uyğun), 235 m2 daxili gəzinti sahəsinin olması (norma hər 100 kq diri çəki üçün minimum 1 m2 olmaqla – hər başı orta hesabla 400 kq olmaqla 58 baş inək üçün), tövlədə normal işıqlandırma, havalandırma şəraitinin, tövlənin girişində və çıxışında dezobaryerin olduğu nəzərə alınaraq ona dövlət dəstəyi ilə güzəştli şərtlə cins mal alınmasına razılıq verilmişdir. Verilmiş rəy 10 baş heyvanın saxlanması üçün mövcud qanunvericiliyin tələblərinə tam uyğundur. Bundan başqa, iddia tələbinin digər təmin olunan hissəsi - Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində və iddiaçı X3 yaşadığı fərdi yaşayış evinin yaxınlığında yığılmış ot tayasının yeri cavabdehin hesabına yanğın təhlükəsizliyi tələblərinə uyğun olaraq dəyişdirilməsi üzrə qeyd edilməlidir ki, artıq həmin tələbin təmin edilməsi zərurəti aradan qaldırılmışdır. Belə ki, tərəflər öz izahatlarında iddiaçının evinin pəncərəsinin qarşısına yığılmış və yanğın təhlükəsi yaradan ot tayalarının cavabdeh tərəfindən tamamilə yığışdırıldığını bildirmişlər. Bu da həmin iddianın hazırda perspektivsiz bir tələb formasına düşməsi deməkdir. Habelə birinci instansiya məhkəməsi Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çalanın ləğv edilməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılmasına dair tələbi də təmin etmişdir. Qeyd edilən hal üzrə iddiaçı öz tələbində cavabdehin öz evinin arxasında böyük çala qazdırıb heyvanlarının peyin və sidiyini ora axıtdığını, bu səbəbdən də, pis qoxu gəldiyini və antisanitar vəziyyət yarandığını bildirmişdir. Buna görə də, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X12 və Təbii Sərvətlər İdarəsinin mütəxəssisləri tərəfindən baxış zamanı Biləsuvar rayonu 4 saylı Cəbrayıl qəsəbəsində yaşayan Cavabdeh məxsus həyətyanı sahənin qarşısında peyin tökülməsi üçün çala (eni 2 metr, uzunluğu 4 metr) qazıldığı məlum olmuşdur. Monitorinq müddətində həm iddiaçının, həm də cavabdehin evlərinin qarşısında spesifik iy-qoxu müşahidə olunmuşdur. Atmosfer havasında olan zərərli qaz qarışıqlarının miqdarını təyin etmək məqsədilə BTQ DR850 səyyar cihazı vasitəsi ilə ölçmə işləri aparılmışdır. Nəticəyə əsasən şikayətçi Məhəmməd Məcidlinin evinin qarşısında ammonyak (NH3) – 0.0 mq/m3 və Cavabdeh evinin qarşısında isə ammonyak (NH3) – 0.08 mq/m3 təşkil edərək, ətraf mühit üçün yol verilən qatılıq həddi daxilində (norma: 0,2 mq/m3 ) olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində iribuynuzlu heyvanların yaş peyinin yığılması üçün qazdığı böyük çalanın ləğv edilməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması üçün hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə tərkibi iddia tələbinin Cavabdeh istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsinin arxa hissəsində əhalinin həyətyanı sahələrinin suvarılması üçün nəzərdə tutulmuş və onun tərəfindən istiqaməti dəyişdirilmiş ümumi su arxının istiqamətinin əvvəlki vəziyyətə qaytarılmasının təmin olunması ilə əlaqədar göstərilməlidir ki, iddiaçı öz izahatında mübahisəli su arxının evin arxa tərəfindən keçdiyini, suyun axması üçün əvvəllər mövcud olan 200-lük boru əvəzində 100-lük boru quraşdırılması nəticəsində suyun normal axınının pozulduğunu və borunun daralması səbəbindən təzyiqin artmasını, nəticədə ona zərər dəyməsini bildirmişdir. Cavabdeh isə izahatında arx suyunun kanalizasiyaya sızaraq oranı doldurmasının qarşısını almaq məqsədilə arxın turbaya yönləndirildiyini, suyun istiqamətinin dəyişdirilmədiyini göstərmişdir. Cavadeh həmçinin qeyd etmişdir ki, suyun axını əvvəlcə iddiaçının həyətindən keçir, daha sonra onun həyətinə daxil olur və ordan aşağı istiqamətdə axmağa davam edir. Turbanın uzunluğu 12 metr təşkil edir və onun quruluşu suyun geri qayıtmasına imkan vermir. İddiaçı həmin halın – suyun axınının dəyişdirilməsi və nəticədə ona zərərin dəyməsi və onun həcmi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. O sadəcə, suyun arxa çox açıldığı zaman geri qayıtdığını və onun evinin arxasına yığıldığını bildirmişdir. Məhkəmə tərkibi qətnamə ilə təmin olunan iddinın digər hissəsi - Cavabdeh onun istifadəsində olan Biləsuvar rayonu 4 saylı qəsəbə ev 198 ünvanda yerləşən həyətyanı torpaq sahəsində ev təsərrüfatı ilə məşğul olduğu müddət ərzində heyvanlar üçün otun doğranması, yemin üyüdülməsi və heyvan tullantılarının yığılması zamanı baytarlıqsanitariya və əhalinin sanitariya epidemioloji salamatlığı tələblərinə əməl etməsi üzrə hesab edir ki, hazırda həmin hissədə iddianın təmini üçün əsaslar mövcud deyildir. Belə ki, Cavabdeh məhkəmədə verdiyi izahatında artıq ot üyüdülməsinə son qoyduğunu, hal-hazırda ot tayasının tövlənin üst hissəsində saxlanılmasını, X7 isə verdiyi izahatda son aylar ot doğrama prosesinin baş verdiyini müşahidə etmədiyini bildirmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsaslanaraq, məhkəmə hesab edir ki, Cavabdeh ona qarşı hər hansı hüququnu pozan qanunsuz hərəkətləri X7 tərəfindən mötəbər sənədlərlə sübuta yetirilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən iddiaçı birinci instansiya məhkəməsində, habelə apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən öz tələbinin əsaslarına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 89.1-ci maddəsinin tələbinə görə yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən apellyasiya şikayətinin heç bir sübuta əsaslanmayan və formal xarakter daşıyan bütün dəllilərini əsassız hesab edir. Habelə MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilməlidir ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(072)-374/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunması hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-46/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-46/2025
02.12.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver