Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-461/2023 15.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(055)-1178/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, 2(055)-1322/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək 15 may 2017-ci ildə doğulmuş Cəlilzadə Kənan Zahid oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin və Cavabdeh Kənanın müalicəsinə çəkilən əlavə xərclərə cəlb edilərək cavabdehdən hər ay sabit pul məbləğində 100 manatın və ödənilmiş 50 manat mediasiya xərcinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 16 mart 2017-ci ildə rəsmi nikah münasibətinə girərək evlənmişdir. Cavabdehlə birgə nikahından 15 may 2017-ci ildə Kənan adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan narazılığa görə Saatlı Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, 2(055)-1322/2020 saylı qətnaməsinə əsasən aralarındakı nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş Kənan adlı oğlunun iddiaçının yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən onun xeyrinə 120 manat aliment tutulması qət edilmişdir. Lakin hazırda həmin aliment məbləği oğlunun müalicə xərclərinə belə kifayət etmir. Belə ki, oğlu doğulduğu vaxtdan ağır xəstədir və müalicə olunur. Son zamanlar maddi imkansızlıq səbəbindən Kənanın müalicəsini vaxtlı-vaxtında apara bilmir və dərmanların hamısını çatdırıb ala bilmir. Kənanı lazımi qaydada müalicə etdirə bilmədiyindən onun xəstəliyi daha çox təsir edir. Belə ki, dərmanlarını vaxtında qəbul etməyəndə axşamlar sümüklərində ağrılar baş verir. Onun elə dərmanı var ki, bir günlük qutusunun qiyməti 20 manatdır. Həkimin tapşırığına əsasən, həmin dərman hər gün Kənan tərəfindən qəbul edilməlidir. Bunun üçün isə iddiaçının maddi imkanı və qət edilmiş aliment məbləği kifayət etmir. İddiaçı cavabdehə məhkəmədən kənar qaydada bir neçə dəfə Kənanın müalicəsinə kömək etməsini bildirsə də, cavabdeh yalnız aliment məbləğini 10 manat artıra biləcəyini demişdir. Əgər Kənanın lazımi qaydada müalicəsi aparılmasa, onun gələcəkdə şikəst olması qaçılmazdır. Hazırda cavabdehdən hər ay alınan aliment məbləği buna yetərli deyil. Qanunvericiliyin tələbinə uyğun olaraq, ilk olaraq Saatlı rayonunda yerləşən mediasiya təşkilatına müraciət edilmiş və mediator Mahir Babayev tərəfindən iddiaçı tərəfə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Ona görə də alimentin artırılması və cavabdehin Kənanın müalicəsinə görə əlavə xərcə cəlb edilməsi ilə bağlı məhkəməyə müraciət etmək etmək məcburiyyətində qalmışdır. Saatlı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(055)-1178/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mirlətif Sadıqov) iddia qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, 2(055)-1322/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 15 may 2017-ci ildə anadan olmuş Cəlilzadə Kənan Zahid oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 15 may 2017-ci ildə anadan olmuş Cəlilzadə Kənan Zahid oğlunun müalicəsinə çəkilən xərclərə cəlb olunaraq iki il müddətində hər ay 20 manat sabit pul məbləğinin cavabdehdən alınıb İddiaçı xeyrinə ödənilməsi, artırılmış alimentin və əlavə xərclərin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması, əlavə olaraq Cavabdeh 50 manat mediasiya xərcinin tutulub cavabdehin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(055)-1178/2022 saylı qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş ümumilikdə 170 manat məbləğ oğlu Kənanın ehtiyaclarını ödəməyə kifayət etməyəcəkdir. Belə ki, oğlu Kənan “Tubulopatiya, fosfor mübadiləsinin pozğunluğu, psixoloji inkişafın ümumi pozğunluğu, aktiv raxit, D vitamininə rezistent raxit, Kifoz və lordozinkişaf mərhələlərinin ləngiməsi” diaqnozundan əziyyət çəkən ağır xəstədir və sağlamlıq imkanları məhdud uşaqdır. Kənanın qəbul etdiyi tək bir dərmanın bir gün üçün qiyməti 30 manatdır. Bundan başqa, Kənanın daha çox qulluğa ehtiyacı olduğu üçün iddiaçı işləyə bilmir və bütün göstərdiyi xərclərin hamısını aliment məbləği ilə ödəmək məcburiyyətində qalır. 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmiş, 2023-cü il üçün isə bu məbləğ bir az da artırılaraq 220 manat müəyyən edilmişdir. Göstərilən minimum dolanacaq xərcinin sağlam uşaqlar üçün müəyyən edildiyini qəbul etsək, Kənanın yuxarıda qeyd edilən ağır xəstəlikdən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaq olmasını nəzərə almaq lazımdır. Belə olduğu halda Kənanın saxlanması üçün birinci instansiya məhkəməsinin ümumilikdə qət etdiyi 170 manat məbləğ isə ölkə ərazisində uşaqlar üçün müəyyən edilmiş minimum dolanacaq xərcindən azdır. Məhkəmə aliment məbləğini və əlavə xərcin məbləğini müəyyənləşdirərkən oğlu Kənanın ağır xəstə olaraq, sağlamlıq imkanları məhdud uşaq olmasını yetərincə aydınlaşdırmamışdır. Apellyasiya məhkəməsinin iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, uşağın sağlamlıq imkanlarının məhdudluğu səbəbindən müalicəsinə görə dövlət tərəfindən uşağa 250 manat, ona baxdığı üçün onun özünə isə 50 manat təqaüd təyin edilmişdir. Lakin bu məbləğ onu qane etmir. Belə ki, oğlu Kənanın müalicəsi üçün o, ayda külli miqdarda pul xərcləyir, onun gündəlik dərmanının qiyməti 20-30 manat təşkil edir. O, cavabdehin işləməsi ilə bağlı verilmiş suala cavab olaraq bildirdi ki, onda olan məlumata görə cavabdeh mebel mağazasında usta işləyir, lakin onun rəsmi işi olmadığından iddiaçı onun işləməsi və gəlirləri ilə bağlı hər hansı sənəd təqdim edə bilmir. O özü də ilin isti aylarında epilyasiya ustası kimi fərdi əməklə məşğul olur. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və aliment məbləğinin uşağın xəstəliyinə uyğun təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən və onun mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin qismən ləğv edilməsini xahiş etməklə, qətnaməni iddia tələbinin təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləğinə aid hissədə dəyişdirilməli, alimentin məbləği 180 manat sabit pul məbləğində müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZ-İİİ 933458 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Cəlilzadə Kənan Zahid oğlunun atası Cavabdeh, anası İddiaçıdır. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ilə bağlı arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü Cəlilzadə Kənan Zahid oğlu sağlamlıq imkanları məhdud uşaqdır və onun diaqnozu “Tubulopatiya. Fosfor mübadiləsinin pozğunluğu. Psixoloji inkişafın ümumi pozğunluğu. Aktiv raxit, D vitamininə rezistent raxit. Kifoz və lordoz İnkişaf mərhələlərinin ləngiməsi”dir. Arayışda sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü ilədək göstərilmişdir. İşdəki Saatlı RİHB-nin Nərimanov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 591 nömrəli, 12 dekabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh işləmir. İşdəki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci ildən Dövlət Məşğulluq Xidmətində işaxtaran (müvəqqəti) kimi qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, xx.xx.2017-ci il təvəllüdlü Cəlilzadə Kənan Zahid oğlunun atası Cavabdeh, anası İddiaçıdır. Saatlı Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, 2(055)-1322/2020 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş Kənan adlı oğlunun iddiaçının yanında qalması müəyyən edilmiş və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə 120 manat aliment tutulması qət edilmişdir. xx.xx.2017-ci il təvəllüdlü Cəlilzadə Kənan Zahid oğlu sağlamlıq imkanları məhdud uşaqdır, onun diaqnozu “Tubulopatiya. Fosfor mübadiləsinin pozğunluğu. Psixoloji inkişafın ümumi pozğunluğu. Aktiv raxit, D vitamininə rezistent raxit. Kifoz və lordoz İnkişaf mərhələlərinin ləngiməsi”dir və sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü ilədək müəyyən edilmişdir. Cavabdeh hazırda rəsmi olaraq işləmir, gəlirləri müəyyən edilmir və o, Dövlət Məşğulluq Xidmətində işaxtaran kimi qeydiyyatdadır. İddiaçının bildirdiklərinə görə, oğlu Kənanın sağlamlıq imkanlarının məhdudluğu səbəbindən müalicəsinə görə dövlət tərəfindən ona 250 manat məbləğində, iddiaçıya isə uşağa xidmətə görə 50 manat məbləğində təqaüd təyin edilmişdir. İddiaçının özü də ilin isti aylarında epilyasiya ustası kimi fərdi məşğul olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında (Bundan sonra – Qərarda) qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Qərarda göstərilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qərarda bildirilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, aliment məbləği müəyyən edilərkən yalnız himayəsində uşaq olan valideynin deyil, hər iki tərəfin maddi və ailə vəziyyətinin öyrənilərək nəzərə alınması həm qanunvericiliyin, həm də Konstitusiya Məhkəməsi Plenumunun özündə məcburi göstərişlər ifadə edən Qərarının tələbidir. Bununla yanaşı, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas meyar olaraq qiymətləndirilməlidir. Hazırkı iş üzrə tərəflərin maddi vəziyyətini öyrənən məhkəmə kollegiyası müəyyən edir ki, cavabdehin rəsmi iş yeri və gəliri yoxdur. İddiaçı isə cavabdehin gəlirləri barəsində hər hansı sübut təqdim edə bilmir, sadəcə mebel mağazasında usta işlədiyini bilir. İddiaçının özü də rəsmi olaraq heç bir yerdə işləmir, yalnız ilin isti aylarında epilyasiya ustası kimi fərdi əməklə məşğul olur. Bununla yanaşı, himayəsində olan azyaşlı uşağın saxlanılması baxımından onun üzərinə ağır yük düşür. Qərarda qeyd edilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası 2023-cü il üzrə yaşayış minimumu məbləğinin 220 manat olmasını, uşağın iddiaçının himayəsində qalmasını və onun üzərinə uşağın saxlanması ilə bağlı daha çox yük düşdüyünü nəzərə alaraq belə qənaətə gəlir ki, 15 may 2017-ci il təvəllüdlü Cəlilzadə Kənan Zahid oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Saatlı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(055)-1178/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş və cavabdehdən tutulmalı olan 150 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək yaşayış minimumu məbləğinə nisbətən yaxın olması üçün 180 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilərək ondan hər ay 100 manat məbləğində alimentin tutulmasına dair hissədə iddia tələbi ilə bağlı isə onu qeyd etməyi zəruri sayır ki, Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq, məhkəmə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını müəyyən etmək səlahiyyətinə malik olduğundan, cavabdehi 2 il ərzində hər ay 20 manat sabit pul məbləğində Kənan Cəlilzadənin müalicəsinə çəkilən xərclərə cəlb etməkdə haqlı olmuşdur. O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi ilə bağlı arayışda Kənan Cəlilzadənin sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2024-cü ilədək müəyyən edilmişdir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 15 may 2017-ci il təvəllüdlü Kənan Cəlilzadəyə sağlamlıq imkanları məhdud olduğundan müalicəsi üçün dövlət tərəfindən 250 manat məbləğində, ona xidmət etdiyi üçün iddiaçıya isə 50 manat məbləğində təqaüd təyin edilmişdir. Bununla yanaşı, cavabdehin hər hansı rəsmi iş yeri və gəlirinin olmaması və işaxtaran kimi qeydiyyata alınması, Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq, cavabdehin də maddi vəziyyətinin nəzərə alınaraq onun ödəniş qabiliyyətindən yüksək məbləğdə əlavə xərclərə cəlb edilməsi ədalətli olmayacaqdır və aliment öhdəliklərinin icrasında problemlərə səbəb olacaqdır. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, cavabdehdən iddiaçının xeyrinə hər ay 180 manat məbləğində sabit pul məbləğində aliment tutulacaq və bundan əlavə 2 il müddətinə hər ay 20 manat sabit pul məbləğində əlavə xərclərə cəlb olunma nəticəsində, cavabdehin ümumi aliment öhdəliyi 200 manat təşkil edəcəkdir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında da bildirilir ki, məhkəmə aliment miqdarının dəyişdirilməsinin aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz və o, çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(055)-1178/2022 saylı qətnaməsi aliment məbləğinin müəyyənləşdirilməsi hissəsində dəyişdirilsin. Saatlı Rayon Məhkəməsinin 25 dekabr 2020-ci il tarixli, 2(055)-1322/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq 15 may 2017-ci ildə anadan olmuş Cəlilzadə Kənan Zahid oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün atası – cavabdeh Cəlilzadə Zahid Vahid oğlundan hər ay 180 manat sabit pul məbləğində aliment tutulub anası – İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlanılsın. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-461/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-461/2023
15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver