Məhkəmə qərarları › İş №2(106)-469/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-469/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-469/2024 10.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Salyan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı MMC-nin cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına qarşı müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması tələbinə və iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 11360 (on bir min üç yüz altmış) manat məbləğin və iddiaçı tərəfindən ödənilmiş 124.08 (yüz iyirmi dörd tam, yüzdə səkkiz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini xahiş etmişdir. İddiaçı MMC tələbini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı (İddiaçı MMC) müxtəlif növ mebel avadanlıqlarını alıcıya (Cavabdeh) satmağı, alıcı isə malı alıb, müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın adı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizm-aksesuarların sayı və digər detalların hər biri alıcı ilə yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin müqavilənin 2.6-cı bəndinə əsasən satıcı ilə alıcı arasında ödəmə prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir. Müqaviləyə əsasən ödəniş müqavilə bağlanan gün 26530 manat (50 %), mebelin təhvili müddətinə 10 gün qalmış 13265 manat (25%), mebel təhvil verildikdə 13265 (25%) manat olacaqdır. Müqavilənin 4.2-ci maddəsində alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilənin 4.2-ci bəndində göstərilən müddətdə sifarişin çatdırılması və quraşdırılması mümkün olmadıqda, tərəflərin qarşılıqlı razılığı əsasında bu müddət uzadıla bilər. MMC-nin iddiasına görə, müqavilə öhdəliklərinin icrası sifarişçi Cavabdeh tərəfindən süni şəkildə ləngidilir. Dəfələrlə onunla apardıqları şifahi telefon danışıqlarına baxmayaraq cavabdeh mebelin evdə quraşdırılmasına əngəl törədir və müqavilə öhdəliklərini birtərəfli qaydada pozmuş hesab edir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan da göründüyü kimi, cavabdehin xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə öhdəliklərinin icrasına mane olmaması və öhdəliklərin tam şəkildə icra edilməsi üçün şərait yaratmasını bildirsələr də cavabdeh bundan yayınmaqda davam etmişdir. Bundan başqa, Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı cavabdeh İddiaçı MMCyə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 10 oktyabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə geri ödənilməli olan 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 (altı min səkkiz yüz qırx beş) manat penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 (on min üç yüz iyirmi bir) manat zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 (dörd yüz) manat, fotosessiya üçün ödənilən 200 (iki yüz) manat, tibbi xərclərə görə 1133 (min yüz otuz üç) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat, vəkil orderi üçün 100 (yüz) manat, ümumilikdə 62329 (altmış iki min üç yüz iyirmi doqquz) manat maddi zərər və 20000 (iyirmi min) manat mənəvi zərər, ümumilikdə 82329 (səksən iki min üç yüz iyirmi doqquz) manat pul məbləğinin cavabdeh İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, sifarişə uyğun gəlməyən, keyfiyyətsiz və yarımçıq mebellər təhvil vermişdir. N.Əkbərova tələbində göstərmişdir ki, İddiaçı MMC ilə araslarında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə onun tərəfindən mətbəx, dəhliz və yataq otağı üçün lazım olan bütün mebel avadanlıqları, o cümlədən, qarderob və TV Stend sifariş verilmiş və ümumilikdə 41830 (qırx bir min səkkiz yüz otuz) manat ödəniş edilmişdir. Əldə olunan razılaşmaya əsasən İddiaçı MMC 25 dekabr 2022-ci il tarixinədək mebel avadanlıqlarını tam şəkildə təhvil verməli idi. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, sifarişə uyğun gəlməyən, keyfiyyətsiz və yarımçıq mebellər təhvil vermişdir. Bu hal tam 4 dəfə yaşanmış və hər dəfə quraşdırılan yanlış mebellər yenidən sökülüb aparılmışdır. Sözügedən şirkətin əməkdaşları aparılan söküntü işləri nəticəsində mənzilinə böyük ölçüdə zərər vurmuşlar. Belə ki, əməkdaşların qeyri-peşəkar fəaliyyəti nəticəsində N.Əkbərovanın sahib olduğu mənzil bərbad vəziyyətə salınmışdır. Göstərilən səbəbdən onun tərəfindən 10 oktyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi birtərəfli qaydada ləğv edilmiş, bu barədə İddiaçı MMC-yə məlumat verilmişdir. Həmçinin ödənilən 41830 manat və gecikdirilmiş günlər üçün penya ödənilməsi tələb olunsa da, şirkət tərəfindən geri ödəniş edilməmiş, müxtəlif bəhanələrlə ödəmənin həyata keçirilməsinə maneələr törədilmişdir. N.Əkbərova tələbində onu da göstərmişdir ki, onun evində 7 dəfə mətbəx mebeli, 3 dəfə qarderob qurulmuşdur. O, seçdiyi mebellərin təhvil verilməsini tələb etsə də, şirkət onun seçdiyi mebelləri ona təhvil verməmişdir. xx.xx.2023-cü il tarixdə ondan xahiş etmişlər ki, may ayının 31-nə kimi möhlət versin, hər şeyi qaydasına qoyacaqlar. Lakin işləri qaydasına qoyan olmamışdır. O, şirkətin əməkdaşları olan Nigar və Sara adlı xanımlarla mobil telefon əlaqəsi saxlamış, məhkəmə iclasında iştirak edəcəklərini soruşmuş, onlar demişlər ki, onlara məhkəmə iclası barədə heç bir məlumat verilməmişdir. Şirkətin əməkdaşları Bəxtiyar ilə Sara xanım evinə gələrək ölçü işi aparmışlar. Mebel gətirəndə azyaşlı bir uşaq gəlmiş, kim olduğunu soruşduqda bildirmişdir ki, ustadır. Mebelin kantlarını qəhvəyi rəng istəsə də, başqa rəngdə gətirilmişdir. İlkin adlı şəxs yanvar ayında onun evinə getmiş və orada olan vəziyyəti gördükdən sonra ondan üzr istəmişdir. Tez bir zamanda nöqsanı aradan qaldıracağını bildirmişdir. Gətirilən mebellər əslində onun sifarişi deyil, başqa mebellər olmuşdur. 3-cü dəfə evinə başqa usta gələndə isə usta bildirmişdir ki, bütün mebellər əvvəldən səhv kəsilmiş və qurulmuşdur. Zərərin hesablanması məqsədilə qiymətləndirici mütəxəssis dəvət edilmiş, mənzilin təmirinə dəymiş zərərin hesablanması üzə qiymətləndirmə aparılmış və 14 aprel 2023-cü il tarixli, “Dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabat tərtib olunmuşdur. Hesabat üzrə mənzilə dəymiş zərər divar işləri üzrə 2680 manat, tavan işləri üzrə 661 manat döşəmə işləri üzrə 5892 manat, digər işlər üzrə 150 manat, ümumi məbləğin 10%-i həcmində, yəni 983 manat məbləğində cari və gözləniləməyən xərclər, smeta üzrə cəmi 10321 manat məbləğində hesablanmışdır. Qiymətləndirmənin aparılması xidmətinə görə qiymətləndirici şirkətə 400 manat məbləğində ödəniş edilmişdir. İddiaçı onu da göstərmişdir ki, həyat yoldaşı X6 tərəfindən toy günü foto çəkilişlərin aparılması üçün əvvəlcədən 200 manat məbləğində beh ödənilmişdir. Lakin cavabdeh şirkətin mənzilə yanlış mebel quraşdırması və söküntü işləri apararkən mənzili bərbad hala salması səbəbindən əvvəlcədən haqqı ödənilməsinə baxmayaraq, foto çəkilişlər həyata keçirilməmişdir. Həmçinin, yaşadıqları güclü stress səbəbindən iddiaçı və həyat yoldaşının səhhətində ciddi problemlər yaranmışdır. O cümlədən, cavabdeh şirkətin əməkdaşları tərəfindən dağıdılan divarların yaratdığı toz qatı səbəbindən iddiaçının tənəffüs orqanlarında allergik reaksiya əmələ gəlmiş və bu, şəxsin səhhətinin ciddi şəkildə pozulmasına gətirib çıxarmışdır. Bundan başqa, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə İddiaçı MMC-nin direktoru İlkin Manafov Cavabdeh qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin tərəflərindən tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 11360 (on bir min üç yüz altmış) manat məbləğin və tərəflərindən ödənilmiş 124.08 (yüz iyirmi dörd manat səkkiz qəpik) manat məhkəmə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan, iddiaçı X1 cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilkin, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş, Salyan Rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh X3 qarşı maneənin aradan qaldırılması vəzifəsinin həvalə edilməsi və s. tələbinə dair iddia ərizəsi üzrə 2(057)-1121/2023 saylı mülki işə birləşdirilmiş, həmin işlərə 2(057)- 1121/2023 nömrə altına bir icraatda baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin (hakim Ə.Məmmədli) 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilmiş, Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə mebelin quraşdırılması işlərinin tam icra edilməsi üçün şəraitin yaradılması və ödənilməmiş 1160 (bir min yüz altmış) manat pulun və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzi olaraq 31,60 (otuz bir manat, altmış qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi, İddiaçı MMC-nin iddiasının qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, özünün iddia tələbinin tam təmin edilməsi, İddiaçı MMC-nin iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh N.Əkbərova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə onun tərəfindən mətbəx, dəhliz və yataq otağı üçün lazım olan bütün mebel avadanlıqları, o cümlədən, qarderob və TV Stend sifariş verilmiş və ümumilikdə 41830 (qırx bir min səkkiz yüz otuz) manat ödəniş edilmişdir. Əldə olunan razılaşmaya əsasən İddiaçı MMC 25 dekabr 2022-ci il tarixədək mebel avadanlıqlarını tam şəkildə təhvil verməli idi. Lakin İddiaçı MMC müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, sifarişə uyğun gəlməyən və keyfiyyətsiz mebellər təhvil vermişdir. Bu hal tam 4 dəfə yaşanmış və hər dəfə quraşdırılan yanlış mebellər yenidən sökülüb aparılmışdır. Şirkətin əməkdaşları aparılan söküntü işləri nəticəsində mənzilinə böyük ölçüdə zərər vurmuşlar. Bu səbəbdən onun tərəfindən alqı-satqı müqaviləsi birtərəfli qaydada ləğv edilmiş, bu barədə İddiaçı MMC-yə məlumat verilmişdir. Ödənilən 41830 manat və gecikdirilmiş günlər üçün penya ödənilməsi tələb olunsa da, şirkət tərəfindən heç bir ödəniş edilməmiş, müxtəlif bəhanələrlə ödəmənin həyata keçirilməsinə maneələr törədilmişdir. Şirkətin qanunsuz hərəkətləri ilə maddi və mənəvi zərər çəkmişdir. Şikayətə görə, Salyan Rayon Məhkəməsinin qətnaməsini qanunsuzdur. Cavabdeh apellyasiya şikayətində onu da qeyd etmişdir ki, qətnaməyə görə, 10.000 manat məbləğin “kompensasiya” edilməsinə səbəb məhz şirkətin müqavilə öhdəliklərini kobud şəkildə pozması və ona vurulan zərərdir. Belə ki, İddiaçı MMC hələ məhkəmə prosesindən öncə bunu dəfələrlə qeyd etmişdir. Lakin məhkəmə bu halı vurğulamadan, 10 min manat pul məbləğinin hansı səbəbə kompensasiya olduğunu qeyd etmədən belə bir nəticəyə gəlmiş, bununla yanaşı onun üzərinə şirkətin xeyrinə əlavə pul məbləği ödəmək öhdəliyini qoymuşdur. Cavabdeh şikayətində göstərmişdir ki, məhkəmə sübut qismində iş materiallarına əlavə olunmuş 14 aprel 2023-cü il tarixli, DZ/0120 nörməli “Dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata, tərəflər arasındakı yazışmalara, o cümlədən səs yazılarına və əlavə olunmuş digər sübutlara mahiyyəti üzrə qiymət verilməmişdir, iddianın rədd olunma səbəbi lazımi qaydada əsaslandırılmamışdır. Məhkəmə müqavilə üzrə geri ödənilməli olan 41830 manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 manat məbləğində penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 manat məbləğində zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 manat, fotosessiya üçün ödənilən 200 manat, tibbi xərclərə görə 1133 manat, hüquqi yardımın göstərilməsinə görə 1500 manat, vəkil orderi üçün 100 manat, ümumilikdə 62329 manat maddi zərər və 20000 manat məbləğində mənəvi zərər, toplamda 82329 manat pul məbləğinin ödənilməsi barədə iddianı rədd edərkən məhkəmə heç bir əsaslandırma aparmamışdır. Apellyasiya şikayətinə qarşı İddiaçı MMC-nin yazılı müraciəti (etirazı) daxil olmuşdur. İddiaçı MMC müraciətində, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. MMC müraciətində göstərmişdir ki, sifarişçi tərəfindən mebelin quraşdırılmasına ciddi şəkildə maneələr törədilmişdir. Etiraza görə, sifarişçinin tez-tez mebel avadanlıqaları ilə bağlı fikrinin dəyişməsi, onun mebel texnikalarının iddiaçı tərəfindən düzgün alınmaması, mebellərin onun iştirakı ilə quraşdırılması istəyi, mebellerin quraşdırılmasının ləngiməsinə səbəb olmuşdur. Mebellərin quraşdırılması üçün sifarişçi tərəfindən tam şərait yaradılmamışdır. Müqavilə öhdəlikləri MMC tərəfindən pozulmamışdır, müqavilə öhdəlikləri iddiaçı tərəfindən pozulmuşdur. Bununla belə, sifarişçiyə 10.000 manat güzəşt edilmişdir. xx.xx.2023-cü il tarixdə N.Əkbərovanın ünvanına bildiriş göndərilsə də o, müqavilənin icrasından boyun qaçırmışdır. İzahatlar Apellyasiya baxışında cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, onun iddia tələbinin tam təmin edilməsi, İddiaçı MMC-nin iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, xx.xx.2022-ci ildə İddiaçı MMC ilə bağlanmış müqaviləyə uyğun olaraq noyabrın əvvəlində mebellər təhvil verilməli idi, lakin təhvil verilmədi. xx.xx.2022-ci il tarixində evdə fotosesiya olmalı idi, lakin mebellər təhvil verilmədiyindən fotosesiya baş tutmamışdır. Fotosesiyaya görə verilmiş 200 manat beh, ümumilikdə 1500 manat pul batmışdır. Mebellər gələndə ölçülər düz deyildi, bərbad vəziyyətdə idi. Bu səbəbdən mebelləri qura bilmədilər. Bir neçə dəfə yazışdıqdan sonra yanvar ayının 23-ü gəlib mebelləri apardılar. Ona ziyan dəymişdir: quraşdırılmayan mebelə görə- 41830 manat, gecikdirilməyə görə ziyan, mənzilə vurulan 10321 manat zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 manat, fotosessiya üçün ödənilən 200 manat, tibbi xərclərə görə 1133 manat, hüquqi yardımın göstərilməsinə görə 1500 manat. N.Əkbərovanın nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, N.Əkbərovanın iddiasının tam təmin olunması, İddiaçı MMC-nin iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdehin bütün dedikləri faktlardır. N.Əkbərovanın iddiası təmin olunmalıdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, müqavilə şərtlərinə uyğun olaraq hər bir şeyi təmin edə bilərlər. Həmin mebellərin hissələri hazırdır. Cavabdeh şərait yaratmır. Mebelləri quraşdıranda hər dəfə müəyyən bəhanələr gətirərək quraşdırmaqdan yayınmışdır. Bundan başqa, nümayəndə, iddiaçı tərəfindən təqdim edilmiş SMS (Whatsap) yazışmalarının kimə məxsusluğunun məhkəmə tərəfindən aydınlaşdırılmadığını qeyd etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, maddi və prosessual hüquq normaları pozulduğundan birinci instansiya məhkəməsi qətnaməsi ləğv edilməlidir. İşin hallarından görünür ki, İddiaçı MMC-nin (Şirkət) direktoru (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında sonuncunun mənzilində mebel quraşdırılması ilə əlaqədar xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən “satıcı” müxtəlif növ mebel avadanlıqlarını alıcıya satmağı, alıcı isə malı alıb, bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən, malın adı, sayı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizm-aksessuarların sayı və digər detalların hər biri alıcı ilə yazılı razılaşma ilə müəyyənləşdirilir. Müqavilənin 2.6-cı bəndinə əsasən, satıcı ilə alıcı arasında ödəmə prosesi aşağıdakı ardıcılıqla həyata keçirilir. Müqaviləyə əsasən ödənişi müqavilə bağlanan gün 26530 manat (50%), mebelin təhvil müddətinə 10 gün qalmış 13265 manat (25%), mebel təhvil verildikdə 13265 manat (25%) olacaqdır. Müqavilənin 2.7-ci bəndinə əsasan, mebeldən əlavə, təzgahlıq, texnika və başqa elementlərin ödənişi 100 % ödəniş edildikdən sonra alıcıya göndərilir. Bu ödənişlər mebellə əlaqələndirilmir. Müqavilənin 3.7-ci bəndinə əsasən, alıcı müqavilə imzaladıqdan və mebelin dəyərinin 60 % ödənişi (beh məbləği) alındıqdan sonra müqaviləni birtərəfli qaydada 3 gün ərzində sonlandıra bilər. Bu zaman müqavilə dəyərinin 25 %-i satıcıya dizayn xidməti kimi ödənilir. Müqavilə imzalandığı gündən 3 gün sonra, alıcı hər hansı bir səbəbdən fikrini dəyişərsə, satıcı tərəfindən heç bir məbləğ geri ödənilmir. Müqavilənin 4.1-ci bəndinə əsasən, malın sifarişi tərəflərin qarşılıqlı razılığı əsasında sifariş forması əsasında müəyyən olunur. Həmçinin müqavilənin 4.2-ci bəndinə əsasən, alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilənin 4.2-ci bəndində göstərilən vaxtda sifarişin çatdırılması və quraşdırılması mümkün olmadıqda, tərəflərin qarşılıqlı razılığı əsasında bu müddət uzadıla bilər. Həmçinin müqavilənin 4.11-ci bəndinə əsasən, alıcı, sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün mebel dəyərinin 0,1 % dəyərində kompensasiya istəmə hüququna malikdir. Həmin müqavilənin 4.12-ci bəndinə əsasən, mebelin təhvil müddəti 4.2-ci bəndində olan müddətdə həyata keçməsi üçün alıcı, müqavilə bağlandığı gündən 10 iş günü ərzində, istifadə ediləcək texnika siyahısı təqdim etməli və son ölçü götürmək üçün yeri hazır vəziyyətə gətirməlidir. Digər hallarda, təhvil müddəti son ölçü götürüldüyü gündən hesablanacaq. Hazırki tələbində İddiaçı MMC xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 11360 (on bir min üç yüz altmış) manat məbləğin ona ödənilməsini xahiş etmişdir. Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsini tələb etmiş və tələbini belə əsaslandırmışdır ki, müqavilə üzrə onun tərəfindən mətbəx, dəhliz və yataq otağı üçün lazım olan bütün mebel avadanlıqları, o cümlədən, qarderob və TV Stend sifariş verilmiş və ümumilikdə 41830 (qırx bir min səkkiz yüz otuz) manat ödəniş edilmişdir. Əldə olunan razılaşmaya əsasən İddiaçı MMC 25 dekabr 2022ci il tarixinədək mebel avadanlıqlarını tam şəkildə təhvil verməli idi. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, sifarişə uyğun gəlməyən, keyfiyyətsiz və yarımçıq mebellər təhvil vermişdir. Bu hal tam 4 dəfə yaşanmış və hər dəfə quraşdırılan yanlış mebellər yenidən sökülüb aparılmışdır. Sözügedən şirkətin əməkdaşları aparılan söküntü işləri nəticəsində mənzilinə böyük ölçüdə zərər vurmuşlar. Belə ki, əməkdaşların qeyri-peşəkar fəaliyyəti nəticəsində N.Əkbərovanın sahib olduğu mənzil bərbad vəziyyətə salınmışdır. Birinci instansiya məhkəməsi tərəflərin alqı-satqı münasibətlərində olduğu, onlar arasında nisyə alqı-satqı müqaviləsi bağlandığı qənaətinə gələrək nisyə alqı-satqı münasibətlərini tənzilmləyən maddələri tətbiq etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Kollegiya qeyd edir ki, tərəflər arasında mebel quraşdırılması üçün alqı-satqı müqaviləsi adlı müqavilə bağlansa da onların arasında podrat münasibətləri olmuşdur. Mahiyyətcə tərəflər arasında podrat müqaviləsi bağlanmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-765-ci maddələrinə əsasən: 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 443.2-ci maddəsinə əsasən, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddia tələbləri ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halları odur ki, tərəflər arasında mebel quraşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən sifarişçi N.Əkbərova tərəfindən 26530 manat (50 %), mebelin təhvil müddətinə 10 gün qalmış 13265 manat (25 %), mebel təhvil verildikdə 13265 manat (25 %) olmaqla, cəmi 53060 manat pulun ödənilməsi barədə razılıq olmuşdur. İzahatlardan və təqdim edilmiş sübutlardan, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh həmin tarixlərdə İddiaçı MMC-yə ödənişlər etmişdir. Sifarişçi N.Əkbərova tərəfindən tərəfindən ayrıayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 41830 manat pul ödənilmişdir. 11360 manat pul ödənilməmiş qalmışdır. Kollegiyanın mövqeyinə görə, tərəflər arasında alqı-satqı müqaviləsi adlı müqavilə bağlansa da mahiyyətcə onların arasında podrat müqaviləsi bağlanmışdır. Təqdim edilmiş sübutlardan müəyyən edilir ki, İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı MMC Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 756 və 762.2-ci maddələrinə əsasən müqavilə şərtlərinin yerinə yetirilməsi üçün şərait yaradılmasını və yerinə yetirilməmiş işin haqqını (qalıq haqqını) tələb etmişdir. MMC-nin tələbinə görə, hazırlanmış mebellər şərtləşdirilmiş keyfiyyətə uyğun gəlir, qüsurlardan azaddır. İddiaçı MMC-nin iddiası üzrə cavabdeh N.Əkbərova mebellərin müqavilə şərtlərinə uyğun olaraq vaxtında quraşdırılmadığını, eləcə də kəmiyyət və keyfiyyət göstəricilərinə uyğun gəlmədiyini bildirmişdir. İşin hallarından görünür ki, şirkətin müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməməsi, mebellərin sifarişə uyğun gəlməməsi, keyfiyyətsiz və yarımçıq mebellər təhvil verilməsi, hər dəfə quraşdırılan yanlış mebellərin dəfələrlə sökülüb aparılması, söküntü işləri nəticəsində mənzilinə böyük ölçüdə zərər vurulması, şirkətin onun seçdiyi mebelləri ona təhvil verməməsi, möhlət istəsələr də heç bir nəticəsinin olmaması, sifarişçinin Şirkətin əməkdaşları olan Nigar və Sara adlı xanımlarla mobil telefon əlaqəsi saxlaması, Şirkətin əməkdaşları Bəxtiyar ilə Sara xanım evə gələrək ölçü işi aparması, mebelin kantlarını qəhvəyi rəng istəsə də, başqa rəngdə gətirilməsi, İlkin adlı şəxsin yanvar ayında onun evinə gələrək orada olan vəziyyəti gördükdən sonra ondan üzr istəməsi, gətirilən mebellərin əslində onun sifarişi deyil, başqa mebellər olduğu, 3-cü dəfə evinə başqa usta gələndə isə ustanın bütün mebellərin əvvəldən səhv kəsilib qurulduğunu bildirdiyi barədə iddiaçı Nərmin Əliyevanın izahatına qarşı cavabdeh MMC konkret dəlil göstərməmiş, arqument irəli sürməmişdir. N.Əliyevanın əri, məhkəmədə şahid qismində dindirilmiş X6 da ifadəsində göstərmişdir ki, toydan əvvəl evlərində mebel quraşdırmaq istəmişlər. İddiaçı MMC-nin işi onları qane etmədiyi üçün Şirkətlə danışıq apararaq aralarındakı müqaviləni pozmaq istəmişlər. Sonradan məlum olmuşdur ki, Şirkət onları aldadır. 41830 manat mebel üçün pul vermişlər. Onlar işi 2 aya təhvil verməliydilər. Lakin toyları olub evə qayıdanda evi bərbad vəziyyətdə görmüşlər. xx.xx.2022-ci ildə mebelləri onlara təhvil verməliydilər. Həmin gün toy günləri olmuşdur. Evin açarını da İddiaçı MMC-nin işçilərinə vermişlər. X5, Şirkətin əməkdaşları ilə, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli telefonlarla “Whatsapp” sosial şəbəkəsində aparılmış yazışmalarını təqdim etmişdir. Həmin yazışmaların məzmunundan görünür ki, mebellər sifarişə uyğun gəlmədiyinə, keyfiyyətsiz və yarımçıq olduğuna, mebellərin quraşdırılmasının yubadılmasına, onun seçdiyi mebellərin ona təhvil verilməməsinə, möhlət istəsələr də heç bir nəticəsinin olmamasına dair N.Əliyeva şikayətlər etmiş, qarşı tərəf isə onu sakitləşdirərək, öhdəliklərini yerinə yetirəcəklərin söz vermişlər. Apellyasiya baxışında İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsi, iddiaçı tərəfindən təqdim edilmiş SMS (Whats ap) yazışmalarının kimə məxsusluğunun məhkəmə tərəfindən aydınlaşdırılmadığını qeyd etmişdir. Kollegiya MMC-nin etirazını əsassız sayır. Belə ki, sübut birinci instansiya məhkəməsinə təqdim edilərkən və araşdırılarkən N.Əliyevanın iddiası üzrə cavabdehin nümayəndəsi etirazını bildirməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, təqdim edilən ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrəli telefonlarla “Whatsapp” sosial şəbəkəsində aparılmış yazışmaların məzmunundan göründüyü kimi, alıcı Nərmin Əkbərova satıcı İddiaçı MMC-nin gördüyü işdən narazıdır. Birinci instansiya məhkəməsi də hesab etmişdir ki, mebellərlə bağlı müəyyən istehlakçı qüsurların olması hazırkı işin mübahisəsiz halıdır. Məhkəmənin qətnaməsinə iddiaçı MMC etiraz etməmişdir. Bununla yanaşı, məhkəmə belə qənaətə gəlmişdir ki, sifarişçi X5 tərəfindən alğı-satqı müqaviləsinin şərtləri pozulmuşdur. İddiaçı MMC tərəfindən X1 mənzilində quraşdırılmış mebellərin tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olub-olmadığını, hazırlanmış mebellərin yararlılığını, mebellərin quraşdırılması zamanı Cavabdeh mənzilinə ziyan vurulub-vurulmamasını, ziyan vurulduğu təqdirdə ziyanın miqdarını, eləcə də quraşdırılmış mebellərin hazırki vəziyyətdə orta bazar dəyərini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2024-cü il tarixli, 9/3168 nömrəli rəyinə görə mübellərlə bağlı ekspertiza tədqiqatına təqdim edilmiş 02 adda malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2.700,00 manat müəyyən olunur. Qeyd edilir ki, təqdim edilmiş mallar sifariş əsasında hazırlandığından müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istina edilmir. Digər 05 adda mallar natamam olduğundan həmin mallar üzrə qiymətləndirmə aparılmadı. Tamamilə quraşdırılmayan mebellər üzrə qiymətləndirmə apararaq obyektiv nəticəni əldı etmık mümkün deyil. Həmin mebellərin hissələri tamamilə quraşdırıldıqdan sonra qiymətləndirmə aparmaq mümkündür. Ekspert rəyinə görə quraşdırılan mebellər faktiki ödənilən məbləğə uyğun deyil. Kollegiya iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2024-cü il tarixli rəyini sübut olaraq qəbul edir. Beləliklə, təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı MMC tərəfindən X1 mənzilində tam quraşdırılmamışdır, natamamdır. Quraşdırılmış 2,85 x 2,80 m ölçülü, aşağı hissəsi 3 ədəd siyirmədən ibarət televizor stendinin orta bazar qiyməti– 1200 manat, üzəri parça materialdan olan 2,15 x 1,96 m bazalı çarpayının matrası ilə birlikdə qiyməti 1500 manatdır. N.Əkbərova izahatında bildirmişdir ki, mebellər natamam olmaqla yanaşı, onların keyfiyyəti də qüsurlu olmuşdur. Mebellər sifarişə uyğun gətirilmədiyindən (rəngi və s.) şirkət mebelləri bir neçə dəfə söküb aparmış, ona görə mənzilə də ziyan dəymişdir. Qanunun tələbinə görə, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Bundan başqa, müəyyən edilir podratçı MMC sifarişi müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilir. Bu müddət tərəflərin arasında başqa müddət müəyyən edilmədiyi halda 2023cü il, fevralın 22-nə təsadüf edir. Həmin müddətdə mebel təhvil verilməmişdir. Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən edilir ki, N.Əkbərovanın evinə müqavilə şərtlərinə uyğun quraşdırılmalı olan mebellər müqavilə şərtlərinə uyğun quraşdırılmamış, kəmiyyətcə natamam olmuş və vaxtında təhvil verilməmişdir. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə də uyğun olmamışdır, qüsurlardan azad deyil. Belə halda iddiaçı N.Əliyevanın tələbi qanuni və əsaslı, İddiaçı MMC-nin tələbi əsassız hesab edilməlidir. N.Əliyeva iddiasında müqavilədən imtina etməklə, ödənilən pul vəsaitinin qaytarılmasını tələb etmişdir. Belə ki, Qanunun tələbinə görə, sifariş edilən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (Mülki Məcəllənin 765-ci maddəsi). N.Əkbərova tərəfindən 41830 manat pul vəsaitinin ödənilməsi faktı mübahisə edilmir. Kollegiya hesab edir ki, həmin hissədə iddia təmin edilməli və 41830 manat pul vəsaiti manat podratçı İddiaçı MMC-dən tutulub sifarişçi Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına ödənilməlidir. N.Əkbərova ərizəsində və apellyasiya şikayətində gecikdirilmiş günlər üçün hesablanan 6845 manat penya tələb etmiş, bu tələbini belə əsaslandırmışdır ki, şirkət mebeli 90 gün müddətinə quraşdırmağı öhdəsinə götürsə də mebelləri həmin müddətdə təhvil verməmiş, öhdəliyini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.11-ci bəndinə əsasən, alıcı, sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün mebel dəyərinin 0,1 % dəyərində kompensasiya istəmə hüququna malikdir. xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq (90 iş günü nəzərə alınmaqla), mebelin quraşdırılması 2023-cü ilin fevralı 22-də təhvil verilməli idi. Lakin bu müddətdə mebel təhvil verilməmişdir. Müəyyən edilir ki, N.Əkbərova iddia ərizəsini təqdim edənə qədər gecikdirilmə (gecikdirilən iş günlərinin sayı)- 64 gün təşkil edir. İddia təqdim edilən tarixə, hər gecikən iş günü üçün mebelin dəyərinin 0,1 faizi, 64 günə görə 6,4 faiz gecikmə əmsalı tətbiq edilməlidir. Bu baxımdan iddiaçı N.Əkbərovanın 3395,84 manat kompensasiya tələb etmək hüququ vardır və Kollegiya hesab edir ki, həmin hissədə iddia 3395,84 manat həddində təmin edilməlidir. N.Əkbərova cavabdeh şirkətdən mənzilə vurulan zərərə görə 10321 manat, qiymətləndirmə aparılması xidmətinə görə ödənilmiş 400 manat, fotosessiya üçün ödənilən 200 manat, tibbi xərclərə görə 1133 manat tələb etmişdir. Mənzilə ziyan vurulub-vurulmadığını, ziyan vurulduğu təqdirdə vurulan zərərin miqdarını müəyyən etmək üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Mənzilə ziyan vurulması ilə bağlı ekspert rəy verməmişdir. Ona görə Kollegiya mənzilə ziyan vurulub-vurulmadığını, ziyan vurulduğu təqdirdə vurulan zərərin miqdarını müəyyən etmək üçün əsas tapmır. Mənzilə vurulan ziyan tələbi təmin edilmədiyindən qiymətləndirmə aparılması xidmətinə görə ödənilmiş 400 manat hissədə iddia da təmin edilməməlidir. Kollegiya fotosessiya üçün ödənilən 200 manat tələbini təmin etmək üçün də əsas tapmır. Belə ki, təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının özü deyil, həyat yoldaşı X6 tərəfindən toy günü foto çəkilişlərin aparılması üçün əvvəlcədən 200 manat məbləğində beh ödənilmişdir. Tibbi xidmətlər görə 1113 manat tələbini iddiaçı belə izah etmişdir ki, güclü stress səbəbindən iddiaçı və həyat yoldaşının səhhətində ciddi problemlər yaranmışdır. Cavabdeh şirkətin əməkdaşları tərəfindən dağıdılan divarların yaratdığı toz qatı səbəbindən iddiaçının tənəffüs orqanlarında allergik reaksiya əmələ gəlmiş və bu, şəxsin səhhətinin ciddi şəkildə pozulmasına gətirib çıxarmışdır. Bununla bağlı, iddiaçı özünün müayinə və müalicəsi ilə bağlı sübut təqdim etməmişdir. Bu baxımdan Kollegiya həmin hissədə də iddianı təmin etmək üçün əsas tapmır. Bundan başqa, iddiaçı X5 uzun müddət ərzində arzusuna uyğun istədiyi mebellərin Şirkət tərəfindən ona təhvil verilməməsi, sifarişə uyğun gəlməyən, keyfiyyətsiz və yarımçıq mebellər təhvil verilməsi, toydan sonra yeni mebel quraşdırılmış evə köçmək istəsə də qarşı tərəfin öhdəliyini yerinə yetirməməsi səbəbindən arzusunu həyata keçirə bilməməsi, toy üçün yeni mənzilində fotosessiya edə bilməməsi, cavabdeh şirkətin hərəkətləri nəticəsində mebellərin quraşdırılmaması ilə yanaşı, mənzilin bərbad vəziyyətə salnması və s hallarla bağlı mənəvi zərərə məruz qaldığını iddia etmiş, mənəvi zərərə görə 20000 manat tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların ... hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Kollegiya hesab edir ki, uzun müddət ərzində istədiyi mebellərin ona təhvil verilməməsi, sifarişə uyğun gəlməyən, keyfiyyətsiz və yarımçıq mebellər təhvil verilməsi, toydan sonra yeni mebellə quraşdırılmış evə köçmək istəsə də, qarşı tərəfin öhdəliyini yerinə yetirməməsi səbəbindən arzusunu həyata keçirə bilməməsi və s. kimi hallar X1 məyusluq, narahatlıq, stress və sair kimi neqativ hisslər keçirməsinə səbəb olan hallardır. Kollegiya N.Əkbərovanın keçirdiyi mənəvi sarsıntılara, daxili mənəvi-psixoloji iztirablara, o cümlədən qarşı tərəfin təqsiri ilə istədiyi əmlak əldə edə bilməməsinə görə mənəvi zərərə məruz qaldığını qeyd edir, ona vurulan mənəvi zərəri 5000 manat həcmində dəyərləndirir və hesab edir ki, vurulan mənəvi zərər görə təzminat olaraq həmin məbləğ İddiaçı MMC-dən tutulub Nərmin Əkbərovaya ödənilməlidir. İddiaçı N.Əhmədova hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1500 manatın və vəkil orderi üçün ödədiyi 100 manatın əvəzinin tutulmasını xahiş etmiş və bu barədə müvafiq sübutlarını təqdim etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC ilə X5 arasında hüquqi yardım haqqında 12 may 2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilədə hüquqi xidmətə görə 1500 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, N.Əkbərova tərəfindən hüquqi xidmətlərə görə həmin şirkətin hesabına 1500 manat köçürülmüşdür. MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Kollegiya hesab edir ki, göstərilən hüquqi yardıma görə ödənilmiş xərcə görə 1500 manatın İddiaçı MMC-dən tutulub X4 xeyrinə tutulmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən qətnamə ləğv edilməli, İddiaçı MMC-nin iddiası əsassız olduğundan təmin edilməməli, X1 iddiası yuxarıda göstərilən əsaslara görə qismən təmin edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, X1 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı MMC-nin cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına qarşı müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması tələbi təmin edilməməli, Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, mebel quraşdırılması ilə əlaqədar verilmiş 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 3395,84 (üç min üç yüz doğsan beş tam, 84) manat, vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat İddiaçı MMC-dən tutulub Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına ödənilməli, N.Əkbərovanın iddiası qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

qətetdi:

Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2(057)-1121/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına qarşı müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. İddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Mebel quraşdırılması ilə əlaqədar verilmiş 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 3395,84 (üç min üç yüz doğsan beş tam, 84) manat, vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat İddiaçı MMC-dən tutulub Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına ödənilsin. Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar