Məhkəmə qərarları › İş №2(106)-473/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-473/2025

19.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-473/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında yaranmış cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(057)-2121/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 may 2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. İş materiallarına əlavə olunmuş, 15 may 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcmi 4320 kub metr hesablanmışdır. Abonent nömrəsi **********00000 olan İddiaçı adına olan qaz sərfiyyatına dair saldodan görünür ki, abonentin 518.40 manat borcu vardır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğac yenisi ilə əvəzlənərək növbədənkənar diaqnostik yoxlamaya göndərilmişdir İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 may 2024-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən 4320 kub metr qaz sərfiyyatı üzrə hesablanmış 518.40 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Salyan rayonu Gəncəli kəndində yaşayır. Yaşadığı fərdi evdə xeyli vaxtdır ki, təbbi qazdan istifadə edir. Barəsində tərtib edimiş “Dəymiş ziyanın bərpasına dair” tələbnamədə qeyd edilmişdir ki, G-4 markalı **********8 saylı saygaca ümumi baxış keçirilərkən müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilib. Sayğac istismara yararsızdır. 10 may 2024-cü ildə cavabdeh təşkilatın əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan üzrə 4320 (dörd min üç yüz iyirmi) kubmetr qaz səfiyyatı hesablanmışdır. Həmin qazın dəyəri olan 518.40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat borc abonent saldosuna daxil edilmişdir. Bildirmişdir ki, onun və ailə üzvləri tərəfindən, qaz sayğacına müdaxilə edilməmişdir. Tərtib edilmiş aktda, qaz sayğacına istehlakçı tərəfindən müdaxilə edilmə halı göstərilməmişdir. Bundan əlavə sayğac açılıb labaratoriyaya göndərilərkən onun iştirakı ilə qablaşdırılmamış və möhürlənməmişdir. Labaratoriyada qaz sayğacına baxış keçirilərkən iştirakı təmin edilməmişdir. X5 gedərək, qaz idarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barəsində, etirazını bildirmişdir. Qaz sayğacına istehlakçı tərəfindən müdaxilə halı sübut olunmadan ədalətsiz olaraq borc şəklində öhdəlik, onun üzərimə qoyulmuşdur. Hesab edir ki, barəsində tərtib edilmiş akt ləğv edilməlidir. İstifadəsində olan qaz sayğacı həyətdən kənardadır. X4 əməkdaşları tərəfindən qaz sayğacı qoruyucu örtüklə təmin edilməmişdir. Qaz sayğacı qoruyucu örtüksüz və həmçinin həyətdən kənar olduğu üçün, başqa şəxslər tərəfindən ona edilən müdaxilələr qaçılmazdır. Ona görə də, “X1” X6 İstismar İdarəsinə qarşı 10 may 2024-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən 4320 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış 518.40 manat debitor borcun onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, qaz sayğacı həyətdən kənardadır. Sayğac qoruyucu örtüklə təmin edilməmişdir. Qaz sayğacı həyətdən kənar olduğu üçün başqa şəxslər tərəfindən ona edilən müdaxilələr qaçılmazdır. Bu səbəbdən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 bildirmişdir ki, vətəndaşın sayğacına baxış keçirilərkən məlum olmuşdur ki, abonentin sayğacında çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi mövcuddur. Bu hal əməkdaşlar tərəfindən aşkar olunmuş və lazımi tədbirlər görülmüşdür. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(057)-2121/2024 saylı qətnaməsi (hakim Vəsilə Əliyeva) ilə iddia rədd edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1097.3, 1097.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin 12 may tarixli, 80 nomrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5, 6.5-1, 6.5-1.1, 6.5- 1.2, 6.5-1.3, 6.5-2, 6.5-3, 6.5-4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü, “Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda qaz sərfiyyatının az göstərilməsi məqsədilə edilən müdaxilələr konkret olaraq təsdiq olunmuşdur. Rəsmi qurum tərəfindən təsdiqlənmiş akt və tələbnamə məhkəmə üçün etibarlı sübut hesab olunur. Tələbnamədə dəymiş ziyan dəqiq hesablanmış və qanuni aktlarla əsaslandırılmışdır. Borcun ləğvi ilə bağlı iddia yalnız istifadəçinin məsuliyyətini tamamilə aradan qaldıran qanuni əsaslarla təmin edilə bilər. Bu sənədlərdə isə borcun mövcudluğu təsdiqlənir. İddiaçı isə borcun mövcud olmadığını və ya hüquqi əsaslarının olmadığını sübut edə bilməmişdir. Məhkəmə müəyyən etdi ki, iddiaçının təqdim etdiyi sənədlər və arqumentlər borcun mövcud olmadığını sübut etmək üçün kifayət deyil. X1 tərəfindən təqdim olunan akt və tələbnamə, həmçinin dəymiş ziyanın hesablanması ilə bağlı rəsmi sənədlər borcun mövcudluğunu və hüquqi əsasını təsdiq edir. Odur ki, istifadəçi qaz təchizatı müqaviləsinin şərtlərinə uyğun olaraq ödəniş etmə öhdəliyini yerinə yetirmədiyi üçün məhkəmə iddianın rədd edilməsini daha əsaslı və qanuni hesab edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, Salyan rayon məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(057)-2121/2024 saylı qətnaməsində, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Cavabdeh "Azəriqaz” İstehsalat Birliyi əsassız varlanma istəyinə məhkəmədə heç bir sübut təqdim edə bilməmişdir. Salyan rayon məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(057)-2121/2024 saylı qətnaməsində, göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə görə öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qazpaylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hüquqqoruyucu öhdəlik münasibətləri müqavilə əsasında əmələ gəlmir. Bu cür münasibətlər zərər vurmaqdan, ziyan yetirməkdən və ya əsassız varlanmadan əmələ gəlir. Həmin münasibətlər iki cür olur: delikt öhdəlik münasibətləri; əsassız varlanma ilə bağlı olan öhdəlik münasibətləri. Delikt öhdəlik münasibətləri zərər vurmaq nəticəsində əmələ gəlir. Zərərin əvəzinin ödənilməsi mülki hüququn əsas prinsiplərindən biridir və bu, hüquq pozuntularının nəticələrinin aradan qaldırılması və zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının bərpası üçün nəzərdə tutulur. Mülki hüquqda zərərin ödənilməsi üçün dörd əsas ünsür mövcud olmalıdır:

1. Zərərin mövcudluğu Birinci və əsas şərt zərərin faktiki olaraq mövcud olmasıdır. Zərər əgər real olaraq baş verməyibsə, onun kompensasiyası da tələb edilə bilməz.

2. Hüquqazidd hərəkət və ya hərəkətsizlik Zərərin yaranmasına səbəb olan hərəkət və ya hərəkətsizlik hüquqazidd olmalıdır. Bu o deməkdir ki, zərər üçün cavabdeh olan şəxs qanunu, müqavilə öhdəliklərini və ya digər hüquqi normaları pozmuş olmalıdır. Məsələn, əmək müqaviləsi əsasında işləyən bir şəxs qanunsuz olaraq işdən çıxarılarsa, bu, hüquqazidd hərəkət sayılır və ya bir şəxs təhlükəli şərait yaratdığı halda bunun qarşısını almaq üçün heç bir tədbir görmürsə, bu, hüquqazidd hərəkətsizlik hesab edilir. 3.Səbəb-nəticə əlaqəsi Zərərin yaranması ilə hüquqazidd hərəkət arasında birbaşa əlaqə olmalıdır. Başqa sözlə, əgər hüquq pozuntusu baş verməsəydi, zərər də yaranmazdı. Məsələn, tikinti şirkəti təhlükəsizlik qaydalarına əməl etmədiyi üçün binanın uçması nəticəsində insanların əmlakına ziyan dəyirsə, burada səbəb-nəticə əlaqəsi açıq-aşkardır. 4.Zərər vuran şəxsin təqsirli olması Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, onun və ailə üzvləri tərəfindən, qaz sayğacına müdaxilə edilməmişdir. Tərtib edilmiş aktda, qaz sayğacına istehlakçı tərəfindən müdaxilə edilmə halı göstərilməmişdir. Sayğac həyətdən kənarda, açıq şəraitdə olmuş, qoruyucu ötrüklə təmin olunmamışdır. Bundan əlavə sayğac açılıb laboratoriyaya göndərilərkən iştirakı ilə qablaşdırılmamış möhürlənməmişdir. Laboratoriyada qaz sayğacına baxış keçirilərkən iştirakı təmin edilməmişdir. X5 gedərək, qaz idarəsinin əməkdaşlarının qanunsuz əməllərindən şikayət etmişdir. Məhkəmə prossesində mövcud mübahisə, tam və hərtərəfli aydımlaşdırılmamışdır. Yuxarıda qeyd etmiş olduğu hallar mühüm əhəmiyyət kəsb edir. Hesab edir ki, iddiaçının ona qarşı tələbi əsassızdır. Kollegiya dəlil ilə razılaşaraq qeyd edir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 518.40 manat ziyan hesablamışdır. İddiaçının sayğaca müdaxilə etməsi sübut olunmadığı halda, ona cərimə (əlavə sərfiyyat) hesablanması da qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Göründüyü kimi, hazırki iş üzrə istehlakçının sayğaca müdaxilə etməsi və sayğacdan kənar qazdan istifadə etməsi qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.

2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Kollegiya qeyd edir ki, cavabdeh tərəf yalnız formal mülahizələr irəli sürmüş, əsaslandığı halları, o cümlədən iddiaçının borcunun yaranmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(057)-2121/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “akt əsasında yaranmış cərimənin silinməsi” tələbinə dair iddia təmin edilərək, 518.40 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası

qətetdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2(057)-2121/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı “akt əsasında yaranmış cərimənin silinməsi” tələbinə dair iddiası təmin olunsun və akt əsasında hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar