Məhkəmə qərarları › İş №2(106)-478/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-478/2023

30.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-478/2023 30.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs X4 iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 2(050)3125/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 mart 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X8 və mərhum atası X5 miras qalmış Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətlərində olan 0,09 ha pay torpağının 2/5-dən, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsinin 2/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideynləri X21 ilə X14 nikahlarından onunla yanaşı Cahid və Vurğun adlı qardaşları doğulmuşdur. X38 01 mart 2011-ci il tarixdə, atası Cahangir Əliyev isə 24 may 2021-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfat edənədək Masallı rayonu, Birinci Yeddioymaq kəndində yaşamaqla həmin kənddə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-285B saylı şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha pay torpağının 2/5-i, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsinin 2/5-i onlara məxsus olmuşdur. Mərhum valideynlərinin ondan başqa birinci növbəli iki vərəsəsi vardır ki, onlardan biri Vurğun Əliyev vəfat etmiş, onun iki övladı qalmışdır. Rusiya Federasiyasında yaşamaqla, həmçinin vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi olmaqla bu barədə olan məhkəmə iclalarında iştirak etməli olduğundan valideynlərinin ölümündən sonra miras əmlakın qəbulu barədə notariat kontoruna vaxtında müraciət etməmişdir. Sonradan notariat kontoruna müraciət etdikdə isə mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirişlməsinin mümkün olmaması barədə məktub verilmişdir. Qanunvericiliyin tələbinə əsasən valideynlərinin birinci növbəli vərəsəsi olmaqla mirası qəbul etmək istəsədə Rusiya Federasiyasında yaşaması, həmçinin vəfat etmiş qardaşının hüquqi varisi kimi məhkəmə proseslərində iştirakı ilə bağlı ölkə hüdudlarından kənarda olmuşdur. Bu səbəbdən də mirasın qəbulu barədə notariat konturunda vaxtında ərizə verməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1146, 1243.2, 1246, 1248.1-ci maddələrinə istinad etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, İddiaçı həm paybəlli torpaq sahəsinə, həm də həyətyanı torpaq sahəsinə münasibətdə ümumi birgə mülkiyyətçidir. O, Rusiya Federasiyasında yaşayır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətdə olan 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində mərhum X2 həyat yoldaşı X16 və övladları yaşayır. 0,77 ha paybəlli torpaq sahəsini isə X17 istifadə edir. İddiaçının anası rəhmətə gedəndən sonra vərəsələrdən heç kim mirasın qəbul edilməsi üçün müraciət etməyib. Miras əmlak faktiki atanın istifadəsində olub. Atasının yas mərasimindən sonra Nahid bir müddətdən sonra Rusiya Federasiyasına getmişdir. 05 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış, 12 yanvar 2022-ci il tarixdə qardaşı Cahidlə birgə mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etmiş, notariat kontorunun notariusu 12 yanvar 2022-ci il tarixdə müddətin keçməsinə görə bundan imtina etmişdir. Sonda N.İ.Qurbanəli iddianın təmin edilməsini xahiş etdi. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Vüsal Sadıqov ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs X17 məhkəmə iclasında bildirdi ki, atası Cahangir Əliyevin 24 may 2021-ci il tarixdə vəfat etməsindən sonra xx.xx.2022-ci il tarixdə Nahid qısa müddət yas mərasimi ilə əlaqdər Rusiya Federasiyasından gəlmiş, bir müddət sonra qardaşı Vurğunun qətli ilə bağlı Rusiya Federasiyasında keçirilən istintaq və məhkəmə prosesində qanuni nümayəndə kimi iştirak etmək üçün geri qayıtmışdır. Qardaşı Vurğunun öldürülməsi ilə bağlı Rusiya Federasiyasının müvafiq məhkəməsinin qərarından zərərçəkmiş şəxsin hüquqi varisi kimi Nahid tərəfindən deyil, məhkum şikayət vermişdir. Nahid yenidən 05 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra onunla birgə 12 yanvar 2022-ci il tarixdə mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etmiş, notariat kontorunun notariusu 12 yanvar 2022-ci il tarixdə müddətin keçməsinə görə bundan imtina etmişdir. Sonda C.C.Əliyev iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, iddianı qəbul etmir. Mirasın qəbul edilməsi üçün müddət ötürülmüşdür. Sonda Nümayəndə iddianın rədd edilməsini xahiş etdi. 14 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında X16 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Mirasın qəbul edilməsi üçün müddət ötürülmüşdür. Sonda Ç.İddiaçıa iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)3125/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: C.Quliyev), İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı (üçüncü şəxlər İddiaçı və X16) miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması barədə iddiası təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Əliyev X13 Rayon Məhkəməsinin 2(050)3125/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)3125/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X17 apellyasiya icraatı zamanı məhkəmə kollegiyasından ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və üçüncü şəxs X9 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd olunan şəxslərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)3125/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbə vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılır. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altıay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246,1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarı”) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə ərizənin təmin edilməməsini, iddiaçının miras əmalkın qəbul edilməsinin müddətinin üzürlü səbəb olmadan ötürülməsi və bu müddətin uzadılması üçün əsasların olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)3125/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları və mübahisə predmeti üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün təfsir etməmiş, ərizənin təmin edilməməsi qənaətinə gələrkən, iddia tələbində göstərilən xahiş ilə bağlı təqdim edilmiş sübutları düzgün qiymətləndirməmiş və yekun olaraq düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apelyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apelyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 372-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, birinci instansiya məhkəməsində toplanılmış sübutları tədqiq edərək, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin sübutları, işin (mübahisənin) faktiki halları halları arasındakı ziddiyyətləri düzgün araşdırmayaraq, sübutları düzgün qiymətləndirməyərək işin həqiqi hallarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını səhv tətbiq və təfsir etməklə gəldiyi nəticənin apelyasiya qaydasında mübahisələndirilərək ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamənin surətindən görünür ki, Masallı Rayon Aqrar İslahat Komissiyasının 19 noyabr 1997-ci il tarixli, 167 saylı qərarı ilə X10, X6, X4, İddiaçı və X3 mülkiyyətinə 0,09 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən 0,77 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11, X7, X4, İddiaçı və X2 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan Ölüm haqqında arayışlardan görünür ki, X23 01 mart 2011-ci ildə, X18 24 may 2021-ci ildə ölmüşdür. İş materiallarında olan Doğum haqqında arayışlardan görünür ki, X17 28 iyun 1980- ci ildə, İddiaçı xx xxxxx 1982-ci ildə, X15 24 noyabr 1985-ci ildə doğulmuşdur, atası X21, anası X12r. İş materiallarında olan Nikah haqqında arayışdan görünür ki, X15 ilə X19 arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə (arvada) Əliyev (a) soyadı verilmişdir. İş materiallarında olan Doğum haqqında arayışlardan görünür ki, X20 xx.xx.2014-cü il tarixdə, X22 xx.xx.2016-cı il tarixdə doğulmuşdur, atası X15, anası Abuşova (Əliyeva) Çinarə Nüsrət qızıdır. İş materiallarında olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X15 2 yanvar 2021ci il tarixdə ölmüşdür. İş materiallarında olan Pasport üzərindəki qeyddən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2021-ci il tarixdə ölkəni tərk etmiş, xx.xx.2022-ci il tarixdə yenidən gəlmişdir. İş materiallarında olan Rusiya Federasiyası, Arxanqelsk Vilayət Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 22-3202 qərarından görünür ki, X2 öldürülməsi ilə bağlı Rusiya Federasiyası, Arxanqelsk Şəhər Solombalsk Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli hökmündən məhkum Vostrikov S.A. və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmış, zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Masallı regional “ASAN xidmət” mərkəzi notariat ofisinin notariusu Vüsal Sadıqovun xx.xx.2022-ci il tarixli, 25 saylı məktubunda göstərilir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlər nəzərdən keçirildikdə müəyyən olunmuşdur ki, vərəsəlliyin qəbul müddətinin keçməsinə, vərəsələr arasında vərəsələrin dairəsi və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisə olduğundan vərəsəlik işini notarial qaydasında rəsmiləşdirmək mümkün olmamışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı iddianın mahiyyətindən müəyyən edilir ki, iddiaçının mərhum valideynlərinin ondan başqa birinci növbəli iki vərəsəsi vardır ki, onlardanbiri Cahid Əliyev digəri isə Vurğun Əliyevdir. Vurğun Əliyev vəfat etmiş, onun iki övladı qalmışdır. Rusiya Federasiyasında yaşamaqla, həmçinin vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi olmaqla bu barədə olan məhkəmə iclaslarında iştirak etməliolduğundan valideynlərinin ölümündən sonra miras əmlakın qəbulu barədə notariat kontoruna vaxtında müraciət etməmişdir. Sonradan notariat kontoruna müraciət etdikdəisə mirasın qəbul müddətinin buraxıldığı üçün vərəsəlik işinin notarial qaydasında sənədləşdirilməsinin mümkün olmaması barədə məktub verilmişdir. Qanunvericiliyin tələbinə əsasən valideynlərinin birinci növbəli vərəsəsi olmaqla mirası qəbul etmək istəsədə Rusiya Federasiyasında yaşaması, həmçinin vəfat etmiş qardaşının hüquqi varisi kimi məhkəmə proseslərində iştirakı ilə bağlı ölkə hüdudlarından kənarda olmuşdur. Bu səbəbdən də mirasın qəbulu barədə notariat konturunda vaxtında ərizə verməmişdir. Mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması haqqında qətnamə çıxarılmasını xahiş edir və tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1, 1146, 1243.2, 1246, 1248.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası işin mübahisəsiz halı kimi müəyyən edir ki, iddiaçının valideynləri X21 ilə X14 nikahlarından iddiaçı Nahidlə yanaşı Cahid və Vurğun adlı qardaşları doğulmuşdur. onlardanbiri Vurğun Əliyev vəfat etmiş, onun iki övladı qalmışdır X38 01 mart 2011-ci il tarixdə, atası Cahangir Əliyev isə 24 may 2021-ci il tarixdə vəfat etmişdir. Valideynləri vəfat edənədək Masallı rayonu, Birinci Yeddioymaq kəndində yaşamaqla həmin kənddə yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-285B saylı şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha pay torpağı, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsi onlara məxsus olmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının anasından miras qalmış əmlaka münasibətdə mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı hesab etmişdir ki, onun anası X23 01 mart 2011-ci ildə vəfat etmişdir. İddiaçı anasının ölümündən keçən bu 11 ildən artıq bir müddət ərzində onun tərəfindən mirasın qəbul edilməsi vaxtının uzadılması üçün heç bir üzürlü səbəb mövcud olmamış, həmçinin iddiaçının atasından miras qalmış əmlaka münasibətdə mirasın qəbul edilməsi vaxtının uzadılması ilə bağlı hesab etmişdir ki, iddiaçının - Rusiya Federasiyasında yaşaması, həmçinin vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirak etməsi,mirasın qəbul edilməsi müddətinin uzadılması üçün üzürlü səbəb ola bilməz. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının valideynlərdən miras qalmış əmlakı faktiki idarə etməklə yanaşı, həm də, həmin əmlaklar üzərində mülkiyyətçi kimi onun da hüquqları dövlət qeydiyyatına alınmışdır. Yəni mübahisəli xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsinin paylar məlum olan paylı mülkiyyətçilərindən və torpağın mülkiyyətə verilməsinə dair JN-285B saylı şəhadətnamə ilə paylı mülkiyyətlərində olan 0,09 ha torpağına isə paylar məlum olmayan birgə mülkiyyətçilərdən biridir. İkincisi vərəsəlik hüququ subyektiv hüquq olaraq bir tərəfdən miras qoymağı, vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu baxımdan vərəsəlik hüququ mülki dövriyənin iştirakçıları olan fiziki şəxslərin ölməsi hallarında onların sağ ikən qurmuş olduqları hüquqi münasibətlərdən əmələ gəlmiş olan hüquq və öhdəliklərin təyinatı üzrə həyata keçirilməsinə hüquqi şəraiti təmin etmək, həmçinin vərəsəliyin qəbulu öz hüquqi mahiyyəti etibarı ilə vərəsəliyin qətiləşməsi və ondan imtina imkanının aradan qalxması nəticəsində miras qoyanın kreditorları baxımından hüquqi müəyyənliyin imtina müddətindən daha erkən təmin edilməsi üçündür. Üçüncüsü vərəsəlik institu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradə ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəliyin qəbulu isə iki üsülla yəni miras qoyanın ölümündən sonra qanunla müəyyən olunmuş müddətdə notariat orqanına yazılı ərizə ilə müraciət etməsi və miras əmlakı faktiki idarə etməyə başlaması halında mümkün olması müəyyən edilmişdir. Belə ki, Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasə qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzürlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında (Mülki Məcəllə maddə 1246;1256) rəsmiləşdirilməlidir. Dördüncüsü mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Göründüyü kimi qanunvericilikdə mirasın qəbulu üçün müddət həm də, bu müddətin imtina üçün nəzərdə tutulmuş müddətdən çox ola biləcəyi qeyd olunmuşdur. Vərəsələrin mirası qəbul etməsi faktını təsdiq edən sənəd vərəsəlik haqqında şəhadətnaməsidir və Mülki Məcəllənin 1321.1-ci maddəsinə müvafiq olaraq vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Lakin vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. O, da nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət etmədən də qəbul edilə bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığnı ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Habelə bu müddət iddia müddətlərinə də, aid edilə bilməz. Odur ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246,1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarı). Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin qərarına əsasən belə nəticəyə gəlir ki, İddiaçı Rusiya Federasiyasında yaşamaqla, həmçinin vəfat etmiş qardaşının ölümü ilə bağlı cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi olmaqla bu barədə olan məhkəmə iclalarında iştirak etməsi, nəticəsində valideynlərinin ölümündən sonra miras əmlakın qəbulu barədə notariat kontoruna vaxtında müraciət etməməsi, sonradan isə notariat kontoruna müraciət etdikdəisə mirasın qəbul müddətinin buraxıldığı və vərəsələr arasında mübahisənin olması əsası ilə vərəsəlik işinin notarial qaydasında sənədləşdirişlməsinin mümkün olmaması, onun məhkəmə müdafiəsi hüquqndan istifadə etməklə pozulmuş hüquqnun bərpasını aradan qaldırmır. Çünki iddiaçı həm anasından həm də, atasından miras qalmış əmlaka münasibətdə mirasın qəbul edilməsi müddətini üzürlü olaraq ötürmüşdür. Əks yanaşma mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Bundan başqa məhkəmə iddiaçının miras qoyanın ölümündən sonra yalnız 25 gün Azərbaycanda olması və mirasın qəbulu ilə bağlı ərizə vermək imkanın olmasına baxmayaraq ərizə verməməsini də, qeyd etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, bu müddət qanunvericiliklə 25 gün deyil 6 ay müəyyən edilmişdir. Yəni 25 gün üzürlü hal kimi qəbul edilməsə də, qalan 5 il 5 ay üzürlü hesab olunmalı idi ki, hansı ki, iddiaçının bu müddət ərzində Azərbaycanda olmaması işin mübahisəsiz (iddiaçının qeyd olunan müddətdə Azərbaycanda olmaması onun pasportu ilə də təsdiq olunur. iş vərəqə 19-29.) halıdır. Bu isə onu göstərir ki, birinci instansiya məhkəməsi İddiaçı həm anasından həm də, atasından miras qalmış əmlak üzrə mirasın qəbul edilməsi üçün buraxılmış müddətin uzadılması barədə iddiasının təmin edilməməsi qənaətinə gəlməsi qanunsuz və əsassız olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Masallı Rayon Məhkəməsinin 2(050)3125/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, X1 və mərhum X5 miras qalmış Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətlərində olan 0,09 ha pay torpağının 2/5-dən, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsinin 2/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddət üzürlü hesab olunaraq uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 385, 392 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 2(050)3125/2022 saylı, 05 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Masallı Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi üçün müddətin uzaldılması tələbinə dair iddiası təmin edilsin. X1 və mərhum X5 miras qalmış Masallı rayonu, Birinci Yeddioymaq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-285B saylı şəhadətnamə ilə mülkiyyətlərində olan 0,09 ha pay torpağının 2/5-dən, həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********57 reyestr nömrəli, seriya RX, ******* saylı çıxarışla mülkiyyətdə olan kənd təsərrüfatı təyinlatlı 0,77 ha torpaq sahəsinin 2/5-dən ibarət mirasın qəbul edilməsi üçün müddət üzürlü hesab olunaraq uzadılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar