Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-485/2023 15.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(073)-1085/2022 saylı qətnaməsindən (hakim E.Əmrəliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız olaraq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və akta görə abonent hesabına əsassız olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cəlilabad şəhərində yaşayır. Yaşadığı ərazi üzrə hər bir vətəndaş kimi o da, aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin 2022-ci ilin qış aylarının əvvəllərində “Azəriqaz” X5 X11 İdarəsinin Cəlilabad Xidmət Sahəsinin əməkdaşları onun Cəlilabad şəhərində yerləşən evinə gələrək evdə quraşdırılmış qaz sayğacına baxış keçirmiş və həmin sayğacı çıxararaq aparmışlar. Sonradan isə onun iştirakı və məlumatı olmadan cavabdeh təşkilat tərəfindən 28 fevral 2022-ci il tarixdə akt tərtib olunmuş və həmin aktda sayğacdan kənar qeyri-qanuni qazdan istifadə olunması göstərilmişdir. Bundan xəbər tutandan sonra onlara məsələnin nədən ibarət olmasını soruşduqda, cavabdeh təşkilatın əməkdaşları ona sayğacdan kənar qeyri-qanuni qazdan istifadə olunduğunu bildirmişlər. Lakin o, qeyri-qanuni təbii qazdan istifadə etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı iddiasını müdafiə edib, təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X6 iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, “Azəriqaz” İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən “Azəriqaz” İstehsalat Birliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, cavabdeh həmin müqavilənin şərtlərini pozaraq qanunsuz olaraq təbii qazdan istifadə etmişdir. Belə ki, X12 X3 Xidmət Sahəsi üzrə əməkdaşları tərəfindən 2022-ci ilin sonlarında İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən abonentin sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə etməsi halı aşkarlanmışdır. Hadisə yerinin fotoşəkli çəkilmiş və video çəkiliş aparılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, 14 mart 2011-ci il tarixli Qərarı ilə təsdi qedilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması haqqında” Qaydalarına əsasən “İtirilmiş qazın bərpası üzrə” 3024 kub/metr olmaqla dəymiş ziyan hesablanmış və İddiaçı abonent hesabına daxil edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(073)-1085/2022 saylı qətnaməsi ilə iddia təmib edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmışdır, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qətnaməsini əsassız hesab edir. Hesab edir ki, cavabdeh tərəfindən tərtib olunmuş 28 fevral 2022-ci il tarixli, ******* nömrəli akt əsassız olduğu üçün etibarsız hesab edilməli idi. Çünki, mübahisəli akt iştirakı olmadan tərtib edilmişdir. Daha doğrusu təbii qazdan istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, istehsalçının nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya verir. Akt istehsalçının nümayəndəsi, istehlakçının və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin sözügedən aktda cavabdeh tərəfindən qaydaların heç birinə əməl edilməmiş, mübahisələndirilən aktda göstərilən pozuntu və qüsurda onun hansı əsasla təqsirli olduğum təqdim olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Mübahisəli akt cavabdeh təşkilatın nümayəndələri tərəfindən ondan xəbərsiz tərtib edilmiş və onların öz əməkdaşları tərəfindən imzalanmışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatın yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış məhkəmədə iştirak etməmişdir və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddiasının isə təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» X1 X8 İdarəsi ilə İddiaçı arasında bağlanmış 07 fevral 2019-cu il tarixli, ***-**-** saylı “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.4-cü bəndinə əsasən abonent İddiaçı evini təmin edən qaz xətti üzərində ******* nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli, ******* nömrəli Aktdan görünür ki, Lənkəran X8 İdarəsinin Cəlilabad Xidmət Sahəsi üzrə əməkdaşları tərəfindən İddiaçı məxsus Cəlilabad şhəəri, Səttərxan küçəsi ev 14də yerləşən yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi halı aşkarlanmışdır. İş materiallarında olan «Azəriqaz» X1 X11 İdarəsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktın tələbnaməsindən» görünür ki, İddiaçınun fərdi yaşayış evində olan «Elestr» G-4 markalı qaz sayğacından kənar qeyri-qanuni qazdan istifadə edilməsi nəticəsində itirilmiş qazın dəyərinin 3024 kub/metr olması müəyyən olunmuşdur. İş materiallarında olan «Azəriqaz» X1 X11 İdarəsi tərəfindən İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçınun adına aktlar üzrə 2022-ci ilin mart ayına 362.88 manat borc yazılmışdır. İş materiallarında olan mötəbər sübutlardan (vide diskdən) göründüyü kimi İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edilir, belə ki, videogörüntüdə abonentin evini qazla təmin edən ******* nömrəli sayğaca gələn qaz xəttinin kəsildiyi və sayğacdan kənar qazdan istifadə edildiyi aydın müşahidə olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarının 3.4.1-ci və 3.4.2-ci bəndlərinə əsasən özbaşına qaz qurğularının quraşdırılması, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsi, dəyişdirilməsi və təmirinin həyata keçirilməsi, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişinin aparılması, qaz qurğusunun quraşdırıldığı yerin quruluşunun (planın) müvafiq razılaşma olmadan dəyişdirilməsi istehlakçılara qadağan edilir. Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarına əlavə edilmiş videogöürüntüyə əsasən məişət abonenti olan İddiaçı yaşayış sahəsini təmin edən qaz xətti üzərində quraşdırılmış ******* nömrəli sayğaca gələn qaz xəttinin kəsildiyi və sayğacdan kənar qazdan istifadə edildiyi aydın görünür və bunun əlavə sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya işin müəyyən olunan hallarını sadananan qanunvericilik aktı normaları baxımından təhlil edərək belə nəticəyə gəlir ki, iddianı rədd edən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(073)-1085/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-485/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-485/2023
15.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver