Məhkəmə qərarları › İş №2(106)-489/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-489/2023

09.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-489/2023 09.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 2(049)2814/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə 09 mart 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə (bundan sonra mətndə «Azəriqaz» İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Azəriqaz» İB tərəfindən ******* nömrəli istismara yararsız sayğacla ona hesablanmış sərfiyyat üzrə 2.715,35 (iki min yeddi yüz on beş tam yüzdə otuz beş) manat qanunsuz və əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandılmışdır ki, Lənkəran rayonu, Osaküçə kəndində yaşamaqla 2014-cü ilin yanvar ayından **********05310 saylı kodla X3 İstismar İdarəsinin Lənkəran Xidmət Sahəsində qaz istehlakçısı kimi qeydiyyatda olsa da, həmin təşkilatla onun arasında qazın alqı-satqısı barədə heç bir müqavilə olmamışdır. Yəni belə bir müqavilə olmadığı üçün mülki hüquq münasibətlərə görə qarşılıqlı vəzifə və öhdəlikləri olmamışdır. Lakin buna baxmayaraq qaz nəzarəti çilingəri bütün yerlərdə olduğu kimi hər ayda 2 dəfə olmaq şərti ilə, yəni hər 15 gündən bir onların evin də qaz sayğacının sərfiyyatı xüsusi aparatla götürərək ona «hesab-bildiriş» təqdim etmiş və həmin «hesab-bildiriş»də qeyd edilən pul məbləği tərəfindən qaz Paylayıcısının hesabına köçürülmüşdür. Nəzarətçi çilingər tərəfindən «hesab- bildiriş»də qeyd edilən sərfiyyatın doğru qeyd edilməsini yəqin etmək üçün hərdən bir sayğaca baxıb ki, hesabda sayğacdan kənar yükləmələr olmasın. 14 sentyabr 2021-ci il tarixdə təsadüfən qaz sayğacının yanından keçəndə görmüşdür ki, sayğacın hesablama mexanizmi «ildırım sürəti ilə» fırlanır. Kəndlərində yaşayan qaz nəzarəti çilingəri Şahid1 tapıb və qaz sayğacına birlikdə baxış keçirmişlər. O da qaz sayğacının «ildırım surəti» ilə fırlanmasını görmüş və sayğacın istismara yararsız halda işləməsini demişdir. Odur ki, səhərisi günü, yəni 15 sentyabr 2021-ci il tarixdə Lənkəran Xidmət Sahəsinin işçiləri ilə gəlmiş və onun xəbəri olmadan, evinin qaz təchizatı xətti üzərində olan «Elser» tipli, G-4 markalı, ******* nömrəli köhnə qaz sayğacını çıxartmış, yerinə «Zenner» tipli **********2 nömrəli qaz sayğacını quraşdırmışlar. Köhnə sayğacın çıxarılması, yenisinin quraşdırılması və istismara qəbulu barədə tərtib edilən xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktda saxtakarlıq edərək «sayğacın və plombların toxunulmazlığına cavabdeh olan şəxs» qrafasında «İddiaçı» yazmış və 6-cı, «Digər qeydlər» qrafasında isə istehlakçı olmayan anası Bəstiqız Cəfərovaya imza etdirmişlər. Tərtib edilmiş həmin akt üzrə çıxarılan ******* nömrəli sayğacın üzərində hər hansı bir müdaxilə halının olmaması səbəbindən həmin aktda digər qeydlər yoxdur. 2021-ci ilin noyabr ayında qaz nəzarəti çilingəri ona bildirmişdir ki, evinizin qaz sayğacı təxminən 15 gün ərzində 11.118(on bir min yüz on səkkiz) m3 həcmində qaz istehlakını qeydə aldığı üçün ona 2.223,60 manat dəyərində və yeni tarifə keçildiyindən əlavə olaraq 491,55 manat dəyərində, cəmi isə 2.715,15 manat qaz borcu hesablanmışdır. Təxminən 15 gün ərzində fərdi yaşayış evi şəraitində qaz sayğacı ilə 11.118 m3 həcmində qazı qeydə alınmasından başa düşüb ki, həmin sayğacın hesablama mexanizmi xarab olduğundan istismara yararsız hala düşmüş və nəticədə 15 gün ərzində 11.118 m3 həcmində qazın sərfiyyatını qeyd etmişdir. Evinin qaz sayğacının istismara yararsız hala düşməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə X3 İstismar İdarəsinə ərizə ilə müraciət edib və problemin həll edilməsi xahiş etmişdir. Oradan aldığı 07 yanvar 2022-ci il tarixli məktubdan aydın olmuşdur ki, dövlət laboratoriyasında adı gedən sayğaca baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın üzərində olan zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir. Ona görə də nəticə «yararsız» qeyd edilmişdir. Lənkəran RQİİ isə nəticənin yararsız hesab edilməsinə baxmayaraq xx.xx.2021-ci il tarixə qanunsuz hesablanmış 2.715,15 manat borcun tam ödənilməsini tələb etmişdir. 26 may 2022-ci il tarixdə «Azəriqaz» İB-yə ərizə ilə müraciət edərək fərdi yaşayış evinin qaz təchizatı xətt üzərində quraşdırılmış ******* nömrəli qaz sayğacının istismara yararlı olması müddəti barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Lakin «Azəriqaz» İB-yə cavabdeh və hüquqi şəxs olaraq müraciətini icra etmədən həmin müraciətinin cavablandırılması üçün Lənkəran RQİİ-yə göndərmişdir. 26 may 2022-ci il tarixdə digər ərizə ilə Lənkəran RQİİ-yə də müraciət etmişdir. Həmin müraciətlə 4(dörd) sənədin ona göndərilməsini, o cümlədən nəzarətçi çilingər Şahid1 onun evinin qaz sayğacının istismara yararsız halda olması barədə yazdığı «Xidməti məlumatı»nın surətinin ona göndərilməsini və Dövlət laboratoriya rəyinin 1570-ci sırasında qeyd edilən, «sayğaca ümumi baxış keçirildi. Sayğacın üzərində zavod seriya nömrəsi yazılmış lövhə yararsız haldadır, nəticə yararsız» olan rəyin sadə açıqlamasının verilməsini xahiş etmişdir. Ona görə belə bir xahişi etmişdir ki, çünki dövlət laboratoriya rəyində nəticənin yararsız olması qeyd edilsə də, rəy başa düşülən şəkildə verilməmişdi. Belə bir rəyi sadə insanlar başa düşmək iqtidarıda deyildirlər. Amma savadlı bir insan olaraq başa düşüb ki, «nəticə» deyəndə sayğacın 15 gün ərzində qeyd etdiyi sərfiyat başa düşülür. Həmin «nəticə» də yararsızdır. Yəni, sayğac yararsız halda olduğu üçün belə bir nəticə yaranmışdır. Qaz Paylayıcı isə bu rəyi öz xeyrinə istifadə etmək istəyir. Lənkəran RQİİ-nin qaz nəzarəti çilingəri Şahid1 «Xidməti məlumatı»nın surətini ona göndərməmiş və eyni zamanda Dövlət laboratoriya aktında yazılan rəyin izahı da verilməmişdir. Qarşılıqlı iddiaçı «Azəriqaz» İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 2.720,43 (iki min yeddi yüz iyirmi tam yüzdə qırx üç) manat məbləğində borcun, 47,20 manat dövlət rüsumu və 0,20 manat xidmət haqqının, cəmi 2.768,03(iki min yeddi yüz altmış səkkiz tam yüzdə üç) manat məbləğində pul vəsitinin tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383, VÖEN **********, MH AZ37NABZ********************, SWİFT:AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, «Azəriqaz» İB ilə İddiaçı arasında bağlanmış 13 may 2022-ci il tarixli, 52135 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı» barədə Müqaviləyə əsasən «Azəriqaz» İB üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və 25 iyul 2022-ci il tarixinə «Azəriqaz» İB-nə 2.720,43 manat məbləğində borcu yaranmışdır. Borcun yaranmasına səbəb sayğac vasitəsi ilə istehlak etdiyi təbii qaza görə 2.720,43 manat borcun ödənilməməsi olmuşdur. «Azəriqaz» İBnin Lənkəran RQİİ-si tərəfindən 2.720,43 manat məbləğində borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına və bildiriş verilməsinə baxmayaraq o, borcunu ödəməmiş, kreditorla borclu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 52135 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə»nin, eləcədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə»nin 3.4-cü maddəsinə əsasən hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra 1(bir) ay müddətində istehlakçı tərəfindən bank və poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Həmin müqavilənin 2.2.2-ci maddəsinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.1-ci maddəsinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödənilməsi istehlakçının vəzifəsidir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bü müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədilə tərəfindən xx.xx.2022ci il tarixli SOCAR**********30560046X00449 saylı xəbərdarlıq məktubu ilə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iclasında iddiaçı ilkin İddiaçı, habelə onun nümayəndəsi Nümayəndə2 Əbdül oğlu ilkin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddanın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı «Azəriqaz» İB-nin nümayəndəsi Nümayəndə1 ilkin iddia tələbini qəbul etməyib, qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)2814/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: R.Məmmədov), ilkin iddianın təmin edilməsi, İddiaçı yaşadığı Lənkəran rayonu, Osaküçə kəndində yerləşən yaşadığı fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək 7 günlük müddət ərzində istifadə edildiyi tələb olunan 11.118 m3 təbii qaz sərfiyyatına görə «Azəriqaz» İB tərəfindən hesablanmış 2.715,35 (iki min yeddi yüz on beş tam yüzdə otuz beş) manat borcun silinməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı yaşadığı Lənkəran rayonu, Osaküçə kəndində yerləşən yaşadığı fərdi yaşayış evində istifadə etdiyi təbii qaza görə hesablanmış 5,08 manat borc və ödənilmiş dövlət rüsumuna görə 0,08 manat olmaqla, ümumilikdə 5,16 (beş tam yüzdə on altı) manat İddiaçı tutularaq, Lənkəran RQİİ-nin Kapital Bank ASC Lənkəran filialı Kod:200383, VÖEN **********, MH AZ37NABZ********************, SWİFT:AİİBAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ90AİİB******************** saylı hesabına ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh “Azəriqaz” X2 Rayon Məhkəməsinin 2(049)2814/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə1 keçirilən məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş və məhkəmə kollegiyasından Lənkəran Rayon Məhkəməsinin 2(049)2814/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin 2(049)2814/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AR Standartlaşdırma, Metrologiya və Patent üzrə DK ( bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının ( hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilıərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun. 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)2814/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş X3 İstismar İdarəsinin İddiaçı müaraciətinə xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı yaşadığı evin qaz xəttində istifadədə olan G-4 markalı ******* №-li sayğac növbəti dövlət yoxlamasına göndərilməsi məqsədilə Lənkəran RQİİ-nin Lənkəran Xidmət Sahəsinin mütəxəssisləri tərəfindən qaz xəttindən istehlakının nümayəndəsinin iştirakı ilə son göstəricisi 26.115 m3 olmaqla baxılaraq G4T markalı **********2 nömrəli ilkin göstərişisi 00000 m3 istismara yararlı yeni sayğacla xx.xx.2021-ci il tarixli ******* nömrəli akt tərtib edilməklə əvəz olunmuşdur. Azərbaycan Respublikası Dövlət neft Şirkəti, «Azəriqaz» İB-nin Metrologiya Departament və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən ******* №-li sayğac dövlət yoxlamasından keçirilərək xx.xx.2021-ci il tarixli 29/1710-03750-1 №-li aktda «Sayğaca ümumi baxış keçirildi. Sayğacın üzərində zavod seriya nömrəsi yazılmış lövhə yarasız vəziyyətdədir.» qüsura görə nəticə «yarasız» qeyd olunmuşdur. Göstərilən abonent hesabında sayğac göstəricilərinə əsasən xx.xx.2021-ci il tarixə 2.715,90 manat borc mövcuddur və qeyd olunan borcun tam olaraq ödənilməsi istehlakçı tərəfindən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» aktın surətindən görünür ki, İddiaçı Lənkəran rayonu, Osaküçə kəndində yerləşən yaşadığı fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G- 4T markalı, ******* saylı qaz sayğacı Zenner tipli G-4T markalı **********2 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət neft Şirkəti, «Azəriqaz» İB-nin Metrologiya Departament tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MSK 29/1710-03750- 1 №-li aktdan görünür ki, ******* №-li sayğacın texniki vəziyyəti yoxlanılarkən müəyyən olunur ki, Sayğaca ümumi baxış keçirildi. Sayğacın üzərində zavod seriya nömrəsi yazılmış lövhə yarasız vəziyyətdədir. Qüsura görə nəticə «sayğac yarasız»dır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2021-ci ilin sentyabr ayı üçün abonent İddiaçı tərəfindən 11.118 m3 təbii qaz sərfiyyatına görə 2.223,60 manat, yeni tarifə görə 491,55 manat olmaqla, ümumilikdə 2.715,15 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında bağlanmış xx.xx.2022-cü il tarixli, 52135 saylı, qazın alqı-satqı müqaviləsindən görünür ki, qaz X1 Sahəsi müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilmiş hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifələrindən biridir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək paylayıcının hüququdur. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarına əlavə edilmiş Şahid1 Lənkəran RQİİ-yə ünvanladığı xx.xx.2021-ci il tarixli xidməti məlumatdan görünür ki, ona təhkim olunmuş Osaküçə kəndində xidmət etdiyi zaman bir abonenetin sayğacının rəqəmlərinin düzgün işləmədiyini görmüşdür. Məlumat İddiaçı və Şahid1 tərəfindən imzalanmış və xx.xx.2021-ci il tarixdə Lənkəran RQİİ daxil olmuş və AX-012 daxilolma nömrəsi ilə qeydə alınmışdır İş materiallarına əlavə edilmiş Lənkəran RQİİ-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, istifadə edilmiş təbii qaza görə hesablanmış 2.720,43 manat debitor borcun tam şəkildə ödənilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, abonent İddiaçı istifadəsində olan ******* №-li qaz sayğacına baxış keçirilmiş baxış zamanı sayğacın sonuncu göstərici 14997 m3 olmuşdur, abonentin 7,1 manat borcu olmuşdur. İş materiallarına əlavə edilmiş Qaz sayğacının texniki pasportundan görünür ki, sayğacın maksimal sərfiyyatı saat 4 m3 -dur. Birinci instansiya məhkəməsi iclasında cavabdehin (qarşılıqlı iddiaçı) vəsatəti əsasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o Lənkəran RQİİ-nin Lənkəran rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyir. Lənkəran rayonu, Osaküçəsi kəndi onun xidməti sahəsidir. Ay ərzində iki dəfə sayğacların yoxlamasını aparır. Osaküçə kənd sakini İddiaçı yaşadığı evdə quraşdırılmış sayğaca xx.xx.2021-ci il tarixdə baxış keçirmiş, istehlak olunan qaz sərfiyyatına görə ödənilməli məbləğə dair İddiaçı bildiriş təqdim edilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə yenidən həmin ünvanda qaz sıxmasının olub-olmaması ilə əlaqədar yoxlama aparmış, sayğacın göstəricilərinin qarışıq olduğunu müəyyən etmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə rəhbərliyə məlumat vermişdir. Sonra isə qeyd olunan sayğacı yenisi ilə əvəz etmişdir. Bir həftə ərzində sayğac 11000 m3 qaz sərfiyyatı yaza bilməz. İddiaçı sayğacının xarab olması barədə ona məlumat verməmişdir, o özü sayğacın düzgün işləmədiyini görmüşdür. Zahidin orta sərfiyyatı yay aylarında 1-16 manat, qış aylarında isə 35-40 manat təşkil edir. Birinci instansiya məhkəməsi iclasında cavabdehin (qarşılıqlı iddiaçı) vəsatəti əsasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o Lənkəran RQİİ-də böyük mühəndis vəzifəsində işləyir. Abonent İddiaçı istifadəsində olan ******* №-li qaz sayğacı sağlam sayğacdır. Onun hesablama mexanizmində heç bir problem yoxdur. Azərbaycan Respublikası Dövlət neft Şirkəti, «Azəriqaz» İB-nin Metrologiya Departament tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MSK 29/1710-03750-1 №-li aktla həmin sayğaca ona görə yararsız sayğac odluğu qeyd edilmişdir ki, sayğacın üzərində zavod seriya nömrəsi yazılmış lövhə yarasız vəziyyətdədir. Sayğacın hesablama mexanimzində bir problem olmamışdır. Həmin sayğac saatda maksimum 6 m3 ötürücülüyə malikdir. Ondan artıq ötürücülük yoxdur. Ekspertizaya təqdim edilməsi üçün sayğacın təqdim edilməsi mümkün deyildir. Çünki həmin sayğaclar artıq utilizasiya olunmuş, yəni məhv edilmişdir Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, Lənkəran RQİİ-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişə əsasən sonuncu yaşadığı Lənkəran rayonu Osaküçə kəndində yerləşən fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 11.118 m3 təbii qaz sərfiyyatına görə 2.223,60 manat, yeni tarifə görə 491,55 manat olmaqla, ümumilikdə 2.715,15 manat borc hesablanmışdır. xx.xx.2021-ci il tarixdə İddiaçı Lənkəran rayonu, Osaküçə kəndində yerləşən yaşadığı fərdi yaşayış evində quraşdırılmış Elster tipli, G-4T markalı, ******* saylı qaz sayğacı Zenner tipli G-4T markalı **********2 saylı qaz sayğacı ilə əvəz olunmuş, ******* №-li sayğac yoxlamadan keçirilməsi üçün Azərbaycan Respublikası Dövlət neft Şirkəti, «Azəriqaz» İB-nin Metrologiya Departamentinə göndərilmişdir. Departament tərəfindən sayğacın yararlılığı yoxlanılmış və sayğacın yarasız olduğu müəyyən edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Kollegiya qeyd edir ki, yuxarıda göstərilən normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Hazırki işin hallarından isə müəyyən olunur ki, qaz paylayıcı tərəfindən quraşdırılmış qaz sayğacı yararsız olmuşdur ki, yararsız sayğacın müəyyən etdiyi qaz sərfiyyatı isə etibarlı hesab edilə bilməz. Məhkəmə kollegiyası ilkin iddia ilə əlaqədar onu qeyd edir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı Lənkəran rayonu, Osaküçə kəndində yerləşən yaşadığı fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7 günlük müddət ərzində 11.118 m3 təbii qaz sərf etməsi işin faktiki halları ilə təsdiq edilmir. Əvvəla ona görə ki, sayğacın maksumum ötürücülük qabiliyyəti saatda 6 m3 olduğu halda bir həftə ərzində (6 m3 x 24saat x 7 gün=1008 m3 ) 1008 m3 artıq olması mümkün deyildir. Qeyd olunan hal istər qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş şahidlərin ifadələri, istərsə də qaz sayğacının texniki göstəricilərinə dair pasportla öz təsdiqini tapır. Digər tərəfdən Şahid1 də ifadəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirildiyi zamanı sayğacın normal işləmədiyini görmüş və bu barədə rəhbərliyə xidməti məlumat vermişdir. Şahidin qeyd olunan ifadəsi iş materiallarında olan xx.xx.2022-ci il tarixli xidməti məlumatla da təsdiq olunur. Bundan başqa Azərbaycan Respublikası Dövlət neft Şirkəti, «Azəriqaz» İB-nin Metrologiya Departament tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli MSK 29/1710-03750-1 №-li aktdan görünür ki, ilkin iddiaçının istifadəsində olmuş ******* №-li qaz sayğacı yarasızdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, ******* №-li qaz sayğacının yararlı olmasını sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür ki, sonuncu bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, təqdim edilmiş sübutlar isə həmin sayğacın yararlı olmasını təsdiq etmir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, iddiaçı ilə aralarında bağlanılan müqavilə əsasından cavabdeh tərəf öz üzərin düşən öhdəlikləri yerinə yetirsədə, iddiaçı tərəf öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, işin mübahisəsiz halı kimi, qaz paylayıcısı tərəfindən quraşdırılmış qaz sayğacı əvvəllər işlək vəziyyətdə olsada sonrada yararsız vəziyyətdə olmuşdur. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Hazırki işin hallarından isə müəyyən olunur ki, qaz paylayıcı tərəfindən quraşdırılmış qaz sayğacı yararsız olmuşdur ki, yararsız sayğacın müəyyən etdiyi qaz sərfiyyatı isə etibarlı hesab edilə bilməz. Belə ki, fiziki şəxs tərəfindən 7 gün müddətində 11.118 m3 təbii qaz sərfiyyatı ağlabatan deyil. Bu hal birinci instansiya məhkəməsi icraatı zamanı öz təsdiqini Şahid1 və həmçinin məhkəmənin öz təşəbbüsü ilə hesablanan “Əvvəla ona görə ki, sayğacın maksumum ötürücülük qabiliyyəti saatda 6 m3 olduğu halda bir həftə ərzində (6 m3 x 24saat x 7 gün=1008 m3 ) 1008 m3 artıq olması mümkün deyildir.” ifadələrində öz təsdiqini tapmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin , qarşılıqlı iddia tələbi qismən təmin edilərkən düzgün nəticəyə gəlinmişdir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “İddiaçı Lənkəran rayonu, Osaküçə kəndində yerləşən yaşadığı fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 7 günlük müddət ərzində 11.118 m3 təbii qaz sərfiyyatına görə hesablanmış 2.715,35 manat borc siliməlidir.” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin 2(049)2814/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)2814/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsi cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar