Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-514/2023 13.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, iddiaçı Salyan Rayon Bələdiyyəsinin cavabdeh X3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)2195/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 2(057)2195/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: A.Səmədov), iddianın təmin edilməsi, Salyan şəhəri, S.Vurğun küçəsi, ev 98-də yerləşən cavabdeh X2 yaşadığı evin qarşısından keçən səkidə zəbt olunaraq inşa edilmiş qanunsuz tikili sökülməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X5 apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Salyan şəhəri, S.Vurğun küçəsi, ev 98-də yaşayan cavabdeh X5 tərəfindən ona məxsus evin qarşısından keçən səkinin zəbt olunaraq üzərində inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində qeyd edilənləri təsdiqləyərək bildirmişdir ki, X1 şəhəri, S.Vurğun küçəsi, ev 98-də həyət evində yaşayır.bOnun mülkiyyətində 293 kv.m torpaq sahəsi var. Torpaq sahənin 84 kv.m olan hissəsində ev tikmiş və hal-hazırda həmin evdə yaşayır. Həyətyanı torpaq sahəsini daş hasarla tikmişdir. Cavabdeh bələdiyyə torpağına aid olan torpaq sahəsində öz həyət hasarına paralel çöl qapıya münasibətdə 6 ədəd 80 sm hündürlüyündə sütun formasında bir-birindən aralı şəkildə hasar formasında tikinti inşa etmişdir. Nəticədə S.Vurğun küçəsində ümumi istifadə üçün nəzərdə tutulmuş səkini qanunsuz zəbt etmiş, bu da vətəndaşların gediş-gəlişinə maneçilik törədir. Cavabdeh həmin tikilini 2011-ci il tarixdə tikdirmişdir. Belə hallar Salyan şəhərində çoxdur. Lakin şikayət olmayanda Bələdiyyə belə iddialar qaldırmır. Vətəndaş Bələdiyyənin göstərişlərini icra etməkdən boyun qaçırır. Qapıda inşa olunmuş və mərmərlə üzlük çəkilmiş sütunlar yolun səki hissəsini darlaşdırmış və insanların gediş-gəlişi çətinləşdirmişdir. Fiziki şəxslərin həyati təhlükəsi olduğundan iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh X2 vəkili X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, X5 15 ildir ki, S.Vurğun küçəsində yaşadığı evin həyət qapısının qarşısında 6 ədəd hər birinin arası 1 m olan sütunlar inşa etmiş və həmin sütunların arasına gül dibçəkləri qoymuşdur.Tikilən sütunlar cavabdehin mülkiyyətində deyil,lakin, o torpaq ümumi istifadədə olan gediş-gəliş yoludur.Yol tam bağlanmamış və digər qonşularda eyni qaydada yolu tutulmuşdur. Bələdiyyənin qeydiyyat vəsiqəsi yoxdur. Eyni zamanda bələdiyyə deyil, qeyd olunan iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququna Fövqəladə Hallar Nazirliyinə aidir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh X3 vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, hal-hazırkı iddia tələbi bələdiyyə tərəfindən deyil məhz Fövqaladə Hallar Nazirliyi tərəfindən verilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh X1 Rayon Məhkəməsinin 2(057)2195/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçı tərəfindən təqdim edilmiş sübutların iddianın təmin olunması üçün kifayət etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. İddiaçı Salyan Rayon Bələdiyyəsinin cavabdeh X3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, o X1 şəhəri, S.Vurğun küçəsi, ev 98-də həyət evində yaşayır. Onun mülkiyyətində 293 kv.m torpaq sahəsi var. Torpaq sahənin 84 kv.m olan hissəsində ev tikmiş və hal-hazırda həmin evdə yaşayır. Həyətyanı torpaq sahəsini daş hasarla tikmişdir. Cavabdeh bələdiyyə torpağına aid olan torpaq sahəsində öz həyət hasarına paralel çöl qapıya münasibətdə 6 ədəd 80 sm hündürlüyündə sütun formasında bir-birindən aralı şəkildə hasar formasında tikinti inşa etmişdir. Nəticədə S.Vurğun küçəsində ümumi istifadə üçün nəzərdə tutulmuş səkini qanunsuz zəbt etmiş,bu da vətəndaşların gediş-gəlişinə maneçilik törədir. Cavabdeh həmin tikilini 2011-ci il tarixdə tikdirmişdir. Belə hallar Salyan şəhərində çoxdur. Lakin şikayyət olmayanda Bələdiyyə belə iddialar qaldırmır.Vətəndaş Bələdiyyənin göstərişlərini icra etməkdən boyun qaçırır. Qapıda inşa olunmuş və mərmərlə üzlük çəkilmiş sütunlar yolun səki hissəsini darloaşdırmış və insanların gediş-gəlişi çətinləşdirmişdir. Fiziki şəxslərin həyati təhlükəsi olduğundan iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasınınh 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzanmalı) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hazırkı tələbdən göründüyü kimi iddia ərizəsi iddiaçı Salyan rayon İddiaçı sədri S.C.Cəfərov tərəfindən imzalanmaqla qanunsuz tikilinin sökülməsi xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-ci bəndinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və İİ hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən görünür ki, ümumi istifadədə olan torpaq sahələri bələdiyyə torpaqları hesab olunur. İddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini mübahisələndirərək, məhkəməyə müraciət etmişdir. Torpaq sahəsinin zəbt edilməsi, həmin torpaq sahəsindən istifadəni mümkünsüz etməklə ona sahiblik və istifadə hüququnun realizəsini məhdudlaşdırır. Bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Cavabdehin istifadəsini mübahisələndirdiyi torpaq sahəsi bələdiyyənin təbirincə ümumi istifadədə olan torpaq sahəsi olmaqla, həmin torpaq sahəsi üzərində ümumi istifadə istifadə hüququnun həyata keçirilməsini məhdudlaşdırılır. Həmin hüququn bərpasından ötrü məhkəməyə müraciət edilmişdir. Bələdiyyə torpaq sahəsi üzərində istifadə hüququnun realizəsinin, yəni bərpa edilməklə, digər şəxslərin də istifadəsini təmin edilməklə, bələdiyyənin həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etməsinin təmin edilməsindən ötrü bu məsələ bələdiyyə üzvlərinin yığıncağında müzakirə edilməli, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət etməli idi. Göründüy kimi bələdiyyə sədrinin bələdiyyənin təmsil etmək səlahiyyəti yoxdur. Belə olan halda Salyan rayon bələdiyyəsinin sədri S.C.Cəfərov məhkəməyə müraciət etmədən öncə, Salyan rayon bələdiyyəsinin ümüumi yığıncağnın qərarı ilə səlahiyyət almalı faha sonra isə bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sahiblik, istifadə və sərancam vermək hüquqnun başqa şəxslər tərəfindən hazırkı iddia üzrə cavabdeh X5 tərəfindən pozulmasının qarşısının alınması üçün məhkəmədə iddia qaldıra bilərdi. Lakin Salyan rayon bələdiyyəsinin sədri S.C. Cəfərov bələdiyyə üzvlərinin ümumi yığıncağında torpaq sahəsi üzərində bələdiyyənin sahiblik və istifadə hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmədən, yəni ona belə bir səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırki iddiada vətəndaşın bələdiyyəyə müraciətindən sonra Salyan Rayon İddiaçı sədri tərəfindən qaldırılmış, lakin bu müraciət Salyan Rayon İddiaçı ümumi yığıncağında müzakirəyə çıxarılmamış və bələdiyyə tərəfindən məhkəməyə müraciət edilməsindən ötrü bələdiyyə sədrinə belə bir səlahiyyət verilməmişdir. Halbuki bələdiyyə torpaqlarının sahiblik, istifadəsi və onun barəsində sərəncam verilməsinə dair məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında qəbul edilmiş qərarlara əsasən həll edilir ki, bu da həmin məsələlər üzrə bələdiyyə üzvlərinin ümumi yığıncağının keçirilməsini və iclasın nəticəsində bələdiyyə sədrinə müvafiq məsələlərin həll edilməsindən ötrü ona səlahiyyət verilməsini zəruri edir. Əks halda bu bələdiyyə sədrinin qanunsuz hərəkətlərin edilməsinə rəvac verilməsinə şərait yaratmaqla yanaşı hüquqda nihilizmin yaranmasına da səbəb olar. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 31 mart 2011-ci il tarixli qərarının 1-ci bəndinsə qeyd edilmişdir ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. Mülki Prosessual Məcəllənin 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini prosessual hüquq normalarının pozulması ilə icraata qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən Salyan Rayon Məhkəməsinin 2(057)2195/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)2195/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Salyan Rayon Bələdiyyəsinin cavabdeh X3 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Salyan rayon İddiaçınə izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikаyət vеrilmir.
Məhkəmə qərarları › İş №2(106)-514/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-514/2023
13.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver