Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-521/2024 13.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu, (sədrlik edən, məruzəçi) Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sudan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)- 1985/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin rəisi tərəfindən təsdiq olunan iddiaçı barəsində sudan istifadə qaydalarının pozulması haqqında 19 iyun 2023-cü il tarixli, 601915 saylı aktın ləğv edilərək onun əsasında hesablanmış hesab tələbin (6192 kub metr = 6192 manat) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 iyun 2023-cü ildə Cavabdeh ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin rəisi F.Mirzəyev tərəfindən iddiaçı barəsində sudan istifadə qaydalarının pozulması haqqında 601915 saylı akt təsdiq edilmişdir. Qeyd olunan akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə 360 gün ərzində 6192 kub metr su sərfiyyatına görə iddiaçı 6192 manat ödəməlidir. Qeyd edilən akt qanunsuz və əsassızdır. Aktda qeyd olunur ki, iddiaçı H.Əliyev prospekti 48 nömrəli ünvanda yerləşən qeyri-yaşayış binası üçün 32 mm-lik boru ilə su şəbəkəsinə qanunsuz qoşulmuşdur. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsi X1 İdarəsinə icarəyə verilmiş və icarə müqaviləsinin şərtlərinə əsasən Qaz İstismarı İdarəsi tam olaraq həm iddiaçı tərəfindən, həm də özləri istifadə etdiyi suyun pulunu aktda nəzərdə tutulan 360 gün müddəti əhatə etməklə tam şəkildə, yəni 500 manat ödəmişdir. İddiaçı tərəfindən isə həmin idarənin işıq pulu ödənilmişdir. İddiaçının fəaliyyəti mövsümi xarakter daşıdığından hər il dekabr ayından iyun ayınadək fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini rəsmi olaraq dayandırır. Yəni həmin müddətdə vergi ödəyicisi olmur. O, 2023-cü ilin iyun ayında vergi ödəyicisi kimi qeydiyyatını bərpa etdirmişdir. Qalan müddətlərdə isə su pulu ödənilmişdir. Fəaliyyətini bərpa edəndən sonra dərhal sukanal idarəsinə suyun qoşulması barəsində müraciət etmişdir. Hətta su sayğacının 350 manat pulunu da ödəmişdir. Sudan istifadə qaydalarının pozulması haqqında akt istehlakçı olaraq onun yanında tərtib edilməmiş, imza üçün ona təqdim olunmamışdır. Aktda iddiaçının da iradları qeyd olunmalı idi. Aktda göstərildiyinin əksinə olaraq gündə 5 saat su verilmir. İl ərzində 6192 kub metr suyun işlədilməsi mümkün deyil. Belə ki, həmin həcmdə su heç 10 il ərzində verilmir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, su pulu ödənildiyi halda, son 6 ay ərzində iddiaçının fəaliyyəti olmadığı halda, yəni sudan istifadə etmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1985/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Səlim Allahverdiyev) iddia qismən təmin edilmiş, Sabirabad şəhəri, H.Əliyev prospekti 48 ünvanında yerləşən qeyri-yaşayış binasına 19 iyun 2023-cü il tarixli, 601915 nömrəli akta əsasən itirilmiş suyun bərpası üçün hesablanmış 6192 manat məbləğində borcun azaldılaraq 16,68 manat müəyyən edilməsi və qalan məbləğin abunə hesabından (abonent kodu 680066) silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ASC apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Sabirabad Rayon Məhkəməsinin 2(056)-1985/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40,96 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, işin məhkəmə aidiyyəti qaydası pozulmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla müvafiq VÖEN-ə malikdir. Belə olan halda mübahisəyə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, o, fərdi sahibkardır, özünə məxsus VÖEN-i mövcuddur. VÖEN-i şadlıq evinin işlədilməsi ilə əlaqədar almışdır. Hazırda mübahisələndirilən aktın yazıldığı qeyri-yaşayış obyekti isə “Mələk” şadlıq sarayıdır. Lakin onun işi mütəmadi olmur deyə o, fəaliyyətini 2022-ci ilin dekabr ayının əvvəllərində dayandırmış, 2023-cü ilin iyun ayında bir neçə sifarişi olduğuna görə fəaliyyətini yenidən bərpa etmişdir. O qeyd etdi ki, şadlıq sarayında sudan istifadə olunması üçün onun özünün hovuzu olmuş, həmin hovuzu isə özləri maşınlar vasitəsilə su gətirtməklə doldurmuşlar. Lakin aktın yazıldığı ərəfədə sel gəlmiş, hovuz da sel suları ilə dolmuşdur. Həmin vaxt şadlıq sarayında sudan istifadə edilməsi üçün sayğac olmasa da, o, açıq olan su xəttindən istifadə etməklə 1 saatlıq su xəttinə qoşulmuşdur. Lakin bu zaman heç normal həcmdə su da gəlməmişdir. O, cavabdeh tərəfindən qeyri-qanuni akt əsasında onun hesabına yazılmış cərimənin silinməsini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi, o, hazırkı işin kommersiya məhkəməsində baxılmalı olduğunu qeyd etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və işdəki sənədləri nəzərə alaraq hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Belə ki, hazırda iddiaçının ləğv edilməsini tələb etdiyi 19 iyun 2023-cü il tarixli, 601915 nömrəli aktın surətindən görünür ki, Sabirabad rayonu, H.Əliyev prospekti 48 ünvanında istehlakçı kimi “Mələk” şadlıq sarayı qeyd olunmuşdur. İşdəki “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə İddiaçı barəsində məlumatlardan görünür ki, o, ********** qeydiyyat sayı ilə (VÖEN) Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi uçota alınmışdır. Həmin VÖEN üzrə fəaliyyət istiqaməti kimi “şadlıq evlərinin xidmətləri”, fəaliyyət obyekti kimi isə “şadlıq evi” göstərilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti isə suyun satışını həyata keçirən hüquqi şəxsdir. İş materiallarından göründüyü kimi, iddiaçı aktın tərtib olunduğu qeyri-yaşayış binasından – “Mələk” şadlıq sarayından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə istifadə edir və bu məqsədlə VÖEN də almaqla fərdi sahibkar statusuna malikdir. Hazırda ləğvi istənilən 19 iyun 2023-cü il tarixli akt da məhz həmin şadlıq sarayı ilə bağlı tərtib olunmuşdur. Beləliklə, tərəflər arasında yaranmış mübahisə bilavasitə iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi şadlıq sarayı barəsində sudan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş aktın ləğv edilməsi ilə bağlı olduğu üçün birinci instansiya məhkəməsi işin faktiki və hüquqi hallarını, mübahisənin əsasını, predmetini, aidiyyət məsələsini aydınlaşdırmadan və məhkəmə aidiyyəti qaydalarının pozulması ilə iddia tələbinə baxaraq, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmiş, bununla da MPM-in məhkəmə aidiyyəti ilə bağlı müddəalarında nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. İş materiallarından da istər işdə iştirak edən şəxslərin subyektiv tərkibi, istər mübahisənin predmeti, istərsə də hüquq münasibətlərinin xarakteri nəzərə alındıqda hazırkı işin kommersiya məhkəməsinə aid olduğu görünür. MPM-in 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. MPM-in 32.4-cü maddəsinə əsasən, aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən prosessual hüquq normalarının məzmunundan da göründüyü kimi, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi araşdırılarkən məhkəmə iddia ərizəsinin prosessual qanunvericiliyin tələblərinə uyğun verilib-verilməməsini, o cümlədən iddia ərizəsinin baxılmasının məhkəmə aidiyyətini də müəyyən etməlidir. MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, ləğv edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, hazırkı mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə kollegiyası iddiaçının öz iddia ərizəsini MPM-in 36.9-cu maddəsinə istinad edərək Sabirabad Rayon Məhkəməsinə verməsini nəzərə alaraq bildirir ki, iddiaçının rəsmi qeydiyyat ünvanı ünvan 4mi qeydə alındığı yer üzrə kommersiya məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respunblikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə” Məhkəmə- Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli Qərarına əsasən, Sabirabad rayonu ərazi vahidi kimi Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aiddir. Odur ki, işə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1985/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Bu yerdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində işin kommersiya məhkəməsində baxılmalı olmasına dair dəlil olsa da, cavabdeh öz tələbində Sabirabad Rayon Məhkəməsinin 2(056)-1985/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Buna görə də onun apellyasiya şikayəti qismən təmin edilməlidir. MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. MPM-in 32.5-ci maddəsinə əsasən, aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. MPM-in 402.2.5-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 384.0.4, 385.1.1, 387.2.9, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1985/2023 saylı, 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvаn Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-521/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-521/2024
13.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver