Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-522/2024 12.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Abasova Aygün Faiq qızının katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC 4 nömrəli Regional Sukanal İdarəsi tərəfindən tərtib edilmiş sudan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli 601911 saylı AKT üzrə hesablanmış 2052 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə cavabdeh Azərsu ASC-nin 4 saylı Regional Sukanal İdarəsinin rəisi F.Mirzəyev tərəfindən onun barəsində sudan istifadə qaydaların pozulması haqqında 601911 saylı AKT təsdiq edilmişdir. Qeyd olunan akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə 360 gün ərzində 2052 kub metr su sərfiyyatına görə 2052 manat borc hesablanmışdır. Qeyd olunan akt qanunsuz və əsassızdır. Aktda qeyd olunmuşdur ki, o, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası üçün 530 mm-lik boru ilə su şəbəkəsinə qanunsuz qoşulmuşdur. Lakin o, su şəbəkəsinə hər hansı qoşulma etməmişdir. Onlar həmişə istifadə etdikləri suyun pulunu vaxtında ödəmişlər. Buna baxmayaraq onlara əsassız olaraq 2052 manat cərimə yazılmışdır. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli deyildir. Sabirabad Rayon Məhkəməsinin (hakim S.Allahverdiyev) 15 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixli 601911 nömrəli AKT-a əsasən itirilmiş suyun bərpası üçün hesablanmış 2052 manat məbləğində borc ünvan 1 ünvanında yerləşən qeyri–yaşayış binasına aid abunə hesabından (abonent kodu 680065) silinməsi qət edilmişdir. Qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətinə görə, İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən avtoyuma məntəqəsinə sahiblik edir və sözügedən obyekt onun mülkiyyətindədir. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, müvafiq VÖEN-ə malikdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdehin Sabirabad Sukanal sahəsinin əməkdaşları həmin obyektin su təchizatının yaxınlığında yerləşən “Azərsu" ASC-nin 530 mm– lik boru ilə su şəbəkəsinə qanunsuz qosulduğunu aşkar etmiş, dərhal sudan qeyri qanuni istifadə faktı rəsmləşdirilmiş, video çəkiliş aparılmış və müvafiq olaraq xx.xx.2023-cü il tarixli, 601911 №-li akt tərtib edilmişdir. Həmin aktda yalnız aşkar olunan hallar öz əksini tapmışdır. Aparılmış araşdırma nəticəsində sudan qeyri-qanuni istifadəsi nəticəsində itirilmiş su hesabatı aparılmış, buna mütənasib olaraq 2052 (ikimin əlli iki) manat məbləğində dəymiş ziyan məbləği hesablanmışdır. Dəymiş ziyan məbləği iddiaçıdan tələb edilmiş, iddiaçı isə həmin məbləğin silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırkı işin məhkəmə aidiyyatı prinsipi pozulmuşdur. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, müvafiq VÖEN-ə malikdir. Belə olan halda mübahisəyə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Tərəflər məhkəmə baxışında iştirak etmirlər. Kollegiya işdə iştirak etməyən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən mümkün saymışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarını pozmaqla icraata qəbul etmişdir. Ona görə aşağıdakılara əsasən, qətnamə ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Müəyyən edilir ki, İddiaçı vergi ödəyici olan fiziki şəxsdir, vergi ödəyicisi kimi 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. Bu hal da onu deməyə əsas verir ki, tərəflər arasındakı münasibətlər kommersiya fəaliyyəti ilə bağlıdır, cavabdeh tərəfindən suyun sərfiyyatı, aktın yazılması onların arasında yaranmış kommersiya fəaliyyətindən törəyir. Beləliklə, hazırkı mübahisədə iddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs, cavabdeh suyun satışını həyata keçirən hüquqi şəxsdir; onların arasında yaranan münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlir. Belə olan halda birinci instansiya məhkəməsində işə ümumi məhkəmədə baxılmalı deyildi. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilmiş, işə səlahiyyəti olmayan hakim tərəfindən baxılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Bundan başqa, mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi Azərbaycan Respublikasının MPM-nin 31-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-nin 387.2.1-ci maddəsinə tələbinə görə, işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Kollegiya hesab edir ki, hazırkı iş kommersiya mübahisəsi hesab olunduğundan işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır, ona görə də qətnamə ləğv edilməli, işə mahiyyəti üzrə baxılmaq üçün iş üzrə materiallar aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, mahiyyəti üzrə baxılmaq üçün iş məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 31, 32, 385.1, 387.2.1, 387.2.9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(056)-1902/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh ASC-nə qarşı “AKT əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılmaq üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya qaydasında şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-522/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-522/2024
12.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver