Məhkəmə qərarları › İş №2(106)-528/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-528/2023

17.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-528/2023 17.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X9 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi tələbinə dair İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(036)-1730/2022 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. a) İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 saylı şəhadətnamədə səhv olaraq yazılmış “X7” ölüm haqqında şəhadətnamədə olduğu kimi X1, “X10” şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi, “X11” şəxsiyyət vəsiqəsində olduğu kimi X3 oxunması, həmin şəhadətnamənin X18, Ərizəçi, X19, X21, X12, X26 və X8 məxsus olması və ailə üzvləri olmayan X13, X14, X24, X27, X28, X25, X5 adlarının şəhadətnamədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun və ailə üzvlərinin adına pay torpaq sahəsi qeydiyyata alınmış və İmişli rayon Aqrar İslahat Komissiyasının 25 yanvar 2006-cı il tarixli, 01 saylı qərarı ilə «Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 saylı şəhadətnamə verilmişdir. Şəhadətnamədə texniki səhv olaraq mərhum ərinin soyadı Həsənov kimi, onun adı Zeynəb kimi, oğlu Raufun soyadı isə Həsənov kimi yazılmışdır. Bu da onların həmin hüquqmüəyyənedici sənədlərdən istifadə etməylərinə mane olur. Həmin sənədlərdən istifadə edə bilmələri üçün şəhadətnamədə olan ad, soyad və ata adlarında olan yalnışlıq məhkəmə qaydasında düzəldilməlidir. Şəhadətnaməni vermiş Aqrar İslahat komissiyası və torpaq şöbələri ləğv edildiyindən torpaq sənədinin məhkəmədən kənar dəyişdirilməsi mümkünsüzdür. Odur ki, qeyd olunanların nəzərə alınmaqla ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: b) Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsində maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(036)-1730/2022 saylı qətnaməsi ilə ərizənin təmin edilməsi, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 kodlu şəhadətnamənin X18, Ərizəçi, X19, X21, X12, X26 və X8 məxsus olması faktın müəyyən edilməsi, həmin şəhadətnamədən X13, X14, X24, X27, X28, X25, X5 adının xaric edilməsi, qətnamə qeyd olunan sənəddə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 X1, X10 Ərizəçi kimi və X11 X3 oxunmasına və həmin adlar üzrə müvafiq qeydlərin aparılmasına əsas olması qət edilmişdir. c) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayəti verərək onun qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İmişli rayon Məhkəməsi iş üzrə iddianın əsaslı olub-olmamasını nəzərə almayaraq qanunvericiliyin tələblərini pozaraq qətnamə çıxarmışdır. Həmçinin, İmişli rayon Məhkəməsi mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, iddianın əsaslılığının mümkün olub-olmamasını yoxlamamış, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmamış və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. İmişli rayon Məhkəməsi tərəfindən sözügedən işə baxılarkən aidiyyət qaydalarının pozulmasını nəzərə almayaraq qanunvericiliyin tələblərinə uyğun olmayan qətnamə çıxarılmışdır. Belə ki, iş materiallarından görünür ki, İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(020)- 1730/2022 saylı qətnaməsinə əsasən şəhadətnamədən X15, X16, X24, X27, X48, X25, X6 adları xaric edilmişdir. Bununla da İmişli Rayon Məhkəməsi işə baxarkən prosessual hüquq normalarını düzgün tətbiq etməyərək işə aidiyyti üzrə inzibati məhkəmələrdə baxılmalı olduğunu nəzərə almamış və iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmayaraq qanunvericiliyin tələblərini pozmuşdur. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edərək, sonda şikayətin təmin olunmamasını xahiş etmişdir. Bildirmişdir ki, şəhadətnamədən adları xaric edilən şəxslər onun baldızının uşaqlarıdır. Onların hazırda ayrıca evləri vardır. Onlar qeyd edilən torpağın adlarına rəsmləşdirmələrinə heç bir etirazları yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. e) Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. ə) Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator İmişli Rayon Məhkəməsinin 13 iyun 2022ci il tarixli, 2(020)-1730/2022 saylı qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin apellyasiya şikayətinin mahiyyətinə nəzər saldıqda şikayətin yalnız qətnamənin bir hissəsi, yəni “Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 kodlu şəhadətnamədən X15, X16, X24, X27, X49, X25, X6 adlarının xaric edilməsi” mübahisələndirilməsi aydın olur. Buna baxmayaraq kollegiya İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(020)- 1730/2022 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını daha məsədəmüvafiq hesab edir. f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş üzrə təqdim olunmuş sənədlərlə birlikdə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(036)-1730/2022 saylı qətnaməsi qismən ləğv edilərək, qətnamə “Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 kodlu şəhadətnamədən X15, X16, X24, X27, X49, X25, X6 adlarının xaric edilməsi” hissədə iş üzrə icraata xitam verilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan JN-554A KOD 90701004 kodlu «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətinə əsasən İmişli rayon AİK-nin 25 yanvar 2006-cı il tarixli 01 saylı qərarı ilə planda sərhədləri göstərilmiş 0,05 ha torpaq sahəsi X20, X22, X19, X12, X23, X13, X14, X24, X27, X28, X25, X17, X26 və X4 ümumi mülkiyyətinə verilmişdir. İş materiallarında olan XVİ-JQ 284470 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 30 mart 1980-ci ildə İmişli şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X10 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan AZE 15185874 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X11 adı, soyadı və ata adı şəxsiyyət vəsiqəsində X3 qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 391541 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 kodlu şəhadətnamədə torpaq mülkiyyətçisi kimi göstərilmiş X7 adı, soyadı və ata adı ölüm haqqında şəhadətnamədə X1 qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki prosessual qanunverciliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qayadasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktlarhüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Belə ki, hazırki tələbin ifadə tərzindən və mahiyyətindən müəyyən edilir ki, ərizəçinin tələbi əsasən iki hissədən; 1) «Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 kodlu şəhadətnamənin X18, Ərizəçi, X19, X21, X12, X26 və X8 məxsus olması faktın müəyyən edilməsi, 2) həmin şəhadətnamədən X13, X14, X24, X27, X28, X25, X5 adının xaric edilməsi hissələrindən ibarətdir. Apellyasiya instansiyası bildirir ki, ərizəyə (tələbə) mahiyyəti üzrə baxmazdan əvvəl birinci instansiya məhkəməsi tələbin mümkünlüyünü mülki prosessual qanunvericiliyin tələbləri baxımından tam və ətraflı yoxlamalı, mümkünlük barədə əsasların olmasını müəyyən etdikdən sonra işə mahiyyəti üzrə baxmalı idi. Ərizədən də göründüyü kimi birinci instansiya məhkəməsi «Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 kodlu şəhadətnamənin X18, Ərizəçi, X19, X21, X12, X26 və X8 məxsus olması faktın müəyyən edilməsi tələbi üzrə işə baxmağa haqlı olduğu halda, ikinci tələb üzrə yəni, “həmin şəhadətnamədən X13, X14, X24, X27, X28, X25, X5 adının xaric edilməsi hissəsində işə baxmağa haqlı oilmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi haqqında ərizəni aşağıdakı dörd şərt olduqda icraata qəbul edib xüsusi icraat qaydasında baxıla bilər; 1) əgər həmin fakt qanuna əsasən hüquqi nəticələr doğurursa; 2) faktın müəyyən edilməsi sonradan məhkəməyə aid olan hüquq haqqında mübahisənin məhkəmədə baxılması ilə əlaqəli olmamalıdır; 3) ərizəçinin hüquqi əhəmiyyəti olan faktı başqa qaydada almaq qeyri-mümkün olmalıdır; 4) konkret fakta münasibətdə mövcud qanunvericilik onun müəyyən edilməsinin digər (qeyri-məhkəmə) qaydasında müəyyən etməməlidir. Göründüyü kimi xüsusi icraat məhkəmədə mülki işlərə baxılmasının hüquq haqqında mübahisənin olmaması, xüsusi müdafiə üsul və vasitələrinin tətbiqi ilə xarakterizə olunan qaydasıdır. Xüsusi icraat qaydasında işə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildikdə isə, hakim ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarmalı və maraqlı şəxslərə (ərizəçilərə) onların ümumi əsaslarla iddia vermək hüququnu izah edilməlidir. Deməli, iddia icraatı çərçivəsində xüsusi icraat qaydasında həll edilməli olan fakt haqqında məsələ həll oluna bildiyi halda, xüsusi icraat çərçivəsində iddia icraatında həll edilməli olan hüquq haqqında məsələ həll edilə bilməz. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019- cu il tarixli, 08 saylı qərarınına əsasən; 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.5. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. 1.7. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər.

13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Göründüyü kimi İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(036)-1730/2022 saylı qətnaməsi ilə “Torpağın mülkiyyətə verilməsinə dair JN-554A KOD 90701004 kodlu şəhadətnamədən X13, X14, X24, X27, X28, X25, X5 adının xaric edilməsinin” qət edilməsi hissəsi hüquqi təbiətinə görə mülki mübahisələrdən fərqli olduğundan mülki icraat qaydasında baxıla bilməz. Çünki bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi aidiyyət qaydalarına riayət etməmiş və aidiyyət qaydalarının pozulması ilə nəticələnən tələb üzrə də qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə baxılmalı olmayan tələbə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsi ilə birinci instansiya məhkəməsi tərəfindən mülki prossesual qanunvericiliyin tələbləri pozulmuşdur. Eyni zamanda, birinci instansiya məhkəməsi maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol vermiş, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 08 saylı qərarında verilmiş izahlara zidd qətnamə qəbul etmişdir. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(106)-528-2023 saylı qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(036)-1730/2022 saylı qətnaməsi qismən - ərizənin təmin olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair JN-554A KOD 90701004 kodlu şəhadətnamədən X13, X14, X24, X27, X28, X25, X5 adının xaric edilməsi” hissəsində ləğv edilmiş və bu hissədə iş üzrə icraata xitam verilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi «Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 kodlu şəhadətnamənin X18, Ərizəçi, X19, X21, X12, X26 və X8 məxsus olması faktın müəyyən edilməsi tələbi üzrə işə baxmağa haqlı olmuşdur. Buna görə də kollegiya hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(106)-528-2023 saylı qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(036)-1730/2022 saylı qətnaməsinin qismən ərizənin təmin olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair JN-554A KOD 90701004 kodlu şəhadətnamədən X13, X14, X24, X27, X28, X25, X5 adının xaric edilməsi” hissəsində ləğv edilməsi və bu hissədə iş üzrə icraata xitam verilməsi və İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(036)-1730/2022 saylı qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin «Torpağın mülkiyyətə verilməsinə dair» JN-554A KOD 90701004 kodlu şəhadətnamənin X18, Ərizəçi, X19, X21, X12, X26 və X8 məxsus olması faktın müəyyən edilməsi tələbi üzrə qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə qeyd edilən tələb hissəsində müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(036)-1730/2022 nömrəli qətnaməsi ilə təmin olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair JN-554A KOD 90701004 kodlu şəhadətnamənin X18, Ərizəçi, X19, X21, X12, X26 və X8 məxsus olması faktının müəyyən edilməsi” hissəsində təmin edilməsin və İmişli Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(036)-1730/2022 nömrəli qətnaməsi qeyd olunan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar