Məhkəmə qərarları › İş №2(106)-532/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-532/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-532/2025 07.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar iddiası üzrə Kürdəmir Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(041)- 1085/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE) eyni modelli yeni telefonla əvəz edilməsini, bu mümkün olmadıqda xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ləğv edilərək çəkdiyi 2699.99 manat xərc cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(041)-1085/2024 saylı qətnaməsi (hakim Xaliq İmanov) ilə, iddianın təmin edilməsi, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh "xxxx" MMC-nin üzərinə “SAMSUNG GALAXY S23 ültra” (sm-s918b) 12/256gb-BEİGE) markalı telefonun yeni telefonla əvəz edilməsi öhdəliyinin qoyulması, bu mümkün olmadıqda həmin müqavilənin ləğv edilməsi və “SAMSUNG GALAXY S23 ültra” (sms918b) 12/256gb-BEİGE) markalı telefona görə ödənilmiş 2699.99 (iki min altı yüz doxsan doqquz manat 99 qəpik) manat xərcin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 04 fevral 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)532/2025 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 07 fevral 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Kürdəmir Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(041)- 1085/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Məhkəmə kollegiyası cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, apellyasiya şikayəti elektron qaydada verilmişdir. Elektron qaydada verilmiş apellyasiya şikayətinın giriş hissəsində apelyasiya şikayəti verən şəxs kimi "xxxx" MMC, apelyasiya şikayəti verən şəxsin nümayəndəsi, yəni apelyasiya şikayətini imzalayan şəxs kimi X1 adı göstərilmiş, apelyasiya şikayətinə imzalamaq səlahiyyəti olan şəxs kimi onun adına verilmiş etibarnamə əlavə edilmişdir. Lakin EMİS-də olan elektron kabinetə nəzər yetirdikdə isə müəyyən edilir ki, apelyasiya şikayəti elektron imza vasitəsi ilə Həsən İsrafilzadə tərəfindən imzalanmışdır. İş materiallarına isə nəzər yetirdikdə isə müəyyən edilir ki, ümumiyyətlə hüquqi şəxsin nümayəndəsi qismində Həsən İsrafilzadənin adına hər hansı etibarnamə verilməmiş, apelyasiya şikayətinin isə onun tərəfindən imzalanması göstərilməmişdir. Bu isə onu deməyə əsas verir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, apelyasiya şikayəti verilərkən MPM-in 363.1.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, MPM-nin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apelyasiya şikayəti geri qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(041)-1085/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar