Məhkəmə qərarları › İş №2(106)-543/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-543/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-543/2023 14.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı (MMC-nin) Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC kiçik iddia ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, 04 fevral 2021-ci il tarixli, 28K561242 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən xx xxxxxxx 1991-ci il təvəllüdlü Cavabdeh əsas borca görə 1000 manat, faiz borcuna görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 33 manatın, cəmi 1333 manat pulun İddiaçı MMCnin xeyrinə tutulmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin (hakim C.Qədimov) 28 noyabr 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə iddiaçı MMC-nin baş direktorunun səlahiyyətlərini təsdiq edən sənəd, iddia ərizəsinin surəti əlavə edilməmiş, eyni zamanda iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, FİN kodu göstərilməmişdir. İddiaçı MMC qərardaddan şikayət vermiş, şikayətində iddiaçı tərəf birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iddia ərizəsinə əmək müqaviləsinin bildirişi əlavə edilmişdir. Həmin sənəddə X1 baş direktor olması öz əksini tapmışdır. Belə halda, baş direktorun etibarnamə verməyə səlahiyyətli şəxs olması görünür. Eyni zamanda, iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsinin seriyası və FİN kodunun göstərilməməsi və iddia ərizəsinin surətinin əlavə olunmaması iddia ərizəsinin qaytarılması üçün əsas ola bilməz. Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM-nin) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 06 mart 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu cavabdehə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəçini dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq nomalarına riayət etməsini yoxlayır. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İşin hallarından görünür ki, İddiaçı MMC kiçik iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən nisyə alqı-satqı müqaviləsi üzrə borcunu tələb etmişdir. Məhkəmə iddia ərizəsini geri qaytararkən, Azərbaycan Respublikasının MPM-nin 284- 3.2.2, 284-3.3, 150.1.5, 152.1.1, 152.1.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-2-ci maddəsinin tələbinə görə, kiçik iddialara dair işlərdə ərizə həmin Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. MPM-in 284-3.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddiaçının tələbi və onun əsaslandığı hallar; tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; əlavə edilən sənədlərin siyahısı. Qanunun tələbinə görə, ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. MPM-in 284-3.5-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Birinci instansiya məhkəməsi iddia ərizəsini ona görə qaytarmışdır ki, iddia ərizəsinə iddiaçı MMC-nin baş direktorunun səlahiyyətlərini təsdiq edən sənəd, iddia ərizəsinin surəti əlavə edilməmiş, eyni zamanda iddia ərizəsində cavabdehin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, FİN kodu göstərilməmişdir. Kollegiya hesab edir ki, iddia ərizəsinin geri qaytarılması üçün formal əsaslar mövcud olmuşdur. İddiaçı ərizəsinə əmək müqaviləsi bildirişi əlavə edilmişdir. Həmin bildirişindən görünür ki, iddiaçının nümayəndəsi ilə əmək müqaviləsini iddiaçı MMC-nin baş direktoru X3 bağlamışdır. Burada işəgötürən qismində M.Bağırov göstərilmişdir. Bununla yanaşı, təqdim edilmiş iddia ərizəsində iddiaçı MMC-nin zəruri rekvizitərimüəssisənin vergi ödəyicisi kimi eyniləşdirmə nömrəsi (VÖEN-i), MMC-nin qeydiyyatı, rəhbəri haqqında məlumatlar, faktiki və hüquqi ünvanı, elektron poçt ünvanı, telefon nömrələri və s. kimi məlumatlar əksini tapmamış, (bu cür məlumatların bir qayda olaraq müəssisənin firma blankında göstərilməsi ilə yanaşı, təsdiq edilmiş zəruri sənədlərin əlavə edilməsi də məqsədəuyğundur), eləcə də iddia ərizəsi MMC-nin möhürü ilə təsdiqlənməmişdir. İddia ərizəsində yalnız müəssisənin nümayəndəsinin haqqında məlumatlar əksini tapmışdır ki, bu da iddia ərizəsinin icraata götürülməsi üçün yetərli deyil, çünki nümayəndə haqqında məlumatlar, MMC haqqında məlumatlar demək deyil. Kollegiya qeyd edir ki, iddia ərizəsində iddiaçı haqqında məlumatların çatışmazlığı, informasiyaların yetərli olmaması yazışmaların aparılmasında çətinliklər yaradır, cavabdehə həmin məlumatların ötürülməsini mümkünsüz edir, eləcə də gələcəkdə qəbul ediləcək qətnamənin icrasında praktik olaraq problem yaranır. Bundan başqa, qanunun tələbinə görə, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi üçün müəyyən edilmiş qaydadan iddia ilə məhkəməyə müraciət edərkən, cavabdehə təqdim edilmək üçün iddia ərizəsinin surətini də ərizəsinə əlavə etməlidir. Lakin iddiaçı MMC hazırki halda cavabdehə təqdim edilmək üçün iddia ərizəsinin surətini iddia ərizəsinə əlavə etməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Şikayəti təmin etmək üçün əsas yoxdur. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin geri qaytarılması iddiaçının ümumi qaydada yenidən iddia ilə müraciət etmək hüququnu istisna etmir. Beləliklə, Kollegiya hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 2(053)-1112/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar