Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-544/2025 17.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz filialı olmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-2049/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 01 yanvar 1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək atası X1 qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ailə üzvüləri ilə birlikdə Cavadxanlı kəndində yaşayır. 1910-cu il təvəllüdlü mərhum atası X2 onun himayəsində olmuş və ona o, baxmışdır. Belə ki, atası yaşlı olduğu və müstəqil hərəkət edə bilmədiyi üçün 70 yaşında vəfat etmiş və xx.xx.1996-cı il tarixədək ona o, qulluq etmişdir. Onun yeməyin, içməyin, həmçinin həkimlərin çağrılması və ya gətrilməsi və sair hamsını o, etmişdir. Mərhum atasına qulluq etməyini kənd icra nümayəndəlliyinin arayışıda təstiq edir və həmçinin bu faktı şahidlərdə təstiq edə bilərlər. Qeyd edir ki, hazırda o, yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona imtina məktubu göndərmişdir. Maraqlı şəxsin 10 avqust 2024cü il tarixli məktubunda bildirilir ki, atasına qulluq etmə faktı məhkəmə qaydasında müəyyən edilərsə ona pensiya təyin olunmasına yenidən baxıla bilər. Hazırda onun başqa çıxış yolu olmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Atasına qulluq etmə faktının müəyyən edilməsi ona pensiyanın təyin edilməsi üçün lazımdır. İmişli Rayon Məhkəməsinin 2(036)-2049/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi (Orxan Mahmud) ilə, ərizənin təmin olunması, Ərizəçi 01 yanvar 1981-ci il tarixdən xx.xx.1996-cı il tarixədək mərhum atası X1 qulluq etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz filialı apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının iddia tələbindən müəyyən edilir ki, o, atasına qulluq etmə faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, atası yaşlı olduğu və müstəqil hərəkət edə bilmədiyi üçün 70 yaşında vəfat etmiş və xx.xx.1996-cı il tarixədək ona o, qulluq etmişdir. Hazırda o, yaşa görə pensiya təyin edilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona imtina məktubu göndərmişdir. Maraqlı şəxsin 10 avqust 2024cü il tarixli məktubunda bildirilir ki, atasına qulluq etmə faktı məhkəmə qaydasında müəyyən edilərsə ona pensiya təyin olunmasına yenidən baxıla bilər. Hazırda onun başqa çıxış yolu olmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Atasına qulluq etmə faktının müəyyən edilməsi ona pensiyanın təyin edilməsi üçün lazımdır. Maraqlı şəxsin apelyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Ərizəçi xəstəyə qulluq etməsi faktının müəyyən edilməsinin məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. İş materiallarından da görünür ki, Ərizəçi mərhum atasına qulluq etməsi faktının müəyyən edilməsini məhkəmə qaydasında xahiş etsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyi baxımından bu kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin tələbi məhkəmədə baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də apellyasiya şikayəti qismən əsaslı hesab edilməklə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir. İş məhkəmədə baxılmalı deyildirsə ifadəsi mülki prosessual qanunvericiliyin normaları əsasında icraatı aparan məhkəmələri nəzərdə tutmaqla yanaşı, həmçinin onu ehtiva edir ki, iş bu prosessual normalar əsasında deyil, başqa prosessual normalar əsasında icraatı aparan məhkəmələrin səlahiyyətinə aiddirsə, bu halda da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-2049/2024 saylı, 29 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz filialı olmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-544/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-544/2025
17.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver