Məhkəmə qərarları › İş №2(106)-546/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-546/2024

23.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-546/2024 23.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Astara Rayon Məhkəməsinin 2(018)-1307/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə (ərizəyə) məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5100 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişi məbləğinin, 71,40 manat dövlət rüsumunun, ümumilikdə 5171,40 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(018)-1307/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia ərizəsi baxılmamış saxlanılmışdır. 23 noyabr 2023-cü ildə iddiaçı "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Astara Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak etməmə səbəbinin üzrlü hesab edilməsini və 27 dekabr 2022-ci il tarixli qərardadı ləğv edib iş üzrə icraatı təzələyərək icraata qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(018)-1307/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 tərəfindən imzalanmış Astara Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(018)-1307/2022 saylı qərardadı üzrə verilmiş ərizə təmin edilməmiş, 7 gün müddətində işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli göndəriş məktubu ilə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 tərəfindən imzalanmış Astara Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(018)-1307/2022 saylı qərardadından verdiyi ərizə təmin edilmədiyindən həmin mülki iş baxılmasından ötrü aidiyyəti üzrə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, 08 fevral 2024-cü ildə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti (ərizəni) nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, Astara Rayon Məhkəməsinin 2(018)-1307/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət (ərizə) üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. MPM-in 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlardan da göründüyü kimi, mülki prosessual qanunvericilik tərəflərə iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardaddan şikayət vermək və ya həmin qərardadın ləğv edilməsi ilə bağlı vəsatət vermək səlahiyyəti verir. Hazırkı iş üzrə iddiaçının 23 noyabr 2023-cü il tarixli müraciətindən də görünür ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə Astara Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli qərardadının ləğv edilməsinə dair ərizə (vəsatət) vermiş, həmin qərardaddan hər hansı şikayət verməmişdir. Lakin birinci instansiya məhkəməsi ərizəyə baxaraq onu təmin etməmiş olsa da, qərardaddan verilmiş şikayətə baxılması ilə bağlı nəzərdə tutulmuş prosessual qaydalara uyğun olaraq ərizənin şikayət kimi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini qərara almış, bununla da prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, MPM-in 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. MPM-in 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. MPM-in 269.3-cü maddəsinə əsasən, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası MPM-in 366.2-ci maddəsinin tələblərini nəzərə alaraq bildirir ki, hazırkı iş üzrə apellyasiyanın mümkünlüyü üçün hər hansı əsas müəyyən edilmir. Belə ki, apellyasiyanın mümkünlüyü üçün ilkin tələb olunan şərt ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktından şikayət (apellyasiya şikayəti) verilmiş olsun. Lakin hazırkı işin hallarından da göründüyü kimi Astara Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(018)-1307/2022 saylı qərardadından iddiaçı tərəfindən şikayət verilməmiş, iddiaçı həmin qərardadın ləğvinə dair ərizə ilə müraciət etmişdir. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iş üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığından, Astara Rayon Məhkəməsinin 2(018)-1307/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət (ərizə) üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-269, 397 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 2(018)-1307/2022 saylı, 27 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət (ərizə) üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar