Məhkəmə qərarları › İş №2(106)-547/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-547/2024

14.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-547/2024 14.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı və şəhadətnamə əsasında verilmiş çıxarışı ləğvi X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Sulidin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(050)-368/2023 saylı qətnaməsindən (hakim Mirlətif Sadıqov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Saatlı rayon Notariat Ofisinə qarşı mərhum əri X5 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak barədə Cavabdeh notariusu X9 tərəfindən verilmiş 24 oktyabr 2018-ci il tarixli, 2V-22 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya RX ******* saylı çıxarışın ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X10 ilə 18 mart 1981-ci ildə ailə həyatı quraraq rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikah dövründə, yəni 10 dekabr 2013-cü il tarixdə iddiaçının əri X5 adına **********94-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyesterindən çıxarışa əsasən Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak qeydə alınmışdır. İddiaçının əri X10 04 mart 2015-ci ildə vəfat etmişdir. 24 oktyabr 2018-ci il tarixdə Cavabdeh notariusu X9 iddiaçının əri, mərhum X5 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakı mərhum X4 miras qalmış əmlak kimi qəbul edərək iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş və iddiaçı həmin şəhadətnamə əsasında dövlət reyesterindən çıxarış almışdır. İddiaçı və onun mərhum əri X5 birgə nikah dövründə, yəni 10 dekabr 2013-cü il tarixdə mərhum X5 adına **********94-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlak iddiaçı və onun mərhum ərinin birgə nikahı dövründə əldə edilmişdir. Buna görə də qeyd edilən Notariat Kontorunun notariusunun birgə nikah dövründə əldə olunan əmlakın bütövlükdə iddiaçının əri mərhum X4 qalmış miras əmlak kimi qəbul etməsi ilə razılaşmırlar. Odur ki, mərhum X5 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakın ½ hissəsinə iddiaçının payı müəyyən etdikdən sonra, həmin əmlakın qalan ½ hissəsi miras əmlak kimi qəbul edilməli və bundan sonra həmin hissəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh Saatlı rayon Notariat Ofisinin notariusu X2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı cavabdeh Saatlı rayon Notariat Ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(050)-368/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. Lakin notarius hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməli, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli olduğu halda öz vəzifələrini yerinə yetirməmişdir. Nəzərə alsaq ki, notarius öz vəzifəsini yerinə yetirərək hüquq və vəzifələrini ona düzgün izah etsəydi, heç şübhəsiz ki, nikah dövründə əldə etdiyi əmlakı miras əmlak kimi qəbul etməz və hazırda da bu çətinliklə üzləşməzdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, bu normanın tələbinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Notarius isə nikah dövründə əldə etdiyi əmlakı miras əmlak hesab edərək, öz əmlakını qanun üzrə vərəsə kimi özünə qəbul etdirmişdir. Birinci instansiya məhkəməsi isə bu qanunsuzluğu müddətin keçməsi əsası ilə araşdırmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, bu normanın tələbinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Notarius nikah müddətində əldə etdiyikləri əmlakı bütövlükdə mərhum ərindən qalmış miras əmlak hesab edərək öz əmlakını özünə miras əmlak kimi qanun üzrə vərəsəlik qaydasında qəbul etdirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, bu normanın tələbinə görə Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən müdafiə olunur. Cavabdeh notariusu X9 isə hüquqi məlumatsızlığından istifadə edərək qanunvericiliyin tələblərini pozaraq nikah dövründə əldə etdiyi əmlakı, yəni mərhum əri X5 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakı bütövlükdə miras əmlak hesab etmişdir, halbuki həmin əmlakın ½ hissəsi miras əmlak olmuşdur. Bu qanunsuzluğu isə birinci instansiya məhkəməsi müddətin keçməsini əsas tutaraq araşdırmamış və nəticədə mülkiyyət hüququnu pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozulmuşdur. Belə ki, bu normanın tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə iddianı təmin etməyərək nikah dövründə əldə etdiyi əmlakı, yəni mərhum əri X5 adına qeydə alınmış Saatlı rayonunun Qara Nuru kəndi ərazisində 0.26 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakın ½ hissəsi üzərində olan mülkiyyət hüququnu qorumamışdır. Məhkəmə müddətin keçməsinə görə iddianı rədd etsə də maraqlı şəxsin bildiyi günü və müddəti hansı tarixdə keçirtdiyini müəyyən etməmişdir. Məhkəmə notariusun qanunvericiliyin tələbini pozub-pozmamasını, vərəsəlik işinin qanuni aparılıb aparılmamasını və müddətin hansı tarixdə keçdiyini araşdırmadan müddətin keçməsi səbəbindən iddiasını rədd etmişdir. Məhkəmə notariusun vərəsəlik işini apararkən qanunvericiliyin tələbini pozmasını, vərəsəlik işini qanuni aparmamasını araşdırmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Tərəflər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı məhkəməyə vəsatət göndərərək, məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçı qeyd etdiyi üzrlü səbəblərlə bağlı müvafiq sübutlarını vəsatətinə əlavə etməmişdir. Digər tərəflərə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, apellyasiya baxışına gəlməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinin tələbinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1 -ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-1243.3-cü maddələrinə görə vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1322-ci maddəsinə görə vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Mülki Məcəllənin 1272-ci maddəsinə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarına görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən iş üzrə aşagıdakı sənədlər tədqiq edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə İddiaçı arasında 18 mart 1981-ci ildə qeydə alınmış 9 saylı nikah qeydi vardır. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterindən seriya RX ******* saylı çıxarışdan görünür ki, Saatlı rayon Qara Nuru kəndində 0.26 ha torpaq sahəsi üzərində yerləşən 1291.9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında X8 məxsus olmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 mart 2015ci il tarixdə vəfat etmişdir. İşdə olan 24 oktyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, miras əmlak Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakdan ibarətdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyesterindən seriya RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində Saatlı rayon Qara Nuru kəndində 0.26 ha torpaq sahəsi üzərində yerləşən 1291.9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası vardır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası X3 mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi, o cümlədən həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında mərhum X8 məxsus olmuş, sonuncu tərəfindən həmin qeyri-yaşayış binası (şadlıq sarayı) X10 ilə X7 arasında 164 640 manat məbləğində 17 mart 2014-cü il tarixdə bağlanmış Saatlı rayon DNK tərəfindən təsdiq edilmiş 3M-01/17 reyestr nömrəli Kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulmuş, Şirvan Apellyasiya Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 8(106)60/2022 saylı qərardadına əsasən Saatlı rayon Notariat ofisinin 26 yanvar 2022-ci il tarixli, 8İ-198 saylı icra qeydi üzrə borclu Saatlı rayon Sarıcalar kənd sakini İddiaçı məxsus Saatlı rayon Qara Nuru kəndində yerləşən mülkiyyətində olan 0,26 ha torpaq sahəsi üzərində yerləşən 1291.9 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının (şadlıq sarayının) üzərinə həbs qoyulmaqla hərrac vasitəsi ilə satılması və likvid qiymətinin müəyyən edilməsi qərara alınmış, ipoteka predmetinin ilkin satış qiyməti 385 000 manat, təkrar satış qiyməti 327 250 manat qiymətləndirilmiş, 27 yanvar 2023-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında qeyri-yaşayış binası ipoteka saxlayan və əldə etmək hüququna malik olan X3 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən 245 437,50 manat ödənilməklə əldə edilmişdir. X7 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 fevral 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ əldə etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, qeyd etmişdir ki, iddiaçının mərhum əri Fikrət Əliyevlə birgə nikah dövründə əldə etdiyini və bu səbəbdən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin şəhadətnamə əsasında verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb etdiyi Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan qeyri-yaşayış binası kredit müqaviləsinin təminatı kimi ipotekaya qoyulduğundan və artıq ipoteka saxlayan Əlizaman Rəhimov tərəfindən alınmaqla sonuncu tərəfindən əmlaka dair mülkiyyət hüququ əldə edilmiş, eyni zamanda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün mübahisə açılmasından ötrü müəyyənləşdirilmiş 2 aylıq müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə olan halda qeyd olunanlara əsasən məhkəmə iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən etmir. İddiaçı tərəf apellyasiya şikayətində notariusun ona hüquqlarını izah etmədiyini və onun ½ hissədə pay hüququnu qorunmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddiaçı 24 oktyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum ərindən miras qalmış Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 0.26 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində ümumi sahəsi 1291.9 kv.m olan daşınmaz əmlakı öz payı da daxil olmaqla bütöv şəkildə əldə etmişdir. İş materiallarında olan 2V-22 saylı vərəsəlik işindən görünür ki, miras qoyan X5 İddiaçı, Nüsrət Əliyev, Təhminə Süleymanova, Südabə İsmayılova və Nüşabə Əlyevadan ibarət vərəsələri qalmışdır. Notariat qovluğundakı sənədlərdən görünür ki, digər vərəsələr miras əmlakı qəbul etməmiş və ondan anaları-hazırkı iddiaçının xeyrinə imtina etmişlər. Beləliklə də iddiaçı miras əmlakı qəbul edərkən ona düşən pay hissəsi də qorunmaqla miras əmlakı tam qəbul etmişdir. Kollegiya iddiaçının payının qorunmaması və ya miras əmlakdan məhrum edilməsi ilə bağlı hər hansı hal aşkar etməmişdir. Şərh edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(050)-368/2023 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar