Məhkəmə qərarları › İş №2(106)-55/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-55/2025

25.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-55/2025 25.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Salyan Rayon Bələdiyyəsinin cavabdeh ƏlCavabdeh qarşı “tikilinin sökülməsi” tələbi barədə mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: səkidəki tikilinin sökülməsi. Şirvan şəhəri, 25 sentyabr 2025-ci il X13 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Salyan Rayon Bələdiyyəsinin cavabdeh ƏlCavabdeh qarşı “tikilinin sökülməsi” tələbi barədə mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(057)-1209/2023 saylı qətnaməsindən (hakim Ənnağı Məmmədli) cavabdeh ƏlCavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Salyan rayon Bələdiyyəsinin sədr müavini, sədr səlahiyyətlərini müvəqqəti icra edən X9 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan ƏlCavabdeh tərəfindən ona məxsus evin qarşısından keçən səkinin zəbt olunaraq üzərində inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayan X1 rayon İddiaçınə müraciət edərək, qonşusu Esmira tərəfindən qanunsuz tikili aparılaraq səkini zəbt etdiyini, bununda nəticəsində ailə üzvlərinin və digər sakinlərin səkidən istifadə edilməsinə maneə yarandığını və az yaşlı məktəbli uşaqları səki ilə yox maşın yolundan təhlükəli vəziyyətdə istifadə etməyə məcbur olduqlarını bildirərək qanunsuz tikilinin sökülməsini və səkinin əhali üçün rahat istifadə olunmasının təminin xahiş etmişdir. Müraciət əsasında Salyan rayon Bələdiyyəsi tərəfindən qeyd olunan əraziyə, S.Vurğun küçəsində yerləşə Esmira Ələkbərovanın yaşadığı evin qarşısından keçən səkiyə baxış keçirilmiş və həqiqətən də, səki üzərində qanunsuz tikili inşa edildiyi aşkar olunmuşdur. Qeyd olunanlarla bağlı Salyan rayon Bələdiyyəsi tərəfindən akt tərtib edilmiş, Esmira Ələkbərova tərəfindən qanunsuz inşa edilmiş tikilinin sökülməsi barədə xəbərdarlıq olunmuş, lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Səki üzərində qanunsuz tikilinin inşa edilməsi vətəndaşların səkidən istifadə etmələrinə maneəçilik yaradır və bu səbəbdən vətəndaşlar və uşaqlar əsas avtomobil yolundan istifadə etməyə məcbur qalırlar. Bu da hər an insan tələfatı ilə nəticələnə bilən bədbəxt hadisələrin baş verməsinə səbəb ola bilər. Bu səbəbdən İddiaçı tərəfindən qanunsuz tikilinin qanunamüvafiq qaydada sökülməsi məqsədi ilə Salyan Rayon Məhkəməsinə müraciət olunması qərarına gəlinmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, zəbt olunan sahə bələdiyyənin mülkiyyətidir, lakin bələdiyyəyə məxsus olmasına dair heç bir sənədi yoxdur. Cavabdehin qonşusu dəfələrlə Salyan RİHB-nə şikayət etmişdir, bu əsasla da, iddia qaldırılmışdır. Cavabdeh qapının ağzında ağac əkmiş və digər tikililərlə maneələr yaratmışdı. Bir müddət əvvəl Bələdiyyə oxşar məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunsa da, Şirvan Apellyasiya Məhkəməsinin qərardadı ilə Salyan Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanmışdır. Hazırda yol verilmiş nöqsanlar aradan qaldırıldığı üçün iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ƏlCavabdeh məhkəmə iclasına gəlmədiyindən onun mövqeyini öyrənmək mümkün olmamışdır. Salyan Rayon Məhkəməsinin 10 oktyabr 2023-ci il tarixli, 2(057)-1209/2023 saylı qətnaməsi ilə İddia təmin edilmiş, ünvan 1-də yerləşən cavabdeh ƏlCavabdeh yaşadığı evin qarşısından keçən səkidə zəbt olunaraq inşa edilmiş qanunsuz tikilinin sökülməsi və cavabdeh ƏlCavabdeh 100 (yüz) manat dövlət rüsumu alınaraq dövlət nəfinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh ƏlCavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda yerləşən mənzildə uzun illərdən bəri ailə üzvləri ilə birlikdə yaşayır. O özünə məxsus olan mənzilin qarşısını sadəcə olaraq abadlaşdırmış və həmin hissə onun xüsusi mülkiyyətindədir. Məhkəmə isə buna əhəmiyyət vermədən qətnamə qət etmişdir. Məhkəmə qanunsuz, qərəzli və ədalətsiz qətnamə qət etməklə kifayətlənmişdir. Məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, tez-tələsik olaraq yarımçıq qətnamə çıxarmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, mübahisəli ərazi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ümumi istifadə üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan torpaqdır. Cavabdeh həmin ərazinin özünün mülkiyyətində olmasını qeyd etsə də buna dair hər hansı sübut təqdim etməmişdir. Cavabdeh müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehiniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh ƏlCavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh ƏlCavabdeh münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin tələbinə görə hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan stifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcələnin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcələnin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 8-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsi, Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçüln əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məktubundan, foto şəkillərdən və s. sənədlərdən göründüyü kimi cavabdeh iddiaçıya məxsus torpaq sahəsini icazəsiz zəbt etmiş, iddianın əsaslandırılması hissəsində qeyd edildiyi kimi, vətəndaşların səkidən istifadəsinə maneə yaratmışdır. Hal belə olduğu üçün həmin maneələr aradan qaldırılmalı, səki bərpa olunmalı və vətəndaşların gediş-gəlişi üçün şərait yaradılmalıdır. İş materiallarında olan 08 iyun 2023-cü il tarixli aktdan görünür ki, bələdiyyənin sədr müavini X9, bələdiyyənin mühəndisi Nümayəndə1, bələdiyyənin müfəttişi X7 aktı ondan ötəri tərtib etmişdirlər ki, ünvan 4 ünvanında yaşayan X5 qonşusu ƏlCavabdeh həyat yoldaşı X8 tərəfindən qanunsuz tikili apararaq səkini zəbt etməsi ilə bağlı İddiaçınə etdiyi müraciətin araşdırılması üçün tərəflərindən əraziyə yerində baxış keçirilmiş, baxış zamanı həqiqətən də, S.Vurğun küçəsi 98 ünvanında E.Ələkbərov tərəfindən yaşadığı evin küçə hissəsində, səki üzərində heç bir hüquqi sənəd əldə etmədən qanunsuz tikililərin inşa edildiyi müəyyən olunmuş, odur ki komissiya üzvləri qeyd olunan qanunsuz tikilinin sökülməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan İddiaçı 13 saylı protokolundan çıxarışda görünür ki, gündəlikdə duran məsələ kimi Salyan şəhəri, S.Vurğun küçəsi ev 98-də yaşayan ƏlCavabdeh ona məxsus evin qarşısından keçən səkinin zəbt olunaraq üzərində inşa edilmiş qanunsuz tikilinin sökülməsi üçün Salyan Rayon Məhkəməsinə müraciət olunması müzakirə olunmuş, Salyan şəhəri, S.Vurğun küçəsi ev 98-də yaşayan ƏlCavabdeh ona məxsus evin qarşısından keçən səkinin zəbt olunaraq üzərində inşa edilmiş qanunsuz tikilinin sökülməsi məsələsi baxılması üçün Salyan Rayon Məhkəməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, həqiqətən də səkinin yerləşməli olduğu hissə, yəni darvaza və çəpərin önündə qanunsuz tikili və s. əşyalar yerləşdirilmiş və səki qeyd edilən maneələrlə zəbt edilmişdir. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyətinin başçısı aparatının 08 sentyabr 2022-ci il tarixli, № 719 saylı Salyan şəhəri, S.Vurğun küçəsi ev 100 ünvanında yaşayan X4 ünvanlanmış məktubdan görünür ki, həmin küçədə olan piyadaların hərəkəti üçün nəzərdə tutulan səki üzərində maneələrin aradan qaldırılması üçün etdiyi müraciət Salyan RİHB aparatı tərəfindən araşdırılmış, həmin ünvanda yerləşən piyadalar üçün nəzərdə tutulmuş səki Salyan şəhər bələdiyyəsinin balansında olduğundan səkidə olan maneələrin aradan qaldırılması məqsədilə Salyan şəhər bələdiyyəsinə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Salyan şəhər Bələdiyyəsinə ünvanladığı № **********84 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Salyan şəhər sakini X3 X10 tərəfindən Salyan Şəhər Bələdiyyəsinin inzibati ərazisində torpaq qanunvericiliyinin tələblərini pozması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətə Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmış, qeyd olunan məsələ Xidmətin Şirvan ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman sözügedən torpaq sahəsi Cavabdeh mülkiyyətində olmaqla döşəmə daş, 0.80 metr hündürlükde yarımçıq sütunlarla və gül dibçəkləri ilə əhatə olunması halı öz təsdiqini tapmışdır. Beləliklə də qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsi boşaldilaraq, iddiaçı Salyan rayon İddiaçı qanuni istifadəsinə qaytarılmalıdır. Göründüyü kimi iddia təmin edilmiş, qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlilləri cavabdehin özünə məxsus olan mənzilin qarşısını sadəcə olaraq abadlaşdırmaqdan və həmin hissənin onun xüsusi mülkiyyətində olmasından ibarətdir. Apellyasiya şikayətinin dəlili üzrə mübahisəli ərzinin hansı mülkiyyətdə olub-olmamasını müəyyən etmək məqsədilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyi əldə edilərək işə əlavə edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 25 avqust 2025-ci il tarixli, 10/5777 saylı Rəyində aşağıdakılar qeyd edilmişdir. - birinci və ikinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 04.08.25 tarixli, 3-21-3-38/2-2548/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: Cavabdeh ƏlCavabdeh yaşadığı ünvan 1 ünvanında, özünə məxsus fərdi yaşayış evinin qarşısından keçən səkinin, torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid, İddiaçı mülkiyyətində olan, ümumi istifadə üçün nəzərdə tutulan “Yollar və küçələr” olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. ünvan 1 ünvanında, fərdi yaşayış evinin qarşısından keçən mübahisəli səki üzərində iki ədəd daş konstruksiyalı dirəklər və dirəklərin arasında olan dibçəklər mövcuddur. ünvan 1 ünvanında, fərdi yaşayış evinin qarşısından keçən mübahisəli səki üzərində iki ədəd daş konstruksiyalı dirəklərin və dirəklərin arasında olan dibçəklərin səkidən istifadəni məhdudlaşdırıb-məhdudlaşdırmadığının cavablandırılması məhkəmə tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyil. Göründüyü kimi müəyyən edilir ki, mübahisəli ərazi cavabdehin qeyd etdiyi kimi onun mülkiyyətində deyildir. Əksinə həmin ərazi torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid, İddiaçı mülkiyyətində olan, ümumi istifadə üçün nəzərdə tutulan “Yollar və küçələr” olan torpaq sahəsi olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, ünvan 1 ünvanında, fərdi yaşayış evinin qarşısından keçən mübahisəli səki üzərində cavabdeh tərəfindən iki ədəd daş konstruksiyalı dirəklər inşa edilmiş və dirəklərin arasında dibçəklər qoyulmuşdur. Göründüyü kimi mübahisəli səki cavabdeh tərəfindən zəbt edilmiş, orada qanunsuz tikililər inşa edilmiş, orada iki ədəd daş konstruksiyalı dirəklər inşa edilərək, dirəklər arasında dibçəklər qoyulmaqla səkidən istifadə məhdudlaşdırılmışdır. Buna görə də Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh ƏlCavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 10 oktyabr 2023-ci il tarixli 2(057)-1209/2023 saylı qətnaməsi cavabdeh ƏlCavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdeh ƏlCavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar