Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-560/2025 09.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(020)-1685/2024 saylı qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə edilmiş çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********79-10301 olan və qeydiyyat tarixi xx.xx.2022-ci il olan çıxarışa əsasən Beyləqan rayonunun Mil kəndində yerləşən ümumi sahəsi 98.40 kv metr olan fərdi yaşayış evi "AccessBank” QSC-nin mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, “AccessBank" QSC mülkiyyətində olan ünvan 1ində yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 69.7 m2, yardımçı sahəsi 28.7 m2 olan 3 otaqlı fərdi yaşayış evini 0.12 ha olan torpaq sahəsi ilə birlikdə X1 16000 manata satmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3040 (üç min qırx) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh 12960 (on iki min doqquz yüz altmış) manat məbləği isə xx.xx.2026-cı ıl tarıxinədək hər ayda bir dəfə 360 (üç yüz altmış) manat olmaqla 36 dəfə ödəniş etməyi öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmiş təklifdən görünür ki, Cavabdeh müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə "AccessBank” QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 98.4 kv/m, yaşayış sahəsi 69.7 kv/m yardımçı sahəsi 28.7 kv/m olan 3 otaqlı tərdi yaşayış evindən və ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi “AccessBank" QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə “AccessBank" QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı “AccessBank" QSC-nin mülkiyyətində olan ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 98.4 kv/m, yaşayış sahəsi 69.7 kv/m, yardımçı sahəsi 28.7 kv/m olan 3 otaqlı fərdi yaşayış evini və ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini alıcı Cavabdeh 16000 manat (on altı min manat) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3040 (üç min qırx) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 12960 (on iki min doqquz yüz altmış) manat məbləği isə xx.xx.2026-cı ıl tarıxinədək hər ayda bir dələ 360 ( üç yüz altmış) manat olmaqla 36 dəfə ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 4840 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Ona görə də, Cavabdeh ilə "AccessBank” QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 98.4 kv/m, yaşayış sahəsi 69.7 kv/m yardımçı sahəsi 28.7 kv/m olan 3 otaqlı tərdi yaşayış evindən və ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi “AccessBank" QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən X3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, “AccessBank" QSC nin mülkiyyətində olan ünvan 1ində yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 69.7 m2, yardımçı sahəsi 28.7 m2 olan 3 otaqlı fərdi yaşayış evini 0.12 ha olan torpaq sahəsini 16000 manata almışdır. İlkin olaraq 3040 manat ödəmiş qalan məbləği hər ay 360 manat ödəməyi öhdəsinə götürmşdür. Hər ay pul ödəmiş, lakin 2 ay imkanı olmadığına görə ödəyə bilməmişdir. Ona görə də “AccessBank" QSC onu məhkəməyə vermişdir. İddianı qəbul etmir, maddi imkanı olan kimi qalan məbləği hissə-hissə ödəyəcəkdir. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim Ramiz Nurullayev) e-2(020)-1685/2024 saylı, 28 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı QSC-nin mülkiyyətində olan Beyləqan rayonu Mil kəndində yerləşən, ümumi sahəsi 98.4 kv/m, o cümlədən yaşayış sahəsi 69.7 kv/m yardımçı sahəsi 28.7 kv/m olan 3 otaqlı tərdi yaşayış evindən və Beyləqan rayonu Mil kəndində yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən çıxarılması, əmlakın boşaldılaraq iddiaçı “AccessBank" QSC-yə təhvil verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat alınıb İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445.2.1, 139.1, 152.1, 152.5, 157.2, 424.2, 447.1, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2- ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 423.1-ci maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə müqavilə şərtlərinin pozulması ilə bağlı xəbərdarlıq (pretenziya) göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh müqavilədən irəli gələn öhdəlikləri icra etmədiyinə görə tərəflər arasında bağlanmış müqavilə pozulmuş hesab edilir və ona görə də iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsinə məhkəmədə baxılmasına zərurət yaranmır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən İddiaçı QSC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “AccessBank" QSC mülkiyyətində olan ünvan 1ində yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 69.7 m2, yardımçı sahəsi 28.7 m2 olan 3 otaqlı fərdi yaşayış evini 0.12 ha olan torpaq sahəsi ilə birlikdə X1 16000 manata satmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3040 (üç min qırx) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir Cavabdeh 12960 (on iki min doqquz yüz altmış) manat məbləği isə xx.xx.2026-cı ıl tarıxinədək hər ayda bir dəfə 360 ( üç yüz altmış) manat olmaqla 36 dəfə ödəniş etməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi bank həmin müqavilə əsasında mülkiyyətində olan ünvan 1ində yerləşən, ümumi sahəsi 98.4 m2, yaşayış sahəsi 69.7 m2, yardımçı sahəsi 28.7 m2 olan 3 otaqlı fərdi yaşayış evini 0.12 ha olan torpaq sahəsi ilə birlikdə Cavabdeh satmaqla 16000 manat məbləğində gəlir əldə edəcəkdi. Lakin müqavilə müddəti bitmədiyindən və cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilmədiyindən İddiaçı QSC daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunaraq əmlakın geri alınmasını tələb etməkdə haqlı olmuşdur. İşin hallarından görünüyü kimi Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla ödənişlərini vaxtında və lazımınca icra etmədiyindən müqavilənin ləğvinə səbəb olan hallara yol vermişdir. Nisyə alqı-satqı müqaviləsinin müddəti bitmədiyindən və tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi notariat kontorunda bağlandığından və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındığından hazırki müqaviləyə xitam verilməməsi gələcəkdə iddiaçı bankın konstitusion hüququ olan mülkiyyət hüququnun və mülkiyyət hüququnun üzərində sərəncəam vermək hüququnu məhdudlaşdırır. Tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin müddəti bitmədiyindən və tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi notariat kontorunda bağlandığından və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındığından hazırki müqaviləyə xitam verilməməsi gələcəkdə iddiaçı bankın konstitusion hüququ olan mülkiyyət hüququnun və mülkiyyət hüququnun üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində hazırki müqavilə xitam verilmədiyindən hal-hazırda qüvvədədir və gələcəkdə bank mülkiyyəti üzərində sərəncam verərək həmin əmlakı satmaq istədikdə müqavilə qüvvədə olduğundan əmlakı satarkən məhdudiyyətlə üzləşəcəyi şübhəsizdir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, iclasda iştirak etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, Beyləqan rayon Məhkəməsinin 28 dekabr 2024-cü il, e-2(020)-1685/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni “nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində mübahisələndirdiyindən, qətnamə həmin hissəyə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 421.1.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. 372.1.-ci Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunmalı, həmin hissədə iddia tələbi təmin edilməlidir. Tərəflər arasında mübahisə - Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki hüquq subyektlər arasında öhdəliyin əmələ gəlmə əsaslarından biri də müqavilədir. Belə ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (AR MM 389.1). Müqavilə üzrə tərəflərin öhdəliklərini icra etməməsi isə müqavilənin digər tərəfinin mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, tərəflər müqaviləni şəxsi mənafelərini təmin etmək, onu həyata keçirmək məqsədilə bağlayırlar. Müqavilənin hər iki tərəfi müqaviləni bağlayarkən qarşı tərəfin bu müqavilənin bağlanmasındakı mənafeyini (məsələn alqı-satqı müqaviləsində satıcının mənafeyinin pulla ifadə edilən müəyyən bir satınalma gücünü, alıcının isə, satılan əşyanın mülkiyyətini əldə etməklə bağlı mənafeyini) bilir. Müqavilə tərəfləri razılaşdırılmış olduqları müqavilə şərtlərinə əməl etməyə və həmin şərtlərə nəzərdə tutulan öhdəlikləri icra etməyə hüquqi baxımdan məcburdurlar. Bu xüsusat latın dilində “müqavilə qanunu” mənasına gələn bir ifadə ilə “lex contractus” deyilir. Kontragent müqavilə şərtlərində nəzərdə tutulan öhdəlikləri icra etmədiyi halda digər tərəf müqavilənin ləğvini tələb edə bilər. Ləğvetmə, etibarlı əqd üzrə əmələ gələn hüquqi münasibətlərə, müqavilələr baxımından isə öhdəliklərə birtərəfli qaydada xitam verilməsi hallarını ifadə edir. Müqaviləni ləğvetmənin hüquqi nəticəsi öhdəliklərin xitam olunmasıdırsa, bu da öz növbəsində həm də o deməkdir ki, ləğvetmə yalnız mövcud və davam edən etibarlı müqavilələr baxımından mümkün ola bilər. Ləğvetmə, ləğvetmənin baş verdiyi andan sonrası üçün hüquqi nəticə əmələ gətirir. Yəni ləğvetmə əqd üzrə əmələ gələn haqq və öhdəliklərə əqdin bağlandığı andan deyil, ləğvetmə hadisəsinin baş verdiyi andan sonrakı dövr üçün xitam verir. İddiaçı tərəf apellyasiya şikayətində qeyd etmişdir ki, Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmaqla ödənişlərini vaxtına və lazımınca icra etmədiyindən müqavilənin ləğvinə səbəb olan hallara yol vermişdir. Nisyə alqı-satqı müqaviləsinin müddəti bitmədiyindən və tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi notariat kontorunda bağlandığından və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alındığından hazırki müqaviləyə xitam verilməməsi gələcəkdə iddiaçı bankın konstitusion hüququ olan mülkiyyət hüququnun və mülkiyyət hüququnun üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq və həmin dəlillərlə razılaşaraq qeyd edir ki, Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş daşınmaz əmlakın reyestr nömrəsi **********79-10301, qeydiyyat nömrəsi ********** nömrəli Çıxarışa əsasən Beyləqan rayonunun Mil kəndində yerləşən ümumi sahəsi 98.40 kv metr olan fərdi yaşayış evi "AccessBank” QSC-nin mülkiyyətinə verilmişdir. Cavabdeh ilə “AccessBank" QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmişdir) bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı “AccessBank" QSC-nin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 98.4 kv/m, yaşayış sahəsi 69.7 kv/m, yardımçı sahəsi 28.7 kv/m olan 3 otaqlı fərdi yaşayış evini və ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsini alıcı Cavabdeh 16000 manat (on altı min manat) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 3040 (üç min qırx) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 12960 (on iki min doqquz yüz altmış) manat məbləği isə xx.xx.2026-cı ıl tarıxinədək hər ayda bir dəfə 360 (üç yüz altmış) manat olmaqla 36 dəfə ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 4840 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği iddiaçı banka ödəməmişdir. Nəzərə almaq lazımdır ki, tərəflər arasında müqavilənin ləğv qaydası onlar arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndində göstərilmişdir. Belə ki, həmin müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Bu baxımdan, iddiaçının hazırkı iddia tələbi əsaslıdır, qanunun və tərəflər arasında bağlanmış müqavilənin tələbindən irəli gəlir. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki, iddianın rədd olunan hissəsində birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməmiş, bununla da, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə olduğu halda isə iddiaçının tələbinin təmin edilməyərək, tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməməsi aşağıdakı mənfi hüquqi nəticələrə səbəb ola bilər: 1.Öhdəliklərin qüvvədə qalması. Belə ki, müqavilə ləğv olunmadıqda,onun bütün şərtləri və öhdəlikləri üçün qüvvədə qalır. Hər iki tərəf həmin öhdəlikləri yerinə yetirməyə borcludur. 2.Daşınmaz əmlakın hüquqi taleyi qeyri-müəyyən qalır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, mülkiyyət hüququ dövlət tərəfindən qorunan əsas hüquqlardan biridir. Mülkiyyət hüququ əmlaka sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək hüququdur. Hazırki iş üzrə müqavilənin ləğv edilməməsi, daşınmaz əmlakın nisyə alqı-satqısı zamanı, əmlak satıcısı-yəni hüquqi baxımdan hələ də mülkiyyətçi olan şəxs, alıcı tərəfindən öhdəliklərin yerinə yetirilməməsi səbəbilə öz mülkiyyəti üzərində sərəncam vermək hüququndan məhrum edilməsinə səbəb olur. Bu halın mövcudluğu isə hüquqi nöqteyinəzərdən mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilər. Belə ki, -Mülkiyyətçi mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsi olan, öz əmlakı üzərində sərəncam vermə hüququndan istifadə edə bilmir; -Dolayısı ilə, mülkiyyətçinin əmlakdan gəlir götürmək hüququ məhdudlaşdırılmış olur. Həmçinin nəzərə almaq lazımdır ki, tərəflər arasında mübahisə predmeti olan müqavilə müqavilə notariat qaydasında bağlanıldığından, bu hal rəsmi qaydada əmlakın təkrar satılmasının mümkün olmamasına və mülkiyyət hüquqlarının qeydiyyatına (əmlak reyestrində) mane ola bilir. Avropa Məhkəməsinin təcrübəsində dəfələrlə vurğulanıb ki, əmlakdan istifadənin əngəllənməsi və ya dəyərindən məhrum edilməsi “əmlaka müdaxilə” kimi qiymətləndirilir (məsələn, Sporrong and Lönnroth v. Sweden işində). Belə hallarda, dövlətin mülkiyyətçini hüquqlarını qorumaqda passiv qalması da Konvensiyanın pozuntusu hesab oluna bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən müqavilənin ləğvi ilə bağlı mövqeyi yalnız qətnamənin əsaslandırıcı hissəsində müəyyən olunur, məhkəmə həmin iddiaya münasibətini qətnamənin nəticə hissəsində göstərməmişdir. Həmçinin qətnamədən görünür ki, mübahisə predmeti olan müqavilə “daşınmaz əmlakın alqı-satqısı müqaviləsi” olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəflər arasındakı həmin müqaviləyə “kredit müqaviləsi” kimi hüquqi qiymət vermişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi müqavilənin ləğv edilməməsi qənaətinə gələrkən, öz mövqeyini həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsaslandırmışdır. Həmin maddəyə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Lakin hazırki işin hallarından göründüyü kimi, iddiaçının tələbi müqavilənin ləğvi ilə bağlıdır, müqavilədən imtina deyildir. Nəzərə almaq lazımdır ki, müqavilənin ləğvi ilə müqavilədən imtina müxtəlif anlayışlardır. Belə ki, müqavilədən imtina, əsasən tam ikitərəfli müqavilələrdə öhdəliklərin (cüzi sayılmayan hissəsinin) icrasının gecikdirilməsi səbəbilə alacaqlının (kreditorun) müqaviləyə geriyə şamil olunan şəkildə (ex tunc), yəni müqavilə bağlandığı andan etibarən xitam verilməsi hallarını bildirir. Göründüyü kimi, müqavilədən imtina halı ləğvetmədən fərqli olaraq öz hüquqi nəticələrini həyata keçirildiyi andan etibarən deyil, geriyə şamil olunan şəkildə (ex tunc) müqavilənin bağlandığı andan etibarən əmələ gətirir. Ləğvetmə hallarında ləğv, ləğvetmənin baş verdiyi andan sonrası üçün (ex nunc) hüquqi münasibətə xitam verir. Bu səbəblə də, ləğvetməyə qədər əmələ gəlmiş hüquq və öhdəliklər öz qüvvəsini saxlayır. Halbuki müqavilədən imtina halında artıq müqavilə üzrə öhdəliklər başdan etibarən, yəni müqavilə bağlandığı andan etibarən aradan qalxmış olur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Yekun olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(020)- 1685/2024 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi: İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli, e-2(020)-1685/2024 saylı qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı QSC-nin Cavabdeh qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi ləğv edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-560/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-560/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver