Məhkəmə qərarları › İş №2(106)-573/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-573/2023

14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-573/2023 14.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, iddiaçı "xxxx" Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı sığorta məbləği tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(050)-2036/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Cavabdeh ərizəsinin təmin edilməməsinə dair Masallı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(050)-2036/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(050)-2036/2022 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddiaçı "xxxx" Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı sığorta məbləği tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh tərəfindən Masallı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(050)- 2036/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Masallı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(050)-2036/2022 saylı qərardadı ilə Cavabdeh həmin məhkəmənin 10 avqust 2022-ci il tarixli 2(050)-2036/2022 saylı qətnaməsindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilmədiyi üçün geri qaytarılmışdır. Cavabdeh Masallı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(050)-2036/2022 saylı qərardadından şikayət vermiş, məhkəmənin 10 fevral 2023-cü il tarixli 2(050)- 2036/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Yuxarıda qeyd edilən prosessual normanın tələbindən görünür ki, tərəfin məhkəmə qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsi üçün qanunla müəyyən edilmiş müddətin axımı qətnamənin ona rəsmi qaydada verildiyi gündən başlanır. Cavabdeh prosessual müddətin bərpası barədə vəsatətindən görünür ki, cavabdeh Masallı Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(050)-2036/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpasını xahiş etsə də, prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. O, şikayətində özünün Bakı şəhərində yaşamasını və məhkəmə sənədlərinin atası tərəfindən qəbul edilməsini, lakin ona bu barədə heç vaxt məlumat verilməməsini göstərsə də, həmin dəlillərini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, MPM-in 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Habelə, MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(050)-2036/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 130, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli 2(050)-2036/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar