Məhkəmə qərarları › İş №2(106)-577/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-577/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-577/2024 30.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya hüququ əsasında vurulmuş maddi zərərin ödənilməsi barədə verdiyi tələbə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(064)-704/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən vurulmuş maddi zərərə görə subroqasiya hüququ əsasında 15250 manat və ödənilmiş dövlət rüsumuna görə 136,15 manat olmaqla, cəmi 15386,15 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(064)-704/2023 saylı qətnaməsi ilə (hakim Aqil Musayev) iddia Cavabdeh1 aid hissədə qismən təmin edilmiş, Cavabdeh1 ödənilmiş sığorta ödənişə görə 13929 manat və dövlət rüsumuna görə 131,79 manat olmaqla, cəmi 14060,79 manat məbləğində pulun alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddianın Cavabdeh2 aid hissədə təmin edilməməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli 9/4752 nömrəli rəyi üzrə ekspertə verilməli olan məbləğə görə Cavabdeh1 100 manat məbləğində pulun alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 aprel 2022-ci il tarixdə Cavabdeh1 idarə etdiyi, Cavabdeh2 məxsus olan “VAZ 21053” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçı tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “X6 7” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil zədələnmiş, sahibinə maddi zərər vurulmuşdur. Sığortalı iddiaçıdan sonuncu avtomobilə vurulmuş zərərin əvəzi olaraq sığorta ödənişinin verilməsini xahiş etmişdir. “İNŞAAT SERVİSEZ” tərəfindən aparılmış qiymətləndirmə əsasında tərtib edilmiş “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabata əsasən “X6 7” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə görə dəymiş zərər 20250 manat məbləğində müəyyən edilmişdir. İddiaçının 25 avqust 2022-ci il tarixli “Sığorta aktı”na əsasən 20250 manat məbləğində sığorta ödənişi sığortalının təqdim etdiyi bank hesabına köçürülmüşdür. Cavabdeh1 idarə etdiyi avtomobilin icbari sığortaçısı olmuş sığorta şirkəti tərəfindən iddiaçının hesabına 5000 manat məbləğində pul köçürülmüşdür. Buna görə də, iddiaçı cavabdehlərə subroqasiya hüququ əsasında 15250 manat məbləğində pulun ödənilməsi barədə məktub göndərmiş, lakin cavabdehlər həmin məbləği iddiaçıya ödəməmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vurulmuş zərər ümumilikdə 5000 manatdan artıq ola bilməz. Həmin pul məbləği də icbari sığorta tərəfindən ödənilmişdir. Onun iddiaçı qarşısında heç bir pul öhdəliyi yoxdur. Bununla bərabər, məhkəmə iddianı qismən təmin edərkən qanunun tələblərinə düzgün riayət etməmişdir. Məhkəmə düzgün və hərtərəfli araşdırma aparmamış, işə birtərəfli yanaşmışdır. Qətnamənin özündə də göstərildiyi kimi, Mülki-Prossesual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmalıdır. Hakim nə iş üzrə həqiqi halları müəyyən etmiş, nə də qətnaməni düzgün əsaslandıra bilmişdir. Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 izahatında bildirmişdir ki, əslində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təqsir Səmiddə olmamışdır. Lakin onun barəsində tərtib edilən inzibati protokol vəkil kimi işə gec qoşulduğu üçün mübahisələndirilməmişdir. Həmçinin artıq müddət çoxdan keçdiyi üçün perspektivinin olmayacağını düşünərək şikayət verməmişdir. Onlar hazırda yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın məbləğini mübahisələndirirlər. Avtomobillərin toqquşması olsa da, sürtünmə olmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən və Teymur və Müsamiq adlı şahidlərin verdiyi ifadələrə əsasən avtomobilə 5000 manatdan çox maddi ziyan dəyə bilməzdi. Hazırda zərər var, səbəbli əlaqə var, lakin zərərin həcmi şişirdilmişdir. Qiymətləndirməyə dair hesabatda qiymətlər öz əksini tapmışdır. Hesabatın əsasını təşkil edən qiymətləndirmə aktı isə mövcud deyil. Yol polisi hadisə zamanı yerində qüsur aktı tərtib etməmişdir. Onda olan məlumata əsasən həmin avtomobilin artıq nömrəsi dəyişdirilib, avtomobil təmir edilib və hazırda idarə olunur. Qiymətləndirməyə avtomobil təqdim edilməmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri ilə bağlı məhkməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Füzuli Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(064)- 704/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əsasən “X6 7” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 10 aprel 2022-ci il tarixli C-MİC-1187/22 nömrəli “Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsi” əsasında 09 aprel 2023-cü il tarixədək tam sığortalanmışdır. İş materiallarına əsasən “VAZ 21053” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil 27 oktyabr 2021-ci il tarixdə Cavabdeh2 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əsasən 29 yanvar 2022-ci il tarixdə Cavabdeh2 “VAZ 21053” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etmək, sərəncam vermək və digər hərəkətlər etmək hüququnu Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan Füzuli RPŞ-də iş üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı Cavabdeh1 verdiyi izahatında göstərmişdir ki, o, 22 aprel 2022-ci il tarixdə saat 11:30-da “VAZ 21053” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili Füzuli rayonu “Kənd Horadiz-Güzdək yolu”nda idarə edərkən yolun enişli-yoxuşlu olmasını nəzərə almadığına görə həmin avtomobili onunla əks istiqamətdə hərəkətdə olmuş “X6 7” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxarmışdır. Sonuncu avtomobilin sürücüsü hadisədən yayınmaq üçün idarə etdiyi avtomobili yolun soluna çıxarsa da, həmin avtomobilin sağ qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sağ qabaq hissəsi toqquşmuşdur. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında 22 aprel 2022-ci il tarixli TP ******* nömrəli qərarla həmin tarixdə saat 11:30-da Füzuli rayonu “Kənd Horadiz-Güzdək yolu”nda Cavabdeh1 idarə etdiyi “VAZ 21053” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “X6 7” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşmasından ibarət yol-nəqliyyat hadisəsinin Cavabdeh1 təqsirindən baş verdiyi müəyyən edilmiş, buna görə də sonuncu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 60 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Cavabdeh1 həmin qərardan şikayət verməmiş, onu mübahisləndirməmiş, buna görə də həmin qərar hazırda qüvvədədir. İş materiallarında olan “İNŞAAT SERVİSEZ” şirkəti tərəfindən təqdim edilmiş məlumatlar əsasında iddiaçı tərəfindən tərtib edilmiş 27 aprel 2022-ci il tarixli 145684 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”da “X6 7” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş, buna görə də dəyişdirilməli olan detallarının dəyərinin cəmi 16845 manat, görülməli olan təmir-bərpa işlərinin qiymətinin isə cəmi 3405 manat olması, beləliklə də həmin avtomobilin təmir edilməsi ilə bağlı çəkilməli olan xərclərin cəmi 20250 manat məbləğində olması göstərildiyinə görə iddiaçı müvafiq inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərərin aradan qaldırılması üçün 25 avqust 2022-ci il tarixli CM-1313/2022 nömrəli sığorta aktına əsasən zərərçəkmiş şəxsin təqdim etdiyi bank hesabına 30 avqust 2022-ci il tarixdə 20250 manat məbləğində pul köçürmüş, həmin məbləğin 5000 manat hissəsi “VAZ 21053” markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortaçısı olmuş sığorta şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. Birinci instansiya məhkəməsinda Nümayəndə2 verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş Füzuli Rayon Polis Şöbəsinin DYPB-nin rəisi polis kapitanı Şahid verdiyi ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə Füzuli rayonu “Kənd Horadiz-Güzdək yolu”nda “VAZ 21053” markalı ** BK *** dövlət qeydiyyat nişanlı və “X6 7” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşmasından ibarət yol-nəqliyyat hadisəsini Füzuli RPŞ-nin DYPB-nin əməkdaşı olmuş X4 araşdırdığına görə o, həmin hadisə yerində olmamışdır. O, “X6 7” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilə Füzuli RPŞ-nin cərimə meydançasında olarkən baxış keçirib və bu barədə arayış tərtib etmiş, həmin arayışda avtomobilin yalnız əsas xarici detallarının, məsələn: qabaq sağ qanad, qabaq bamper, sağ qabaq işıqlandırıcı, qabaq panel, alın şüşəsinin zədələnməsini göstərmiş, xatırlamadığı digər hissələri, eləcə də mühərrik hissəsində də zədələrin olmasını görsə də, bu halları əhatə etmək üçün həmin arayışa “və sair” ifadəsini yazmışdır. Çünki onun tərtib etdiyi arayış əsasında avtomobilə təmir sexində ustalar tərəfindən daha ətraflı baxış keçirilib zədələnmiş detalların dəqiq siyahısı müəyyən ediləcəkdi. Həmin arayışı imzası və möhürlə təsdiq edib iddiaçıya göndərmişdir. İş materialında olan 22 avqust 2023-cü il tarixli 9/4752 nömrəli ekspert rəyi əsasında müəyyən etmişdir ki, 27 aprel 2022-ci il tarixli 145684 nömrəli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat” üzrə “X6 7” markalı ** PL *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli olan hissələrinin qiyməti, cəmi 16845 manat olsa da, avtomobilin istehsal ilinin bir qayda olaraq, ilin əvvəlindən hesablanması ilə əlaqədar 2020-ci il buraxılışlı həmin avtomobilin istehsal tarixindən iş üzrə yol-nəqliyyat hadisəsinin baş verdiyi 22 aprel 2022-ci il tarixədək 2 ildən bir neçə ay müddətin keçməsi nəzərə alınaraq, köhnəlmə faizi tətbiq edilməli olduğuna görə cəmi 15524 manat, görülməli olan təmir-bərpa işlərinin qiyməti isə cəmi 3405 manat olmaqla, həmin avtomobilin təmir-bərpa xərcləri cəmi 18929 manat təşkil edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, apellyasiya şikayətini yalnız Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 vermişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin məhz həmin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı olmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən və i.a. istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsi zamanı zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb edən işin bütün faktiki halları araşdırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Habelə apellyasiya şikayətində vurulmuş zərərin ümumilikdə 5000 manatdan artıq olmaması barədə, avtomobilin təmiri ilə bağlı müəyyən edilmiş məbləğin şişirdilməsinə dair dəlilllər öz əksini tapsa da, sübutetmə vəzifəsi üzərinə düşən tərəf olaraq cavabdeh həmin etirazın (dəlilin) əsaslarına dair heç bir sübut təqdim etməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, işə əlavə edilmiş fotoşəkillər və şahid ifadələr əsasında ekspertiza tədqiqatı üzrə zərərin həcminin müəyyən edilməsi metodikası mövcud deyildir. Bu baxımdan da, göründüyü kimi, ekspert rəy verərkən işdə olan qüsur aktına istnad etmiş və tədqiqat məhz həmin akt əsasında həyata keçirilmişdir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2(064)-704/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar