Məhkəmə qərarları › İş №2(106)-58/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-58/2025

10.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-58/2025 10.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)142/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Kərimov Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 10 fevral 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsində X2 tərəfindən qanunsuz tikilmiş cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 tərəfindən hazırda istifadədə olan və zəbt olunmuş qanunsuz tikilmiş daxmanın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərin Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsindən çıxarılması və həmin ərazinin tamamilə boşaldılaraq mülkiyyətçi İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 201-s saylı sərəncamı ilə ona 505.6 kv m. həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X5 kitabında 1981 nömrə ilə uçota alınmışdır. (A № 419876). Ona məxsus həmin torpaq sahəsində mərhum X2 adlı şəxs qanunsuz olaraq (heç bir hüquq müəyyən edici sənədləri olmadan) özü üçün balaca bir daxma tikərək orada yaşamışdır. X1 dəfələrlə qanunsuz zəbt etdiyi ərazini tərk etməsini xahiş etsə də, o, buna məhəl qoymayaraq yaşamağa davam etmişdir. Hazırda o, haqq dünyasındadır, lakin hal-hazırda da, cavabehlər mərhumun bacısı Cavabdeh1 və mərhumun bacısı oğlu Kərimov Cavabdeh2 mərhumun qanunsuz tikdiyi daxmasına sahiblik edərək daxmanın ərtafının dəmir zəncirlərlə hasarlamışlar. Həyətyanı sahəsi qanunsuz olaraq uzun müddət mərhum tərəfindən hazırda da cavabdelər tərəfindən zəbt olunduğundan heç bir tikinti edə bilməmiş, aldığı tikinti materialları da naməlum şəxslər tərəfindən oğurlanmışdır. Cavabdehlərin ona məxsus torpaq sahəsini qanunsuz zəbt etməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan torpaq sahəsi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlər onun mülkiyyətində olan torpaqdan çıxarılmalı və torpaq sahəsi tamamilə boşaldılmalıdır. Odur ki, ona məxsus olan Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsində X2 tərəfindən qanunsuz tikilmiş cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 tərəfindən hazırda istifadədə olan və zəbt olunmuş qanunsuz tikilmiş daxmanın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərin Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsindən çıxarılması və həmin ərazinin tamamilə boşaldılaraq mülkiyyətçi ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. 2(057)-142/2023 saylı mülki işin baxış iclası xx.xx.2023-cü il tarixə, saat 09:45-ə təyin edilmişdir. İddiaçı tərəf kimi bildirirlər ki, məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri və sübutlarını məhkəməyə təqdim etmişlər və ekspertin rəyi ilə tanış olmuşlar. Hesab edilər ki, iddia tələbləri tam əsaslı və qanununidir. Ötən məhkəmə iclasında verdiyi izahatı təsdiq edir və çıxış kimi qəbul edilməsini məhkəmədən xahiş edir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2023-cü il tarixə, saat 09:45-ə təyin edilmiş məhkəmə baxış iclasını iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələblərinin tam təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, mərhum qardaşı X2 birinci Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Torpaq sahəsi müharibə iştirakçısı olan qardaşına ayrılmışdır. 1999-cu ildə Əlixan xəstə olduğu üçün maddi yardım etmiş, o, isə həmin torpaq sahəsində daxma tikərək orada yaşamışdır. Daxma qardaşından qalan yeganə nişanədir. Mütəxəsis rəyini tərtib edən Mübariz Vəliyev iddiaçının qohumudur. O, iki il əvvəl müxtəlif dövlət orqanlarına şikayət xarakterli məktublar yazmışdır. Torpaq şöbəsinin işçiləri gələrək iddiaçının torpaq sahəsini ölçüb ona təhvil vermişlər. Qardaşı ona ayrılmış torpaq sahəsində tikinti işi aparmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Kərimov Cavabdeh2 iddianı qəbul etmədiyini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)142/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Ənnağı Məmmədli), iddia tələbinin qismən təmin edilməsi, Salyan şəhəri, Ə.Quliyev küçəsində İddiaçı adına olan 505.6 kv.metr həyətyanı torpaq sahəsində inşa olunmuş 3,4 x 4,6 m ölçüdə tikilinin sökülməsi, cavabdehlərin Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən 505.6 kv.metr həyətyanı torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin İddiaçı təhvil verilməsi, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 (doxsan beş) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməsi, iş üzrə məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 müştərək qaydada alınaraq Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Kərimov Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Salyan Bələdiyyəsinin 21 aprel 2004-cü il tarixli 20 nömrəli qərarı ilə Salyan şəhəri, Ə.Quliyev küçəsidə yerləşən 600 kv.metr həyətyanı torpaq sahəsi hüquqlarını müdafiə etdiyim Kərimov Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün icariyə vermişdir. Bu barədə icarə müqaviləsi bağlanmışdır. Əksinə İddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinə daxil olaraq orada özünə ev tikdirmişdir. Əsasda göstərir ki ona Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 201-s saylı sərəncamı ilə 505.6 həyətyanı torpaq sahəsi verilmişdir. Mübahisəli torpaq sahəsinin 2010-ci tarixində kimin mülkiyyətində olması məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasənəsasən torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. 2004-cü il tarixində Salyan Bələdiyyəsi qərarından görünür ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Necə ola bilər ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə Salyan rayon İcra Hakimiyyəti Başçısı tərəfindən sərəncam verilə bilər. Görünür ki birinci instansiya Məhkəməsi tərəfindən mülki iş üzrə obyektiv araşdırma aparmamışdır. Bundan başqa mütəxəssis rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 istifadəsində olan 252 kv.mert həyətyanı torpaq sahəsinin 143. kv.metr olan hissəsi Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 201-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissədə 3.4 x 4.6m olan ölçüdə tikili mövcuddur. Rəyin qeyd hissəsində göstərilir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 201-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi ilə uyğunsuzluq təşkil edir. Bu fakt Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli 10/6183 saylı rəyində də qeyd olunmuşdur. Buradan belə nəticəyə gəlmək olar kı, cavabdehlər bu torpaq sahəsini uzun müddətdir ki istifə edirlər sonradan iddiayıça qanunsuz ayrılmış torpaq sahəsi cavabdehlərin istifadə etdikləri torpaq sahəsinin 143 kv.metr ilə üst-üstə düşməsi cavabdelərin gunahından olmamışdır. Bu mübahisə torpaq və xəritəçəkmə komitəsinin mütəxəssilərinin textiki səhvi nəticəsində yaranmışdır. Salyan Bələdiyyəsinin 21 aprel 2004-cü il tarixli 20 nömrəli qərarı ilə Cavabdeh2 Kərimova ayrılmış torpaq sahəsinin 143 kv.metr hissəsinə iddiaçıya sonradan qanunsuz ayrılmış torpaq sahəsi 143 kv.metr hissəsi düşür. Məhkəmə hansı məntiqlə qənaətə gəldi ki cavabdehlər qanunsuz olaraq sözügedən torpaq sahəsini zəbt ediblər. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Kərimov Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 Salyan Rayon Məhkəməsinin 2(057)142/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı vəkili Vəkil1 cavabdeh Kərimov Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə etiraz göndərərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası cavabdeh Kərimov Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri həddində Salyan Rayon Məhkəməsinin 2(057)142/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası; Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən irəli gəlir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 158.1.2-ci maddəsinə əsasən maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəlləsinin 111-ci maddəsinin 2-ci və 3-cü hissəsinə əsasən özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin 2(057)142/2023 saylı, 30 oktyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərtəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü Salyan Rayon İcra Hakimiyyəti başçısının 16 sentyabr 2010-cu il tarixli 211-s saylı sərəncamı əsasında tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Salyan şəhər (rayon) İcra Hakimiyyəti Başçısı Aparatı Memarlıq və tikinti şöbəsinin müdiri T.Hüseynov tərəfindən verilmiş tikinti quraşdırma işlərinin aparılması barədə 03 iyul 2014-cü il tarixli, 42 nömrəli icazənin ksero surətindən görünür ki, İddiaçı özünə məxsus həyətyanı sahədə layihə əsasında yaşayış evinin tikinti işlərini aparmaq üçün icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi mütəxəssisi M.T.Vəliyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Salyan rayonu İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən 505.6 kv.metr həyətyanı torpaq sahəsinin koordinatları əsasında sərhədləri müəyyənləşdi (torpaq sahəsi yerquruluşu planında göstərilmişdir). Cavabdehlər Cavabdeh1 İsrafil qızı və Kərimov Cavabdeh2 istifadəsində olan 252.0 kv.metr həyətyanı tomaq sahəsinin 143.0 kv.metr olan hissəsi Salyan rayon İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissədə 3.4 m x 4.6 m olan ölçüdə tikili mövcuddur. Qeyd: Salyan rayonu İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən 505.6 kv.metr həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi uyğunsuzluq təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli, 10/6183 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Mübariz Vəliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilir: Salyan rayonu İHB-nın 16 sentyabr 2010- cu il tarixli, 211-s saylı sərəncamı ilə İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən 505.6 kv.m həyətyanı torpaq sahəsinin koordinatları əsasında sərhədləri müəyyənləşdirilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir). Cavabdehlər Cavabdeh1 İsrafil qızı və Kərimov Cavabdeh2 istifadəsində olan 252.0 kv.m həyətyanı torpaq sahəsinin 143.0 kv.metr olan hissəsi İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissədə 3.4 m x 4.6 m olan ölçüdə tikili mövcuddur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında yaranan hüququ münasibətinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 201-s saylı sərəncamı ilə ona verilmiş 505.6 kv m. həyətyanı torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsini və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını məhkəmə qaydasında tələb edir. Belə ki, iddiaçının iddia tələbindən görünür ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 201-s saylı sərəncamı ilə ona 505.6 kv m. həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin həyətyanı torpaq sahəsi xx.xx.2013-cü il tarixdə X5 kitabında 1981 nömrə ilə uçota alınmışdır. (A № 419876). Ona məxsus həmin torpaq sahəsində mərhum X2 adlı şəxs qanunsuz olaraq (heç bir hüquq müəyyən edici sənədləri olmadan) özü üçün balaca bir daxma tikərək orada yaşamışdır. X1 dəfələrlə qanunsuz zəbt etdiyi ərazini tərk etməsini xahiş etsə də, o, buna məhəl qoymayaraq yaşamağa davam etmişdir. Hazırda o, haqq dünyasındadır, lakin hal-hazırda da, cavabehlər mərhumun bacısı Cavabdeh1 və mərhumun bacısı oğlu Kərimov Cavabdeh2 mərhumun qanunsuz tikdiyi daxmasına sahiblik edərək daxmanın ərtafının dəmir zəncirlərlə hasarlamışlar. Həyətyanı sahəsi qanunsuz olaraq uzun müddət mərhum tərəfindən hazırda da cavabdelər tərəfindən zəbt olunduğundan heç bir tikinti edə bilməmiş, aldığı tikinti materialları da naməlum şəxslər tərəfindən oğurlanmışdır. Cavabdehlərin ona məxsus torpaq sahəsini qanunsuz zəbt etməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir və onun mülkiyyətində olan torpaq sahəsi üzərində sərbəst sərəncam vermək hüquqlarını pozur. Bu səbəbdən hesab edir ki, cavabdehlər onun mülkiyyətində olan torpaqdan çıxarılmalı və torpaq sahəsi tamamilə boşaldılmalıdır. Odur ki, ona məxsus olan Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsində X2 tərəfindən qanunsuz tikilmiş cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 tərəfindən hazırda istifadədə olan və zəbt olunmuş qanunsuz tikilmiş daxmanın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərin Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsindən çıxarılması və həmin ərazinin tamamilə boşaldılaraq mülkiyyətçi ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Kərimov Cavabdeh2 apellyasiya şikayətinin dəlillərindən müəyyən edilir ki, Salyan Bələdiyyəsinin 21 aprel 2004-cü il tarixli 20 nömrəli qərarı ilə Salyan şəhəri, Ə.Quliyev küçəsidə yerləşən 600 kv.metr həyətyanı torpaq sahəsi Kərimov Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün icariyə verilmişdir. Bu barədə icarə müqaviləsi bağlanmışdır. Əksinə İddiaçı cavabdehin istifadəsində olan torpaq sahəsinə daxil olaraq orada özünə ev tikdirmişdir. Əsasda göstərir ki ona Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 201-s saylı sərəncamı ilə 505.6 həyətyanı torpaq sahəsi verilmişdir. Mübahisəli torpaq sahəsinin 2010-ci tarixində kimin mülkiyyətində olması məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. 2004-cü il tarixində Salyan Bələdiyyəsi qərarından görünür ki, mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Necə ola bilər ki, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə Salyan rayon İcra Hakimiyyəti Başçısı tərəfindən sərəncam verilə bilər. Görünür ki birinci instansiya Məhkəməsi tərəfindən mülki iş üzrə obyektiv araşdırma aparmamışdır. Bundan başqa mütəxəssis rəyindən görünür ki, cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 istifadəsində olan 252 kv.mert həyətyanı torpaq sahəsinin 143. kv.metr olan hissəsi Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 201-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissədə 3.4 x 4.6m olan ölçüdə tikili mövcuddur. Rəyin qeyd hissəsində göstərilir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 201-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsinin yerləşmə mövqeyi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeyi ilə uyğunsuzluq təşkil edir. Bu fakt Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 sentyabr 2023-cü il tarixli 10/6183 saylı rəyində də qeyd olunmuşdur. Buradan belə nəticəyə gəlmək olar kı, cavabdehlər bu torpaq sahəsini uzun müddətdir ki istifə edirlər sonradan iddiayıça qanunsuz ayrılmış torpaq sahəsi cavabdehlərin istifadə etdikləri torpaq sahəsinin 143 kv.metr ilə üst-üstə düşməsi cavabdelərin gunahından olmamışdır. Bu mübahisə torpaq və xəritəçəkmə komitəsinin mütəxəssilərinin textiki səhvi nəticəsində yaranmışdır. Salyan Bələdiyyəsinin 21 aprel 2004-cü il tarixli 20 nömrəli qərarı ilə Cavabdeh2 Kərimova ayrılmış torpaq sahəsinin 143 kv.metr hissəsinə iddiaçıya sonradan qanunsuz ayrılmış torpaq sahəsi 143 kv.metr hissəsi düşür. Məhkəmə hansı məntiqlə qənaətə gəldi ki cavabdehlər qanunsuz olaraq sözügedən torpaq sahəsini zəbt ediblər . İşin apelyasiya icraatı zamanı cavabdeh Kərimov Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 vəsatətlə müraciət edərək, hazırkı iş üzrə cavabdeh Kərimov Cavabdeh2 tərəfindən İddiaçı 505.6 kv.m həyətyanı torpaq sahəsinin ayrılmasına dair Salyan rayon İH Başçısı tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 201 saylı sərəncamın ləğv edilməsi tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət olunduğunu bildirmişdir. Belə ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan işin mahiyyətindən görünür ki, irəli sürülmüş iddianın predmeti- hal-hazırda Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan mülki iş üzrə iddia tələbinin hüquqi əsası olan Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv m. həyətyanı torpaq sahəsinin ayrılmasına dair Salyan rayon İH Başçısı tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 201 saylı sərəncamın ləğv edilməsi barədədir və iddia təmin olunduğu halda hazırki iddia tələbinin nəticəsinə təsir edə bilər. Şirvan İnzibati Məhkəməsindən daxil olmuş 23 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, iddiaçı Kərimov Cavabdeh2 cavabdeh Salyan Rayon İcra Hakimiyyətinə qarşı İddiaçı 505.6 kv.m həyətyanı torpaq sahəsinin ayrılmasına dair Salyan Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 201-s saylı sərəncamın ləğv edilməsi tələbinə dair 2024-cü ildə 2-1(120)-3284/2024 saylı nömrə ilə qeydiyyata alınmış inzibati iş üzrə iddia xx.xx.2024-cü il tarixli qərardadla geri götürülmüş hesab edilmişdir. Qeyd olunan məhkəmə aktından apellyasiya şikayəti verilməmiş və sözügedən qərardad qanuni qüvvəyə minmişdir. Kollegiya iş materiallarını əlaqəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 201-s saylı sərəncamı ilə İddiaçı 505.6 kv. metr həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin həyətyanı torpaq sahəsi xx.xx.2013cü il tarixdə X5 kitabında 1981 nömrə ilə uçota alınmışdır. (A № 419876). Həmin torpaq sahəsində mərhum X2 tərəfindən 3.4 m x 4.6 m olan ölçüdə özbaşına tikili tikmişdir. İşin bu halları həmçinin, ərazidə aparılmış tədqiqat nəticəsində verilmiş mütəxəssis və ekspert rəylərində də müəyyən edilmişdir. Hazırda İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona ayrılmış Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv. metr həyətyanı torpaq sahəsində X2 tərəfindən tikilmiş cavabdehlər Cavabdeh1 və Kərimov Cavabdeh2 tərəfindən hazırda istifadədə olan və zəbt olunmuş qanunsuz tikilmiş daxmanın cavabdehlərin hesabına sökülməsi və cavabdehlərin Salyan şəhəri, Əlövsət Quliyev küçəsində yerləşən 505.6 kv. metr həyətyanı torpaq sahəsindən çıxarılması və həmin ərazinin tamamilə boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən halların araşdırılması məqsədi ilə məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və müəyyən edilmişdir ki, Salyan rayonu İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə İddiaçı adına olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən 505.6 kv.metr həyətyanı torpaq sahəsinin koordinatları əsasında sərhədləri müəyyənləşdirilmişdir (mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir). Cavabdehlər Cavabdeh1 İsrafil qızı və Kərimov Cavabdeh2 istifadəsində olan 252.0 kv.m həyətyanı torpaq sahəsinin 143.0 kv.metr olan hissəsi Salyan rayon İHB-nın 16 sentyabr 2010-cu il tarixli, 211-s saylı sərəncamı ilə ayrılmış 505.6 kv.metr həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Üst-üstə düşən hissədə 3.4 m x 4.6 m olan ölçüdə tikili mövcuddur. Cavabdeh Kərimov Cavabdeh2 həmin Sərəncamın ləğv edilməsi ilə bağlı inzibati məhkəməyə müraciət etsə də, iş materiallarından görünür ki, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılmış və cavabdehin mübahisələndirdiyi Sərəncam da bu günə qədər qüvvədir. Kollegiya qeyd edir ki, qüvvədə olan Sərəncama əsasən iddiaçıya ayrılmış torpaq sahəsində cavabdehlər tərəfindən maneələrin yaradılması, həmçinin qanunsuz tikilinin inşa edilməsi iddiaçının gözlənilən hüququna təsir göstərir. Bundan başqa kollegiya cavabdehin Salyan Bələdiyyəsinin 21 aprel 2004-cü il tarixli 20 nömrəli qərarı ilə Salyan şəhəri, Ə.Quliyev küçəsidə yerləşən 600 kv.metr həyətyanı torpaq sahəsinin Kərimov Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün icarəyə verilməsi, qısaca iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin hələ Sərəncamla ona verilməmişdən əvvəl cavabdehə Bələdiyyə tərəfindən icarəyə verilməsi ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, cavabdeh göstərdiyi halları apelyasiya şikayətinin dəlillərində qeyd etsə də, apelyasiya icraatı zamanı məhkəmə iclasında iştirak etməyərək öz dəlilini əsaslandırmamış, kollegiyadan qeyd edilən halın araşdırılması üçün ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verməmişdir. Mülki prosessual qanunvericiliyinə əsasən apellyasiya instansiya məhkəmələrinin bir qayda olaraq əsas vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyini yoxlamaqdan ibarətdir. Yuxarıda qeyd olunan prosessual normaların mahiyyətindən də aydın olur ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh yuxarıda qeyd edilən halları apellyasiya şikayətinin dəlillərində qeyd etsə də, həmin halların araşdırlması ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. MPM-in 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Eyni zamanda o da nəzərə alınmalıdır ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında iştirak etmişdir. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş, və o, bu imkanından istifadə etməmişdir (həmçinin apelyasiya icraatı zamanı da məhkəmə iclasında iştirak etməmişdir). Kollegiya cavabdehin apelyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilinə münasibətdə bildirir ki, cavabdehin vəsatəti olmadığı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspertiza təyin edilməsi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilə bilməz. Beləliklə kollegiya cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin “Salyan şəhəri, Ə.Quliyev küçəsində İddiaçı adına olan 505.6 kv.metr həyətyanı torpaq sahəsində inşa olunmuş 3,4 x 4,6 m ölçüdə tikili sökülməli, cavabdehlər Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən 505.6 kv.metr həyətyanı torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi İddiaçı qanuni istifadəsinə qaytarılmalıdır” qənətinə gəlməsi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci insatansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə məcmu halda dəyərləndirmə apararaq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 2(057)142/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Kərimov Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)142/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar