Məhkəmə qərarları › İş №2(106)-589/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-589/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-589/2024 11.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında sığorta ödənişinin tutulması tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası təmin edilərək, iddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 152,43 manat və xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzi kimi sığorta ödənişinin əvəzi qismində 20810 manat pul vəsaiti qaydasında Cavabdeh tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə icraya yönəldilmiş, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icraata başlanılmışdır. Qətnamədən Cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermiş, həmçinin şikayətə buraxılmış prosessual müddətin bərpasına dair ərizə də əlavə etmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilməmiş, qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini, müddətin bərpa edilərək işə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından iş üzrə Cavabdeh verdiyi şikayət təmin edilməmiş, şikayətə baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM-nin) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə tərəflərə müvafiq bildiriş göndərilmiş, 01 mart 2024-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu iddiaçı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı iddiaçı tərəfin yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Kollegiya şikayətin dəlillərini və iş üzrə materialları nəzərdən keçirib, aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin qənaətini əsassız sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarındakı məlumata görə, məhkəmə sənədinin (qətnamənin) cavabdehə təqdim edilməsi barədə poçt xəbərnaməsi Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanmışdır. Cavabdehin birinci instansiya məhkəməsinə ünvanlandığı müddətin bərpasına dair ərizəsində göstərmişdir ki, qətnamənin surəti rəsmi qaydada ona təqdim edilməmişdir və o, məhkəmə qətnaməsi barədə İcra və Probasiya şöbəsinin məktubundan məlumatlı olmuşdur. İş materiallarından müəyyən edilir ki, Sabirabad Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qətnaməsinin surətinin ona rəsmi qaydada təqdim edilməsi üçün cavabdeh məhkəməyə 23 noyabr 2023-cü il tarixdə müraciət etmişdir. Poçt xəbərnaməsinin Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə imzalanması barədə sənəddə isə cavabdehin ünvanı göstərilməmişdir. Həmin məhkəmə sənədinin kimə təqdim olunması bəlli deyil. Birinci instansiya məhkəməsi məhkəmə qətnaməsinin surətinin xx.xx.2023-cü il tarixdə kimə təqdim edildiyini aydınlaşdırmamışdır. Belə halda qətnamənin surətinin hansı tarixdən cavabdehə rəsmi qaydada təqdim edilməsi bəlli deyil. Cavabdeh qərardaddan verdiyi şikayətində poçt xəbərnaməsindəki imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə bu halı- istinad edilən sənəddəki imzanın cavabdehə məxsus olub-olmadığını da aydınlaşdırmamışdır. Qeyd edilməlidir ki, məhkəmə qətnaməsinin xx.xx.2023-cü il tarixədək cavabdehə təqdim edilmədiyi müəyyən edilərsə müddət ötürülməmiş hesab edilməli, yaxud müddətin ötürülməsi üzrlü sayılarsa müddət bərpa edilməlidir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Cavabdehin ərizəsinə yenidən baxan məhkəmə qətnamənin surətinin hansı tarixdən cavabdehə rəsmi qaydada təqdim edilməsi məsələsinə müvafiq qiymət verməklə sonrakı prosessual hərəkətləri yerinə yetirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(056)-504/2023 saylı qərardadı ləğv edilsin və müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün mülki iş Sabirabad Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar