Məhkəmə qərarları › İş №2(106)-594/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-594/2023

25.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-594/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(032)-722/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq; İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, mənzilinə dəymiş maddi ziyana görə 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ünvan 1 ünvanında uşaqları ilə birlikdə yaşayır. Yaşadığı binanın yuxarı yəni, 5-ci mərtəbəsində 2022-ci ilin fevral ayında 3 dəfə ardıcıl olaraq su axıdılmış, mənzilini su basmış və ona zərər dəymişdir. Bununla əlaqədar olaraq DİN-in 102 Qaynar Xəttinə, Şirvan şəhər polis şöbəsinə və Şirvan Mənzil Təsərrüfatı idarəsinə müraciətlər etmişdir. Üst qonşu heç nə olmamış kimi onun və hüquq mühafizə orqanlarının çağırışlarına məhəl qoymamış və o, əlil uşağını 1 aya yaxın işıqsız qoymuşdur. Sonradan məcbur qalaraq ustaya 150 manat məbləğdə pul verərək elektrik xətlərini çəkdirmişdir. Özü 3-cü qrup əlildir, qızı İsmayılova Gülşən Şahlar qızı isə himayəsində olan 1-ci qrup əlildir. Oğlu İsmayılzadə Bilal Şahlar oğlu Azərbaycan Dövlət Neft Sənayesi Universitetinin 4-cü kurs tələbəsidir. Özü heç bir yerdə işləmir və aldığı pensiya ilə dolanır. Vurulmuş zərərin miqdarını müəyyən etmək üçün güclə Şirvan Mənzil Təsərrüfatı idarəsinin əməkdaşları baxış keçirərək akt tərtib etmişdilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(032)-722/2022 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddia qismən təmin edilmiş ,Cavabdeh 966 manat pul vəsaitinin və ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, Cavabdeh 50 manat məbləğdə ekspertiza xərcinin alınaraq dövlət nəfinə keçirilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21, 1096 və 1097-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(032)-722/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə obyektiv qətnamə qəbul etməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsaslanmışdır. Lakin həmin rəydən görünür ki, ziyanın sırf onun tərəfindən vurulması təsdiqlənmir. Belə ki, rəyin 1-3-cü sualların tədqiqatı ilə bağlı gəldiyi nəticədə göstərilir ki, “....52 saylı mənzilin üst mərtəbəsində yerləşən 53 saylı mənzilin qapısı bağlı olduğundan yəni 4-cü mərtəbə, həmçinin 53 saylı mənzilin su xətti kəsildiyindən, binanın 5-ci mərtəbəsində yerləşən 55 saylı mənzilin sanitar qovşağının təmiri və su kanalizasiya xətlərinin gizli şəkildə olduğundan 51 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır”. Rəyin 2-ci sualı üzrə nəticə “...Şirvan şəhəri Xəqani küçəsində yerləşən 5 nömrəli binanın, 51 saylı mənzilinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 966.0 manat məbləğində müəyyən olunmuşdur”. Göründüyü kimi, Şirvan şəhəri Xəqani küçəsində yerləşən 5 nömrəli binanın 51 saylı mənzilinə su sızması ziyanın vurulması kim tərəfindən olması müəyyən olunmur. Kim tərəfindən vurulması sualı cavablandırılmır. Mülki hüquq pozuntusu sırf onun tərəfindən törədilmədiyi halda maddi vəziyyətinin pisləşməsinə yönəlik məhkəmə aktının qəbul edilməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə qətnamədə əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096 və 1097.1-ci maddələrinə istinad etməklə iddianı təınin etməkdə haqlı olmamışdır. Bu maddi hüquq normalarının pozulmasıdır. Bütün bu hallar araşdırılmalı olduğu halda, araşdırılmamış və maddi hüquq normalarının tətbiqində yol verimiş pozuntu olaraq qalmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(032)-722/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və izahatında əlavə olaraq qeyd etmişdir ki, İddiaçı ünvan 1 ünvanında – binanın 3-cü mərtəbəsində yaşayır. Həmin binanın 4-cü mərtəbəsində isə yaşayış yoxdur. 4-cü mərtəbədə yerləşən və iddiaçının mənzilinin üzərində olan mənzilin sahibi orada yaşamır və hərdənbir gələrək, mənzilə baxaraq gedir və orada yaşamır. Hətta 4-cü mərtəbədə yerləşən mənzilə məxsus su sayğacı mənzildən bayırda binanın daxilində hamının gördüyü yerdə yerləşir və daimi olaraq bağlı olur. Habelə, özlərinə məxsus mənzildə təmir işləri həyata keçirilmiş və oradan su axması mümkün deyildir. Hər bir halda, Şirvan şəhəri Xəqani küçəsində yerləşən 5 nömrəli binanın 51 saylı mənzilinə su sızması və iddiaçıya maddi ziyanın kim tərəfindən vurulması dəqiq müəyyən olunmur. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, özü yaxud nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bununla əlaqədar heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Tətbiq edilən hüquq: MM-in; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. 14.2.1-ci maddəsinin tələbinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası qətnaməyə apellyasiya baxışının hədləri daxilində yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(032)-722/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. İşə əlavə edilmiş Mənzil Təsərrüfatı İdarəsinin TTS-nin briqadiri Atayeva İradə Əli qızının, 7 saylı MİS-in rəisi Calalov Seliya Nurşiravan oğlunun, işçi Ağayev Rauf Ağaxan oğlunun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Şirvan şəhəri Xəqani küçəsi 5 saylı binanın 51 saylı mənzilində yaşayan İddiaçı qızının mənzilinə baxış keçirmiş və bu zaman məlum olmuşdur ki, Xəqani küçəsi 5 saylı binanın 55 saylı mənzilinin sahibi Cavabdeh mənzilindən su axıdılmışdır. Baxış keçirdikləri ünvana su axaraq tavan hissəsinə 12 kv.m və divar hissəsinə 15 kv. ölçülərdə ziyan dəymişdir. İşə əlavə edilmiş Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsi tərəfindən tərtib edilmiş smetasından görünür ki, Şirvan şəhəri Xəqani küçəsi 5 saylı binanın 51 saylı mənzilinə dəyən ziyanın məbləği 222 manatdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şirvan şəhəri, Xəqani küçəsi ev 5, mənzil 51 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlakın Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan şəhər Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktubuna əsasən Şirvan şəhəri, Xəqani küçəsi ev 5, mənzil 55 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli çıxarışa əsasən qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12 avqust 2022-ci il tarixli, 10/2919 saylı rəyinə əsasən qərardadın birinci sualı üzrə: rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 51 saylı mənzilin dəhliz, hamam, ayaqyolu və mətbəx tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq sözügedən mənzilə su axıdıldığı müəyyən olunmuşdur. Lakin 51 saylı mənzilin üst mərtəbəsində yerləşən 53 saylı mənzilin qapısı bağlı olduğundan, həmçinin 53 saylı mənzilin su xətti kəsildiyindən, binanın 5-ci mərtəbəsində yerləşən 55 saylı mənzilin sanitar qovşağının təmirli və su kanalizasiya xəttlərinin gizli şəkildə olduğundan 51 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Qərardadın ikinci sualı üzrə: Şirvan şəhəri Xəqani küçəsində yerləşən 5 nömrəli binanın, 51 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 966 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin yaşadığı mənzildən iddiaçının yaşadığı mənzilə su axıdılmış və mənzilə ziyan dəymişdir. Nəticədə, iddiaçıya dəyən ziyanın miqdarı 966 manat məbləğ təşkil edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin zərərin dəyməsinin onun təqsiri ucbatından baş verməməsi barədə dəlilinə lazımi hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlili heç bir sübutla təsdiq olunmur. Eyni zamanda, qeyd edilməlidir ki, işdə olan Mənzil Təsərrüfatı İdarəsinin TTS-nin Aktından, eləcə də, işin münahisəsiz hallarına əsasən iddianın əsaslıılığı sübut olunur. Belə ki, adıçəkilən aktda zərərin məhz cavabdehə məxsus mənzildən axıdılması nəticəsində dəyməsi müəyyən edilmişdir. Eyni zamanda, cavabdehin izahatından da aydın olur ki, 5 nömrəli binanın iddiaçının mənzilinin üzərindəki, yəni binanın 4-cü mərtəbəsində mənzildə yaşayış yoxdur və həmin mənzilə dair sayğac mənzildən çöldə yerləşməklə su bağlı vəziyyətdədir. Bundan əlavə, ekspertiza rəyinə görə iddiaçının yaşadığı mənzilə su axıdılması nəticəsində mənzilin dəhliz, hamam, ayaqyolu və mətbəx tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəlmişdir. Həmin – iddiaçıya məxsus 51 saylı mənzilin üst mərtəbəsində yerləşən 53 saylı mənzilin qapısı bağlı olduğu və su xətti kəsildiyi üçün binanın 5-ci mərtəbəsində yerləşən 55 saylı mənzilin sanitar qovşağının təmirli və su kanalizasiya xəttlərinin gizli şəkildə olduğundan 51 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, qeyd edilən rəydən də 53 saylı mənzildə yaşayış olmadığı və su xəttinin kəsildiyi göstərilir. Rəydə binanın 5-ci mərtəbəsində yerləşən cavabdehə məxsus 55 saylı mənzilin sanitar qovşağının təmirli və su kanalizasiya xətlərinin gizli şəkildə olduğundan 51 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmadığı göstərilmişdir ki, qeyd edilən hal iddianın əsassızlığı təsdiq edə biləcək dəlil olaraq apellyasiya şikayətinin əsasını təşkil edir. İddiaçıya məxsus mənzilə su sızmasının texniki səbəbinin müəyyən edilməməsi mənzilə suyun axıdılması və bunun da nəticəsində ziyanın dəyməsi faktını istisna etmir, iddiaçıya məxsus mənzilə suyun onun üzərindəki 4-cü mərtəbədən - 53 saylı mənzildən axması istisna edildikdən sonra suyun yalnız 5-ci mərtəbədən, yəni cavabdehə məxsus 55 saylı mənzildən axması mümkündür. Beləliklə də, kollegiya hesab edir ki, hazırkı iddia tam əsaslıdır və apellyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən cavabdehin qanunsuz hərəkətləri yaxud hərəkətsizliyi nəticəsində iddiaçıya dəymiş ziyan və onun dəqiq məbləği barədə məhkəməyə mötəbər sübutlar təqdim edilmiş və ya məhkəmə araşdırması zamanı belə sübutlar əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər ki, məhkəmə kollegiyası da iş üzrə toplanmış və tədqiq olunmuş sübutları iddianın təmin edilməsi baxımından yetərli hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bu səbəbdən də, apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(032)-722/2022 saylı qətnaməsinin ləğv edilməsi üçün qanunla nəzərdə tutulan əsaslar yoxdur. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli 2(032)-722/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar