Məhkəmə qərarları › İş №2(106)-599/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-599/2025

13.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-599/2025 13.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, Cavabdeh1 mülkiyyətində olan MİTSUBİSHİ L 200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitənin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əqdin etibarsız hesab edilməsi, subyektiv hüquq, sübutetmə yükü) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Cavabdeh1 mülkiyyətində olan MİTSUBİSHİ L 200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitənin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsi tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(038)-675/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, Cavabdeh1 mülkiyyətində olan MİTSUBİSHİ L 200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitənin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 7740 manat dəyərində 30 baş doğar qoyun, 2200 manat dəyərində 30 baş doğar keçi, cəmi 9940 manat dəyərində xırdabuynuzlu heyvan və ya qətnamə icra olunan vaxt heyvanların dəyəri, dövlət rüsumuna görə ödənilmiş 158 manatın alınaraq ona verilməsinə dair Yardımlı Rayon Məhkəməsi 2(038)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə çıxarmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onun apelyasiya şikayəti qismən təmin edilmiş, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)-36/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia qismən təmin edilmiş, Cavabdeh1 32 baş qoyun da (ümumillikdə 15996 manat dəyərində 62 baş doğar qoyun və 2200 manat dəyərində 30 baş doğar keçi) alınaraq ona verilməsi barədə qətnamə çıxarılmışdır. İcraata başlamaq haqqında qərara əsasən Şirvan Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(106)-1225/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdə icraata başlamaq haqqında qərarın sürəti Cavabdeh1 göndərilmiş, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Cavabdeh1 Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)-1225/2023 saylı qətnaməsini üzürlü səbəbdən icra etmədiyinə görə, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(038)-25/2024 nömrəli qərarı ilə barəsində 500 manat miqdarında cərimə tənbəh tədbiri tətbiq edilməsinə baxmayaraq, təkrarən üzrsüz səbəbdən icra sənədini icra etmədiyinə görə Cavabdeh1 barəsində İXM-nin 528.1.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Yardımlı Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh1 Şirvan Apelyasiya Məhkəməsinin 12 sentyabr 2023-cü tarixli 2(106)-1225/2023 saylı qətnaməsini üzürlü səbəbdən icra etmədiyinə görə Yardımlı Rayon Məhksmasinin xx.xx.2024-cü il tarixli 3(038)-206/2024 nömrəli qararı ilə İXM-in 528.1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbəh tədbiri tətbiq edilmişdir. Hal-hazırda Cavabdeh1 ümumilikdə 17004 manat ödənilməmiş borcu vardır, qətnamə çıxdıqdan sonra ümumilikdə ona 1350 manat pul ödəmişdir. Yardımlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 16 yanvar 2023-cü il tarixli, icra edilməyən və ya qismən icra edilən icra sənədinin geri qaytarılması barədə qərarına əsasən Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(038)- 6/2022 saylı icra sənədinin icrası ilə əlaqədar olaraq dərhal zəruri icra tədbirləri aparılmış, lakin icra tədbirləri zamanı Cavabdeh1 adına qeydiyyatdan keçən və onun istifadəsində olan MİTSUBİSHİ L200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi icra sənədi icraya yönəldilməmişdən bir neçə gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə alqısatqı müqaviləsi əsasında başqa şəxsə satdığı müəyyən edilmişdir və bu da cavabdehin məhkəmə qətnaməsinin icrasından yayınması üçün olunmuşdur. Faktiki olaraq avtonəqliyyat vasitəsi cavabdehin istifadəsindədir və etibarnamə əsasında idarə olunur. Mübahisəli alqı-satqı müqaviləsinin uydurma olması onun imzalanma tarixindən bəllidir. Cavabdeh1 faktiki olaraq avtonəqliyyat vasitəni idarə etməsi, cavabdeh və mülkiyyətçi olan Cavabdeh2 Cavabdeh1 verdiyi və notarial qaydada təsdiq olunan etibarnamə iş üçün əhəmiyyətlidir və tələb olunmalıdır. Odur ki, Cavabdeh1 mülkiyyətində olan MİTSUBİSHİ L200 markalı, 99-HB351 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitənin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Yardımlı Rayon Məhkəməsinin (hakim: R.Məmmədov) xx.xx.2024-cü il tarixli 2(038)-675/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, Cavabdeh1 mülkiyyətində olan MİTSUBİSHİ L 200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitənin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Yardımlı Rayon Məhkəməsi 2(038)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilməklə, Cavabdeh1 7740 manat dəyərində 30 baş doğar qoyun, 2200 manat dəyərində 30 baş doğar keçi, cəmi 9940 manat dəyərində xırdabuynuzlu heyvan və ya qətnamə icra olunan vaxt heyvanların dəyəri, dövlət rüsumuna görə 158 manat alınaraq ilk İddiaçı verilməsi, qarşılıqlı iddia rədd edilməklə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəyəri 15200 manat olan 95 baş ana qoyun, dəyəri, 2000 manat olan baş keçi, dəyəri 1500 manat olan baş erkək kəhər at, 1000 manat torpaq sahəsinə görə icarə haqqı, 340 manat heyvanlar üçün dərman pulu, cəmi 20.040 manat pul və 151 manat ödənilmiş dövlət rüsumu tələbi barədə iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1225/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Yardımlı Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(038)-36/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə iddia qismən təmin edilməklə, Cavabdeh1 32 baş qoyun da (ümumilikdə 15996 manat dəyərində 62 baş doğar qoyun və 2200 manat dəyərində 30 baş doğar keçi) alınıb İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qətnamənın qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsı barədə qətnamə çıxarılmışdır. Yardımlı rayon İcra və Probasiya Şöbəsinin 20 dekabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə, Şirvan Apelyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(106)-1225/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(038)- 25/2024 nömrəli qərarı ilə, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 1225/2023 saylı qətnaməsini üzürlü səbəbdən icra etmədiyinə görə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Хətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğindəcərimə edilmişdir. Yardımlı Rayon Məhkəsməsinin xx.xx.2024-cü il tarixli, 3(038)-206/2024 nömrəli qararı ilə, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 1225/2023 saylı qətnaməsini üzürlü səbəbdən icra etmədiyinə görə Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. 20 dekabr 2022-ci il tarixli “Nəqliyyat vasitənin alqı-satqı” müqaviləsi ilə satıcı Cavabdeh1 özünə məxsus buraxılış ili 2014, ban nömrəsi MMBJNKB40FD008845, mühərrik nömrəsi 4D56UCEX8574 şassi olan, AC 228123 qeydiyyat şəhadətnaməli, MİTSUBİSHİ L200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 dekabr 2022-ci ildə 9000 manata alıcı Cavabdeh2 satmışdır. Cavabdeh2 mülkiyyətində olan BD 316458 qeydiyyat şəhadətnaməli, MİTSUBİSHİ L200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh1 etibarnamə vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Yardımlı Rayon Məhkəməsinin 16(038)-6/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi müvəqqəti təminat tədbiri üzrə çıxarılmış məhkəmə qərardadının icrası ilə bağlı olmuşdur. MPM-in həmin tarixə qüvvədə olan tələblərinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizələrə daxil olduqları gündən sonra təxirə salınmadan, baxılır. 16(038)-6/2022 sayla qeydiyyata alınmış müvəqqəti təminat tədbiri barədə ərizə isə Yardımlı Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş və baxılmışdır. Etibarsızlığı mübahisələndirilən alğı-satqı müqaviləsi isə xx.xx.2022ci il tarixdə bağlanmışdır. Göründüyü kimi cavabdeh tərəfindən MİTSUBİSHİ L 200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənə dair alğı-satqı müqaviləsi bağlanarkən avtomobilin üzərinə həbs qoyulmasına dair hər hansı məhkəmə qərarı olmamışdır. Həmçinin Cavabdeh1 gələcəkdə avtomobilin üzərinə həbs qoyulması ilə bağlı müvəqqəti təminat tədbiri barədə iddiaçı tərəfindən ərizə verilməsi və ya məhkəmənin icraatında olan mülki iş üzrə çıxarılacaq yekun qərarın nəticəsi barədə məlumatlı olması imkansızdır. Qeyd edilənlər Cavabdeh1 məhkəmə aktlarının icrasından yayınmaq üçün avtomobilə dair alğı-satqı müqaviləsi bağlaması iddiasını təkzib edir. Eyni zamanda iddiaçının qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün onu mübahisələndirməyə subyektiv hüuqu olmamışdır. Daha sonra məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfin iddia ərizəsinin təmin edilməsi, yəni cavabdehlər arasında bağlanmış etibarlı alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehlərin hüquq və manafelərinə zidd olmaqla yanaşı iddiaçı tərəfin hüquqdan sui-istifadəsi ilə nəticələnər. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.1, 5.3, 16.1, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 340.1, 351.1, 339.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarı, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 5 dekabr 2011-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 9.3, 119.1, 106.1, 217.3, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli №2(038)- 35/2023 nömrəli iş məhkəmənin icraatında olan zaman Yardımlı Rayon Məhkəməsinə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək və icraya yönəldilənədək Cavabdeh1 adına qeydiyyatdan keçən “ MİTSUBİSİ L200” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və həmin avtomobilin müvafiq duracağa yerləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişəm. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 16(038)-6/2022 nömrəli qərardadı ilə ərizəm təmin olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh məhkəmə prosesi gedən zaman yəni xx.xx.2022-ci il tarixdə dayısının adına keçirmişdir. № e-2(038)-675/2024 nömrəli işə baxan zaman məhkəmə, MİTSUBİSHİ L200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitənin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin formal olduğunu müəyyən etsədə lakin iddianı təmin etməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış əslində alqı-satqı olmamış, avtomobil həm alqı-satqıdan əvvəl, həm də alqı-satqıdan sonra Cavabdeh1 istifadəsində və sahibliyində olmuş, bu müqaviləni bağlamaqda cavabdehin məqsədi ona olan borc pulu ödəməkdən yayınmaq olmuşdur. Əqdin yalan olduğunu bildirdiyindən dəlilləri MM-nin 340.1-ci maddəsinin tələbləri baxımından yoxlanılmalı idi. Həmin normaya əsasən ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd uydurma əqd olmaqla əhəmiyyətsiz, yəni bağlandığıandan etibarsızdır. Cavabdehin məhkəmədə verdiyi izahatına münasibətdə isə bildirir ki, Cavabdeh1 məhkəmədə verdiyi izahatı və işin halları tam araşdırmamışdır. Əgər işin halları tam araşdırılsaydı məhkəmə cavabdehin izahatının özünü müdafiə xarakterli olduğunu müəyyən edərdi. Belə ki, cavabdeh həyat yoldaşının xəstə olmağını və bu məqsədlə avtomobili satdığını bildirsədə lakin həyat yoldaşının xəstəliyinin nə olması,səhhətində necə biruzə verməsi və həkim rəyləri,reseptlərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməyərək sənədlərin itməsi ilə fikrini tamamlamışdır. Hesab edir ki, xəstə olan şəxsin bütün məlumatları tibb müəssələrində saxlanılır və müvafiq sorğular verdikdə həmin məlumatları əldə etmək olar. Eyni zamanda onuda bildirir ki, cavabdeh həqiqətən haqlı olsaydı izahatının sübutu kimi həmin sənədləri əldə edər və iş materiallarına əlavə edərdi. Onuda bildirir ki, cavabdeh avtomobili satdığını lakin sonradan avtomobilə ehtiyacı olduğu üçün etibarnamə ilə idarə etdiyini bildirmişdir. Lakin məhkəmə işin bu hallarınıda tam araşdırmamışdır. Belə ki, cavabdehin izahatından belə qənayətə gəlmək olar ki, cavabdehin dayısı və hazır ki, iş üzrə digər Cavabdeh2 maddi vəziyyəti çox yaxşıdır və bu avtomobili alsada özü avtomobilə ehtiyac duymadan bacısı oğluna sürmək üçün vermişdir. Hansı ki, bildirir ki,Cavabdeh2 maddi vəziyyəti çoxda yaxşı deyil və o kimlərəsə avtomobil alıb hədiyyə edəcək maddi imkana malik deyil. Bundan əlavə isə onuda qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırsaydı müəyyən edərdi ki, alqı-satqı müqaviləsidə formal bağlanmışdır. Belə ki, satış məbləği kimi müəyyən olunmuş məbləğ banka köçürülməmişdir. İşin bu halını müəyyən etmək üçün məhkəmə iş üzrə sorğu verməli, cavabdehlərin iddia etdiyi 9000 manat pulun ümumiyyətlə olub olmaması məsələsini müəyyən etməli idi. Onuda qeyd edir ki, cavabdeh avtomobili sataraq yenidən etibarnamə əsasında idarə etməklə yalan əqd bağlamış və bununlada məhkəmə və icra şöbəsinə aldatmağa çalışmışdır. Yuxarıda qeyd olunanlara əsasən və qanunvericiliyin müvafiq maddələrini rəhbər tutaraq, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasından Yardımlı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e 2(038)-675/2025 nömrəli Qətnaməsinin tam ləğv olunaraq iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməyini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012ci il tarixli Qərarları, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-675/2024 nömrəli qətnaməsinin tam ləğv olunaraq iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməyini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-675/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-675/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 16(038)-6/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Cavabdeh1 32 baş qoyun da (ümumillikdə 15996 manat dəyərində 62 baş doğar qoyun və 2200 manat dəyərində 30 baş doğar keçi) alınaraq ona verilməlidir. İcra tədbirləri zamanı Cavabdeh1 adına qeydiyyatdan keçən və onun istifadəsində olan MİTSUBİSHİ L200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi icra sənədi icraya yönəldilməmişdən bir neçə gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satdığı müəyyən edilmişdir və bu da cavabdehin məhkəmə qətnaməsinin icrasından yayınması üçün olunmuşdur. Faktiki olaraq avtonəqliyyat vasitəsi cavabdehin istifadəsindədir və etibarnamə əsasında idarə olunur. Mübahisəli alqı-satqı müqaviləsinin uydurma olması onun imzalanma tarixindən bəllidir. Ona görə də həmin alqı-satqı müqaviləsi əhəmiyyətsiz olduğundan etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Yardımlı Rayon Məhkəməsinin 16(038)-6/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi müvəqqəti təminat tədbiri üzrə çıxarılmış məhkəmə qərardadının icrası ilə bağlı olmuşdur. MPM-in həmin tarixə qüvvədə olan tələblərinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizələrə daxil olduqları gündən sonra təxirə salınmadan, baxılır. 16(038)-6/2022 sayla qeydiyyata alınmış müvəqqəti təminat tədbiri barədə ərizə isə Yardımlı Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş və baxılmışdır. Etibarsızlığı mübahisələndirilən alğısatqı müqaviləsi isə xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi cavabdeh tərəfindən MİTSUBİSHİ L 200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitənə dair alğı-satqı müqaviləsi bağlanarkən avtomobilin üzərinə həbs qoyulmasına dair hər hansı məhkəmə qərarı olmamışdır. Həmçinin Cavabdeh1 gələcəkdə avtomobilin üzərinə həbs qoyulması ilə bağlı müvəqqəti təminat tədbiri barədə iddiaçı tərəfindən ərizə verilməsi və ya məhkəmənin icraatında olan mülki iş üzrə çıxarılacaq yekun qərarın nəticəsi barədə məlumatlı olması imkansızdır. Qeyd edilənlər Cavabdeh1 məhkəmə aktlarının icrasından yayınmaq üçün avtomobilə dair alğı-satqı müqaviləsi bağlaması iddiasını təkzib edir. Eyni zamanda iddiaçının qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün onu mübahisələndirməyə subyektiv hüququ olmamışdır. Apelyator şikayətində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi görünüş üçün bağlanmış əslində alqı-satqı olmamış, avtomobil həm alqı-satqıdan əvvəl, həm də alqı-satqıdan sonra Cavabdeh1 istifadəsində və sahibliyində olmuş, bu müqaviləni bağlamaqda cavabdehin məqsədi ona olan borc pulu ödəməkdən yayınmaq olmuşdur. Əqdin yalan olduğunu bildirdiyindən dəlilləri MM-nin 340.1-ci maddəsinin tələbləri baxımından yoxlanılmalı idi. Həmin normaya əsasən ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd uydurma əqd olmaqla əhəmiyyətsiz, yəni bağlandığıandan etibarsızdır. Şikayətin dəlilləri ilə razılaşmayan, birinci instaniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə tərkibi hesab edir ki, iddiaçının mübahisə predmeti olan Cavabdeh1 mülkiyyətində olan MİTSUBİSHİ L 200 markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitənin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin əhəmiyyətsiz hesab edilməsinı tələb etmək üçün subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunmuşdur: “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Bu maddədə “müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. “Müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin 3 hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Lakin nəzərə alınmalıdır ki, 337.2-ci maddənin 2-ci cümləsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: a) hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; b) hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; c) vəzifənin icrasını çətinləşdirə bilər və s. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Mülki Məcllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. - hüquq münasibəti əmələ gəlir; - -hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq avtomobili alanla satan arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (avtomobili satan və ya alan) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (avtomobilə) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq (avtomobili satanın avtomobili təhvil vermək vəzifəsi) və hüquqi vəzifə (avtomobili alanın onun dəyərini ödəmək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Beləliklə, hazırkı vəziyyətdə iddiaçı müqaviləni mübahisələndirmək hüququna malik deyil. İddiaçının müqaviləni mübahisələndirmək hüququ omadığı halda birinci instansiya məhkəməsi haqlı olaraq onun iddiasına əsasən müqaviləni etibarsız hesab etməmişdir. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, iddiaçının əsaslandığı hal (müqavilənin əhəmiyyətsiz olması) sübut olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Lakin cavabdehə məxsus avtomobilin alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Müqavilə forma baxımından bütün tələblərə əməl edilməklə bağlanmışdır, onun əhəmiyyətsiz olması kifayət qədər güclü və bir-biri ilə uzlaşan sübutlarla təsdiq olunmalıdır. Mülkiyyətçinin yalnız başqa şəxsin qarşısında pul öhdəliyinin olması faktı onun bağladığı alqı-satqı müqaviləsinin uydurma olması barədə qənatə gəlməyə əsas vermir. Belə ki, başqasının qarşısında pul öhdəliyi olan mülkiyyətçi öz əmlakı üzərində sərəncam vermək hüququndan, həmçinin əmlakını başqasına satmaq hüququndan məhrum olmur. Məhkəmə tərkibi qeyd edir ki, müqavilənin uydurma olması səbəbindən etibarsız sayılması üçün sadalan şərtlərin hər biri məhkəmə tərəfindən mötəbər və kifayətedici sübutlarla müəyyən olunmalıdır. Onlardan hər hansı birinin sübuta yetirilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Sübutetmə yükü isə bağlanmış müqavilənin etibarsız olduğunu iddia edən tərəfin üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız olduğunu (əhəmiyyətsiz) sübuta yetirmək vəzifəsi iddiaçıya aiddir. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddiaçı tərəfi isə iddiasını əsaslı edə biləcək hər hansı bir sübut növü təqdim etməmişdir. Bundan başqa apelyator şikayətində qeyd etmişdir ki, Cavabdeh1 məhkəmədə verdiyi izahatı və işin halları tam araşdırmamışdır. Əgər işin halları tam araşdırılsaydı məhkəmə cavabdehin izahatının özünü müdafiə xarakterli olduğunu müəyyən edərdi. Belə ki, cavabdeh həyat yoldaşının xəstə olmağını və bu məqsədlə avtomobili satdığını bildirsədə lakin həyat yoldaşının xəstəliyinin nə olması, səhhətində necə biruzə verməsi və həkim rəyləri, reseptlərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməyərək sənədlərin itməsi ilə fikrini tamamlamışdır. Hesab edir ki, xəstə olan şəxsin bütün məlumatları tibb müəssələrində saxlanılır və müvafiq sorğular verdikdə həmin məlumatları əldə etmək olar. Eyni zamanda onuda bildirir ki, cavabdeh həqiqətən haqlı olsaydı izahatının sübutu kimi həmin sənədləri əldə edər və iş materiallarına əlavə edərdi. Məhkəmə tərkibi şikayətin bu dəlilini də əsassız sayır. Belə ki, cavabdeh həyat yoldaşının xəstə olmağı barədə sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşımır. O, öz mülkiyyətində olan avtomobilindən istədiyi kimi istifadə edə bilərdi. Azərbaycan Respublikası MM-in 152.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e 2(038)-675/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-675/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar