Məhkəmə qərarları › İş №2(106)-6/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-6/2024

28.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-6/2024 28.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən edilməsi və miras əmlakı vaxtında qəbul etmədiyi üçün müddətin keçməsi ilə bağlı mirasdan imtinanın təsdiq edilməsi barədə tələbinə dair mülki iş üzrə Açar sözlər: vərəsələrin paylarının müəyyən edilməsi X12 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras əmlakdan payların müəyyən edilməsi və miras əmlakı vaxtında qəbul etmədiyi üçün müddətin keçməsi ilə bağlı mirasdan imtinanın təsdiq edilməsi barədə tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(018)792/2020 saylı (hakim Mübariz Məmmədov) qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı vəkili və nümayəndəsi Vəkil 27 iyul 2020-ci il tarixində iddia ərizəsi ilə Astara rayon Məhkəməsinə müraciət edərək X1 miras qalmış ünvan 1 ünvanda yerləşən bir mərtəbəli, 99,6 kv/m fərdi yaşayış evinin və “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomaşını vərəsə İddiaçı mülkiyyətinə verilməsi, fərdi yaşayış evinin yerləşdiyi 0,01336 hektar torpaq sahəsinin İddiaçı istifadəsinə verilməsi, digər vərəsələr Cavabdeh1 və Cavabdeh2 miras əmlakı vaxtında qəbul etmədikləri üçün müddətin keçməsi ilə bağlı mirasdan imtinanın təsdiq edilməsi, hüquqlarının qeydiyyata alınmasını DƏDRX-nin Ərazi İdarəsinə, Azərbaycan Respublikası DYP-nin 5 saylı Lənkəran Ərazi İdarəsinə tapşırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 08 aprel 2008-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olub evlənmişlər. Həmin nikahdan onların övladları olmamışdır. X7 bu nikaha qədər bir dəfər evli olmuş, həmin nikahdan onun iki övladı vardır. Övladları Cavabdeh1 və Cavabdeh2 onların evində qeydiyyatda olsalar da hər ikisi müvəqqəti olaraq Bakı şəhərində yaşayırlar. Cavabdeh1 ailəsi Astarada olduğu üçün o, tez-tez rayona gəlir, amma Cavabdeh2 Astaraya gəlmir. X7 01 yanvar 2020-ci il tarixdə ölmüşdür. X2 öləndən sonra ünvan 2 ünvanında 99,6 kv/m. ümumi sahəsi olan fərdi yaşayış evi miras qoymuşdur. Fərdi yaşayış evinin yerləşdiyi 0,01336 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti olaraq onun istifadəsində olmuşdur. Bundan əlavə İsrafil Cəfərovdan 2009-cu il tarixdə alınmış “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomaşın miras qalmışdır. X7 öldükdən sonra həmin miras əmlakı arvadı İddiaçı faktiki olaraq idarə edir. Digər vərəsələr Cavabdeh1 və Cavabdeh2 həmin miras əmlakları nə qanun üzrə, nədə ki faktiki qəbul etməmişlər. X11 ömrünün son günlərinə qədər arvadı İddiaçı ilə bir yerdə yaşamış, birgə təsərrüfat aparmış, ona xəstəlik zamanı o qulluq etmiş və onun müalicəsi üçün lazım olan xərclərinin böyük bir qismini o çəkmişdir. Digər vərəsələr də ona qulluq etmiş, müalicə xərclərində iştirak etmişlər, onlar həmçinin dəfn mərasimində iştirak etmiş, onun üzür məclisini yola vermişlər. İsrafil Cəfərovun ölümündən sonra arvadı İddiaçı mirası faktik qəbul etmiş, mirası idarə edir. Digər vərəsələr Cavabdeh1 və Cavabdeh2 miras əmlakı nə faktiki nədəki qanun üzrə qəbul etməmişlər. Lakin onlar mirasın bölünməsinə dair notariat kontoruna gəlmədikləri üçün mirasın məhkəmə qaydasında bölünməsinə ehtiyac yaranmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsində qeyd edilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunun bu tələbinə uyğun olaraq vərəsə təmsil etdiyi şəxs İddiaçı əmlaka faktik sahiblik etmək, əmlakı idarə etmək və bununlada mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişdir. Digər vərəsələr isə mirası qəbul etdiyi barədə notariat kontoruna ərizə verməmiş və mirasa faktiki yiyələnməmiş, bununla da mirası qəbul etməmişlər. Qeyd etdi ki, vərəsələr Cavabdeh1 İsrasfıl oğlu və Cavabdeh2 miras əmlakdan imtina etməmiş, lakin mirası vaxtında qəbul etmədikləri üçün onlar miras əmlaka iddia edə bilməzlər. Belə halda onların payı digəri vərəsələrə keçir. Odur ki, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh1 izahat verərək bildirmişdir ki, o, iddia tələbini qismən qəbul edir. Belə ki, “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomaşının iddiaçıya verilməsinə razıdır, lakin ünvan 2 ünvanında 99,6 kv/m. ümumi sahəsi olan fərdi yaşayış evinin iddiaçıya verilməsinə razı deyildir. Atası öləndən sonra həmin evdə iddiaçı yaşamış olsada o, iddia tələbini qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh2 məhkəməyə 08 oktyabr 2020-ci il tarixli ərizə ilə müraciət edərək, mülki iş üzrə təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini bildirərək, qeyd etmişdir ki, atası X7 2019-cu ilin noyabr ayının əvvəlində özunu pis hiss edib və ona bu barədə xəbər vermişdir. O, atasını Bakıya xəstəxanlarda müayinələrə aparmışdır. Atasının ağır xəstə olduğu aşkar olunmuşdur. Müalicə almasına baxmayaraq atasının vəziyyəti ağır olduğundan ölmüşdür. Astarada yas mərasimi keçirilmiş və ona qəbır daşı qoyulmuşdur. Onun müalicə, yas mərasimini və baş daşını, hamısını o qarşılamışdır, bütün xərcləri ödəmişdir. Atası sağlığında şifahi şəkildə ona aid olan bütün mülkünün ona verilməsi barədə dəfələrlə qeyd etmişdir. Hətta sağlığında 12 mart 2019-cu il tarixdə ona Astara rayonun Notariat ofisində ƏN-İ N=777122 nömrəli etibarnamə verilmişdi. Etibarnaməyə əsasən atasından (Cəfərov İsrafil) ona (Cavabdeh2) atasına aid olan bütün daşmar və daşınmaz əmlaklarını idarə etməyi və onun üzərində sərəncam verilməyi etibar edilmişdir. Üçünücü şəxs Astara Bələdiyyəsinin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(018)792/2020 saylı qətnaməsi ilə (sədrlik edən M.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «miras əmlakdan payların müəyyən edilməsi və miras əmlakı vaxtında qəbul etmədiyi üçün müddətin keçməsi ilə bağlı mirasdan imtinanın təsdiq edilməsi barədə» iddiasının təmin edilməsi, X1 miras qalmış ünvan 1 ünvanda yerləşən bir mərtəbəli, 99,6 kv/m fərdi yaşayış evi və “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomaşını vərəsə İddiaçı mülkiyyətinə verilməsi, fərdi yaşayış evinin yerləşdiyi 0,01336 hektar torpaq sahəsi İddiaçı istifadəsinə verilməsi, digər vərəsələr Cavabdeh1 və Cavabdeh2 miras əmlakı vaxtında qəbul etmədikləri üçün müddətin keçməsi ilə bağlı mirasdan imtinanın təsdiq edilməsi, hüquqlarının qeydiyyata alınması Azərbaycan Respublikası İqtisati İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Lənkəran ərazi idarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin 5 saylı Lənkəran Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, işə iddia icraatında baxılmasına baxmayaraq, məhkəmə Astara Bələdiyyəsini üçüncü şəxs qismindən məhkəməyə cəlb etməli olmasına baxmayaraq, maraqlı şəxs kimi cəlb etmişdir. Halbuki maraqlı şəxs xüsusi icraat işlərində olur. İş üzrə məhkəmənin sonuncu iclasına 3-4 gün qalmış məhkəmədən xəbər tutaraq əlində olan yeganə sübutu göndərməklə, miras qoyanın mərhum atası X4 12 mart 2019-cu il tarixdə 10 il müddətinə bütün əmlakı üzrə sərəncam verməklə və digər hərəkətlər etmək səlahiyyəti verən etibarnaməni sübut kimi qiymətləndirməmiş həmin sübutla müəyyən olunacaq hüquq münasibətlərini araşdırmamışdır. İş materiallarında olan sübutlar sadalanan zaman göndərilən kserosurət olan etibarnamənin sübutlar cərgəsinə daxil olunmamasına dair heç bir əsaslandırıcı qeyd verilməmişdir. Birinci instansiya məhkəməsi həm nəqliyyat vasitəsi, həm torpaq sahəsi, həm də xüsusi mülkiyyətdə olmuş ev barəsində faktiki istifadə və sahiblik hüququ nəzərə alınmadan qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında tərəflər iştirak etməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh2 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2-ci maddəsinə əsasən əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1162-ci maddəsinə əsasən, sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1248.1-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1248.2-ci maddəyə görə isə bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir. 34.2.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olmasından və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəyə əsasən ər-arvadın ümumi birgə əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarında vurğulanmışdır ki, oxşar hüquqi mövqe Türkiyə Anayasa Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarında əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, mülkiyyəti təsdiq edən sənəddə adı qeyd olunmuş daşınmaz əşyanın mülkiyyətçisi vəfat edərsə, bu daşınmaz əmlakın sahibi onun vərəsələridir. Vərəsələr bu daşınmaz əşya üzərində mülkiyyət hüququnu miras qoyanın ölümündən sonra qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan əldə edirlər. Hüququn əsas prinsiplərindən biri də mülkiyyət hüququnun “zamansız” olması, başqa sözlə desək, mülkiyyət hüququnun müddətə bağlı olmamasıdır. Vərəsələrin davam edən mülkiyyət hüququ daşınmaz əşyadan faktiki istifadə etmək hüququnu nəzərdə tutduğu kimi, ondan istifadə etməmək hüququnu da ehtiva edir. Mülkiyyət hüququnun mütləqliyi və reyestr qeydiyyatının aşkarlığı (həqiqiliyi) şəraitində vərəsələrin mülkiyyət hüquqlarını tanımamaqla birtərəfli qaydada aradan qaldırılmasına icazə verilməsi mülkiyyət hüququnu ləğv etməklə yanaşı, həm də əldə edilmiş hüquq və hüquqi təminat prinsiplərini pozur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Astara Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(018)792/2020 saylı qətnaməsi ləğv edilməli, iddia qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 22 dekabr 1959-cu il tarixdə Astara rayonunun Sərək kəndində anadan olmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətən İddiaçı Astara şəhərinin M.Əzizbəyov küçəsi, döngə 1, ev 31-də yaşayır. İş materiallarına əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”-nin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, X7 01 yanvar 2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş “Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X7 ölümünə qədər Astara şəhərinin M.Əzizbəyov küçəsi, döngə 1,31 saylı evdə yaşamışdır. Onun ölümündən sonra həmin evdə arvadı İddiaçı yaşayır. Cavabdeh1 və Cavabdeh2 çıxıb gedən vərəsələrdir. İş materiallarında olan “Nikah haqqında şəhadətnamə”-nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 ilə İddiaçı 18 aprel 2008-ci il tarixdə nikahlarını Astara rayon Qeydiyyat Şöbəsində 49 nömrə ilə qeyd etdirməklə rəsmi nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 15 noyabr 1977-ci il təvəllüdlü Cavabdeh2 atası X5r. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”-nin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, 12 noyabr 1971-ci il təvəllüdlü Cavabdeh1 atası X5r. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, ünvan 2 ünvanında 99,6 kv/m. ümumi sahəsi olan fərdi yaşayış evi X4 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi-ndən görünür ki, “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X5r. İşin hallarından müəyyən edilir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı miras əmlakdan payların müəyyən edilməsi və miras əmlakı vaxtında qəbul etmədiyi üçün cavabdehlərin müddətin keçməsi ilə bağlı mirasdan imtinasının təsdiq edilməsi barədə qətnamə qəbul edillməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iddianı əsaslı hesab edərək, təmin etmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi həm nəqliyyat vasitəsi, həm torpaq sahəsi, həm də xüsusi mülkiyyətdə olmuş ev barəsində faktiki istifadə və sahiblik hüququ nəzərə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini əsaslı hesab edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki;

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.2-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vərəsənin miras əmlakdan imtinası ilə bağlı məhkəməyə müraciət edilməsinə həmin Məcəllənin 1256-cı maddəsində nəzərdə tutulmuş imtina müddəti şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Məhkəmə kollegiyası hazırkı mübahisəyə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında şərh edilən və gəlinən nəticələri əsas götürmüşdür. Vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Hazırda mülki qanunvericilikdə mirasın qəbulu ilə bağlı müddətlər Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən qüvvədə düşmüşdür. Vərəsələr mirasdan imtina etmədikləri halda onların vərəsəlik hüququ qalmış olur. Belə ki, işin hallarından müəyyən edilir ki, X2nun Rəbiyə adlı şəxslə faktiki nikahından Fizuli adlı övladı, Dilşad adlı şəxslə faktiki nikahından Nəsmi adlı övladı dünyaya gəlmişdir. X7 ilə İddiaçı 18 aprel 2008-ci il tarixdə nikahlarını Astara rayon Qeydiyyat Şöbəsində 49 nömrə ilə qeyd etdirməklə rəsmi nikaha daxil olmuşlar. Onların nikahlarından övladları dünyaya gəlməmişdir. X4 İddiaçı ilə nikahda olduğu dövrdə, yəni 2009-cu ildə “Nissan Sunny” markalı, **- BD-*** dövlət nömrə nişanlı avtomaşın alınmışdır. Məlum olur ki, “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomaşın 2009-cu ildə əldə edildiyindən həmin avtomobil miras qoyanla İddiaçı birgə nikahları dövründə əldə edilmiş əmlakdır. Həmçinin müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi 1973-cü il tarixdə akt əsasında alınmışdır. Göründüyü kimi qeyd edilən fərdi yaşayış evi X7 ilə İddiaçı (nikah 18 aprel 2008-ci il tarixdə bağlanmışdır) birgə nikahları dövründə əldə edilməmişdir. Bundan başqa müəyyən edilir ki, qeyd edilən fərdi yaşayış evinin altında yerləşən 0,01336 hektar torpaq sahəsi Bələdiyyənin mülkiyyəti olmaqla X4 istifadəsində olmuşdur. Belə olan halda da, məhkəmə hesab edir ki, mübahisəli fərdi yaşayış evi X2nun hər üç vərəsəsi- həyat yoldaşı-İddiaçı, övladları- Cavabdeh2, Cavabdeh1 Abdulla oğlu arasında bölünməli, hər üç vərəsənin fərdi yaşayış evi üzərində 1/3 hissədə payları müəyyən edilməlidir. Məhkəmə Kollegiyası miras əmlaka daxil olan avtomaşın ilə bağlı bildirir ki, iş materiallarından müəyyən edilir ki, avtomobil X8 Cəfərova ilə birgə nikahda olduğu dövründə alındığından birgə nikah dövründə olan əmlak hesab edilməli həmin avtomobildən ½ hissədə İsrafil Cəfərovun ½ hissədə İddiaçı payı müəyyən edilməli, daha sonra da İsrafil Cəfərovdan qalmış avtomobildən ½ hissədə müyyən edilmiş paydan hər üç vərəsə həyat yoldaşı-İddiaçı, faktiki nikahlardan olan övladları- Cavabdeh2, Cavabdeh1 Abdulla oğlunun payları müəyyən edilməlidir. Belə olan halda da, faktiki olaraq X1 miras qalmış “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobildən İddiaçı payı 4/6 hissədə, Cavabdeh1 payı 1/6 hissədə, Cavabdeh2 payı 1/6 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia qiymətləndirilməyən iddia olduğundan, qətnamədən kassasiya instansiyası məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(018)792/2020 saylı qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. X1 miras qalmış ünvan 3 ünvanda yerləşən bir mərtəbəli, 99,6 kv/m fərdi yaşayış evindən İddiaçı 1/3 hissə, Cavabdeh1 1/3 hissə, Cavabdeh2 1/3 hissədə payları müəyyən edilsin. X1 miras qalmış “Nissan Sunny” markalı, **-BD-*** dövlət nömrə nişanlı avtomobildən İddiaçı 4/6 hissədə, Cavabdeh1 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə payları müəyyən edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar