Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-605/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Quliyev Fəyyaz Əbdi oğlunun iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2(036)-2974/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2(036)-2974/2022 saylı qətnaməsi ilə (hakim Qurban Hacıyev) iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 13990,69 manat əsas borc, 200 manat cərimə borcu və 141,80 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14332,49 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2(036)- 2974/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 21 376 381 saylı 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsasən cavabdeh 11,3 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq, 15599,62 manat dəyərində zəruri vəsait verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğinin dəyərini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 2171,05 kq yəni 1519,73 manat dəyərində xam pambıq verilmiş və bununla da, iddiaçıdan götürülən xam pambığın dəyəri tam ödənilməmişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans məbləğinin dəyərinə görə iddiaçıya 13990,69 manat məbləğdə borcu yaranmışdır. Həmçinin, müqavilənin 4.2-ci maddəsinə əsasən, cavabdeh əsas borcun ödənilməyən hissəsinə görə hər gecikdirilmiş gün üçün 0,1 faizi məbləğinə görə cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 3273,82 manat məbləğ təşkil edir. Qeyd edilən tələblərlə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh tərəfindən iddiaçının pretenziyalarına cavab verilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun iştirakı olmadan işə baxmış və qərar qəbul etmişdir. Onun iştirakı təmin olunmadığı üçün sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən iş düzgün araşdırılmamışdır və buna görə də, onunla razı eyildir. Borcunun çox hissəsini ödəməsinə baxmayaraq, iddiaçı bunu nəzərə almamışdır. İşə baxılarkən onun iştirakı təmin olunmalıdır. Onun hazırda iddiaçıya borcu az miqdarda qalmışdır. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Quliyev Fəyyaz Əbdi oğlu izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apellyasiya şikayətinin təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2(036)- 2974/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2(036)-2974/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan iddiaçı "xxxx" MMC-nin İmişli filialı və Cavabdeh arasında bağlanmış 21 376 381 saylı 16 mart 2021-ci il tarixli “2021-ci il mövsümü üzrə xampambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən Cavabdeh 11,3 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmayan məhsul əldə etməklə xampambıq məhsulu istehsal edib "xxxx" MMC-yə satmağı öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar "xxxx" MMC-dən 15599,62 manat məbləğində avans vəsait götürmüşdür. İşdə olan 23 fevral 2022-ci il tarixli 039 saylı pretenziya məktubuna görə Cavabdeh "xxxx" MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İşdə olan 01 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 376 381 saylı 16 mart 2021-ci il tarixli “2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısı haqqında” müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-yə 13990,69 manat əsas borcu və 3273,82 manat cərimə borcu vardır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı, uzlaşmırsa əsassız hesab edilir. Yuxarıda sadalanan maddi hüquq normaları hazırkı tələbin qanuni əsası kimi çıxış etməklə, mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən iddiaçı "xxxx" MMC digər tərəfdən Cavabdeh olmaqla 21 376 381 saylı 16 mart 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 11,30 hektar sahədə pambıq əkibbecərməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar iddiaçı tərəfindən ona avans olaraq 15599,62 manat məbləğdə vəsait verilmişdir. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıq məhsulu ilə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Ancaq iş üzrə Cavabdeh iddiaçı "xxxx" MMC-nin İmişli filialı ilə aralarında bağlanmış 21 376 381 saylı 16 mart 2021-ci il tarixli 2021-ci il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqavilə üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri lazımınca yerinə yetirməmiş və hazırkı dövr üçün onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəliyi vardır. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Belə ki, apellyasiya şikayətinin dəlillərindən biri Cavabdeh iştirakının təmin edilməməsi səbəbindən birinci instansiya məhkəməsinə sübutlarını təqdim edə bilməməsidir. Qeyd edilməlidir ki, iş materiallarına nəzər saldıqda onun birinci instansiya məhkəməsinin iclaslarının yeri və vaxtı barədə məlumatlandırılması (səh. 28-29) aşkar olur. Bundan əlavə, cavabdehə apellyasiya icraatı zamanı da məhkəmə prosesi barədə vaxtında (23 mart 2023-cü il tarixdə) xəbər verilərək müvafiq şərait yaradılsa da, o məhkəmə iclasında iştirak etməmiş, hər hansı (borcun çox hissəsinin ödənilməsinə və digər hallara dair) sübutun təqdim edilməsinə və ya əldə edilməsinə cəhd etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası həmin dəlilin tam əsassız olduğu qənaətinə gəlir. MM-in 389 və 399-cu maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilməsi üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2(036)-2974/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli e-2(036)-2974/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-605/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-605/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver