Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-608/2023 20.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 2(036)2998/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2426,85 manat əsas borc, 567,88 manat cərimə borcu və 49,95 manat ödənilmiş dövlət rüsumu olmaqla, 3044,68 manat məbləğində borcun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "MKT İstehsalat Kommersiya” MMCnin “MKT-İmişli” filialı ilə Cavabdeh arasında bağlanmış 21 376 5192 saylı 2021-ci il mövsümü üzrə xam pambığın alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla istehsal etdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Bu məqsədlə iddiaçı tərəfindən cavabdehə avans olaraq cəmi 10899,53 manat dəyərində zəruri vəsait verilmiş, müxtəlif xidmətlər göstərilmişdir. Müqavilə şərtlərinə əsasən, tədarük mövsümü vaxtı cavabdehin aldığı avansın məbləği müəyyən olunmuş miqdarda təhvil verəcəyi xam pambığın dəyərindən çıxılmalıdır. Cavabdeh təhvil verəcəyi pambığın dəyəri avans məbləğinin dəyərini ödəmədiyi təqdirdə isə yaranan fərqin ödənilməsini öhdəsinə götürmüşdür. Nəticədə cavabdeh tərəfindən 7760,97 kq yəni 5432,68 manat dəyərində xam pambıq verilmiş və bununlada iddiaçıdan götürülən xam pambığın dəyəri tam ödənilməmişdir. Son nəticədə cavabdehin təhvil götürdüyü avans məbləğinin dəyərinə görə iddiaçıya 2426,85 manat borcu yaranmışdır. Həmçinin, müqavilənin 4.2-ci maddəsinə əsasən, cavabdeh əsas borcun ödənilməyən hissəsinə görə hər gecikdirilmiş gün üçün 0,1%-i məbləğinə görə cərimə ödəməlidir ki, bu cərimənində məbləği 567,88 manat təşkil edir. Qeyd edilən tələblərlə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh tərəfindən iddiaçının pretenziyalarına cavab verilməmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 2(036)2998/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim:Q.Hacıyev), iddianın qismən təmin edilməsi, Cavabdeh 2426,85 manat əsas borc, 30 manat cərimə borcu və 49,95 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2506,8 (iki min beş yüz altı manat, səksən qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.2, və 467-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdeh X4 vermiş olduğu apelllyasiya şikayətində, İmişli Rayon Məhkəməsinin 2(036)2998/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək iş üzrə yeni ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X5 apellyasiya icraatı zamanı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 2(036)2998/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin 2(036)2998/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsini cavabdeh X2 apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 599.1-ci maddəsinə əsasən Alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. 599.2-ci maddəsinə əsasən Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 599.3-cü maddəsinə əsasən Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, İmişli Rayon Məhkəməsinin 2(036)2998/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin İmişli filialı ilə Cavabdeh arasında bağlanmış 21 376 5192 saylı, 15 fevral 2021-ci tarixli “ 2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısı haqqında” müqavilədən görünür ki, Cavabdeh 9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmayan məhsul əldə etməklə xam-pambıq məhsulu istehsal edib İddiaçı MMC-yə satmağı öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar İddiaçı MMC-dən 10899,53 manat məbləğində avans vəsait götürmüşdür. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli 033 saylı pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu barədə cəmiyyət tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarından olan 01 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21 376 5192 saylı, 15 fevral 2021-ci tarixli “2021-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısı haqqında” müqaviləsinə əsasən İddiaçı MMC-yə 2426,85 manat əsas borcu və 567,88 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı MMC-nin İmişli filialı ilə aralarında bağlanmış 21 376 5192 saylı, 15 fevral 2021-ci tarixli 2021-ci il mövsümü üzrə “xam-pambığın alqı-satqısı haqqında” müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, hazırda onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəliyi vardır. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı MMC, tədarükçü qismində MKT İstehsalat Kommersiya” MMC-nin İmişli filialı və fermer (Cavabdeh) X4 arasında bağlanmış 21 376 5192 saylı, 15 fevral 2021-ci tarixli müqaviləyə əsasən Cavabdeh 9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmayan məhsul əldə etməklə xam-pambıq məhsulu istehsal edib İddiaçı MMC-yə satmağı öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar İddiaçı MMC-dən 10899,53 manat məbləğində avans vəsait götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən normalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş qalan 2426.85 manat pulun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və bu hissədə iddia tələbi tam əsaslı olduğu üçün təmin edilməlidir barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iddiaçı əsas borcla ilə bərabər 567 manat məbləğində cərimə borcunun da cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi tənasübsüz surətdə yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilinməsi imkanı qanunvericiliklə tənzimlənmişdir. Dəbbə pulu azaldılarkən isə iddiaçının əmlak mənafeyinin nəzərə alınması da qanunvericikdə imperativ norma kimi müəyyənləşdirilmişdir Məhkəmə kollegiyası birincin instansiya məhkəməsinin cərimə borcunun müəyyən edilməsi mövqeyi “cavabdehin üzərində icra edilməmiş borc öhdəliyinin olmasını və ona hesablanmış 567,88 manat məbləğində dəbbə pulunun onun maddi vəziyyətini daha da ağırlaşdıracağını nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Ona görə də dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir.” İlə razılaşır və hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və ədalətli olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutları qiymətləndirmişdir. Cavabdeh müqavilə üzrə borcundan çox hissəsinin ödədiyini, iddiaçı təşkilata daha az borcu qalmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh apellyasiya şikayətində qətnaməni mübahisələndirsə də, qətnamənin qanunsuzluğunu, maddi və prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını konkret göstərməmişdir. İş materiallarından da müəyyən olunur ki, 15 fevral 2021-ci tarixli müqaviləyə əsasən Cavabdeh 9 hektar sahədə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmayan məhsul əldə etməklə xam-pambıq məhsulu istehsal edib İddiaçı MMC-yə satmağı öz üzərinə öhdəlik götürmüş və müqavilənin icrası ilə əlaqədar İddiaçı MMC-dən 10899,53 manat məbləğində avans vəsait götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir. İddiaçı öz növbəsində haqlı olaraq məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı müqavilə üzrə borcdan iddiaçının irəli sürdüyündən artıq ödədiyini bildirsə də, bu halı təsdiq edən sübutlar nə birinci instansiya məhkəməsinə nə də apellyasiya icraatı zamanı təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan maddədən görünür ki, cavabdeh müqavilə üzrə daha az borcu qaldığını və borcunun çöx hissəsini ödədiyi sübut etməlidir. Yəni hal-hazırda sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi “iddia tələbi qismən təmin edilməlidir” ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya onu da qeyd edir ki, iddiaçının iddia tələbi qiymətləndirilən iddia tələbi olmaqla cavabdeh X1 tələb olunam borcun məbləği 15 fevral 2021-ci tarixli müqavilə üzrə əsas borca görə 2426.85 manat, cərimə borcuna görə 567.88 manat olmaqla və dövlət rüsumuna görə 49.95 manat cəmi 3044.68 manat pul təşkil etdiyindən bu tələblər üzrə qətnamələrdən kassasiya şikayəti verilmir. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)2998/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qətnaməsi cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-608/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-608/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver