Məhkəmə qərarları › İş №2(106)-614/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-614/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-614/2023 16.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Quliyev Fəyyaz Əbdi oğlunun, Cavabdeh nümayəndəsi Abdullayev Bəhrəmxan Məmmədxan oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(020)-57/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, əsas borca görə 10328,56 manat, hesablanmış cərimə borcuna görə 3150,20 manat və ödənilmiş dövlət rüsumuna görə 130,45 manat olmaqla, cəmi 13609,21 manat məbləğdə pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(020)-57/2023 saylı qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia qismən təmin edilmiş, Cavabdeh 10328,56 manat əsas borc, 300 manat cərimə borcu, ümumilikdə 10628,56 manat və 102,45 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulub İddiaçı hesabına ödənilməsi və ödənilmiş 28 manat dövlət rüsumunun İddiaçınə aid edilməsi qət edilmişdir. Cavabdeh Beyləqan Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(020)- 57/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, alıcı qismində İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı və Cavabdeh arasında bağlanmış 03 fevral 2021-ci il tarixli 21284521 saylı müqaviləsinə əsəsən cavabdeh öhdəsində olan 13 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə iddiaçıya (Alıcıya) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 13199,35 manat məbləğində avans vəsaitlər götürmüşdür. Müqavilə şərtlərinə əsasən, cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra, təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin, cavabdeh borcunu xam pambıqla ödəməli olduğu halda həmin borc məbləğindən cəmi 75 manat avans borcunu ödəmişdir. Cavabdeh xx.xx.2021-cı il tarixli 21284521 saylı müqavilənin şərtlərini pozaraq, götürdüyü avans müqabilində borcunu tam ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 10328,56 manat borcu qalmışdır. Bundan əlavə, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın 1-ci növ qiyməti ilə (1-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır) 20 faiz həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 3150,20 manat məbləğ təşkil edir. Cavabdeh 1243,98 kq xam pambıq təhvil vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli 21284521 saylı müqaviləyə əsasən o, öhdəsində olan 13 hektar torpaq sahəsində öz işçi qüvvəsi ilə pambıq əkməyi və hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal etməklə "xxxx" MMC-yə satmağı öhdəsinə götürmüşdür. Onunla Hüseynov Asəf Ələmdar oğlu arasında isə 08 fevral 2021-ci il tarixdə isə 01 dekabr 2021-ci il tarixə qədər 13 hektar torpaq sahəsinə dair pambıqəkmə məqsədi ilə subicarə müqaviləsi bağlanmışdır. Lakin, İmişli rayon sakinləri Məmmədov Valeh Ayaz oğlu, Məmmədov Xəyyam Valeh oğlu və Əsədov Fikrət Böyük oğluna məxsus mal-qara pambıq əkdiyi 13 hektar torpaq sahəsinin 9 hektarına daxil olaraq məhsulu tamamilə məhv edərək ona ziyan vurmuşlar. Bununla bağlı, adları çəkilən şəxslərə qarşı maddi ziyan tələbi ilə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. Yəni, iddiaçı ilə bağladığı müqavilənin şərtlərini yerinə yetirməməyi ondan asılı olan səbəblərdən olmamışdır. Birinci instansiya məhkəməsi onun iddiaçı qarşısında öhdəliyini yerinə yetirmədiyi qənaətinə gəlmişdir. Halbuki, o, tərəfindən əkilmiş pambığın yuxarıda adlarını çəkdiyi şəxslərin heyvanları tərəfindən tələf edilməsi barədə iddiaçıya lazımi məlumat vermişdir. Beləcə, o, cavabdeh olmadığı bir halda müqavilə öhdəliyini yerinə yetirə bilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Quliyev Fəyyaz Əbdi oğlunun cavabdehin apellyasiya şikayətinə Etirazında göstərilmişdir ki, iş materiallarına əsasən Cavabdeh İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı ilə xx.xx.2021-cı il tarixli 21 284 521 saylı müqavilə bağlamış, müqavilələrin şərtlərinə uyğun olaraq filial tərəfindən Cavabdeh həmin ilin pambıq mövsümündə 13199 manat 35 qəpik məbləğlərində avans vəsaiti verilmiş, filial tərəfindən göstərilən xidmətlərə baxmayaraq, sonuncu tərəfindən müqavilənin şərtləri yerinə yetirilməmişdir. Cavabdeh 2021-ci ilin pambıq mövsümündə 870 manat 79 qəpik məbləğində 1246,98 kq çəkidə xam pambığı kondisiya çəkidə yığıb təhvil vermiş, həmin vaxt götürdüyü avans vəsaitlərin dəyərindən 2000 manat vəsaiti geri qaytarmış və bununla da mövsüm üzrə 10328 manat 56 qəpik məbləğində avans vəsaitlərə görə borcu qalmışdır. Bu isə cavabdehin müqavilə şərtlərinə əməl etməməsini, müqaviləyə uyğun olaraq filialdan becərmənin aparılmasından ötrü nağd şəkildə pul vəsaiti verilməsinə, kultivasiya və mala işlərinin aparılmasına, azot, kübrə və digər dərman preparatları ilə təmin edilməsinə baxmayaraq, pambığın becərilməsini lazımi qaydada aparmamasını və mühafizəsinin təmin etməməsini göstərir. Bunun nəticəsidir ki, Cavabdeh 2021-ci ilin yekununda pambıq sahəsindən əldə etdiyi məhsuldarlıq müqavilə şərtlərində göstəriləndən aşağı olmuşdur. Cavabdeh apellyasiya şikayətində müqavilə üzrə əkdiyi pambıq sahəsinin başqa şəxslərin mal-qarası tərəfindən otarılaraq məhv edilməsi və bunula bağlı müvafiq müraciətlərinin olmasını göstərsə də, müqavilə şərtlərində əkilmiş pambıq sahəsinin İddiaçı MMC- nin “MKT-Beyləqan” filialı ilə bağlanmış müqavilə şərtinin mövcud olmamasını nəzərdən qaçırmışdır. İddiaçı MMC-nin nümayəndəsi Quliyev Fəyyaz Əbdi oğlu izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apellyasiya şikayətinin təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(020)-57/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi Abdullayev Bəhrəmxan Məmmədxan oğlu apellyasiya şikayətinin təmin edilməsini və Beyləqan Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(020)-57/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. O, izahatına əlavə olaraq bildirmişdir ki, İmişli rayon sakinləri olan Məmmədov Valeh Ayaz oğlu, Məmmədov Xəyyam Valeh oğlu və Əsədov Fikrət Böyük oğluna məxsus mal-qara onların əkdiyi pambıq sahəsinə girmiş və bütün məhsulu məhv edərək onlara küllli miqdarda maddi ziyan vurmuşlar. Həmin şəxslərə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı İmişli Rayon Məhkəməsinə müraciət etmişlər və həmin işə baxıllıb qurtarana kimi onlara vaxt verilməsini xahiş edir. Çünki, müqavilə şərtlərinin yerinə yetirilməməsi onlardan asılı olmamışdır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Beyləqan Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(020)-57/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, işdə olan 03 fevral 2021-ci il tarixli 21284521 saylı müqavilədən görünür ki, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2021-ci il tarixli 21284521 saylı müqaviləyə əsasən cavabdehə xam pambıq əkilib becərilməsi məqsədi ilə 13199,35 manat avans vəsait verilmişdir. Həmin müqaviləyə əsasən cavabdeh 13 ha torpaq sahəsində pambıq əkməyi və hər hektara görə şirkətə 25 sentnerdən az olmayaraq, mövcud standartlara cavab verən pambıq təhvil verməyi xam-pambıq əkməyəcəyi təqdirdə, 30 gündən gec olmayaraq avans vəsaitini geri qaytaracağı, əks təqdirdə götürdüyü avansı onun 2 misli məbləğində olmaqla 10 gün ərzində qaytaracağı barədə öhdəlik götürmüşdür. İşdə olan 22 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 03 fevral 2021ci il tarixli müqavilə üzrə cavabdehin iddiaçıya 10328,56 manat əsas, 3150,20 manat məbləğdə cərimə borcu vardır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 567-ci maddəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı, uzlaşmırsa əsassız hesab edilir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin “MKT-Beyləqan” filialı ilə Cavabdeh arasında bağlanmış 03 fevral 2021-ci il tarixli 21284521 saylı müqavilənin şərtlərinə görə Cavabdeh xam pambıq əkilib becərilməsi məqsədi ilə 3027,67 manat məbləğində avans vəsait verilmişdir. Lakin Cavabdeh 1243,98 kq çəkidə xam-pambıq təhvil vermişdir. Nəticədə, cavabdehin iddiaçıya 10328,56 manat məbləğdə borcu yaranmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam pambığın tədarükünü həyata keçirən “MKT-Beyləqan” filialı ilə cavabdeh arasında aparılan hesablaşma qeydiyyat vərəqəsi ilə də təsdiq olunur. Müqavilənin şərtlərinə görə cavabdeh avans götürdüyü tarixdən 30 gün müddətdən artıq vaxt keçdikdə, hər hansı səbəbdən pambıq əkmədiyi təqdirdə, götürdüyü avansı 2 misli məbləğində olmaqla 10 gün ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Ancaq iş üzrə Cavabdeh İddiaçı MMC-nin Beyləqan filialı ilə aralarında bağlanmış 03 fevral 2021-ci il tarixli 21284521 saylı müqavilə üzrə öz üzərinə götürdüyü bütün öhdəlikləri lazımınca yerinə yetirməmiş və hazırkı dövr üçün onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəliyi vardır. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düz tətbiq etmişdir. Belə ki, apellyasiya şikayətinin – cavabdehin başqa şəxslə eyni torpaq sahəsinə dair pambıqəkmə məqsədi ilə subicarə müqaviləsi bağlaması, digər şəxslərə məxsus malqaranın pambıq sahəsinə daxil olaraq məhsulu tamamilə məhv etməsinə dair dəlilləri formal xarakterlidir. Yəni, sadalanan həmin dəlillər əsassız olmaqla, sübut ediləcəyi təqdirdə, cavabdehi iddiaçı ilə bağladığı 03 fevral 2021-ci il tarixli 21284521 saylı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərindən azad etməyəcəkdir. Qeyd edilən hallar məhkəmə qaydasında təsdiqini tapdıqda, hazırkı iş üzrə cavabdeh də öz növbəsində digər şəxslər tərəfindən ona vurulmuş zərərin əvəzini tələb etmək hüququ əldə edəcəkdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərin tam əsassız olduğu qənaətinə gəlir. MM-in 389 və 399-cu maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddianın təmin edilməsi üzrə iddiaçı tərəfindən məhkəməyə kifayət qədər mötəbər sübut təqdim edilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində sadalanan dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(020)-57/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 77, 135, 217, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli 2(020)-57/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar