Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-614/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış borcun silinməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)- 3908/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Lənkəran X3 İdarəsinin Masallı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış ziyan kimi 6480 m3 qaz sərfiyyatının və ona hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonunun Təklə kəndində yaşayır. Yaşadığı ev təbii qazdan istifadə qaydalarına uyğun olaraq təbii qazla və istifadə olunan təbii qazın dəyərini müəyyənləşdirmək üçün sayğacla təmin olunmuş, iddiaçı da tarif planına uyğun olaraq təbii qazdan istifadəyə görə müəyyənləşdirilmiş ödənişləri vaxtlı-vaxtında etmiş, heç vaxt abonent kimi öhdəliklərinin icrasından yayınmamışdır. Cavabdeh İB Lənkəran X3 İdarəsinin əməkdaşları xx.xx.2023-cü ildə iddiaçının yaşadığı evə gəlmişlər. Onlar iddiaçıya bildirmişlər ki, qaz sayğacı dəyişdirilib yenisi ilə əvəz edilməlidir. İddiaçı onlardan bunun səbəbini soruşanda onlar istismar müddətinin keçməsinə görə bunu etdiklərini bildirmişlər. Bundan 3 ay sonra sahə nəzarətçisi iddiaçı ilə rastlaşmış və ona bildirmişdir ki, qaz əməkdaşları tərəfindən ona məxsus sayğac barəsində dəymiş ziyanla bağlı akt tərtib etmişlər. İddiaçı bunu eşidəndə çox pis vəziyyətə düşmüşdür. O, hər ay istifadə etdiyi təbii qazın pulunu ödəmiş, heç bir vaxt ödənişlərin icrasından yayınmamışdır. Ona görə də hansı dəymiş ziyandan söhbət getməsi iddiaçıda təəccüb doğurur. Cavabdeh İB-nin qaz sayğacının yoxlanılması barədə 31 avqust 2023-cü il tarixli, 14-2-2/3-5-8721/Q001 saylı aktına əsasən “G-4” markalı, ******* nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşilməsi və istismara yararsız olması göstərilmişdir. 31 avqust 2023-cü il tarixli, ******* saylı akta əsasən 6480 kub metr ziyan dəyməsi qeyd olunmuşdur. Həmin akt iddiaçının iştirakı olmadan sonradan tərtib edilmişdir. Akta əsasən dəymiş ziyan həcminin 6480 kub metr olması göstərilmişdir. Qaz sayğacı iddiaçının iştirakı olmadan açılıb götürülmüş və Bakı şəhərinə laboratoriyaya göndərilmişdir. Sayğacın möhürü üzərində olmuşdur və ona iddiaçı tərəfindən heç bir müdaxilə olunmamışdır. Sayğacın hesablayıcı mexanizminin plastmas qapağının deşilməsi onun günahı deyil, bunu o etməmişdir. Əgər belə bir hal var idisə, hər ay iddiaçıya bildiriş verən sahə nəzarətçiləri bunu bildirməli idi. Qaz sayğacları bütün rayon, eləcə də, kənd ərazilərində küçələrdə quraşdırılmışdır və üzərinə qutu və ya hər hansı qoruyucu təbəqə qoyulmamışdır. Əslində heç bir müdaxilə olunmamış, haqsız olaraq iddiaçının iştirakı olmadan akt tərtib olunmuşdur. Cavabdeh İB-nin əməkdaşları heç bir çəkiliş aparmadan, şahidlər dəvət etmədən, qanunsuz akt tərtib edib cərimə hesablamışdır. Halbuki, şahidlərin iştirakı ilə akt tərtib olunmalı idi. İddiaçı bir abonent kimi heç vaxt öhdəliklərinin icrasından yayınmamış, təbii qaza olan borcunu hər ay vaxtında ödəmişdir və ödəniş barədə qəbzləri də var. Ona görə də həmin aktın etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Masallı Rayon Məhkəməsinin 2(050)-3908/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia təmin edilmiş, xx.xx.2023-cü il tarixli, ******* saylı akt etibarsız hesab edilmiş, akta əsasən hesablanmış 6480 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə borcun silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Masallı Rayon Məhkəməsinin 2(050)-3908/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdehnə qarşı xx.xx.2023-cü il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış ziyan kimi 6480 kub metr qaz sərfiyyatının və ona hesablanmış 777,60 manat borcun silinməsi barədə iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının abonent kodu verilmiş fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına baxış keçirilmişdir. Sayğac ARDNŞ Cavabdeh İB-nin Sayğacların müayinəsi laboratoriyasının xx.xx.2023-cü il tarixli, 14-2- 2/3-5-8721/Q001 saylı aktına əsasən “G-4” markalı ******* nömrəli sayğacın çıxış plastmas borusu deşik olduğuna və keçən qazın həcmini qeyd etmədiyinə görə Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı Akt tərtib edilmişdir. Həmin akta görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq hesablanmış qazın alğı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) dəymiş zərərin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən itirilmiş qaz bərpa sərfi 6 m/saat üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 6480 kub metr olmaqla iddiaçının abonent hesabına daxil edilmişdir. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktdan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta istinad etməmiş, hansı ki, abonent kodu verilmiş ünvanda təbii qazdan istifadə qaydalarına riayət olunması vəziyyətinin yoxlanılmasına və sayğaca baxış keçirilərkən sayğaca müdaxilə nəticəsində qeyri-qanuni təbii qazdan istifadə edilməsi bu əsasla da həmin akt tərtib edilmişdir. Həmçinin də dəymiş ziyanın bərpasına dair tələbnamələrə istinad etməmiş, hansı ki, qərəzli, təqsirli hərəkətlər nəticəsində cavabdehə dəymiş ziyanın həcminin hansı qaydada hesablanmasını əks etdirir. İş materiallarında olan sübutlara nəzər yetirdikdə, hamısı iddia tələbinin əsassız olmasını göstərir. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət vermişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər saldoya nəzər salınsa görülər ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı çox azdır. Göründüyü kimi, iş materiallarında yer alan, mübahisələndirilən qətnamədə də öz əksini tapan və birinci instansiya məhkəməsinin istinad etdiyi sübutlar iddianın rədd edilməsinə əsasdır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, iddia tələbini təmin edərək, səhv qətnamə qəbul etmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini qət edərdi. Cavabdeh olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübuta yetirmə vəzifəsi ilk növbədə cavabdehin üzərinə düşdüyündən iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsaslı olmamasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçı isə heç bir subut təqdim etmədən öz xeyrinə izahat vermişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi cavabdehin maddi ziyan vurmasına dair məhkəməyə təqdim olunmuş sübutlarla öz təsdiqini tapmış faktlara istinadən verilmiş geniş, ətraflı izahatlara göz yummuş, həmin faktlardan məntiqi olaraq doğan nəticəyə səhv hüquqi qiymət verərərk iddianı təmin etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi kobud prosessual səhv etmişdir və bu hal bir daha birinci instansiya məhkəməsinin sübutları yetərincə qanunauyğun qiymətləndirilməsinin təmin edilməməsini göstərir. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər saldoya nəzər salınsa görülər ki, əvvəlki illərin müvafiq ayları ilə müqayisədə abonentin təbii qaz sərfiyyatı çox azdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi abonentin ümumiyyətlə qaz sərfiyyatına görə pul ödəyib-ödəməməsi, həmin məbləğin əvvəlki ilin eyni dövrünün göstəricilərindən əhəmiyyətli dərəcədə fərqlənibfərqlənməməsinə dair məlumatları araşdırmamış və digər sübutlarla birlikdə qiymətləndirməmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən təbii qazdan istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamənin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Cavabdeh İB-nin Lənkəran RQİİ-nin Masallı Xidmət sahəsinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* nömrəli, 31 avqust 2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, həmin tarixdə istehlakçı İddiaçı evinə həyətdənkənar quraşdırılmış sayğaca baxış keçirilmiş, Cavabdeh İB-nin qaz sayğaclarının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli aktına əsasən sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacın -100 faiz nisbi xəta ilə işlədiyi və kamera ilə baxışda plastmas boruda deşik aşkar olunduğu müəyyən edilmişdir. Akt yalnız Cavabdeh İB-nin əməkdaşları tərəfindən imzalanmış, istehlakçı aktı imzalamamış, onun barəsində hər hansı qeyd edilməmişdir. X2 Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov tərəfindən 31 avqust 2023-cü il tarixində təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sənaye və məişət qaz sayğaclarının kalibrləmə laboratoriyasının qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli, 14-2-2/3-5-8721/Q001 nömrəli aktına əsasən istehlakçı İddiaçı aid “G-4” markalı, ******* nömrəli sayğaca baxış keçirilmişdir. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100 faiz nisbi xəta ilə işləyir. Kamera ilə sayğacın daxilinə baxış keçirildi. Plastmas boruda deşik aşkar olundu. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır (qaz itkisi müdaxilə). İstehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən itirilmiş qazın cəmi 6480 kub metr həcmində müəyyən edilmiş və hesablanmış məbləğin ödənilməsinin təmin edilməli olduğu göstərilir. Qərarın verilməsinə əsas kimi 31 avqust 2023-cü il tarixli, ******* nömrəli akt göstərilmişdir. İddiaçı ərizəsində Cavabdeh Lənkəran X3 İdarəsinin Masallı Xidmət Sahəsi tərəfindən onun barəsində tərtib edilmiş 31 avqust 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız sayılmasını və həmin akta əsasən hesablanmış qaz sərfiyyatının və borcun silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyası bildirir ki, sayğaca baxış keçirilən zaman və akt tərtib edilib imzalanarkən cavabdehin nümayəndələri tərəfindən qanun pozuntusuna yol verilmişdir və həmin pozuntular aktın etibarsız hesab edilməsi üçün əsasdır. Belə ki, iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən mübahisələndirilən ******* nömrəli aktda 31 avqust 2023-cü il tarixdə abonentin, yəni hazırkı iş üzrə iddiaçının iştirakı ilə onun evində quraşdırılmış qaz sayğacına baxış keçirildiyi, sayğacın çıxış plastmas borusunun deşilməsinin, sayğacın -100 faiz nisbi xəta ilə işləməsinin və kamera ilə baxışda plastmas boruda deşik aşkar olunmasının müəyyən edildiyi göstərilir və abonent tərtib edilmiş aktı imzalamamışdır. Lakin həmin halları təsdiq edən əsaslı dəlillər, mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırkı iş üzrə iddiaçının istifadəsində olan sayğacın çıxış plastmas borusunun deşilməsinə, sayğacın -100 faiz nisbi xəta ilə işləməsinə və kamera ilə baxışda plastmas boruda deşik aşkar olunmasına görə onun barəsində akt tərtib edilmişdir. Lakin “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə uyğun olaraq, hazırkı iş üzrə istehlakçı fiziki şəxs olduğundan qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi o deyil, qaz paylayıcısı daşıyır. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sayğacının cavabdehliyini birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, abonent tərəfindən sayğaca müdaxilə edilməsi sübuta yetirilmədiyindən “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən istehlakçı məsuliyyət daşımamalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda aktın qanuniliyini sübuta yetirmək cavabdehin üzərindədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Cavabdeh tərəf isə öz etirazını və apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli akta əsasən iddiaçı üçün 90 gün üzrə 6480 m3 qaz sərfiyyatı borcu hesablanmışdır. Məhkəmə isə həmin akta əsasən hesablanmış qaz sərfiyyatının və borcun silinməsini qət etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, hesablanması üçün əsas olmuş akt etibarsız hesab edildiyindən, 90 gün ərzində qazın sərfiyyatının hesablanmasının qanuni əsası da yoxdur. Məhkəmə kollegiyası qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, eləcə də maddi və prosessual hüquq normalarına riayət edilməsini yoxlayaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-3908/2023 saylı, 07 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-614/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-614/2024
03.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver