Məhkəmə qərarları › İş №2(106)-641/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-641/2023

19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-641/2023 19.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Müqadil oğluna qarşı “avtomobil, olmadıqda onun dəyəri” tələbinə dair, həmçinin İddiaçı Müqadil oğlunun Cavabdeh qarşı “avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması və avtomobilin mülkiyyətinə qaytarılması” tələbinə dair mülki işi üzrə Açar sözlər: “avtomobil, olmadıqda onun dəyəri və etibarsızlığı tələbi X14 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi-vəkili X2, cavabdeh İddiaçı Müqadil oğlunun nümayəndəsi-vəkili X3 iştirakları ilə, İlk iddiaçı Cavabdeh İddiaçı Müqadil oğluna qarşı “avtomobil, olmadıqda onun dəyəri” tələbinə dair, həmçinin İddiaçı Müqadil oğlunun ilk iddiaçı Cavabdeh qarşı avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılması və avtomobilin mülkiyyətinə qaytarılması tələbinə dair mülki işi üzrə Salyan Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(057)-187/2023 saylı qətnaməsindən sonrakı İddiaçı Müqadil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh İddiaçı mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin, avtomobilin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri olan 13000 manat və ödənilmiş 129 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı (bundan sonra sonrakı iddiaçı) da öz növbəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində Cavabdeh ilə arasında **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alqı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin müqavilə bağlandığı andan etibarsız sayılması və həmin avtomobilin onun mülkiyyətinə qaytarlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tələbini onunla əsaslandırmışdır ki, İddiaçı onun bibisi nəvəsidir. 16 fevral 2021-ci ildə **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobili 13000 manata almışdır. Qohum olduğu üçün Turğut ondan avtomaşının bir müddət onda qalmasını xahiş etdiyi üçün ona maşını idarə etmək üçün etibarnamə vermişdir. Sonradan avtomaşını tələb etdikdə Turğut maşını qaytarmaqdan imtina etdiyi üçün ona verdiyi etibarnaməni ləğv etdirmişdir. Maşın Türğutun mülkiyyətində olmsa belə sonuncu onun mülkiyyətində olan avtomobili gizlədərək qaytarmadığı üçün məhkəməyə müraciət etmişdir.Turğutun kimdənsə borc alması və ya kiməsə pul borclu olması ona aidiyyəti olan məsələ deyildir. Turğutdan maşını 16 fevral 2021-ci ildə almış, onun borclu olması barədə qəbz 18 fevral 2021-ci ildə, yəni, iki gün sonra yazılmışdır. Hər iki məsələ ayrı-ayrı məsələlərdir. Turğutun ona 40000 manat borclu olması barədə məhkəmə qətnaməsi var, həmin qətnamə artıq qanuni qüvvəsini almışdır. Maşını Turğutdan alarkən ona heç kim təsir göstərməmiş və müqaviləni özü imzalamışdır. Ona görə də Turğutun verdiyi iddianın əsassız olması səbəbindən rədd, özünün iddiasının isə təmin olunmasını xahiş etmişdir. İddiaçı oğlu sonrakı iddia tələbini onunla əsaslandırmışdır ki, müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə 10,12 və 15 faiz ödəmək şərti iləElxanın bacısı Natavandan pul götürmüşdür. Əvəzində əmək haqqı kartını və 250 qramqızılı Natavana vermişdir. Aldığı borcları hissə-hissə artmış və 2021-ci ilin fevralayının 16-da Natavan ona qardaşı Elxanın pulunu tələb etdiyini demişdir. Onu şantajetmiş, məcbur olaraq öz maşınını müqavilə ilə Elxanın adına keçirmişdir. Lakin Elxanheç kimin bilməməsi üçün maşınını etibarnamə ilə idarə etmək üçün ona vermişdir.2021-ci ilin dekabr ayında Elxan maşını ondan almışdır. Həmin günü yol polisinin cəriməsinə görə Elxanın qapısına getmiş və Elxan maşını ondan alıb içəri salaraqqapını bağlamışlar. 18 fevral 2021-ci ildə Elxanın atası Elxan qızı Natavanın yanındaonun Elxana 40000 manat borcu olması barədə qəbz yazdırmışdır. Natavan qadınolduğu üçün qəbzi Elxanın adına yazmağı bildirmişlər. Artıq həmin qəbzlə bağlı Elxan məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi vardır. Özü bilmədiyi üçün qəbzyazmışdır. Onun iddiasının təmin, Cavabdeh iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilk iddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi vəkil X1 Ağayevin dediklərinə uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsində sonrakı iddiaçı iddia tələbinin məzmununa uyğun izahat vermişdir. Birinci instansiya məhkəməsində qarşılıqlı iddia üzrə İddiaçı nümayəndəsi vəkil X7 nümayəndəsi olduğu şəxsin dediklərini bir daha təsdiq etmişdir. Salyan Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(057)-187/2023 saylı qətnaməsi ilə Cavabdeh iddiasının qismən təmin edilməsi, İddiaçı Cavabdeh mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobil, avtomobilin qaytarılması mümkün olmadıqda isə dəyəri- 10000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 99,25 manat alınıb Cavabdeh verilməsi, Cavabdeh iddiasının qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh arasında **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alqı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli alqı-satqı müqaviləsinin müqavilə bağlandığı andan etibarsız sayılması və həmin avtomobilin onun mülkiyyətinə qaytarlması barədə iddia tələbinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən sonrakı İddiaçı Müqadil oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Renault Megane" markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə müqavilə 16 fevral 2021-ci il tarixdə bağlanmışdir, həmin gün Cavabdeh həmin avtomobil barədə ona etibarnamə vermişdir. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh ona pul ödəməmişdir, qarşılıqlı razılığa əsasən bağlanmış alqı-satqı müqaviləsi borcunun ödənilməsinin təminatı məqsədi güdmüşdür, ona görə də avtomobil onun sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh guya yaxın qohum olduğu üçün avtomobili bir müddət onun istifadəsində saxlaması barədə izahatı əsassızdır. Həmin avtomobil onun mülkiyyətində olmuşdur, qanunsuz əsaslarla Cavabdeh adına keçdiyi üçün həmin avtomobilin mülkiyyətinə qaytarılmasını tələb etmək hüququ vardır. Cavabdeh hüquqdan sui-istifadə edir. Həmin faktlar təsdiq edir ki, aralarında alqı-satqı müqaviləsi digər əqdi pərdələmək məqsədi ilə bağlanmışdır, həmin müqaviləni bağlayarkən başqa məqsəd güdmüşlər. “Renault Megane" markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə müqavilə bağlanarkən alıcı Cavabdeh ona pul ödəməmişdir, o isə avtomobili onun mülkiyyətinə verməmişdir. “Reanault Megane" markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı barədə müqavilə bağlanarkən aralarında avtomobilin alqı-satqısı barədə bağlanan müqavilənin borcunun təminatı olaraq bağlanması barədə iradə ifadəsinin vahidliyi olmuşdur. İşə baxan hakim tərəfindən onların iradə ifadələrinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməmişdir. Aralarında bağlanmış alqı-satqı müqaviləsi üzrə müqavilədə nəzərdə tutulmuş hüquqi nəticə əmələ gəlməmişdir, yəni müqavilə üzrə Cavabdeh avtomobil üzərində subyektiv hüququ yaranmamışdır. Belə ki, həmin alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulan hüquqi nəticə yaranmamışdır, avtomobil onun sahiblik və istifadəsində qalmışdır. Həmin müqavilə üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməmişdir. İşə baxan hakim tərəfindən mübahisəli olan avtomobilin hazırda kimin mülkiyyətində olması faktı araşdırılmamışdır. Yalnız Cavabdeh izahatına əsaslanaraq həmin avtomobilin hazırda onda olması nəticəsinə gəlmişdir. Həmin avtomobil barədə rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Həmin avtomobili Cavabdeh etibarnaməsi olmadan idarə edə bilməz. Ona görə də həmin avtomobilin onda olması barədə işə baxan hakimin gəldiyi nəticə əsassızdır. İşə baxan hakim tərəfindən mübahisəli olan avtomobilin Cavabdeh tərəfindən onun istifadəsinə və sahibliyinə verilməsinin səbəbləri araşdırılmamışdır. Cavabdeh tərəfindən dəyəri ödənilməklə alınmış avtomobilin əvəzsiz olaraq onun istifadəsində və sahibliyinə verilməsi halı həmin mülki mübahisə üzrə əhəmiyyətli haldir, işə baxan hakim tərəfindən həmin halı sübut edilməmişdir. Ona görə də həmin avtomobilin alqı-satqısı barədə müqavilənin etibarlı olması barədə işə baxan hakimin gəldiyi nəticə əsassızdır. İşə baxan hakim həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndiilməmişdir, ona görə iş üzrə qəbul edilmiş qətnamə qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onun ədalətli olması şübhə altına alınmalıdır. Alqı-satqı müqaviləsi üzrə pulun ödənilməməsi, satılan avtomobilin əvəzsiz olaraq onun sahiblik və istifadəsinə verilməsi nəzərə alınmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən sonrakı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İddiaçı Müqadil oğlunun nümayəndəsi-vəkili X7 apellyasiya şikayətini müdafiə etmiş və əlavə olaraq göstərmişdir ki, İddiaçı mübahisəli avtomobili Elxana borcunun müqabilində vermişdir. Yəni Turğut avtomobilini borc qarşılığında Elxanın adına rəsmləşdirmiş, Elxan da öz növbəsində Turqutun ona olan 40 000 manat borcundən avtomobilin dəyəri olan 13000 manatı çıxmalı idi. Lakin hazırda Elxan avtomobilin dəyərinin Turqutun borcundan çıxmaq istəmir. Həm 40000 manatı həm də avtomobili tələb edir. Bildirir ki, Elxan inkar etsə də avtomobil hazırda onlarda yox Elxanın özündədir. Bütün bunları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək iddia ərizəsinin məzmununa oxşar olan izahat vermişdir. Həmçinin göstərmişdir ki, Turğutdan avtomobili pulla almış və elə həmin gün də ona olan 40 000 manat borcunu işləyib qaytarmaq üçün etibarnamə əsasında Turquta vermişdir. Belə ki, Turqut ona demişdir ki, avtomobillə neft sataraq borcunu qaytaracaqdır. Həmçinin bildirdi ki, hazırda avtomobil onda deyildir. Harda olduğunu bilmir. İddiaçı Cavabdeh nümayəndəsi-vəkili X5 apellyasiya şikayətini əsassız hesab etdi və göstərdi ki, mübahisəli avtomobil onlarda yoxdur. Güman etdiklərinə görə avtomobil ehtiyyat hissələr kimi satılmışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda sonrakı iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, ilk iddia tələbinin rədd edilməsi, sonrakı iddia tələbinin isə təmin edilməsi xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi; Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. [ 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiya işin müəyyən olunan faktiki hallarını tərəfləri dinləyərək belə qənaətə gəlir ki, İddiaçı tərəfindən satılan mübahisəli avtomobil Cavabdeh adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin müqavilə İddiaçı həqiqi və real iradə ifadəsini əks etdirməmişdir. Odur ki, onlar arasında bağlanan əqd yalan əqd olmaqla, əhəmiyyətsizdir. Belə ki, işə əlavə olunmuş 13 fevral 2022-ci il tarixli Salyan RPŞ-nin müstəntiqi A.Hağıyevin cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, Cavabdeh **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobillə bağlı verdiyi şikayət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Salyan Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı 40000 manat pulun alınaraq Cavabdeh verilməsi qət olunmuşdur. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, lakin dəyişdirilmədən saxlanılmışdır. Nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilini 10000 manata Cavabdeh satmışdır. İşdə olan 17 fevral 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilini idarə etmək üçün İddiaçı xx.xx.2029-cu il tarixədək vermişdir. “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilini idarə etmək üçün İddiaçı verdiyi etibarnaməni 23 may 2021-ci ildə ləğv etmişdir. İşdə olan Salyan RPŞ-nin müstəntiqi Şəhriyar İbrahimovun qəbul etmiş olduğu 10 iyun 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması barədə” qərarın məzmunundan görünür ki, Cavabdeh ilə İddiaçı arasında araşdırma aparılmış və cinayət işinin başlanılması rədd edilmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan apellyasiya şikayəti təmin olunmalıdır. Belə ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Kollegiya işin müəyyən olunan faktiki hallarını yuxarıda sadalanan qanunvericilik aktı normaları və Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşan hüquqi mövqe baxımından təhlil edərək belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən satılan mübahisəli avtomobil Cavabdeh adına rəsmiləşdirilməsinə baxmayaraq, həmin müqavilə Tuqut Hüseynovun həqiqi və real iradə ifadəsini əks etdirməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticəni aşağıdakı bəndlər üzrə əsaslandırmışdır. Birinci hal və ən əsası avtomobilin həqiqətən də borc qaşılığında qəbul etməsi ilə bağlı Cavabdeh etirafedici izahatı ilə bağlıdır. Belə ki, həmin etirafedici izahat iş materiallarının 67-72-ci səhifəsində olan Salyan RPŞ-nin müstəntiqi Şəhriyar İbrahimovun qəbul etmiş olduğu 10 iyun 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması barədə” qərarın məzmununda öz əksini tapmışdır. Belə ki, işin 69-cu səhifəsinin sonuncu abzasında araşdırma zamanı Cavabdeh bildirmişdir ki, “İddiaçı onun qohumudur. Onların münasibətləri həmişə yaxşı olmuşdur. 2021-ci il fevralın əvvəllərində Turqutun bacısı Natavana borcunun olduğunu və vermədiyini öyrənmişdir. Natavan ona Turquta inandığı üçün tanışlarından, müxtəlif banklardan kreditlər götürüb ona verdiyini, bu günə kimi ödəmədiyini, məcbur qalıb özünün ödədiyini bildirmişdir. Natavan ona vəziyyətinin pis olduğunu, Turqutun onu aldatdığını demişdir. O da Turqutu çağıraraq söhbət edəcəyini bildirmişdir. O, Turquta pis vəziyyətdə olduğunu və borcun içərisində batdığını demişdir. Turqut da hal-hazırda pulunun olmadığını və özünə məxsus olan avtomobili satmaq istədiyini bildirmişdir. O, Turquta özünə məxsus olan Renault Megane minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini neçəyə satdığını soruşmuş, Turqut isə 13000 manata satdığını demişdir. O, Turğuta borcunun bir qisminin qarşılığında Renault Megane minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini ona satmasını demişdir. Turğut da onunla razılaşaraq özünə məxsus olan Renault Megane minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun adına sənədləşdirmişdir. O, Turquta yaxşılıq edərək Renault Megane minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin özündə qalmasını, ona sürmək üçün etibarnamə verəcəyini, işləyərək borcunu qaytarmasını demiş, Turqut da onunla razılaşmışdır. 2021-ci il fevralin 18-də o, Turquta 40000 manat pul verərək Natavanın onun üçün götürdüyü kredit borclarını və əl borclarını bağlamasını bildirmişdir. Turqut isə həmin vaxt ona öz adından iltizam verərək ondan 40000 manat borc pul aldığını və hər ay 2000 manat olmaqla ödəyəcəyini göstərmişdir. Sonradan Turqut ilə aralarında olan razılığa əsasən hər ay verməli olduğu 2000 manat pulu verməmişdir. Bununla da, onların münasibətləri pozulmuşdur. O da məcbur qalıb X13 minik markali **-NH-*** dövlət qeydiyyat nömrə nişanli avtomobilini idarə etməsi üçün verdiyi etibarnaməni ləğv etdirmişdir. Bundan sonra Turquta ona olan borcunu qaytarması üçün xəbər göndərmiş, lakin Turqut ödəməyəcəyini demişdir. X11 RPŞ-nə ərizə ilə müraciət etdiyiniə öyrənmişdir. O bildirmişdir ki, Turqutu hədələməmiş, onun dedikləri yalan və böhtandır. Göründüyü kimi Elxan borcun bir qisminin qarşılığında Turquta məxsus Renault Megane minik markalı **-NH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qəbul etmiş və Turqut da borc qarşılığında həmin avtomobili Elxanın adına sənədləşdirmişdir. Həmin zaman isə Elxan tərəfindən Turquta hər hansı pul məbləği ödənilməmişdir. Göründüyü kimi onlar arasında yalan əqd, yəni başqa əqdi pərdələmək məqsədi ilə alqı-satqı bağlanmışdır. Növbəti hal avtomobilin alqı-satqısı rəsmləşdirilən xx.xx.2021-ci il tarixinin səhəri günü yəni xx.xx.2021-ci il tarixdə Elxanın Turğuta həmin avtomobillə bağlı etibarnamənin verilməsidir. Belə ki, qeyd edilən avtomobil heç Turğutun sahibliyindən çıxmamışdır. Üçüncü hal isə Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatla bağlıdır. Belə ki, Elxan iclasda bildirmişdir ki, “Turğutdan avtomobili pulla almış və elə həmin gün də ona olan 40 000 manat borcunu işləyib qaytarmaq üçün etibarnamə əsasında Turğuta vermişdir. Belə ki, Turğut ona demişdir ki, avtomobillə neft sataraq borcunu qaytaracağını demişdir.” Belə olduqda sual yaranır əgər Turğutun Elxana 40000 borcu var idisə hansı məntiqlə Elxan avtomobili pulla alır və dərhal da Turğutun etibarnamə əsasında sahibliyinə verir. Bütün yuxarıda şərh olunanlara əsasən kollegiya qeyd edir ki, evin alqı-satqısı tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində bağlanmamışdır. Tərəflərin iradə ifadəsi başqa əqdi pərdələməyə yönəlmiş və yalnız görünüş üçün bağlanmışdır. Tərəflər eyni əslində eyni anda iki ayrı əqd bağlanmış olmuşdur. Alqı-satqı müqaviəsi tərəflərin əsl hüquqi niyyətlərini əks etdirməmişdir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları alqı-satqı müqaviləsini pərdələmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (385.1.1), məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması (385.1.2) məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməlidir. İddia təmin edilmədiyindən Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq qətnamə ləğv olunmalı, sonrakı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Kollegiya belə qərara gəlir ki, İddiaçı Müqadil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(057)- 187/2023 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Müqadil oğlunun Cavabdeh qarşı iddiası təmin olunaraq onlar arasında **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alqı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli, alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, İddiaçı mülkiyyət hüquqları bərpa edilməli, Cavabdeh İddiaçı Müqadil oğluna qarşı İddiaçı mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin, avtomobilin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri olan 13000 manat və ödənilmiş 129 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 385.1.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı Müqadil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(057)-187/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Müqadil oğlunun Cavabdeh qarşı iddiası təmin olunsun. İddiaçı ilə Cavabdeh arasında **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin alqı-satqısı barədə bağlanmış 16 fevral 2021-ci il tarixli, alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və İddiaçı mülkiyyət hüquqları bərpa edilsin. Cavabdeh İddiaçı Müqadil oğluna qarşı İddiaçı mülkiyyətində olan **-NH-*** dövlət nömrə nişanlı, “Renault Megane” markalı avtomobilin, avtomobilin qaytarılması mümkün olmadıqda isə avtomobilin dəyəri olan 13000 manat və ödənilmiş 129 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar